Lukaşenkonun titulu əlindən alındı!
Avropa Parlamenti Azərbaycanla bağlı xüsusi qətnamə qəbul etdikdən sonra “balans siyasəti”nin uğurları barədə nağıllar bir an içində unuduldu. Ölkə mətbuatı Avropa Birliyini yıxıb sürüməkdədir. Hakimiyyətyönlü jurnalistika və ekspertiza korpusu cidd-cəhdlə sübut etməyə başlayıb ki, Avropa Parlamenti və ümumiyyətlə, Avropa və onun ayrı-ayrı strukturları Azərbaycan üçün heç nədir. Qədim bir lətifədə deyildiyi kimi, “Sən mənə heç zad eləyə bilməzsən, tem bolee Naxçıvanda”.
Avropa Birliyinin Azərbaycan üçün əhəmiyyəti varmı- yoxmu, bu polemikanı aparmağa dəyər. Məncə, məsələn, hörmətli Vəfa Quluzadə gərək bu situasiyanı şərh eləsin. Eləcə də başqa politoloqlar.
Hətta xüsusi politoloji nəzəriyyələrlə tanış olmadan da Avropa Parlamentinin Azərbaycan üçün qəbul etdiyi xüsusi qətnamənin əhəmiyyətini görməmək mümkün deyil. Amma gəlin, hökumətin özünün Avropa siyasətinin bəzi elementlərini nəzərdən keçirək.
Azərbaycan hökuməti Avropa Şurasının Parlament Assambleyasında deputatları ələ almaq üçün külli miqdarda pul, qiymətli hədiyyələr paylamaqdadır. Bu praktika beynəlxalq aləmdə “kürü diplomatiyası” olaraq dəyərləndirilib və məhz, Azərbaycan diplomatiyasının tətbiq etdiyi qayda olaraq fərqləndirilib. Qara kürünün 1 kiloqramı Avropa bazarında 10 min avroya qədər qalxır. Amma Azərbaycanın xarici siyasətini həyata keçirən insanlar bu kürünü Avropada satıb dövlətin büdcəsinə daxil etmirlər, onu Avropalı deputatlara paylayırlar. Niyə, a bala? Azərbaycan üçün əhəmiyətsiz sayılan bu məkanlara niyə kürü səpirsiz ki?
Azərbaycanın xarici siyasətinin mədəni böyründən yapışıb onu dünyaya daşıyan Heydər Əliyev Fondu Avropadakı xristian məbədlərinin bərpasına hər il on miyonlarla dollar vəasit ayırır. Hətta bu il Italyanlarla baş tutmamış bir xarici siyasət sövdələşməsinə görə xristian da yox, bütpərəst Romanın qalıqlarının eşələnib torpağın altından çıxarılmasının məsrəflərini həmin bu hakimiyyət fondu öz üzərinə götürdü. Bu, nəyə görə idi və nəyimizə gərək idi? Niyə gedib Isfahanda bir məscidi təmir etmirlər ki?
Azərbaycanın həyatında heç bir rolu olmayan, Azərbaycana qarışılıqlı təsiri olmayan Avropa Birliyində lobbi işini qurmaq üçün təkcə Brüsseldəki bir Mərkəzə ildə 30 milyon avro pul ayrılır.
Hal-hazırda, Azərbaycan AŞ PA Nazirlər Komitəsinə başçılıq edir. Baxmayaraq ki, bütün Avropa mediası bir diktaturanın AŞ PA Nazirlər Komitəsinə başçılıq etməsini rüsvayçı fakt adlandırmaqdadır.
http://ocaz.eu/en/ təkcə bu Mərkəzin saytına baxın və hesablayın ki, burada sadalanan tədbirləri həyata keçirmək üçün ildə nə qədər milyonlar səpələnir.
Azərbaycana lazım olmayan bu Avropa ölkələrində diplomatik missiyalardan başqa yüzlərlə yan təşkilatlar- mədəniyyət, lobbiçilik, siyasi-iqtisadi əməkdaşlıq, hərbi-strateji məsləhətləşmələr, strateji maraqların müzakirəsini nəzərdə tuttan mərkəzlər yaradılıb, bu mərkəzlərdə minlərlə insanlar çalışır və milyonlarla pul xərclənir. Bütün bunlar nəyə görə lazımdır? Əgər bu Avropa Birliyinin qərarları Azərbaycan üçün boş şeydirsə, bu qədər bədbərxcliyin yalnız bir adı var: deməli, bu strukturları da yalnız korrupsiya üçün yaradıblar.
Axı, Azərbaycan hökuməti Avropa ilə əlaqələrinə Heydər Əliyevin böyük siyasi dühası olaraq dəyər verir, bu mövzuda tonlarla məqalə, elmi işlər yazılıb. Guya bu böyük siyasi əlaqələr Heydər Əliyev tərəfindən bina edilibmiş kimi.
Məhz, Avropa ilə münasibətlərə görə Azərbaycan hakimiyyəti Ilham Əliyevi balans siyasətinin məşhur memarı olaraq illərlə təbliğ edir. Indi balans pozulanda belə çıxır ki, Avropa Biriliyinin Azərbaycan üçün heç Sierra-Liona qədər də əhəmiyyəti yoxmuş.
Avropa Parlamentinin son qətnaməsi Avropa siyasətinin diktaturaya münasibətinin ifadəsi idi. Bu zamana qədər Avropada Aleksandr Lukaşenkonu “Avropanın sonuncu diktatoru” adlandırmaq ehkamı var idi. Indi bu ehkam dəyişdi, daha ehkam olmadı. Ilham Əliyevi də dostu Lukaşenko ilə eyniləşdirdilər. Indi rəsmən təsdiq edildi ki, Avropada bir deyil, iki diktator var. Bu qərarın Ilham Əliyevi necə cin atına mindirdiyi isə Azərbaycanın hakimiyyətyönlü mediasının davranışından görükür.
Axı, bunlar Azərbaycanda diktaturanın olmadığını, modern bir Azərbaycan qurulduğunu, insan haqlarını özlərinin sülalə maraqlarından üstün tutduqlarını iddia edirdilər. Amma alınmadı. Kürü yeyildi, yenə də yeyiləcək, amma kolorisi az olacaq. Lobbi xərcləri daha da artırılacaq, amma ovsanası əvvəlki kimi olmayacaq.
Azərbaycan mətbuatında yerli “politoloq”lara Avropanı söydürəcəklər, amma oraya göndərdikləri nümayəndə heyəti Roma xarabalıqlarına and içəcək ki, zatən Avropalıyıq və Avropa dəyərlərinə sadiq bir hökumətik. Amma bu andların da qəlp olduğu bilinəcək.
Və lap bu günlərdə, Heydər Əliyev Fondunun Parisin 6-cı məhəlləsində açdığı Azərbaycan mətbəxinin ətri də diktaturanın kəsif qoxusunu yaymaqdadır. Parisin 6-cı dairəsinin bu tədbirdə çıxış edərək Azərbaycan plovunu tərifləyən meri isə bu çıxışın müqabilində aldığı rüşvəti haraya dürtüb gizləmək haqqında düşünməkdədir.
Əgər Avropa Birliyi əhəmiyyətsiz bir yerdirsə və Azərbaycan üçün dəyərsiz bir siyasi vahiddirsə, o zaman niyə Parisdə mikrorayon merlərinə və JEK müdirlərinə bahalı xalçalar paylayırlar, Həm də şəxsən, Heydər Əliyev Fondu kimi mötəbər bir yarımhökumətin adından?
Azad Akifoğlu