Avropa Parlamentinin qətnaməsi iqtidarın zirvəsində hansı müzakirələrə səbəb olub?
Avropa Parlamentinin son qətnaməsi hakimiyyətin yuxarı pilləsində ciddi müzakirə mövzusudur. Redaksiyamıza daxil olan məlumata görə, iqtidarın zirvəsi belə bir qətnamənin qəbul edilməsini həm də Azərbaycanın xaricdəki səfirliklərinin, diaspora təşkilatlarının və Avropa strukturları ilə işləyən iqtidar nümayəndələrinin səbatsızlığı ilə izah edirlər. Iqtidarın yuxarı eşelonunda belə qənaət var ki, Azərbaycan beynəlxalq aləmdə müsbət imicinin yaradılmasına məsul olanlar bu işlər üçün ayrılan milyonları sadəcə göyə sovurub və saxta raportlar verməklə məşğul olublar.
Bildirilir ki, bu müzakirələr saxta raport verənləri də ciddi narahat etməyə başlayıb. Onlar vəziyyətdən çıxış yolu axtarır. Təsadüfi deyil ki, xaricdə hakimiyyətin imicmeykeri rolunda fəaliyyət göstərən Avropa-Azərbaycan Təşkilatının rəhbəri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun qətnamənin qəbulundan sonra tələsik açıqlama verərək “bizi də müdafiə edənlər var idi” deyərək bir-iki avropalı deputatın adını çəkmişdi. Taleh Heydərov sanki bununla “mən öz işimin öhdəsindən bacardığım qədər gəlmişəm” demək istəyirdi. Bəs digərləri? Azərbaycan hakimiyyətini bir-iki deputat müdafiə edib, bunu da Taleh Heydərov öz əməyi kimi qələmə verib. Bəs digərləri vəziyyətdən çıxmaq üçün nə edəcək? Bu hələ onların özlərinə də məlum deyil.
Məsələ ilə bağlı başqa bir maraqlı məqam da var. Qətnamə hakimiyyətdə təlatüm yaratsa da, iqtidar ideoloqları özlərini təmkini göstərməyə çalışırlar. Iqtidar mənsubları və hakimiyyətin nəzarətində olan mətbuat Avropa Parlamentinin qətnaməsinin əhəmiyyətsiz sənəd olduğu barədə cəmiyyətdə rəy yaratmağa çalışır. Iqtidar mətbuatı demək olar ki, hər gün bu barədə geniş həcmli məqalələr dərc edir. Lakin iqtidar elə bu addımı ilə özünü ələ vermiş olur. Axı əhəmiyyətsiz bir sənədə bu qədər əhəmiyyət vermək, gecə-gündüz Avropa Parlamentinə qarşı kampaniya aparmaq nəyə lazımdır?
Akif