«Azərbaycanda indiki qədər genişmiqyaslı və qəddar repressiyalar heç vaxt olmayıb»
Qərbin nüfuzlu media orqanlarında demək olar ki, hər gün Azərbaycandakı ictimai-siyasi durum, xüsusən repressiyalar, ölkədəki korrupsiya barədə iri həcmli materiallar yayımlanır. Bu isə deməyə əsas verir ki, Qərb mediası Azərbaycandakı prosesləri diqqətlə izləyir. Təsadüfi deyil ki, burada baş verən istənilən ictimai-siyasi əhəmiyyətli hadisə dərhal işaqlandırılır, proseslər təhlil olunur.
“Azad Avropa” radiosu da Azərbaycandakı repressiyalardan bəhs edən geniş material hazırlayıb. “Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə, müstəqil mediaya qarşı vintləri sıxır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Bugünlərdə Azərbaycandan yaxşı xəbərlər gəlir. Amma bu xəbərlərin bir çoxu deyəsən, Ilham Əliyevin “Twitter” hesabından gəlir.
“Azərbaycanda azad cəmiyyət bərqərar olub. Ölkədə bütün demokratik institutlar var və onlar uğurla fəaliyyət göstərir”, – deyə Ilham Əliyev sentyabrın 1-də “Twitter”də yazıb.
O, daha sonra davam edir: “Bütün azadlıqlar, o cümlədən söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı – bütün bunların hamısı ölkədə var”.
Və: “Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir”.
Amma Azərbaycan barədə məlumatların dərinliklərinə varanda, kədərli mənzərə ilə qarşılaşırsan. Berlində fəaliyyət göstərən Avropa Stabillik Təşəbbüsü bu yaxınlarda Azərbaycan haqqında beş səhifəlik hesabat hazırlayıb. Hesabatda göstərilib ki, Azərbaycan bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayandan sonra ölkədə vətəndaş cəmiyyətinə qarşı heç vaxt olmadığı qədər genişmiqyaslı və qəddar repressiyalar həyata keçirilir”.
Jurnalist Pərviz Həşimli mayın 15-də 8 il azadlıqdan məhrum edildi. Jurnalist Ilqar Nəsibov avqustun 21-də naməlum şəxslər tərəfindən xüsusi amansızlıqla döyüldü. Bu, Azərbaycanda bloggerlərin, jurnalistlərin, tanınmış fəalların başına gələnlərlə bağlı faktlardan cəmisi ikisidir.
Mehman Əliyev “Turan” informasiya agentliyinin rəhbəridir. O deyir ki, Azərbaycan cəmiyyəti artıq sərt şəkildə repressiyaya məruz qoyulub: “Bir-iki müstəqil mətbuat orqanı qalıb ki, onların da vəziyyəti çox ağırdır. Hökumət informasiya məkanını o qədər daraldıb ki, tənqidçi medianın sayı cəmi bir-ikidir”.
Mehman Əliyev deyir ki, o, ölkədə yeganə müstəqil informasiya agentliyi olan “Turan”ı bağlamaq məcburiyyətində qala bilər.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev də bənzər hadisələri danışır.
“Hökumət hesab edir ki, mətbuat rəsmi təbliğatın tezislərinə uyğun fəaliyyət göstərməlidir. Azərbaycan hakimiyyəti düşünür ki, mətbuat onları tənqid etməməlidir”, – deyə Rahim Hacıyev bildirib.
Hazırda özü də həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun iştirakı ilə hazırlanan və iyun ayında açıqlanan siyasi məhbus siyahısında 98 nəfərin adı var.
“Xarici qüvvələr” ittihamı
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev avqustun 29-da məmurlar və hökumətyönlü media orqanlarının rəhbərlərilə görüş keçirərək, ölkədəki müstəqil KIV-lərə, həmçinin Azərbaycan haqqında tənqidi məqalələr hazırlayan xarici mətbuat orqanlarına hücum edib.
O bildirib ki, Azərbaycandakı qeyri-hökumət mediasının – o cümlədən “Azadlıq” radiosu, “Amerikanın səsi”, BBC-nin “əsas məqsədi” Azərbaycan dövlətini nüfuzdan salmaqdır.
O həmçinin qeyd edib ki, “xarici qüvvələr” Azərbaycandakı “tolerant və demokratik mühitdən sui-istifadə edərək”, bəzi QHT-lər və media orqanları vasitəsilə siyasi məhbuslar haqda absurd siyahılar, insan haqlarının pozulması, vətəndaş cəmiyyətinə, mətbuata, jurnalistlərə hücumlar barədə uydurmalar yayırlar, Azərbaycanda korrupsiya problemini şişirdirlər.
Sentyabrın 5-də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ-ın qeyri-hökumət təşkilatı olan IREX-in Bakı ofisinə hücum edib. Bu təşkilat bütün dünyada demokratik dəyərləri dəstəkləməklə məşğul olur. Azərbaycandakı bir sıra yerli və beynəlxalq təşkilatlar kimi, IREX-in bank hesabı dondurulub. “Transparency International”, ABŞ-ın Milli Demokratiya Institutunun da fəaliyyəti dayandırılıb.
Sentyabrın 6-da “The New York Times” Azərbaycan hökumətinin ölkənin neft gəlirlərini Vaşinqtonda dəstək qazanmaq, Birləşmiş Ştatlarda özü barədə müsbət rəy yaratmaq üçün necə xərclədiyi barədə araşdırma dərc edib. Neft pulları hesabına belə rəy yaratmağa çalışır ki, Azərbaycan təhlükəsizlik məsələlərində ABŞ üçün vacib tərəfdaşdır.
Azərbaycanda repressiyalar Qərblə Rusiya arasında vəziyyətin gərgin olduğu vaxtda baş verir. Azərbaycan orta mövqe siyasəti yürüdür.
Politoloq Azər Qasımlı deyir ki, bu yaxınlarda dünyada, xüsusən post-sovet məkanında baş verənlər Azərbaycan hökumətini qorxuya salıb: “Azərbaycanın taleyi müəyyən mənada, Ukrayna məsələsinin necə həll olunacağından asılıdır”.
“Azərbaycan hökuməti əmindir ki, nə qədər, Qərbin başı Ukrayna, eləcə də Yaxın və Orta Şərqdəki hadisələrə qarışıb, daxili repressiyaları başa çatdırmaq və xarici təşkilatları ölkədən çıxarmaq üçün yaxşı fürsətdir” – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bu fikirdədir.
Kozlariçin fikrincə, Rusiya Azərbaycanı Qərbdən uzaqlaşdırmaq üçün onu təzyiq altında saxlaya bilər.
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun aparıcısı Xədicə Ismayıl hesab edir ki, Ilham Əliyevin Rusiya ilə yaxınlaşmasının, Azərbaycanın Avrasiya Ittifaqına daxil olmasına qarşı çıxan insanlar xüsusən hədəfə alınır.
Proseslər göstərir ki, Azərbaycanda repressiyalar daha da sürətlənir. Məsələn, sentyabrın 2-də deputat, eyni zamanda Elmlər Akademiyasının Tarix Institutunun rəhbəri olan Yaqub Mahmudov ölkədə ölüm cəzasının bərpası və “satqınlara” tətbiq olunması təklifilə çıxış edib.
“Biz ən ağır cəzanı tətbiq etməliyik. Satqınlar niyə bağışlansın?”, – deyə deputat bildirib.
Bununla belə, Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle sentyabrın 9-da Bakıda səfərdə olub və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün 3 milyon avro ayrılacağını deyib. Lakin ölkədəki fəallar ehtiyatlanır ki, ölkədə bu jesti qəbul etməyə kimsə olmayacaq. Çünki vətəndaş cəmiyyətinin fəalları həbsxanaya doldurulub.