Hakimiyyət Kremlin Cənubi Qafqaz planlarının həyata keçməsində ciddi rol oynayır
Fuad Qəhrəmanlı: “Azərbaycan iqtidarı milli və dövlət maraqlarımızı qurban verərək Rusiya himayəsinə sığınır”
Oktyabrın 16-da Rusiya Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyask” kiçik raket gözətçi gəmiləri Bakı buxtasına gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gəmilərin ekipajını Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya səfirliyinin nümayəndələri qarşılayıb.
Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.
Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Səfər oktyabrın 19-dək davam edəcək.
Son aylarda Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlıq prosesinin intensivləşməsi müşahidə olunur. Məlumat üçün bildirək ki, ötən ilin avqustunda Putin Bakıya dəniz yolu ilə gəlmişdi. Bununla Rusiya göstərmək istəyirdi ki, Xəzər dənizində başlıca söz sahibi məhz Rusiyadır.
Müxtəlif dövrlərdə Azərbaycan hakimiyyəti üçün problemlər yarananda məhz Rusiya onun xilaskarı rolunda çıxış edib. Dünyanın diqqətinin Cənubi Qafqaza yönəldiyi vaxtda Rusiya bu tipli addımlarla regionun onun təsiri altında qalmasının vacibliyini diqqətə çatdırır. Nəzərə almaq lazımdır ki, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası prosesi sürətlənir və bu da təbii ki, Rusiyanın regiondakı maraqları ilə ziddiyyət təşkil edir. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanla münasibətləri genişləndirməklə Rusiya regionda mövqeyini daha da gücləndirməyə çalışır.
Rusiya Xəzər məsələsinə çox böyük önəm verir. Şimal qonşumuzun hərbi gəmilərinin Bakıya səfərlərinin intensivləşməsi Rusiyanın Xəzərlə bağlı siyasətində bir daha qətiyyətli mövqedə durduğunu göstərir.
Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Rusiyanın Cənubi Qafqaz planlarının həyata keçirilməsində ciddi yer alır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı baş verənləri Azərbaycanın milli təhlükəsizliyinin təhdid altına atılması kimi qiymətləndirir. Onun fikrincə, Rusiya hərbi gəmilərinin “hansısa mənasız tədbirlərdə iştirak” adı altında Xəzər sahillərimizdə lövbər salması dövlət suverenliyimizə təhlükə deməkdir: “Ermənistan vasitəsi ilə Azərbaycan torpaqlarını işğalda saxlayan Rusiyanın hərbi gəmilərinin Bakı sahillərinə yan alması dövlət suverenliyimiz üçün real təhlükədir. Bununla Rusiya Qərbə mesaj verir ki, Xəzər dənizi və Azərbaycan onun hərbi nəzarətinə daxil olub”.
F.Qəhrəmanlı bu məsələdə Azərbaycan hakimiyyətini milli maraqları öz mənafeyinə qurban verməkdə ittiham edib: “Azərbaycan iqtidarı milli və dövlət maraqlarımızı qurban verərək Rusiya himayəsinə sığınır. Səbəbi isə budur ki, Qərb hakimiyyətdən insan haqlarına və demokratik azadlıqlara əməl etməyi tələb edir”.