Mərkəzi Bankın rəhbəri Vyanadakı “rüşvət məhkəməsində” dindirilə bilər
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da adı keçən cinayət işi üzrə növbəti məhkəmə prosesi avqustun 5-də olacaq.
Qeyd edək ki, söhbət söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir.
Yəni Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var. Azadlıqa daxil olan məlumata görə, növbəti prosesdə Elman Rüstəmovun məhkəmədə ifadə verməsi məsələsi yenidən gündəmə gətiriləcək. Xatırladaq ki, bundan əvvəl də Elman Rüstəmovun məhkəmədə ifadə verməsi məsələsi qaldırılıb. Azərbaycan hakimiyyəti bütün cəhdləri ilə bunun qarşısını almağa çalışıb. Daha sonra videokonfrans yaradılıb Elman Rüstəmovun bu vasitəsilə dindirilməsi qərara alınıb. Göründüyü kimi məhkəmə Elman Rüstəmovun dindirilməsində israrlıdır.