«Əsassız yerə həbs olunanlar dərhal azad edilməlidir»
«Azərbaycan üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmadıqca, münasibətlərimiz özünün tam potensialına çata bilməz»
Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyəti və son həbslərlə bağlı bəyanat verib. Bəyanatda Azərbaycandakı son vəziyyətdən narahatlıq ifadə olunur.
“Biz xüsusi həyəcanla tanınmış hüquq müdafiəçiləri Intiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı edilənləri vurğulayırıq. Hakimiyyət vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını sistematik şəkildə daraldır.
Biz Azərbaycan hakimiyyətini həbs olunanların hamısına normal münasibət göstərməyə çağırırıq. Biz Leyla Yunusun səhhətində ciddi problemlərin olmasına baxmayaraq, hələ də həbsdə saxlanılmasından narahatıq. Azərbaycan hakimiyyətini tibbi köməyə ehtiyacı olanları bununla təmin etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.
Avropa Birliyi eyni zamanda, Azərbaycan qanunvericiliyində QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklərə də münasibət bildirib: “Bu addımlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla, siyasi maraqlarının zəifləməsinə gətirib çıxarır. Avropa Birliyi dəfələrlə baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə öz narahatlığını çatdırıb. Eyni zamanda, bu narahatlıq Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun iyunun 14-ü Bakıya səfəri zamanı Azərbaycan iqtidarına çatdırılıb. Avropa Birliyi bir daha bəyan edir ki, Azərbaycanla əlaqələrə mühüm önəm verir. Amma Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmadıqca, bu münasibətlər özünün tam potensialına çata bilməz”.
Bəyanata Avropa Birliyinə üzv olmayan Avropa ölkələrindən Norveç, Islandiya, Makedoniya, Çernoqoriya və Albaniya da qoşulub.
***
Bundan başqa, BMT-nin Insan Haqları üzrə ekspertləri də Azərbaycanda tanınmış hüquq müdafiəçilərinin təqib olunmasını pisləyərək, hökuməti repressiyaları dayandırmağa çağırıb.
“Biz təqib, həbs, saxta ittihamlar əsasında çıxarılan hökmlərdən, fəalların ölkədən çıxışına qadağa qoyulmasından sarsılmışıq. Hüquq müdafiəçilərinin təqib edilməsinin dayandırılmasını tələb edirik. Əsassız yerə həbs olunanlar dərhal azad edilməlidir”, – deyə bəyanatda bildirilir.
BMT ekspertləri Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun, konfliktoloq Arif Yunusun, hüquq müdafiəçisi Rəsul Cəfərovun, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyevin həbsinə xüsusi diqqət yetirib.
“Bir ildən də az müddətdə ölkədə artıq üçüncü dəfədir ki, situasiyanın pisləşməsi ciddi narahatlıq doğurur. Biz fəallara qarşı repressiyaların artmasından narahatıq”, – deyə vurğulayan BMT ekspertləri insan haqları ilə bağlı götürdüyü öhdəlikləri də hakimiyyətin yadına salıb: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü bu ölkədə hakimiyyətin azadlıqların boğulmasına yölənik addımları ilə uzlaşmır”.
Siyasət şöbəsi