“Index on Censorship”: “Hakimiyyət həbsləri davam etdirir, fərqli düşənənlər ən müxtəlif təzyiqlərlə üzləşir”
Böyük Britaniyanın beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Index on Censorship”in saytında Azərbaycandakı repressiyalardan bəhs edən məqalə dərc olunub. Məqalənin müəllifi Codi Ginsberg yazır ki, Londonda nəşr olunan “Metro” qəzetində Bakını tərifləyən bir yazıdan sonra bu ölkədə baş verənləri qələmə almaq qərarına gəlib.
Müəllif bildirir ki, Ilham Əliyev hökumətinin müxalif qüvvələrə qarşı repressiyaları gücləndirdiyi bir vaxtda bu tipli yazıların meydana çıxması heç də yaxşı hal deyil. Azərbaycan hakimiyyəti ölkəni dünyaya müasir və açıq cəmiyyət kimi təqdim etmək üçün çox böyük təbliğat kampaniyası aparır. Əslində isə vəziyyət tamamilə başqadır:
“Hakimiyyət müxalifətçilərə qarşı həbsləri davam etdirir, fərqli düşənən insanlar ən müxtəlif təzyiqlərlə üzləşir. ”Metro” kimi qəzetlər Əliyev rejimini yaxşı təqdim etmək üçün əsl həqiqəti deyil, gerçək vəziyyətə uyğun olmayan fikirləri yaymaqla məşğuldur. Xatırlatmaq lazımdır ki, son aylar ərzində bu ölkənin tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev və jurnalist Seymur Həzi həbs olunub. Daha əvvəl isə seçkilərin monitorinqi ilə məşğul olmuş şəxslər həbs edilib.
Azərbaycanda son müstəqil qəzet olan “Azadlıq” bu yaxınlarda hakimiyyətin təzyiqləri nəticəsində bir neçə günlük çapını dayandırıb. Hakimiyyətin yaratdığı probemlər “Azadlıq” qəzetini ağır maliyyə vəziyyətinə salıb. Məhz bu qəzet 2014-cü il üçün “Söz azadlığı” mükafatını alıb.
Məşhur araşdırmaçı jurnalist Xədicə Ismayıl hökumətin korrupsiya faktlarını işıqlandırdığına görə olduqca aqressiv qarayaxma və şantaj kampaniyasına məruz qalıb.
Son dövlərdə hakimiyyət qanunvericiliyə çoxlu sayda mürtəce dəyişikliklər edib. Icazəsiz etiraz aksiyalarında iştirak etməyə görə inzibati həbs 15 gündən 90 günə qaldırılıb. Neçə-neçə sosial şəbəkə fəalı hakimiyyəti tənqid etdiyinə görə saxta ittihamlarla həbs edilib. Azərbaycan hakimiyyəti bir tərəfdən insan hüquq və azadlıqlarına hörmət etdiyini iddia edir, digər tərəfdən real addımlarla bu azadlıqları sərt şəkildə məhdudlaşdırır. Hətta hakimiyyəti tənqid edən incəsənət xadimlərinin cəzalandırılması halları da var. Yaradılmış qorxu mühiti onları özünüsenzuraya məcbur edir. Ilham Əliyevi tənqid etdiyinə görə musiqiçi Camal Əli işgəncəyə məruz qalıb, ölkədən getməyə məcbur olub.
2003-cü ildə hakimiyyəti atasından almış Ilham Əliyev 2009-cu ildə prezidentlik üçün olan müddət limitini ləğv edib. Beynəlxalq müşahidəçilərin rəyinə görə, 2013-cü ildə keçirilmiş prezident seçkiləri zamanı ifadə, birləşmə və toplaşma azadlıqları açıq-aşkar məhdudlaşdırılıb. 2008-ci ildə keçirilən seçkilər də beynəlxalq standartlara uyğun olmayıb.
“Beynəlxalq Şəffaflıq” təşkilatı Azərbaycanı Avropada ən çox korrupsiyaya qurşanmış ölkə hesab edir.
2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçirilib. Hakimiyyət bu şansdan istifadə edib, ölkəyə müsbət imic qazandırmaq əvəzinə, çoxlu sayda insanı və ailəni evlərindən məhrum etməklə kobud qanun pozuntularına yol verib, imicini daha da pisləşdirib. Növəti ildə Bakıda Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Şəhərin abadlaşdırılması adı altında insanların yeni problemlər yaşayacağı qorxusu davam edir”.
İnformasiya şöbəsi