Xarici İşlər Nazirliyindən Dövlət Departamentinə sərt cavab gəldi
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini hüquq müdafiəçisi Leyla Yunus başda olmaqla, siyasi məhbusları azad etməyə çağırıb: “Biz Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə və səhhəti ağır olanlardan başlayaraq, fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik”.
Departamentin sözçüsü Cen Psaki deyib ki, rəsmi Vaşinqton insani hisslərdən çıxış edərək, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaradılmasına, onun təhlükəsizliyini təmin olunması və durumunun yaxşılaşdırılmasına təkid edir. Psaki bildirib ki, Leyla Yunusun səhhətinin pisləşməsinə baxmayaraq, hələ də həbsdə saxlanmasından narahatdırlar.
Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edən rəsmi Vaşinqton Ilham Əliyev hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır: “Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azadlıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarına uyğundur”.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin açıqlamasına cavab verib.
“Media forum” saytının məlumatına görə, Hikmət Hacıyev bildirib: “Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir.
Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub.
ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
Insan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. Insan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir.
Insan hüquqlarının “carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı”.