Hakimiyyəti Qərb mediasında təbliğ edən Brenda Şaffer ARDNŞ şefinin məsləhətçisi imiş
“Azadlıq” radiosunun ingilis dili redaksiyası “New York Times” qəzetini Azərbaycan hökumətinin lobbiçiliyi ilə məşğul olanlara tribuna verməkdə ittiham edib. “Azərbaycan lobbisi “New York Times”a çatdı” başlıqlı məqlənin tərcüməsini qısa ixtisarla təqdim edirik:
***
Sentyabr ayının əvvəllərində “New York Times” qəzetində Azərbaycan hakimiyyətinin ABŞ-da geniş lobbiçilik fəaliyyətini sənədlərlə sübut edən məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, Azərbaycan hakimiyyəti müxtəlif lobbi təşkilatlarının köməyi ilə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıyan ölkə kimi tanınmasına çalışır. Bu hadisədən bir neçə gün sonra bizi çox təəccübləndirən bir hadisə baş verdi. “New York Times” Azərbaycan hakimiyyəti ilə əlaqələri açıq aşkar mövcud olan Brenda Şafferin məqaləsini dərc etdi. Bu məqalədə Brenda Şaffer Rusiyanın Azərbaycana olan təhlükəsindən yazaraq sübut etmək istəyirdi ki, Rusiyadan Azərbaycana ciddi təhlükə olduğundan ABŞ bu ölkəyə xüsusi diqqət göstərməlidir.
Brenda Şaffer amerikalı oxucuları inandırmaq istəyir ki, Azərbaycanda İlham Əliyevə böyük etimad var. Bunun səbəbi isə onun ölkədə sabitlik və iqtisadi inkişaf yaratmasıdır. İnsan hüquq və azadlıqlarının pozulması və 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı ABŞ-ın sərt tənqidi mövqeyi Şafferin ciddi narahatçılığına səbəb olub və o bildirib ki, başqa ölkələrdə də belə problemlər olduğu halda nədənsə Azərbaycan daha çox tənqid olunur.
Nədənsə, “New York Times” Brenda Şaffer haqqında məlumat verərkən onun Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin məsləhətçisi olması faktını qeyd etməyi “unudub”. Bu məsələ ilə bağlı biz dəfələrlə Brenda Şafferə müraciət etsək də, o, bizə cavab vermədi. ARDNŞ-nin nümayəndəsi Nizaməddin Quliyev soruğumuza cavab olaraq bildirdi ki, o, 7 ildir ARDNŞ-də işləyir və bu müddət ərzində Brenda Şafferin şirkətlə əlaqəsi haqqında heç nə eşitməyib.
Qərbin “Washington Post”, “The Wall Street Journal”, “Reuters” kimi nəşrlərində Azərbaycanı Qərb üçün böyük əhəmiyyət daşıyan ölkə kimi reklam edən Brenda Şaffer ARDNŞ ilə əlaqələri haqqında heç bir məlumat verməyib. Belə məqalələr vasitəsilə Brenda Şaffer Azərbaycanın Qərb üçün böyük önəm kəsb etməsini daima xüsusi qabardaraq, demokratiya məsələləri ilə bağlı Qərbin Azərbaycan hökumətinə təzyiqlər göstərməsinin çox da əsaslı olmadığını sübut etməyə çalışır. Brenda Şafferin belə məqalələri Azərbaycanın hökumət nəzarətində olan mətbuatında geniş reklam olunur.
Keçmiş ABŞ diplomatı Rebecca Vincent bildirib ki, Azərbaycan hakimiyyəti Ukraynada mövcud olan krizisdən və Qərbin diqqətini o məsələyə yönəlməsindən sui-istifadə edərək ölkədə heç vaxt olmayan səviyyədə repressiyalar aparır.
azadliq.info