Seymur Həzinin atası oğlunun niyə həbs olunduğunu dedi
Həbsdən apelyasiya şikayəti verildi
“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsindən apelyasiya şikayəti verilib. Seymur Həzinin vəkili Elton Quliyev bildirib ki, yaxın günlərdə şikayətə baxılacaq. Vəkil həmçinin deyib ki, Bakı Istintaq Təcridxanasında Seymur Həzi ilə görüşməyi planlaşdırır.
Seymur Həzinin atası Məşgul Həziyev isə “Azadlıq”a bildirib ki, oğlu hələ karantində saxlanılır: “Buna baxmayaraq sentybarın 3-də yanına getməyi planlaşdırıram. Müstəntiqlə də danışacağıq, əgər razılıq verərsə, Seymurla görüşəcəm”.
Məşgul Həziyev əlavə edib ki, Seymur Həziyə qarşı irəli sürülən ittihamlar qondarmadır: “Evdən çıxırdım, 10 yaşlı qonşu uşaq soruşdu ki, Seymur əmini niyə tutublar? Dedim ki, bir nəfər gəlib ona sataşıb, dalaşıblar ona görə. Uşaq dedi ki, bəs necə olub ki, polislər də orda hazır vəziyyətdə olub? Seymur əmini qəsdən tutublar. Yəni, Seymurun təxribat nəticəsində, qondarma ittihamlarla tutulduğunu 10 yaşlı uşaq da başa düşür. Biz hamımız da bilirik ki, Seymur yazdığı yazılara görə, ”Azərbaycan saatı”nda etdiyi çıxışlara görə həbs olunub. Biz onun həbsini gözləyirdik”.
Seymur Həzinin atası bildirib ki, sona qədər oğlunu müdafiə edəcək: “Seymur haqq uğrunda mübarizə aparır. Mən də onu müdafiə edəcəm. Canımla-qanımla onun yanında olacam. Seymurun heç bir təqsiri yoxdur. O Azərbaycanda azad və ədalətli cəmiyyət qurulması uğrunda mübarizə aparıb və sona qədər də aparacaq. O, pis iş görmür ki, bu işindən çəkinsin”.
Bu arada Azərbaycan Liberal Partiyası (ALP) və Ümid Partiyası Seymur Həzinin həbsini pisləyən bəyanat yayıb.
ALP-nin bəyanatında deyilir: “Azərbaycan iqtidarı növbəti repressiv addım atmışdır. Jurnalist, ”Azərbaycan saatı” verilişinin aparıcısı, siyasi analitik Seymur Həzi hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən şərlənərək, saxta “xuliqanlıq” ittihamı ilə həbs edilmişdir.
ALP hesab edir ki, Seymur Həzinin həbsi hakimiyyətdən gələn sifariş əsasında baş vermiş, siyasi motivlidir, birbaşa onun jurnalist fəaliyyətilə bağlıdır və o siyasi məhbusdur.
Azərbayan rəsmilərinin əməllərindən görünür ki, onlar artıq Konstitusiyanı, qanunu, Azərbaycanın beynəlxaq öhdəlklərərini və nüfuzunu əhəmiyyətsiz bir şey sayır.
ALP Seymur Həzinin həbsindən son dərəcə narahatdır, Azərbaycan hakimiyyətini qanuna hörmətə çağırır, Seymur Həzini və bütün siyasi məhbusları qeyd-şərtsiz və dərhal azad etməyə çağırır”.
Ümid Partiyasının bəyanatında da Seymur Həzinin siyasi sifarişlə həbs olunduğu bildirilir: “Azərbaycan hakimiyyəti ictimai-siyasi fəallara qarşı repressiyaları davam etdirir. Avqustun 29-da yaşadığı Ceyranbatan qəsəbəsində təxribatla üzləşən və daha sonra guya tanımadığı adamı döyməkdə şübhəli bilinərək saxlanılan ”Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi avqustun 30-da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Seymur Həzi siyasi və jurnalist fəaliyyətinə görə dəfələrlə müxtəlif psixoloji, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Baş verənlərlə bağlı hüquq – mühafizə orqanlarına şikayət etsə də onun şikayəti tədqiqat aparılmadan kənara qoyulub. Təsadüfi görünən bir hadisə nəticəsində onun dərhal həbs edilməsi və barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi hadisənin öncədən planlaşdırılmasına şübhə yaradır.
Ümid Partiyası Seymur Həzinin həbsini ictimai-siyasi aktivlərə qarşı repressiyaların davamı olduğunu bəyan edir və onun həbsini qəti şəkildə pisləyir, hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, siyasi sifarişli təqib və həbsləri dərhal dayandırmağa, məhkəmələrdəki siyasi mühakimələrə son qoymağa, Seymur Həzi və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırır”.
Seymur Həzi avqustun 29-da Abşeron polisi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Əslində isə Seymur Həzi təxribata məruz qalıb və şərlənərək həbs olunub. Jurnalist işə gələrkən tanımadığı bir şəxs ona yaxınlaşıb və “facebook”-da yazdığı mesaja niyə cavab vermədiyini soruşub. Seymur Həzi cavab vermək istəyərkən həmin şəxs ona zərbələr endirməyə başlayıb. Seymur Həzi də özünü müdafiə etmək istəyib. Daha sonra həmin ərazidə pusqu quran polislər tərəfindən saxlanılıb.
Avqustun 30-da Abşeron Rayon Məhkəməsi Seymur Həzi barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bir gün sonra Seymur Həzi Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanasına köçürülüb.