“Әbülfəz bəy Azərbaycan tarixində iki böyük şəxsiyyətdən biridir ki…”
Avqustun 22-də mərhum eks-prezident, Milli Azadlıq Hərəkatının lideri və Xalq Cəbhəsinin ilk sədri Əbülfəz Elçibəyin vəfatının 14 ili tamam olub. Bu münasibətlə Milli Şura üzvləri fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət edib.
Mərasimdə ilk olaraq Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək Elçibəyin Azərbaycan tarixindəki rolundan danışıb: “Bugün Azərbaycanın tarixində və taleyində böyük rol oynamış, Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olmuş bir liderin vəfat etdiyi gündür. Əbülfəz Elçibəy həyatını, ömrünü bu millətin azadlığına, müstəqilliyinə sərf etmiş bir liderdir. O öz dostları ilə birlikdə milli oyanışda, milli şüurun inkişafında, milli kimlik ideyasının yaranmasında əlindən gələni etmişdir. Eyni zamanda 90-cı illərin əvvəllərindən Azərbaycanda siyasi səhnənin önünüdə olan adamların böyük bir hissəsi ya bilavasitə Əbülfəz bəyin yetirmələri olmuşdur, ya da onun ideyalarından təsirlənmiş şəxslərdir. 20-ci əsr tariximizdə bəyin öz unudulmaz yeri var. Nə qədər ki, Azərbaycan var, Əbülfəz bəyin adı yaşıyacaq. AXCP-nin yaranmasında, formalaşmasında, ictimai-siyasi hərəkatın önünə çıxmasında Əbülfəz bəyin öz müstəsna rolu olmuşdur.Allah ona rəhmət eləsin, ruhu şad olsun”.
Daha sonra Milli Şura Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli çıxış edərək, Elçibəyin azadlıq uğrunda mübarizəsindən və byu yolun qətiyyətlə davam etdirildiyindən söhbət açıb: “Artıq 14 ildir ki, bu böyük şəxsiyyət bizləri tərk edib və biz bugünü həmişə hüznlə qeyd edirik. Mənim bildiyim qədər Azərbaycan tarixində Əbülfəz Elçibəy 2 böyük şəxsiyyətdən biridir ki, onların doğum günü heç bir inzibati müdaxilə olmadan minlərlə insan üçün sevinc günüdür, onların rəhmətə getdiyi gün isə minlərlə insan üçün hüzn günüdür. Əbülfəz Elçibəy sağlığında hər cür təzyiqlərə məruz qalıb. O həm mənəvi, həm də fiziki terrorla üzləşib. Azərbaycanın dövlət müstəqilliyyinin elan olunmasından bir neçə gün öncə çox ağır fiziki xəsarətlər də alıb. Amma onun ruhunu sındıra bilməyiblər. Azərbaycan xalqı isə öz qədirbilənliyini nümayiş etdirib və ona qarşı aparılan kampaniyalara baxmayaraq, Əbülfəz bəyə sevgisini azaltmayıb, əksinə, arıtırıb. Bu, eyni zamanda bütövlükdə Əbülfəz bəyin yolunu gedən insanlara böyük örnəkdir. Hamı Azərbaycan xalqının qədirbilənliyinə əmin olmalıdır. Bu gün Əbülfəz Elçibəyin ölümünün 14-cü ildönümündə yenə də onun yolunun yolçuları sınağa çəkilir, Azərbaycanın qeyrətli insanları həbs olunur, onlara qarşı fiziki hücumlar təşkil olnunur. Əbülfəz Elçibəyin nümunəsi onun ardıcıllarına yenə də güc verir. Biz artıq bütün repressiyalara, məhrumiyyətlərə sinə gərməyin nümunəsini görmüşük. Uğurla bu çətinliklərə qalib gəlməyin bir dəfə iştirakçısı olmuşuq. Əminəm ki, Əbülfəz Elçibəyin ardıcılları növbəti sınaqlardan da üzüağ çıxacaq. İnanıram ki, Əbülfəz Elçibəyin yolunu getdiyini iddia edib, bu yolun məsuliyyətini dərk edən adamlar sona qədər bu yolu davam edəcəklər. Bu yolun sonuna qədər davam edənlər isə, mütləq bu ölkəyə demokratiyanı, azadlığı,ədaləti gətirəcəklər. Allah bizim öndərimizə rəhmət eləsin, ruhu şad olsun. Allah bizə o gücü versin ki, onun yarımçıq qalmış missiyasını başa çatdıraq. Bugünə qədər təsəllimiz ondan ibarətdir ki, hələki qələbə qazanmasaq da, mübarizəmizi alnı açıq, heç bir güzəştə getmədən, prinsiplərə arxa çevirmədən aparırıq. Allahın köməkliyi ilə bir gün arzu etdiyimiz azadlğa və ədalətə qovuşacağıq. Allah bir daha rəhmət eləsin”.
Sonra Elçibəyin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Akif