Əməliyyat ərəfəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin nümayəndələri Bakıya niyə gəlib?
Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi heroin əməliyyatı ilə bağlı yeni məlumatlar var. Xatırladaq ki, Gürcüstan DIN-inin əməkdaşları iyulun 11-də Azərbaycandan gələrək Türkiyəyə gedən yük avtomobilində 2 ton 795 kiloqram maye heroin aşkar edib. Hadisə ilə bağlı iki Gürcüstan vətəndaşı həbs edilib.
Bu əməliyyat barədə beynəlxəlq media da məlumat yayıb və əsas diqqət 3 tona yaxın narkotik maddənin Azərbaycandan necə keçməsidir. Azərbaycan tərəfi də hələki buna aydınlıq gətirməyib. Hakimiyyət sadəcə məsələni ört-basdır etməyə bir neçə uğursuz cəhd edib. Bu da təbii ki, beynəlxalq aləmin məsələyə diqqətini daha da artırıb. “Azadlıq”ın dünənki sayında məlumat vermişik ki, artıq bu işin araşdırılmasında Cənubi Qafqaz regionunda təhlükəsizliyə maraqlı olan bir çox dövlətlərin birgə əməliyyat-araşdırma qrupu iştirak edir.
Dünən isə məlumat aldıq ki, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisi (UNODC) Azərbaycanda narkotiklərə qarşı mübarizənin zəif aparıldığından narahat olub. Bu narahatlıq qurumun nümayəndələrinin Bakıya gəlməsi və Dövlət Gömrük Komitəsində (DGK) görüş keçirməsilə nəticələnib. UNODC-nin icraçı direktorunun Kabinet rəhbəri Roberto Arbitrionun rəhbərlik etdiyi nümayəndə heyətini DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qəbul edib. Iddialara görə, görüşdə qurumun narahatlığı diqqətə çatdırılıb. Qarşı tərəf isə narkotiklərə qarşı ciddi iş aparıldığını iddia edib. Maraqlıdır ki, UNODC-nin nümayəndələri iyulun 9-da DGK-da görüş keçiriblər. Bundan iki gün sonra Gürcüstan DIN-i məlum əməliyyatı keçirib.
Bəzi məlumatlara görə, BMT-nin nümayəndələrində “3 ton heroin” və onun Azərbaycanla əlaqəli olması barədə hansısa məlumatlar olub. Qarşı tərəf bunu qətiyyətlə təkzib edib. Bu təkzibin ömrü isə iki gün çəkib…
İnformasiya şöbəsi