«Azərbaycan və Şimali Koreyadakı diktatorların devrilməsi üçün Rusiya Qərbə lazım olsa da…»
Rusiya son bir neçə gündə Ukraynaya açıq-aşkar müdaxilə etdi. Ukraynadakı hadisələrin birbaşa Rusiyanın əlilə törədildiyi artıq dünya liderləri səviyyəsində səsləndirilir. “Forbes” jurnalı yaranmış vəziyyəti bu kontekstdə təhlil edib.
Jurnal Qərbi Rusiya-Ukrayna konfliktinə lazımınca diqqət yetirməməkdə günahlandırıb. Müəllif hesab edir ki, Qərb əsassız olaraq problemə adekvat yanaşmır. Çıxış yolu kimi, Putin rejiminə qarşı çox sərt sanksiyaların tətbiqi təklif olunur. Qeyd olunur ki, bir sıra məsələlərdə, o cümlədən Azərbaycandakı kimi diktatura rejimlərinin devrilməsi üçün Rusiyanın Qərbə lazım olmasına baxmayaraq, Putinə “dur” deməyin vaxtı çatıb.
“Rusiya ilə müharibədə olduğumuzu etiraf etməyin vaxtı çatıb” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Rusiya qoşunlarının Ukraynaya yerləşdirilməsi, rusiyalı qırıcıların Avropanın hava məkanında – Finlandiya, Danimarka, Niderland və Böyük Britaniya üzərində görünməsi bir çoxlarının təkzib etməyə çalışdığı faktın sübutudur – Rusiya ilə müharibə gedir.
Bir sıra avropalı siyasətçilər, o cümlədən Almaniya kansleri Angela Merkel gərginliyi aradan qaldırmağa, Rusiya prezidenti Vladimir Putin simasını itirmədən onun üçün çıxış yolu tapmağa çalışsalar da, belə görünür ki, artıq gecdir.
Mən müharibəyə nifrət edirəm, lakin Rusiya təxribatlarını davam etdirdiyi halda, Avropa yerində sakit otura bilməz. Məqsədyönlü şəkildə əks addımlar atmağın vaxtı çatıb. Əlbəttə, NATO Rusiyaya müdaxiləyə başlaya və ya Ukraynanı qoşunla təmin edə bilməz. Amma hadisələrin gedişi Rusiyanın addımlarına cavab tədbirləri haqda düşünməyi tələb edir.
Bütün bunların 60 il davam edən sülhün pozulması – total müharibə, o cümlədən insanların kütləvi ölümü, əmlakın məhvi, iqtisadi təlatüm, ticarətin tənəzzülü ilə nəticələnməsi dəhşətli olardı.
Rusiyaya qarşı sanksiyalar daha da kəskinləşdirilməlidir. Və bu sanksiyalar təkcə ticarət sahəsini deyil, bütün sferaları əhatə etməlidir. Nə “Aeroflot”un təyyarələri, nə qaz, ümumiyyətlə, heç bir şey…
Qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırmalı və əməkdaşlarını evlərinə göndərməlidir. Rusiyanın Qərbdəki aktivləri dondurulmalı və sonda müsadirə edilməlidir. Bu, ağır olacaq, amma çox çəkməyəcək.
NATO-nun təyyarələri Rusiyanın hava məkanını poza, qoşunları və tankları bu ölkənin sərhədlərinə müvəqqəti müdaxilə edə, kazarmaların ətrafını minalaya, oliqarx-məmurları oğurlaya və ya Putinin bağını yandıra bilər.
Rusiya reaksiya verəcək və konflikt daha da kəskinləşəcək.
Böyük Britaniyanın baş naziri Nevill Çemberlenin Adolf Hitleri sülh danışıqlarına çağırdığı vaxtla indi baş verənlər arasında paralellər tapmaq çox asandır. Vəziyyət demək olar ki, eynidir. Qərb həddən artıq sülhə meyllidir və baş verən əks hadisələri hələlik görmək istəmir.
Rusiya iqtisadiyyatı və bazarı Avropanın hər hansı başqa ölkəsindən daha böyükdür. Rusiya bazarı, hətta Almaniyanınkından da böyükdür. Lakin bütövlükdə Avropadan çox kiçikdir. Rusiya uzun müddət özü-özünü idarə edə bilməz, hətta Çin, Şimali Koreya, keçmiş sovet ölkələrilə müqavilələr bağlamaq da ona kömək etməyəcək. Tezliklə istehlak mallarına tələbat yaranacaq və bu səbəbdən əhali ölkə rəhbərliyinə qarşı çıxacaq.
Əlbəttə, bazar kimi, enerji mənbəyi kimi, Suriyada, Israildə konfliktləri, Iraqda, Afrikada islamçıların hərbi əməliyyatlarını dayandırmaq üçün stabil siyasi tərəfdaş kimi, həmçinin Şimali Koreyada və ya Azərbaycanda diktatorları təcrid etmək, hakimiyyətdən kənarlaşdırmaq üçün Qərbin Rusiyaya ehtiyacı var. Bəli, amma Putin nə qədər uzağa gedə biləcəyini yoxlayır və ona “Dayan!” deməyin vaxtı çatıb.
Mən pasifistəm, konfliktlər zamanı insanların ölməsinə nifrət edirəm. Pasifistin mənası sülh axtarmaqdır. Məsələ burasındadır ki, artıq sülh yoxdur, onu xilas etmək lazımdır.
Siyasət şöbəsi