Prezident Administrasiyası yüksək səviyyəli təmaslardan yayınır
Hakimiyyətin Azərbaycanda fəaliyyət göstərən Qərb təşkilatlarına savaş açması Bakı ilə Vaşinqtonu üz-üzə gətirib. Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, ABŞ Azərbaycan hakimiyyətinin bu addımları ilə bağlı izahat tələb edir. Qeyd edək ki, YAP iqtidarı ABŞ-ın Milli Demokratiya Institutunun Bakıdakı ofisini bağlayıb, “Oxfam”, “Irex” kimi nüfüzlu QHT-lərin fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılıb.
Məlumatda deyilir ki, bu günlərdə Beynəlxalq Inkişaf Agentliyinin (USAID) direktor müavini Robert Lopezin Bakıya səfəri də bu məsələ ilə bağlıdır. Qeyd edək ki, sentyabrın 19-da ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqani, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Robert Lopez Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında görüş keçirib. Görüşdə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti müzakirə olunub.
Məlumata görə, şuranın rəhbəri Azay Quliyevlə görüş gərgin olub. Xüsusilə Qərb təşkilatları ilə bağlı məsələlərin müzakirəsi gərinliklə müşayiət olunub.
Əldə etdiyimiz məlumatlara görə, Azərbaycan hakimiyyəti atdığı addımların fərqindədir və bütün bunlarla bağlı hər hansı ağlabatan izahatı yoxdur. Bu baxımdan da iqtidar yüksək səviyyəli təmaslardan yayınmağa üstünlük verir. Lakin ABŞ məsələ ilə bağlı hakimiyyətdən izahat tələb etməkdə israrlıdır və iqtidarın “gizlənpaç” oyununu sona qədər davam etdirə biləcəyi inandırıcı görünmür.
Ekspertlər də hesab edir ki, hakimiyyətin yeganə çıxış yolu Qərbin yüksək səviyyəli rəsmilərilə bir masa arxasına əyləşib problemin həllinə çalışmaqdır. Əks təqdirdə vəziyyət daha dramatikləşə bilər ki, bu da hakimiyyət üçün ağır nəticələrə səbəb olar.