Leyla Yunus və başqa siyasi məhbuslara qarşı qeyri-insani münasibət müzakirəyə çıxarıldı; Əli Kərimli mitinqlərin anonsunu verdi
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi sentyabrın 26-da hüquq müdafiəçisi Leyla Yunusun Kürdəxanı təcridxanasında işgəncələrə məruz qalması, Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində “karsa” salınması və başqa siyasi məhbuslara qarşı təzyiqlərlə bağlı tədbir keçirdi.
“İlham Əliyevin göstərişi olmadan heç kim Leyla Yunusa qarşı heç nə edə bilməz”
Komitənin sədri Cəmil Həsənli son bir neçə gündə siyasi məhbuslarla bağlı həyəcanlı xəbərlər gəldiyini söylədi: “Həm hüquq müdafiəçisi Leyla Yunusun vəziyyətiylə, həm ilahiyyatçı Mövsüm Səmədovla, həm də digər siyasi məhbuslarla bağlı narahatlıq, həyəcan doğuran xəbərlər aldığımızdan bu gün belə qərara gəldik ki, komitənin təcili toplantısını keçirək. Aldığımız xəbərlər sadəcə olaraq insanı şoka salır. 21-ci əsrdə feodal düşüncəylə ölkəni idarə edənlər Azərbaycan həbsxanalarında nələr törədirlər? Həbs olunmaq, həbs yerinə aparılmaq, təcridxanaya düşmək vətəndaşı onu konstitusion hüququndan məhrum etmir. Hətta haqqında hökm çıxarılasa belə, bu hökm qərarı vətəndaşların hüquqlarının yalnız bir hissəsini məhdudlaşdırır. Ancaq məhbusun həbsxanada təhqir edilməsi, döyülməsi, vəhşiliklərlə qarşılaşması təxminən 60-70 il öncə dünyanın iki dövlətində – Stalin Rusiyasında və Hitler Almaniyasında mövcud idi. BMT-nin, Avropa Şurasının üzvüyük, digər beynəlxalq təşkilatlarla müxtəlif layihələrdə iştirak edirik. Sən demə, bunlar hamısı görüntü üçündür”.
Milli Şura sədrinin sözlərinə görə, Leyla Yunus 60 illik həyatının yarısını haqqı pozulanların, haqsız həbs olunanların azadlığı uğrunda mübarizəyə sərf edib: “Dəfələrlə Leyla xanımın beynəlxalq aləmdə Azərbaycanı necə təmsil etdiyinin şahidi olmuşam. Əslində, ölkə sevinməli və fəxr etməliydi ki, onun belə bir mübariz insanı, dünyaya çıxartmalı, Azərbaycanı təmsil etməli nümayəndəsi var. Əvəzində biz nə görürük? Yaqubov soyadlı təcridxana işçisi ”şmon” adıyla onu otağından çıxarır və boş bir otağa aparır. Bu ifadəni – “qonşuluqdakı boş bir otağı” xüsusi vurğulamaq istəyirəm. Penitensiar Xidmət bir neçə gün əvvəl məlumat vermişdi ki, təcridxanada sıxlıq olduğu üçün Leyla Yunusla bir neçə adam bir kamerada saxlanılır. Əgər boş otaq varsa, Nuriyyə Hüseynova və başqaları ona rahatlıq vermirsə, nədən onları həmin boş otağa köçürmürlər? Boş otaqda adam döyürlər…”
Mövsüm Səmədovun ləyaqətli bir ilahiyyatçı olduğunu deyən Milli Şura sədri bildirdi ki, o öz prinsiplərinə sadəqətli şəxsdir: “Son iki həftə ərzində Cəzaçəkmə Müəssisəsində antiinsani münasibətlərlə qarşılaşması, karserə salınması və ona münasibətdə qanunun mühüm tələblərinin pozulması müşahidə edilməkdədir”.
Cəmil Həsənli qeyd etdi ki, hakimiyyətin ən üst düzəyinin qərarı olmasa heç kim siyasi məhbuslara qarşı zorakılıq edə bilməz: “Əminliklə deyirəm ki, şəxsən Ilham Əliyevin xəbəri, göstərişi olmadan saxlanma yerində heç kim Leyla Yunusa qarşı heç nə edə bilməz. Bu, birbaşa onun davranışdır, siyasi məhbuslara qarşı belə davranış ölkənin birinci şəxsindən gələn münasibətdir”.
“İntiqam Əliyevin həbsinə etiraz edə bilməyən adam özünü ziyalı adlandıra bilməz”
Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev fikrincə, ölkədə alternativ fikrə qarşı təzyiqlər pik həddinə çatıb: “Həbsxanalardakı təzyiqlərlə cəmiyyətə mesaj verirlər ki, orada həyat asan deyil. Çünki son zamanlar həbs stereotipi aradan qalxıb. Xüsusən də gənclər həbs olunanda bunu sevinc hissiylə deyirdilər. Hakimiyyət gördü ki, əlindəki əsas qorxu vasitəsi – həbsxana artıq insanlarda qorxu yaratmır, başqa vasitələrə əl atdı, işgəncələrə başladı. Yəni demək istəyirlər ki, bura heç də yaxşı deyil. Biz buna alternativ fəaliyyət strategiyası müəyyən etməliyik”.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Gültəkin Hacıbəylinin fikrincə, Intiqam Əliyevin həbsinə etiraz edə bilməyən adam özünü ziyalı adlandıra bilməz: “Azərbaycanda mandat alveri hadisəsi baş verdi. Ancaq bunu cəmiyyətə dələduzluq kimi təqdim etdilər. Məhkəmədə hökm bu ittihamla çıxdı. Dələduzluq Azərbaycan qanunvericiliyinə görə ağır cinayət sayılır. 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bir ildən sonra isə ”dələduzu” azad etdilər. Çünki o şəxs qadındır, anadır. Başqa bir misal. Mənim də üzümə duran bir qadın, insan alverçisi üzərində başqa bir maddə də – əməyin istismarı vardı. Bu qadına da bir il şərti iş verdilər. Çünki bu adam qadındır, uşağı var, anadır. Ancaq Kəmalə Bənənyarlı heç bir xəta törətməmişdi. NIDAçıları müdafiə etdiyinə görə ən ağır inzibatı cəzanı ona verdilər. Bu zaman onun nə qadın, nə də ana olması nəzərə alındı. Deməli, Kəmalə Bənənyarlı bu hakimiyyətin gözündə qadın, övladları da övlad sayılmır. Leyla Yunusa da qarşı eyni münasibət sərgilənir. O, ağır xəstədir. Həyatı təhlükədədir. 60 yaşlı, bütün həyatını demokratiya, insan haqlarına həsr etmiş bir qadına qarşı bu cür olay baş verir. Görünür, bu hakimiyyətin gözündə qadın, ana olmaq üçün mütləq dələduz, mandat alverçisi, insan alverçisi olmalısan. Dürüstsənsə, haqlısansa, haqq uğrunda mübarizə aparırsansa, sən ana deyilsən, qadın deyilsən”.
“Repressiya aparatının böyük bir gücü qadınlara qarşı çevrilib”
Tanınmış vəkil Namizəd Səfərovun fikrincə, ölkədə vətəndaş cəmiyyəti, demək olar, zərərsizləşdirilib: “Baş verən olaylara rekasiya bildirən, etiraz edən vətəndaşlarımız heç bir əsas olmadan tutulur. Onlara həbsxanada işgəncələr verilir. Biz bura yığışmışıq ki, kəskin etirazımızı bildirək. Son zamanlar baş verən həbslərə qarşı etinasızlıq meydana çıxmışdı. Əsasən də gənclər göstərdilər ki, onlar bu həbslərdən qorxmurlar. Onlar açıq şəkildə bəyan edirdilər ki, bu həbslər onları qorxutmayacaq. Hakim rejim də daha repressiv tədbirlərə əl atmağa vadar oldu. Artıq gördü ki, həbslərlə vətəndaş cəmiyyətini qorxutmaq olmur, həbsxanalarda məhbuslara işgəncələr verməyə başladı. Çox təəssüf ki, son zamanlar vətəndaş cəmiyyətinin fəal üzvlərinə qarşı aparılan bu tədbirlərdə qadınlar ön plana çəkilib. Qadınlarımızın bu aktivliyi kişilər üçün də nümunə olmalıdır. Sanki hakim rejim də hiss edir ki, qadınlarımızın bu aktivliyi təhlükəli haldır. Ona görə də repressiya aparatının böyük bir gücünü onlara qarşı çevirib”.
“Flaşmoblara, piketlərə, aksiyalara başlanılsın”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, cəmiyyətin müqaviməti zəifliyib: “Elə bil ki, mübarizə aparmaqdan qorxurlar, sarsılıblar. Bununla da hakimiyyətin çirkin siyasətinə rəvac verilir. Televiziyalar bunların əlindədir. Cəmiyyət səhərdən-axşama kimi onları izləyir. Əsasən də regionlarda bu televiziya kanallarını izləyənlər elə bilirlər ki, vətəndaş cəmiyyəti satqındır, ermənilərə işləyir. Bütün yük ”Azadlıq” qəzetinin və bir neçə saytın çiyninə düşüb. Istəyərdim ki, cəmiyyətin aktivləşdirilməsi yolunda strategiya formalaşdıraq. Cəmiyyətin aktivləşməsində partiyaların rolu böyükdür. Görürəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri regionlara gedir, iş görürlər. Təklif edirəm ki, yenidən flaşmoblara başlayaq, bəlkə Penitensiar Xidmətin qarşısında aksiya keçirək”.
Qarabağ Islami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədov həbsdə olan Islam Partiyasının lideri Mövsüm Səmədova qarşı münasibətin kəskinləşdiyini diqqətə çatdırıb: “Onu son günlər 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı müəssisəyə köçürüblər. Orada isə artıq 7-ci gündür ki, cəza kamerasına salıblar. O aclığa başlayıb. Vəkillə görüşə imkan verilmir, sovqat qəbul edilmir, ona qələm və kağızın da verilməsi qadağan edilib”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Leyla Yunusa qarşı baş verən olayları araşdırdıqlarını deyir: “Biz keçmiş məhbuslar olaraq Leyla xanıma verilən işgəncə faktını araşdırmaq üçün istintaq təcridxanasının əməkdaşı Fəqan Yaqubov barədə məlumat topladıq və aydın oldu ki, doğurdan da o, təcridxanada işgəncə verən bir adam kimi tanınır. O təcridxanada işgəncə alətidir. Onun üçün fərqi yoxdur, işgəncə verdiyi adam uşaqdır, böyükdür, qadındır, yoxsa kişidir”.
“Azərbaycan cəmiyyəti ayıq olmalıdır”
AXCP sədri Əli Kərimli isə qeyd etdi ki, Azərbaycan hökumətinin vətəndaşlarıyla savaşı davam edir: “Leyla xanıma qarşı baş verənlər, ona qarşı açıq-aşkar fiziki işgəncələrin tətbiq olunması, onun yaşının, qadınlığının da nəzərə alınmaması, bu cür qeyri-insani hərəkətlər onu göstərir ki, bugün Azərbaycanı idarə edənlərin bu xalqla tamamilə əlaqəsi qopub, özlərini bu xalqdan saymırlar. Nə xalqın əxlaqi mənəvi dəyərlərinə hörmət qoyurlar, nə özlərinin, nə də dövlətin gələcəyini fikirləşirlər. Çünki bu gün Ilham Əliyevin kini, hikkəsi Azərbaycanı uçuruma aparır. Baş verənlər axırda Azərbaycanın hesabına yazılacaq. Iqtisadi tənəzzüllə, qeyri-sabitliklə, ölkə daxilində ekstremizmin artmasıyla. Azərbaycan hökuməti Azərbaycanı bu istiqamətdə aparır. Bunu nəhayət anlamalıdırlar. Elementar məsuliyyət hissini başa düşməlidirlər. Azərbaycan hökumətinin kimlərə münasibəti xüsusilə sərtdirsə, onlara qarşı qisas əməliyyatı həbslə sonlanmır. Həbsdən sonra da həbsxanada saxlanma şəraitinin pisləşməsi ilə qisas əməliyyatı davam edir. Azərbaycan cəmiyyəti ayıq olmalıdır”.
Əli Kərimli deyib ki, 9 milyonluq bir ölkədə 100-dən artıq siyasi məhbus var: “21 ildir ki, Azərbaycanda hər zaman siyasi məhbus var. 2001-ci ildə biz Avropa Şurasına üzv olanda 716 nəfər var idi. Deməli, bu 21 il ərzində minlərlə insan siyasi məhbus həyatı keçib. Ona görə də cəmiyyətdəki müəyyən bir xofun olmağını başa düşürəm. Ancaq özünü müxalifət adlandırıb Leyla Yunusa, Intiqam Əliyevə və bütün digər siyasi məhbuslara, xüsusilə də son baş verənlərə qarşı susanlara çox böyük qınağım var. Özünü ziyalı, özünü vətəndaş cəmiyyəti fəalı adlandıranlar ağzına su alıb oturublar. Bəziləri vətəndaş cəmiyyəti fəalı olmağı Azay Quliyevdən qrant almaq kimi başa düşür. Eşidilirmi o adamların səsi? Bu gün Leyla xanıma qarşı bu münasibət indikator olmalıdır. Bu məsələyə susursansa, danışmırsansa, fərqi yoxdur, qorxundanmı, hansısa gəlirini itirməmək üçünmü, o zaman heç bir ictimai status iddiasına düşmə. Demə ki, mən azad mətbuatı təmsil edirəm. Demə ki, mən vətəndaş cəmiyyətini təmsil edirəm. Demə ki, mən müxalifətəm. Səninlə işimiz yoxdur. Ancaq demə bunu. Deyirsənsə, ictimai missiyan var. Zəhmət çəkib mövqe bildirməlisən”.
“Leyla Yunus zərif vücudu ilə artıq Azərbaycan hakimiyyətini məğlub edib”
AXCP sədrinin fikrincə, bu qədər repressiyalardan, satınalınmalardan sonra da prinsiplərinə sədaqətli insanlar kifayət qədər çoxdur: “Bir neçə həftədir ki, Azərbaycan Xalq Cəbhəsində mitinqlərlə bağlı ciddi müzakirələr gedir. Milli Şurada bu müzakirələr başlayıb. Çox güman ki, gələn həftə Azərbaycan Xalq Cəbhəsində və Milli Şurada mitinq müzakirələri başa çatacaq. Ümid edirəm ki, xüsusən də Leyla xanıma qarşı olan bu qeyri-insani münasibət tərəddüdlərə son qoyacaq. Azərbaycan cəmiyyətində baş verənlərə münasibət bildirmək, ”dur” demək şərəf məsələsinə çevrilib. Azərbaycan cəmiyyətinin təmsilçiləri olaraq özümüzdə bu gücü tapmalıyıq. Yaxşı zamanlarda yaxşı sözləri deməyə nə var ki. Yaxşı zamanlarda mərdlik etməyə, cəsarət göstərməyə nə var ki? Indi əsl insanların, əsl fədakar, ləyaqətli insanların meydana çıxacağı zamandır. Leyla xanıma yenə də iradə arzulayıram. Leyla xanım onsuz da çox güclüdür. O, zərif vücudu ilə artıq Azərbaycan hakimiyyətini məğlub edib. Yenə də güclü olsun. Nə Azərbaycan xalqı, nə dünya birliyi onun bu faciəsinə susacaq. Mütləq səslər eşidiləcək. Artıq siyasi baxımdan dünyanın çox ciddi dəstəyi var”.
Ramin DEKO