“Azərbaycan hökuməti narkotikdən iki məqsədlə bəhrələnir – biznes və siyasi fəallara qarşı istifadə üçün”
Milli Şura iyulun 30-da RATİ-nin konfrans zalında ictimai dinləmə keçirdi. Dinləmə Gürcüstanda saxlanılan 3 ton heroinlə bağlı idi.
Giriş nitqi ilə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli “halal və gözəl respublikamızı narkotiranzit ölkəyə çevriliblər”, – deyə bildirdi. Milli Şura sədri dedi ki, Azərbaycan hökuməti narkotikdən iki cür bəhrələnir. Birincisi, biznes kimi, ikincisi, siyasi fəallara qarşı istifadə üçün. “Narkomaniya ölkəmizi təhdid edən problemə çevrilib”, – deyə o bildirdi.
Milli Şura sədri dedi ki, hazırda 13 siyasi fəal narkotik ittihamı ilə həbs olunub. Cəmil Həsənli əmindir ki, onlardan heç birinin narkotikayla bağlılığı yoxdur: “İnsanların siyasi fəaliyyətinə qarşı mübarizədə narkotik mühüm vasitəyə çevrilib”.
Cəmil Həsənli Hacı Taleh Bağırzadə və başqa dindarlara qarşı saxta narkotik ittihamını da pislədi: “İnanclı insanların narkotiklə şərlənməsi bütövlükdə İslamın narkotikə bulaşdırılmasıdır. Saxta ittihamlarla belə adamları həbsə atmaq hakimiyyətin yalnız hüquq anlayışından deyil, əxlaq anlayışından da uzaq olduğunu göstərir”.
“İnsanların siyasi fəaliyyətinə qarşı mübarizədə narkotik mühüm vasitəyə çevrilib”
“Azərbaycan müstəqilliyinə qovuşandan sonra ən böyük narkotik böhranı baş verib. Gürcüstanda böyük həcmdə Azərbaycandan keçən narkotik saxlanılıb. Bu məlumatlar şaiyə deyil, rəsmi məlumatlardı. Bizim ölkənin rəsmi dairələri təşəbbüs qaldırırdılar ki, işğal olunmuş əraziləri narkotrafik əraziləri kimi beynəlxalq aləmə təqdim etsinlər. Yəni Ermənistanın işğalı altında olan ərazilərin narkotrafik zonası olduğunu dünyaya çatdırsınlar. İndi birdən-birə Azərbaycanın bir başından maşın daxil olur, təxminən 800 kilmetrlik məsafəni qət edir, verilən rəsmi məlumata görə, hətta burada təkrar istehsal hadisəsi də baş verib. Azərbaycanda boya fabrikinin qablarından digər ölkənin ərazisinə gedib. Bu dövləti, milli rüsvayçılıqdı. Hakimiyyət Azərbaycanı elə bir həddə gətirib ki, Latın Amerikasının tanınmış ənənəvi ölkələriylə Azərbaycanın adı bir sırada çəkilir. Mətbuatda yarızarafat, yarı gerçək belə ifadə işlədilir: Görünür, hakimiyyət qeyri-neft sektorunun inkişafını belə analoqu olmayan gəlir gətirən sahədə tapmaq istəyir”, – deyə Cəmil Həsənli qeyd etdi.
Milli Şura sədrinin sözlərinə görə, harada neqativ hadisə baş verir Azərbaycanın adı onun içərisindən çıxır: “Londonda bir müddət əvvəl olimpiada keçirildi. Yalnız bir ölkənin adı rüşvət qalmaqalında hallandı. Bu Azərbaycan idi. Avstriyada Suriya hakimiyyətinin pullarını axtarırlar, eyni zamanda ondan daha çox “şapka tikdirən” Azərbaycan hakimiyyətinin pulları çıxır. Yaxud offşor zonalarda oğurlanmış, ölkələrdən qaçırılmış pullar axtarırlar, ən böyük məbləğ bizim ölkə ilə bağlı çıxır. Bu siyahını uzatmaq olar. Harada neqativ, qanunazidd, oğurluq və başqa məsələlər var, Azərbaycanın adı hallanır”.
Cəmil Həsənli narkotik tranziti ilə bağlı Azərbaycan rəsmilərinin İranı ittiham etməklə keçinmək cəhdindən də danışdı: “Kim danışırsa, İranın yaxasından yapışır. Yaxşı, İran pisdi, bunu öz sərhədindən buraxdı. Gəlib bizim sərhəddən də buraxdırmayıb ki? Ölkənin içərisində sex tikdirib təkrar istehsal etməyib ki? Gürcüstan sərhədindən də İran buraxdırmayıb ki?”.
Əhalisinin 2 milyonu narkomaniyanın nəticələrindən əziyyət çəkir”
Mövzu ilə bağlı məruzə edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, narkotrafik haqqında ilk araşdırma 2006-cı ildə aparılıb. Həmin vaxt jurnalist Mirzə Sakit narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs edilmişdi: “Həmin vaxt Azərbaycan üzrə açıq beynəlxalq statistik məlumatlar hələ yox idi, ancaq Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və digər xüsusi qurumların Əfqanıstanda narkotik istehsalı və narkotikin daşınması marşrutları haqqında açıq məlumatları əsasında 200 tona yaxın bir rəqəm çıxarılmışdı. İl ərzində Azərbaycandan məhz bu ölçüdə narkotik keçir. BMT-nin kriminal və narkotiklər üzrə ofisinin rəsmi məlumatına görə, 2012-ci il ərzində Azərbaycan vasitəsilə Avropaya və Rusiyaya 4 milyard dollar dəyərində 308 ton narkotik daşınıb. Azərbaycandan keçən narkotiklərin 90%-i İran vasitəsilə Əfqanıstandan gəlir. Bu məlumatları vaxtilə Dövlət Gömrük Komitəsinin gömrük pozuntuları və qaçaqmalçılığa qarşı mübarizə İdarəsinin rəhbəri Güloğlan Muradlı təqdim etmişdi.
Beynəlxalq qurumların hesabatları Azərbaycanda narkomanların sayının sürətlə artdığını göstərir. İnyeksiya (iynə vurmaqla – red.) narkomaniyası üzrə ölkə ilk yerlərdən birini tutur – əhalinin 5 faizdən çoxu bu kateqoriyaya aiddir. Bu, təxminən yarım milyon insan deməkdir. Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, 9 milyonluq ölkə əhalisinin 2 milyonu narkomaniyanın nəticələrindən əziyyət çəkir”.
“Ölkə sözün tam mənasında fələkət qarşısındadır”
Dinləmələrdə iştirak edən keçmiş polis zabitləri etiraf etdilər ki, narkotrafik dövlət qurumlarının və məmurların himayəsi altında həyata keçirilir.
İstefada olan polis polkovniki Mahmud Hacıyev bir çox ölkələrdə, o cümlədən Rusiyada olduğu kimi, Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin DİN-in tərkibindən çıxarılmasının və narkotrafikə qarşı mübarizə üzrə müstəqil dövlət müəssisəsinin formalaşdırılmasının tərəfdarı olduğunu bildirdi: “Azərbaycanda narkomafiya çox güclü şəkildə inkişaf edib. Ölkə sözün tam mənasında fələkət qarşısındadır. Narkomaniyaya qarşı mübarizə demək olar ki, getmir. Hərdən KİV-də yazırlar ki, qərb bölgəsi belə getdi, cənub bölgəsi elə gəldi. Azərbaycanın bütün bölgələri pis gündədi. Bunu Şərqə, Qərbə bölmək düzgün deyil”.
“Baş verənlər sübut edir ki, bu dövlət siyasətinin nəticəsidir”
AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, söhbət adi bir cinayətkarlıqdan, qrup şəklində olan cinayətkarlıqdan getmir: “Bu bir dövlət siyasətidir. Bu hökumət başqa necə izah edə bilər ki, bir qrama görə insanlar həbsdədir, mən yalan-böhtanla tutulanları demirəm, üzərlərində 1 qram narkotik tapılan adamlar həbsxanadakıların hazırda 35-40 faizini təşkil edir, 3 milyon qrama görə – 3 tonda 3 milyon qram var – bir kişi ölkədə hələ məsuliyyət daşımayıb. Normal hökumət olsaydı, bu yük bizim ölkəyə keçə bilməzdi, necə ki, Gürcüstanı keçə bilmədi. Ancaq tutaq ki, hansısa dövlət orqanının səhvi olmuşdu, dövlətin, hökumətin reaksiyası necə olmalı idi? Təhlükəsizlik Şurası, yaxud Nazirlər Kabineti toplaşmalı idi. Bu qədər narkotik neçə yerdən keçib – gömrükdən, sərhəddən, Daxili İşlər Nazirliyinin bir diviziyasının, Milli Təhlükəsizlik Nazirliyinin nəzarətindən keçib. Bunların heç biri niyə məsuliyyət daşımır? Əgər bu, doğrudan da siyasi iradənin xaricində baş versəydi, o adamlar ən azından vəzifəsinin öhdəsindən gələ bilmədiklərinə, səhlənkarlığa görə işdən çıxarılmalıydı. Nəinki cinayət, hətta inzibati məsuliyyətə belə, bir nəfər cəlb olunmur. Bizim bu hökumətə narkotrafikin qarşısını almaq üçün təkliflərimizin heç bir perspektivi yoxdur. Onlar indi bu saat nə barədə düşünürlər? “Necə edək ki, Gürcüstandan da keçsin, başımız ağrımasın; Necə edək ki, Rusiyada ilişməsin, izahat vermək məcburiyyətində qalmayaq”. Bunun haqqında düşünürlər. Baş verənlər bir daha sübut edir ki, bu, dövlət siyasətinin nəticəsidir.
Narkotikin dövlət siyasətinin nəticəsinin olması iki ağır nəticəni ortaya qoyur. BMT-nin hesabatına görə, Azərbaycanda təxminən hər 5-6 ailənin bir üzvü narkomandı. Əminəm ki, bu hesabat da dəqiq deyil. Bu iş mümkün qədər gizlədilir. BMT-nin ekspertlərinin də imkanları yoxdur ki, bunu araşdırsın. Hətta ortada olan bu hesabat Azərbaycanda 5 ailədən birinin bədbəxtliyə düçar edildiyini ortaya qoyur. Nəyə görə bu imkanı yaradıblar? Şüurlu şəkildə, daxildə satışa imkan yaradılması üçün bu cür ediblər. Bəli, bu gün 500 min nəfər daxili bazarın istifadəçisi var. Bu, xalqa qarşı cinayətdi”.
AXCP sədri dedi ki, Azərbaycanda bütün ağır cinayətlərin üzərində monopoliya var: “Elşad Abdullayevin videolarından sübut olundu ki, mandat alveri dövlət səviyyəsində həyata keçirilib. Adam oğurluğu, insan alveri, korrupsiya dövlət səviyyəsindədi. İndi məlum olur ki, narkotrafik də Azərbaycanda dövlət səviyyəsində idarə olunur. Azərbaycanda bütün ağır cinayətlərin üzərində monopoliya var. Burada qeyd olundu, narkomaniya ilə bağlı açılan cinayət işlərinin bəziləri qurulmuş işlərdi, statistikaya hesablanıb. Razıyam belə hallar var, ancaq müəyyən bir hissəsi də monopoliyanı qorumaq üçündü. Kiçik, xırda adamlar bazara girəndə, dövlətin bütün gücüyülə onları elə əzirlər ki, bir daha bu bazara girməsinlər. Bizim bütün çağrışlarımız xalqa çatmalıdı. Dəfələrlə demişəm, bunun başqa bir alternativini də görmürəm. Bu hökumət, siyasi rəhbərlik, idarəetmə, insanlara münasibət qaldıqca, mütəşəkkül cinayətkarlığın heç biri aradan qalxmayacaq. Əksinə, bu mütəşəkkil cinayətkar dəstələr öz inhisarını Azərbaycanda günü-gündən artıracaq. Biz cəmiyyət olaraq öz məsuliyyətimizi başa düşməliyik”.
“Cəmiyyəti necə qoruya biləcəyimiz haqda düşünməliyik”
ReAl Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli çıxışında inkişaf etmiş ölkələrin narkomaniyaya qarşı mübarizə təcrübəsinin tətbiq edilməsinin tərəfdarı olduğunu dedi: “Bir çox ölkələrdə əvəzedici terapiya kimi yüngül narkotiklərin istifadəsinə icazə verilib. Dünya artıq bu yolu keçdi. Düşündülər ki, başqa cür yolu yoxdur. Yüngül narkotika leqallaşmasa, ona polisin və cəmiyyətin nəzarəti güclənməsə, narkomaniyaya qarşı mübarizə çox çətin olacaq. Bu barədə düşünməliyik. Biz nə edə bilərik? Cəmiyyəti necə qoruya bilərik? Hansı təşviq proqramları həyata keçirilə bilər? Ölkələr var ki, narkomaniyanı xəstəlik kimi qəbul edib, cinayət məcəlləsindən çıxardıblar”.
Keçmiş polis zabiti Mirfeyzulla Seyidov bildirdi ki, narkomaniya bəşəri məsələdi: “Şəbəkə necə qurulur? Ehtiyacda olan adamlara “çamadan” ləqəbi verirlər. Sonra tuturlar onları. Ancaq tonlarla öz işlərini görürlər. Gürcüstanda tutulan narkotik bir neçə ölkədən keçib Azərbaycana gəlib. Bu o deməkdir ki, Azərbaycan narkotrafik şəbəkəsinin tam üzvüdü”.
“Hakimiyyətin narkomaniyaya yoluxması bütün vətəndaşları təhlükə altında qoyub”
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə çıxışında həbsxana xatirlərinə istinad edərək dedi ki, polis statistika naminə bomjları “narkotacir” kimi türməyə salır. “Bizim kamerada 4 bomj vardı. Dördünün də “işi” narkotik satmaq idi. Halbuki bu adamlar heç düz-əməlli özlərini təqdim edə bilmirdilər. Polis sadəcə plan yerinə yetirmək üçün onları bu adla qeydə almışdı”.
Natiq Güləhmədoğlu dedi ki, Azərbaycanda dövlət hakimiyyətinin narkomaniyaya yoluxması bütün vətəndaşları təhlükə altında qoyub: “Biz bu dəqiqə faktiki köməksiz vəziyyətdəyik. Elə bu tədbirdən çıxan kimi hər birimizi narkotiklə şərləyib tuta bilərlər. Hesab edirəm ki, Milli Şura narkoşərləmədən müdafiə mexanizmi barədə ayrıca tədbir keçirməlidir”.
AXCP rəsmisi ondan əvvəlki çıxışçı Natiq Cəfərlinin narkotikin fərdi istehlak miqdarında leqallaşmasına da qarşı olduğunu dedi və bildirdi ki, hələ də Azərbaycanda narkotik istifadəçilərinə loyal baxılmaması çox yaxşı haldır.
“İctimai istintaq qrupu yaradılmalıdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, heç bir təminat olmasaydı, bu qədər narkotika ölkəyə gətirilib yenidən istehsal olunub qablaşdırılmazdı: “Nəyə görə Azərbaycan hüquq mühafizə orqanları bununla bağlı araşdrıma aparmayıblar. Burada kim iştirak edib? Ən azından həmin adamlar istintaqa ifadə verməlidi. Bu məsələni bir dinləməylə buraxmaq olmaz. Lazım olsa ictimai istintaq qrupu yaradılmalı, bu iş üzrə araşdırma aparılmalı, beynəlxalq qurumlarla əməkdaşlıq edilməlidir”.
Ramin DEKO