«Putin sanksiyalardan yayınmaq üçün Azərbaycandan dəstək tələb edir»
Vəfa Quluzadə: «Ukraynada müharibə davam etsə, Rusiya da qarşıcaq»
Bir müddət əvvəl IŞID-ə qarşı geniş koalisiya yaransa da, gözlənilənin əksinə olaraq Türkiyə bu birliyə qoşulmadı. Bundan başqa, Türkiyə IŞID-ə qarşı aparılacaq əməliyyatlarda da iştirak etməyəcəyini bildirdi. Bir çoxları Türkiyənin bu addımını IŞID-in əlində olan türk diplomatları faktoru ilə izah edirdi. Amma bir neçə gün əvvəl türk diplomatların girovluqdan azad edilməsi fərqli mənzərə yaratdı. Bir sıra ekspertlər hesab edir ki, ABŞ bununla Türkiyənin əlindən bəhanəni almış oldu. Bu üzdən Türkiyənin də IŞID-ə qarşı mübarizəyə qoşulacağını gözləmək olar. Gündəmdə olan bu və başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.
– Ankaranın IŞID-lə bağlı mövqeyini şərh edərkən Mustafa Kamal Atatürkdən başlayaraq Türkiyənin yürütdüyü siyasətə diqqət yetirmək lazımdır. Türkiyənin siyasəti “cahanda sülh, yurdda sülh” adlanır. Yəni Türkiyə heç zaman öz sərhədlərindən kənarda döyüşməyib. Türkiyə bunu istəmir. Yalnız Türkiyəyə hücum olsa, bu dövlət o zaman döyüşə girə bilər. PKK Türkiyə əleyhinə müharibə aparmağa başlayan zaman terror təşkilatı Iraq ərazisində təqib edilməyə başladı. Ona görə IŞID-ə qarşı vuruşmaq Türkiyənin prinsiplərinə zidd sayılmalıdır. Digər tərəfdən, IŞID-in bir təşkilat kimi mahiyyətinə diqqət yetirmək gərəkdir. Bu təşkilat sıralarında minlərlə insanı birləşdirir. Maraqlıdır ki, IŞID-in sıralarına hətta Avropa ölkələrindən belə insanlar qoşulub. IŞID Iraq, Liviya, Suriyanın darmadağın olunmasından sonra təsadüfən ortaya çıxmayıb. Bu ölkələrdə Qərbin hərəkətlərinə qarşı ciddi etiraz var. Türkiyə müsəlman ölkəsidir. Türkiyə dünyaya öz mahiyyətini açmamış, IŞID-ə qarşı döyüşə sürükləmək istəyirlər. Türkiyə də bundan imtina edir və bu mövqe Türkiyənin maraqları baxımından ən doğru yanaşmadır.
– Bəzi mətbu orqanları iddia edir ki, Türkiyə diplomatlarının azad olunmasının müqabilində IŞID qarşısında öhdəlik götürüb. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur?
– Türkiyənin belə bir sövdələşməyə getməsi mümkün deyil. Türkiyənin IŞID-lə müharibə etməməsinin bir neçə səbəbi var. Mən onlardan ikisini açıqladım. Amma IŞID-ə qarşı vruşmamağın səbəbi Türkiyə diplomatlarının girovluqda olması deyildi. Regionda baş verənlər üzündən onsuz da Türkiyənin üzərinə ağırlıq düşür. Türkiyə hər gün Suriyadan minlərlə qaçqın qəbul edir. Qərbdə IŞID-lə vuruşmaq üçün regionda döyüşçü lazımdır. Qərb bu döyüşçülərin regiondakı kürdlər olmasını istəyir. Əvəzində kürdlərə dövlət vəd olunur.
“Obama Ərdoğanla IŞID-i müzakirə edəcək”
– Azərbaycandan IŞID-ə qarşı koalisiyaya qoşulmaq istənərsə, dövlətimiz hansı mövqedən çıxış etməlidir?
– Azərbaycan vətəndaşlarından IŞID-də döyüşənlər ora öz arzuları ilə gediblər. Indi SSRI zamanı deyil. Orada Azərbaycan döyüşmür. Çünki dövlət bu regiona döyüşçü göndərmir. Ora gedənlər könüllülərdir. Azərbaycanın antiIŞID koalisiyasına daxil olmasına gəlincə, bu, məqsədəuyğun deyil. Çünki, Azərbaycan özü müharibə vəziyyətində yaşayan bir ölkədir.
– Türkiyə prezidenti Ərdoğan BMT-nin növbəti sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Ərdoğanla Obamanın IŞID mövzusunu müzakirə edəcəyi və Obamanın ondan dəstək istəyəcəyi nə dərəcədə mümkündür?
– Türkiyə ilə ABŞ müttəfiqdir. Sözsüz ki, ABŞ-la Türkiyə bunu müzakirə edəcək. Türkiyə regionun əhəmiyyətli ölkəsidir və Ankara ABŞ-a dəstək ola bilər. Türkiyə ABŞ-a Əfqanıstanda böyük dəstək olub. Türk əsgərləri Əfqanıstanda humanitar məsələlərlə məşğul oldu. Əfqanlar da türklər müsəlman olduqları üçün müttəfiq qoşunları ilə əməkdaşlığa getdilər.
“Putinin imkanları daralır”
– Rusiyada baş tutan “rus marşı” yetərincə izdihamlı alındı. Bu Putinə bir mesaj sayıla bilərmi? Putin son aksiyadan hansı dərsləri götürməlidir?
– Rusiyada Putin rejiminin əleyhinə böyük dirəniş var. Bunu “rus marşı”ndan əvvəlki aksiyalar da sübut edir. Putin Ukraynadakı müharibə ilə etirazları müəyyən dərəcədə yatırtmaq istəyirdi. Əslində Putin buna bir qədər nail oldu. Hərbi etirazçı təqibə məruz qalır, vətən xaini adlandırılır. Ona görə Putin müharibə ilə özünün daxili vəziyyətini normallaşdırdı. Lakin Ukraynada müharibə davam etsə, Rusiyada stabillik pozulacaq. Moskvada keçirilən marş bunu təsdiqləyir. Rusiyanın bütün düşünən beyinləri Ukraynadakı müharibəni qınayır və buna etiraz edir. Rusiya hazırda ciddi sanksiyalara məruz qalıb. Əhalinin sosial, maddi durumu korlanıb. Ona görə ölkədə protest hərəkətləri daha da artacaq.
– Oktyabrın 29-da Azərbaycanın dövlət başçısı Xəzərin statusunu müzakirə etmək üçün Həştərxana səfər edəcək. Putinin Azərbaycandan istəkləri nə ola bilər? Çünki, bu arada rus bankları Azərbaycanın maliyyə imkanlarından yararlanmaq niyyətlərini açıqlayıblar…
– Putin artıq geri çəkilib və o, daha Azərbaycana Gömrük Ittifaqına qəbul olmaqla bağlı təzyiq etməyəcək. Hazırda Putinin əsas məqsədi ona qarşı yönələn sanksiyaların öhdəsindən gəlməkdir. Putin Ilham Əliyevlə görüşündə iqtisadi və maliyyə məsələlərini müzakirə edəcək. Azərbaycandan tələb olunacaq ki, Rusiyaya qarşı yönələn sanksiyalardan yayınmaq üçün kömək etsin. Azərbaycan tərəfi isə görüşdə əsasən Qarabağ məsələsinin həllinə ağırlıq qoya bilər. Putin artıq öz istəklərinə nail olub. Azərbaycan malları Rusiyaya ayaq açıb. Putin bundan da artığına nail ola bilər.
– BMT-nin budəfəki sessiyasında eyni zamanda Qarabağla bağlı müzakirələr də keçiriləcək. Bu müzakirələrdən gözləntiniz nədir? Bu müzakirələr problemin həllinə yardımçı ola bilərmi?
– BMT-dəki müzakirələr zamanı Ermənistanın işğalda tək olmadığı dilə gətirilməlidir. Rusiyanın münaqişənin həllinə mane olduğu birmənalı olaraq vurğulanmalıdır.
Xəyal