Avropa ilə oynayan diktatorun «Avropa oyunları» ssenarisi…
Oyuncaq seçkilərlə prezident olandan sonra Ilham Əliyev ölkədə oyunların sayını artırmağa daxili qərar verib. Amma onun oyuna marağı bundan qabaq olub. Ilham Əliyevin həvəskar və ya peşəkar oyunçu olduğunu onunla bir oyun qaydalarını bölüşənlər bilir. Biz isə bu oyun qaydalarını bölüşmədiyimiz üçün həmişə əlahəzrətlə mübarizə şəraitində olmuşuq.
Seçkini oyuncaq edəndən sonra o, müharibəni də oyuna çevirdi. Kim gəldi, Azərbaycan əsgərinin həyatı ilə oynaya bilir. Əgər bu, Putin hakimiyyətini mötədil göstərmək üçün lazımdırsa, ya da Hillari Klintonun səfərində gündəmi dəyişmək üçün işə yarayacaqsa, bir “oyun”la beş-on, hətta onlarla gənci qurban vermək mümkündür. Müharibəsi oyun olan toplumun qələbəsi də elə oyuncaq olar. Ona görə də 20 ildən artıqdır ki, heç bir ciddi nailiyyətimiz yoxdur.
Ilham Əliyev yaxşı bilir ki, məşhur hind filmi “Oyna-oyna”da olduğu kimi, onun oyunlarının da yalnız bir tərəfi var – qəddarlıq və məğlubiyyət. Toplum isə açıqdan-açığa özünün ciddi savaşlarda hələ ki, qalib gələcəyinə inamı olmadığından və özünü bu oyunlarda görmədiyindən, az bir faiz sərt mübarizəyə, böyük çoxluq isə sadəcə, kənarda durmağa üstünlük verir. Meydan isə beləcə oynamaq və oynadılmaq istəyənlərin ümidində qalır.
Növbəti il həm də Azərbaycanda Avropa Oyunları olacaq. Bu məzhəkənin britaniyalı rəhbəri deyib ki, Azərbaycan çox azad ölkədir. Olsun, o gün qəsəbənin ortasında maraqlı bir dialoq olmuşdu, bu fikri oxuyanda onu xatırlamaya bilmədim. Sizə mütləq çatdıracam, amma əvvəlcə onu deyim ki, bizim üçün bu oyun məsələsi çox mühümdür, çünki taleyimiz həqiqətən də oynaya bilməyənlərin oyunundan asılıdır.
Avropanın oyunu
Qəsəbənin aralığında ədəbiyyat müəllimi Əli müəllimlə salamlaşdıq. Dedim, xəbərin var, yenə sizin təqaüdləri bir neçə ay gecikdirəcəklər, “Eurovision”da olduğu kimi?
Həyəcanla soruşdu ki, nə vaxt?
Dedim, vaxtını bilmirəm. Amma qarşıdan Avropa Oyunları gəlir.
Kişi bir az dayanıb, beləcə də dedi: “Avropa yorulmur oynamaqdan? Bunu prezident elədilər, ayıb olmadı? Sənin imkanın var, onlara de ki, bir ay pensiyanı verməsələr, nəvələr üsyan edir, axı onlar da oynamalıdılar…”
“Deyərəm” deyib ayrıldım.
Bəli, o boyda Avropa oynayacaq deyə, bizim körpələr oynaya bilməyəcək. Bəşir Süleymanlının oğlu ad günündə atası ilə oynaya bilməyəcək. Ilqar Məmmədov qızı ilə oynaya bilməyəcək. Və daha neçə belə məsum, dünyaya ziyanı dəyməyən oyun pozulacaq. Çünki Avropa oynamaqda israrlıdır.
Ilham Əliyev isə bütün həqiqətləri bu oyunların arxasında gizlətməkdən ötrü dəridən-qabıqdan çıxır. Bizim istedadlı xalqımız belə şeyləri tez görür və duyur. Onu əvvəlcədən ifşa edir. Məsələn, biri “facebook”da maraqlı bir şey yazmışdı, bu qısamüddətli, qana susayan müharibə oyunu ərəfəsində. Yazmışdı ki, Ziya Məmmədovun oğlu Anar qolf topu ilə bir erməni bazasını dağıdıb.
Belə şeylərin necə gülünc olduğunu Ilham Əliyev Milli Olimpiya Komitəsinin sədri olanda Zamin Hacı yazmışdı. “Müharibə tennis topu ilə olmur, çünki müharibə oyun deyil, ciddi işdir”, – deyə Zamin Hacı müharibə bəyanatı verən oğul Əliyevə xitabən yazmışdı.
Fəqət, Əliyev sübut elədi ki, müharibə oyundur oyun olmağına, amma bir az geniş ərazi tələb edir.
Qurbanlar qanlı, qansız…
Heç kimə sirr deyil ki, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev həm də “Avropa Oyunları”nın qurbanlarıdır. Ilham Əliyev “Eurovision” yarışmasından bilir ki, ölkənin vətəndaş cəmiyyəti onun qazanmaq istədiyi oyunun əsl mahiyyətini dünyaya çatdırmaq gücündədir. Ona görə də ilk addım kimi, onları sıradan çıxarmağı hədəflədi.
Əməliyyat plan üzrə gedir amma planın sonunda onun qalib olacağına ehtimal varmı? Hələ oyun başlamayıb, amma ov qızğın anlarını yaşayır. Bütün dünya Ilham Əliyevin bir oyun üçün insanların səsini necə boğduğunu yazır. Otuz yaşını həbsxanada keçirən Rəsul Cəfərova təbrik aksiyaları keçirlilir. Şəkidən Amsterdama qədər insanlar bu oyunu ifşa etməklə məşğuldular.
Görünür, Ilham Əliyev sadəcə, riyaziyyatı bilmir. Bilsəydi, ikinin üstünə iki gələndə necə beş elədiyini də bilərdi. O yalnız hesabı bilir. Hesab isə ali əməliyyatlar üçün kifayət etmir. Dünyada bütün oyunların imkanları otuz altı daşın kombinasiyalar çoxluğundan ibarət deyil. Bir adamı həbs etmək onun üç dostunu hərəkətə gətirməkdir. Elə adam var ki, hətta onun onlarla, yüzlərlə dostunu, həmkarını hərəkətə gətirməkdir.
Ona görə də, bu həbslər də bir oyundur, amma qaydalarını sizin müəyyənləşdirmədiyiniz oyunlardır. Siz nəhayət ki, ölkədə yaratdığınız “sabitliyə” dözə bilmədiniz və bu buzlağı əritdiniz. Mahiyyətinizə uyğun olaraq, hamını qazamata salmağa girişdiniz. Hələ bəlkə də davam edəcəksiniz. Bu çox yaxşıdır. Çünki o sabitlik buzlağının altında qalan problemlər canlanmalı və siz nələr yaratdığınıza şahidlik etməli, buna görə cavab verməlisiniz. Çox az qalıb ki, şahın mat olmasına da şahidlik edəsiniz.
Oyunun sonuncusu
Oynamaq təkcə nəyisə udmaq və uduzmağa demirlər. Toyda rəqs etməyə də deyirlər. “Utanmasan, toyda oynamağa nə var ki?” də deyirlər. Bəli, başa oyun açmaq da var, başına oyun gəlmək də. Biz isə bütün bunların hamısını təcrübədən keçirib ədəbiyyatını da yaratmışıq. Qalıb, hansısa oyunu tarixə çevirmək. Bax belə, “səkkiz min pul vermişik, oynamaqlarına bax”.
Ilham Əliyevlik heç nə yoxdur, əgər o boyda Avropa dəyərini, bu boyda xalq gələcəyini pula satmağa razı olacaqsa…
Bu həm də Əliyevin sonuncu oyunu olacaq, əsl adı isə “Avropa Oyunları” yox, “Avropa ilə oyunlar” olmaqla…
Seymur Həzi