Rusiya “Yukos” işinə görə 50 milyard dollar cərimələndi
«Bu qərar Rusiyanın gəmi və təyyarələrini həbs etməyə imkan verir»
İyulun 28-də Haaqa Arbitraj Məhkəməsində Rusiya əleyhinə fantastik məbləğdə cərimə kəsilib. “Yukos” neft şirkətinin kemiş səmdarlarının iddiası üzrə təximənən 10 il davam edən məhkəmənin hökmü ilə Rusiya dövləti 50 milyard dollar cərimələnib.
“Yukos” şirkəti vergidən yayınma və mənimsəmə ittihamı ilə 2003-ci ildə həbs edilən və 10 il sonra azadlığa buraxılan Mixail Xodorkovskiyə aid olub. O, öz hissələrini “Group Menatep Limited”ə (GML) satıb. Xadarkovski həbs olunanda “Yukos”un əmlakı da dövlətin xeyrinə müsadirə olunub.
Rusiyanı Haaqa Arbitraj Məhkəməsinə verən GML olub. Səhmdarlar qrupu 114 milyard dollar ziyana düşdüyünü bildirib.
Məhkəmə qərara gəlib ki, Rusiya “Yukos”un əmlakını müsadirə etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını pozub. Buna görə də “Yukos”un keçmiş səhmdarlarına 50 milyard dollar, GML-ə isə əlavə 65 milyon dollar təzminat ödəməlidir.
Qərara əsasən Hulley Enterprises (Kipr) 39,9 milyard, Yukos Universal (Men adaları) 1,8 milyard, Veteran Petroleum (Kipr) 8,2 milyard dollar almalıdır.
Rusiya tərəfi qərara etiraz edir və apelyasiya şikayəti verəcəyini bildirir. Apelyasiya şikayəti üçün Rusiyanın 10 gün vaxtı var.
İddiaçılar isə çıxarılan qərarı ədalətli sayır.
Rusiya rəsmiləri ölkənin cəriməni ödəməyəcəyini esə də, beynəlxalq qanunlar bunun mümkünsüz olduğunu deməyə əsas verir. Qərarda aydın şəkildə yazılıb ki, yanvar ayının 15-ə qədər ödəmə başlanılmalıdır. Üstəlik Rusiya dövləti cərimələndiyi üçün iddianın ödənilməsi üçün Rusiya xaricdə olan daşınan və daşınmaz əmlakı, aktivləri ilə cavadehdir.
AB və ABŞ-ın sanksiyaları ilə üzləşən Rusiyanın 50 milyard dollar cərimələnməsi ölkəyə əlavə problemlər yaradacaq.
İqisadçı-ekspert Natiq Cəfərli apelyasiyadan sonra qərarın qüvvədə qalacağını hesab edir. Çünki məhkəmə araşdırması zamanı tam sübut olunub ki, bir-iki günlük firmalar, şirkətlər yaradılaraq “Yukos”un bütün aktivlərini ələ keçirib sonradan Putinin ən yaxın dostu Seçinin başçılıq etdiyi «Rosneft»ə ötürülüb. Ona görə də Rusiya bunun altından çıxa bilməyəcək və cəriməni ödəməmək məsələsi mümkün olmayacaq. Ən yüngül hesablamalara görə, Rusiyanın xaricdəki aktivləri yarım trilyon dollara yaxındır. Burda həm qiymətli kağızlardan, həm qaz-neft kontraktlarından, həm də daşınmaz əmlakdan söhbət gedir. Bu qərar eyni zamanda Rusiyanın gəmi və təyyarələrini həbs etməyə imkan verir.
Ekspertin sözlərinə görə, Rusiya cərimənin azaldılmasına çalışacaq. Ancaq bu da mümkünsüz görünür. Güman ki, apelyasiyadan sonra qərar qüvvəyə minəcək və yanvarın ayının 15-ə qədər Rusiya ödənişə başlamağa məcbur olacaq. Əks halda məbləğin üzərinə əlavə faizlər gələcək. Cərimə 20 faizə qədər arta bilər. Ona görə də Rusiya daha ciddi sanksiyalarla üzləşməməkdən ötrü cəriməni hissə-hissə ödəməyə başlayacaq.
Fizzə