“Hakimiyyətin qorxu yaratmasına, cib müxalifətinin, cib QHT-lərinin meydan sulamasına imkan verməməliyik”
Avqustun 1-də Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı ölkənin siyasi və ictimai elitası müzakirə keçirib. SDİ-nin ofisində keçirilən müzakirədə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, başqa ictimai-siyasi xadimlər, həmçinin, diplomatik korpus təmsilçiləri iştirak edib. Tədbirdə Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
Leyla Yunusun həyat yoldaşı Arif Yunus tədbir iştirakçılarına göstərdikləri diqqətə və onlara verdikləri dəstəyə görə minnətdarlıq edib.
Tədbirdə Leyla Yunusun həbsi ilə yanaşı, “Azadlıq” qəzetinin çapının dayandırılmasına da toxunulub və bütün bunlar Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini susdurmaq, azad medianı boğmaq istəyi kimi qiymətləndirilib.
Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun siyasi sifarişlə həbs olunduğunu bildirib:
“Leyla Yunusun həbsi sırf siyasi xarakter daşıyır. Bu həbsnə MTH-likdir, nə prokurorluğun işidir, birbaşa İlham Əliyevin sanksiyası əsasında həyata keçirilib. Adlarını çəkdiyim qurumlar isə sadəcə, icraçılardır. Bu həbsə İlham Əliyev şəxsən sərəncam verib. İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında sualları cavablandırarkən Leyla Yunus barəsində onun təqsirsizlik prezumpsiyası hüququnu pozan ifadələr işlətmişdi. Anar Məmmədlinin həbsilə ölkədə seçkilərin şəffaf, obyektiv monitorinqilə məşğul olan adamlar sıradan çıxarıldı. Bu gün Azərbaycanda heç kim təminat verə bilməz ki, seçki monitorinqi işini Anar Məmmədli qədər peşəkarcasına görə biləcək. Baxmayaraq ki, Azərbaycanda hüquq-müdafiə təşkilatı adı altında fəaliyyət göstərən xeyli qurumlar var, amma ölkə üçün ən etibarlı, ən inanılmış, ən obyektiv hüquq müdafiəçisi Leyla Yunusdur. O, hələ ötən əsrin 90-cı illərindən başlayaraq, Əliyevlər hakimiyyətə gələndən sonra siyasi sifarişlə həbs olunan çoxlu sayda insanın azadlığa çıxmasında əməyi olan bir xanımdır. Azərbaycanda siyasi məhbusların, vicdan məhbuslarının böyük bir hissəsi məhz onun müdafiəsilə, əzmkarlığı, iradəsilə azadlığa qovuşub”.
AXCP sədri Əli Kərimli də artıq vəziyyətin getdikcə gərginləşdiyini deyib. O bildirib ki, hazırda baş verənlər demokratik qüvvələrə qarşı repressiyanın növbəti dalğasıdır:
“Bu gün bura toplaşmağımız heç də bu məkanın Leyla xanımın iş yeri olmasına görə deyil. Azərbaycanda azad fikirli insanların toplaşması üçün məkan qalmayıb. Məlumunuz olsun ki, RATİ-nin 30-40 nəfərlik zalı da bu gün tədbirlər keçirmək imkanında deyil. Artıq o zal da demokratik düşərgədən alınıb. Leyla xanımın həbsi irticanın, repressiyaların yeni dalğasının kulminasiya nöqtəsidir. Amma bu məsələyə kompleks baxmaq lazımdır. Son günlərdə 20-yə qədər QHT-nin bank hesabları bağlanıb, onlar prokurorluqda istintaqa cəlb olunublar. Rəsul Cəfərovun Azərbaycandan çıxışına qadağa qoyulub. Bugünlərdə daha iki facebook fəalı Fərəc Kərimov və İlham Muradov həbs olundu. Gəncənin tanınmış ziyalısı Həsən Hüseynov həbs olundu. Leyla Yunusun həbsindən bir gün sonra “Azadlıq” qəzetinin çapını dövlət nəşriyyatı dayandırıb. Bunlara kompleks yanaşmaq lazımdır. Bu, İlham Əliyev hökumətinin demokratik düşərgəyə qarşı növbəti repressiya dalğasıdır. Azərbaycanda başlanması heç vaxt istisna olmayan böyük demokratik hərəkatın qarşısını almaq üçün məqsədyönlü şəkildə həyata keçirilir. Məqsəd də demokratik qüvvələri müdafiə işinə cəlb etmək, cəmiyyətdə qorxu, xof yaratmaqdır. Cəmiyyətin mübarizə əzmini zəiflətmək, mesaj vermək istəyirlər ki, Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətlə hesalaşmır, istədiklərini həbs edə bilir. Leyla xanım Azərbaycanda vətəndaş cəmiyyətinin ən nüfuzlu təmsilçisidir. Onun həbsi sadə məsələ deyil. Biz hazırkı situasiyada neyləməliyik? Azərbaycanda demokratik dəyişikliklərə inamlı olan, buna əqidə işi, həyat tərzi, ideallarının təntənəsi naminə qətiyyətli mübarizə kimi baxan insanların hamısı səfərbər olmalıdır. Hakimiyyətin bu həbslərlə cəmiyyətdə qorxu, özünüsenzura yaratmasına, hökumətin cib müxalifətinin, cib QHT-lərinin meydan sulamasına imkan verməməliyik. Azərbaycanda haqqın mübarizə səngərini qoruyub saxlamalıyıq. Hökumətin xalqa qarşı cinayətlərini açıq şəkildə ifadə eləmək lazımdır. Mübarizə davam eləməlidir. Fərqi yoxdur, həbsxanada və ya nisbi azadlıqda – idealist insanlar bu mübarizəni sonadək davam etdirəcəklərini bəyan eləməlidilər. Hamı başa düşməlidir ki, Azərbaycan cəmiyyətində Özbəkistan, Türkmənistan, Şimali Koreya standartlarını yaratmaq mümkün olmayacaq. Bizim verəcəyimiz birinci mesaj bundan ibarət olmalıdır.
Ölkənin nəhayət, hüquq müdafiəçisi adına iddia edən xeyli təşkilatlar var. Hərçənd, onların heç də hamısı gerçəkdən bu işlə məşğul deyil. Azərbaycan cəmiyyətinin onlara çağırışı var. Heç olmasa, bir araya gəlib, Leyla xanımın təkbaşına gördüyü işi koordinasiya olunmuş şəkildə görün. Azərbaycan cəmiyyəti onlardan siyasi məhbusların vahid siyahısını istəyir. O siyahı Azərbaycan hökumətinin lobbiçilərini pis vəziyyətdə qoymalıdır. Azərbaycan hökuməti məhz Pedro Aqramuntun siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına heç də asan nail olmayıb. Məqsəd bu məsələni çürütmək, Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələnin dünyanın gündəmindən çıxarılmasına nail olmaqdır. Bunun qarşısı necə alınacaq? Əlbəttə ki, Azərbaycanın vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri vahid siyahı ilə o şəxsin də, bütün beynəlxalq təşkilatların da qarşısına çıxmalı, bu məsələdə manipulyasiya imkanları aradan qalxmalıdır. Biz beynəlxalq aləmlə açıq danışmalıyıq. Azərbaycan cəmiyyətinin böyük bir hissəsinin sözünü demək istəyirəm. Vəziyyətin bu həddə gəlib çatmasında beynəlxalq aləmin Əliyev hakimiyyətini himayə etməsinin rolu var. Uzun illər ərzində biz sadə həqiqətləri Avropa paytaxtlarında izah etməyə çətinlik çəkmişik. Uzun illər Avropa Şurası Azərbaycan hakimiyyətinin repressiv siyasətinə maska olub. İlham Əliyev ölkədə siyasi məhbuslara divan tutan zaman Avropa Şurasının mövqeyinə istinad edib. Korrupsiya yolu ilə himayə olunan lobbi şirkətləri Avropa Parlamentində, AŞ PA-da, ABŞ, Almaniya, Böyük Britaniya kimi ölkələrin parlamentlərində meydan sulayıblar, utanmadan Azərbaycanda xalqa qarşı cinayətlər törədən, korrupsioner hakimiyyətə lobbiçilik ediblər. Biz açıq şəkildə o adamları utandırmalıyıq, cəmiyyətin onlarla bağlı mövqeyini çatdırmalıyıq. Əlbəttə, bu repressiyalara görə Azərbaycandakı korrupsioner, kriminal hakimiyyət məsuliyyət daşıyır, amma onları himayə edənlər, lobbiçilik edənlər də baş verənlərə görə utanmalıdır. Həhayət, biz özümüz siyasi partiyalar, vətəndaş cəmiyyəti, gənclər təşkilatları, sosial şəbəkə fəalları, Azərbaycandakı bu vəziyyətlə barışmayan, dəyişiklik etmək istəyən insanların görməli olduğu bir iş də var. Qarşıdan bələdiyyə seçkiləri gəlir, parlament seçkilərinə təxminən bir il qalıb. Demokratik düşərgədə, sosial şəbəkələrdə növbəti mitinqlərin hazırlığının müzakirəsi getməlidir. Azərbaycan cəmiyyəti bu vəziyyətlə barışmadığını nümayiş etdirməlidir. Əvvəlcə özümüzün, xalqımızın demokratik ideallara sədaqətinə inanmalı, güvənməliyik və bundan sonra bütün dünyadan Azərbaycan xalqının yanında olmağı istəməliyik”.
Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib ki, siyasi məhbuslarla bağlı vahid siyahı üzrə işlər tamamlanmaq üzrədir. Sadəcə, son günlərdə həyata keçirilən daha bir neçə siyasi həbs, o cümlədən Leyla Yunusun özünün həbsilə əlaqədar bu iş bir qədər yubandı: “Mən siyasi məhbusların vahid siyahısının hazırlanması işinə müşahidəçi kimi cəlb olunmuşdum. Demək olar ki, bu iş tamamlanıb, sadəcə, müəyyən texniki məsələlər qalıb. Yaxın günlərdə vahid siyahı ictimaiyyətə təqdim olunacaq”.
Leyla Yunusun vəkili Xalid Bağırov hüquq müdafiəçisinə qarşı irəli sürülmüş ittihamların absurd olduğunu vurğulayıb: “Leyla xanıma dələduzluq ittihamı veriblər ki, o, bir bank hesabından o biri hesabına köçürüb. İttihamın mahiyyəti bu qədər bərbaddır. Təpədən dırnağa qədər siyasi sifarişli işdir”.
Həm Leyla Yunus, həm də həyat yoldaşı Arif Yunus hələ həbsdən əvvəl prokurorluqda dindirmə zamanı bəyan ediblər ki, ittihamlar qondarma, gülünc olduğundan, həmçinin onların nə deyəcəklərindən asılı olmayaraq, həbs olunmaları üçün siyasi sifariş verildiyindən ümumiyyətlə, ifadə verməkdən imtina edirlər.
Tədbirdə jurnalist Xədicə İsmayılla Müsavat Partiyasının funksionerləri arasında qalmaqal da baş verib. Xədicə İsmayıl hüquq müdafiəçiləri Novella Cəfəroğlunu, Səadət Bənənyarlını və Səidə Qocamanlını hakimiyyətlə əməkdaşlıqda ittiham edib:
“Onlar qəzet səhifələrində çıxdıqları üçün legitimləşiblər. Onlar beynəlxalq təşkilatlarla ünsiyyətdə olduqları üçün legitimləşirlər. Onlar ciddi tədbirlərə dəvət olunub, siyasi məhbus məsələlərini müzakirə etdikləri üçün legitimləşirlər. Artıq həbsxanadan bir neçə məhbusdan müraciət gəlib bizə. Xahiş edir ki, bu adamların onların adını çəkmələrinə mane olaq. Yəni bizim adlarımızla o alveri etməsinlər. Bu, vicdan məhbuslarından gələn müraciətdi. Artıq bu məsələ müzakirə olunmalı və adlar çəkilməlidir. Bir neçə QHT var ki, xüsusən Avropa Şurasında hökumətin lobbiçiliyini etməklə məşğuldur. Söhbət Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının bu istiqamətdə apardığı işdən gedir. Bu neçə ildir ki, bu məsələ müzakirə mövzusu olub. Bu məsələ odluqca vacibdir. Leyla xanımı ona görə həbs ediblər, Rəsul Cəfərovun başı üzərində ona görə həbs təhlükəsi var ki, Avropa Şurasının siyasi məhbuslarla bağlı məruzəsində bu təşkilatların rəyindən istifadə olunmasın. Bu, məhz bundan ötrüdü. Adını çəkdiyim xanımlar artıq elan ediblər ki, o rəyin hazırlanmasında məhz onlar iştirak edəcəklər”.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı isə buna etiraz olaraq deyib ki, Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır. Xədicə İsmayıl Tural Abbaslının dediklərinə belə cavab verib:
“Bu siyasi məhbus işinin normal qayda da davam etməsindən ötrü vacibdir. Kimin kim olduğunu elan edək, adlar çəkilsin. Məni sizin partiyanızın daxili işləri narahat etmir. Özünüz bilərsiz. Sizin partiyanıza lisenziya vermirəm. Bu konfilikt deyil, vacibdir ki, siyasi məhbus məsələsi davam etsin və Leyla xanım məsələni necə söyləyibsə, o şəkildə davam etsin. Buna kim mane olacaqsa, biz də ona mane olacağıq”.
Tədbirə qatılmayan Novella Cəfəroğlu Xədicə İsmayılın onun haqqında söylədiyi ittihamlara cavab verib. N.Cəfəroğlu APA-ya açıqlamasında X.İsmayılın ünvanına ittihamlar səsləndirib:
“Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”.
Novella Cəfəroğlu əlavə edib ki, Xədicə İsmayılın tədbirdə etdikləri Leyla Yunusun vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey deyil.
Xədicə İsmayıl Novella Cəfəroğlunun dediklərinə cavab verib. O, “Azadlıq”a açıqlamasında bunları deyib:
“O qədər gülməlidir ki, fikir bildirməyə dəyməz. Bəziləri istəyirlər ki, həm hökumətin cibində olsunlar, həm də cəmiyyət onlara hörmət etsin. Belə olmur. Əgər cəmiyyətin sənə hörmət etməsini istəyirsənsə, onun maraqlarını satmamalısan. Bu xanımlara bəlkə də qadınlıqlarına, yaşlarına görə hörmət etmək, məsələn, avtobusda yer vermək olar, amma hüquq müdafiəçisi kimi qətiyyən hörmət etmək olmaz. Çünki bu adamlar hüquq müdafiəçiliyi adı altında cinayətkar rejimi müdafiə edirlər. Bunun özü də cinayətə bərabərdir”.
Xədicə İsmayıl vicdan məhbuslarının məktubunu nə zaman açıqlayacaqları barədə suala isə belə cavab verib:
“Yaxın günlərdə açıqlayacağıq. Sadəcə vicdan məhbusları işin koordinasiya edilmiş şəkildə görülməsini istəyirlər. Buna görə də bəzi texniki məsələlər həll olunan kimi həmin məktubları açıqlayacağıq”.