“İnsan hüquqları ilə bağlı məsuliyyəti Azərbaycan hökuməti daşıyır”
2014-cü ilin avqustunda İnsan Hüquqları üzrə Helsinki Fondu və Polşanın İnsan hüquqları üzrə İnstitutu Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya oyunlarını sponsorlarına müraciət etmişdilər.
Müraciətdə bildirilirdi ki, Azərbaycanda son aylarda bu vaxta qədər olmamış miqyasda repressiyalar aparılır. İnsan hüquq və azadlıqlarının geniş miqyasda pozulduğu ölkədə keçiriləcək tədbirə sponsorluq edənlər bu vəziyyətə görə məsuliyyət daşıdıqlarını bilməlidirlər. Onlar bildirmişdilər ki, repressiyaların bundan sonra da davam edəcəyi təqdirdə bu yarışa sponsorluq edənlər qərarlarına yenidən baxmalıdırlar.
Bu iki təşkilatın hazırladığı məktubu “Articl 19”, İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilat, İnsan Hüquqları üzrə Beynəlxalq Xidmət, Ədalət üçün Avropa Koalisiyası və başqa təşkilatlar imzalamışdı.
Məlum olduğu kimi Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarının sponsorlarından biri də BP şirkətidir. Məktubun BP-yə aid hissəsində deyilirdi ki, repressiyaların davam edəcəyi təqdirdə şirkət sponsorluqdan imtina edə bilərmi?
BP müraciət müəlliflərinə cavab məktubu göndərib. Cavabda BP-nin Azərbaycandakı fəaliyyəti haqda geniş məlumat verilib. Bununla yanaşı BP bildirir ki, hansı ölkədə işləməsindən asılı olmayaraq şirkət insan hüquqlarına hörmət etməyi özünə borc bilir.
“Tam məsuliyyətlə bildiririk ki, bu öhdəliyimizə çox ciddi yanaşırıq. Eyni zamanda onu da qeyd etməliyik ki, fəaliyyət göstərdiyimiz ölkələrdən biri olan Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində başlıca məsuliyyəti Azərbaycan hökuməti daşıyır. Biz BP olaraq mövcud problemlərin həllində iştirak etməyə hazırıq. İnsan hüquqlarına görə, məsuliyyət daşıdığımızı etiraf edirik, insan hüquq və azadlıqlarının pozulması prosesində bu vaxta qədər iştirak etməməyə çalışmışıq. Bununla yanaşı, qeyd etməyi vacib hesab edirik ki, Avropa Oyunlarının sponsorlarından biri kimi, müstəqil hökumətin siyasətinə bu məsələdə təsir edə biləcəyimizə inanmırıq”, – deyə cavab məktubunda qeyd olunur.
azadliq.info