Olimpiya oyunları Əliyevi Avropada yenidən tənqid hədəfinə çevirdi
Alman mediası Avropa Yay Olimpiya Oyunlarına Azərbaycandan başqa heç bir ölkənin yaxın durmadığını yazır
2012-ci ilin mayında Bakıda “Eurovision” musiqi yarışması keçiriləndə dünya mətbuatı müsabiqədən daha çox, bu yarışmanın keçirildiyi ölkədə insan haqlarının pozulmasından, ölkədə avtoritar rejimin hökm sürməsindən, burada tüğyan edən korrupsiyadan yazdı. Gələn il keçiriləcək Avropa Yay Olimpiya Oyunları ərəfəsində də bu tendensiyanın təkrarlanmaq ehtimalı çox böyükdür.
Olimpiya Oyunlarına təxminən bir il qalıb, amma dünya mediası indidən turnirin keçiriləcəyi ölkədəki durumu diqqətdə saxlayır. Almaniyanın “Der Tagesspiegel” qəzeti bu kontekstdə Azərbaycanda insan haqlarının acınacaqlı durumu, ölkədə avtoritar idarəçiliyin hökm sürməsindən bəhs edən “Daha yüksək, daha kobud, daha zəngin…” sərlövhəli məqalə yayımlayıb.
Məqalədə bildirilir ki, son beş ildə Bakıda xeyli dəyişikliklər olub. Xəzərin sahilində xeyli əyləncə mərkəzləri salınıb: “Bakıda imkanlar sərhədsiz görünür, elə xəyallar da…”
Müəllif yazır ki, Azərbaycan hökuməti özünü dünyaya göstərmək istəyir: “Bunun üçün idman turniri keçirməkdən daha yaxşı fürsət ola bilərmi? Gələn il burada Avropanın ilk Yay Olimpiya Oyunları keçiriləcək. Baxmayaraq ki, turnirə hələ uzun müddət alıb, bütün şəhər boyu bunu reklam eləyirlər. Şəhərin hər yerində bu turnir barədə reklamlar asılıb. Hətta Bakının hava limanında da ekranda yanıb-sönən ”Bakı-2015″ şüarı qarşılayır. Nəhayət ki, Bakı diqqət mərkəzində olacaq, özünü geniş ictimaiyyətə kosmopolit və müasir şəhər kimi təqdim edə biləcək.
Azərbaycanın ağır atletə bənzəyən idman naziri Azad Rəhimov deyir ki, ölkə özünün idman, turizm, biznes imkanlarını dünyaya nümayiş etdirmək istəyir”.
Müəllif yada salır ki, Bakı 2016 və 2020-ci illərdə keçiriləcək Ümumdünya Olimpiya oyunlarına ev sahibliyi etməyə iki dəfə cəhd göstərsə də, məqsədinə nail ola bilməyib.
İlk dəfə keçirilən Avropa Yay Olimpiya Oyunlarına gəlincə, məqalədə yazılanlardan belə məlum olur ki, heç bir ölkə bu turnirə yaxın durmaq istəməyib: “Avropa Yay Olimpiya Oyunlarının təşkilatçıları heç gizlətmirlər ki, Azərbaycanın ev sahibliyi təklifi olmasaydı, bu turnir baş tutmayacaqdı”.
O da qeyd olunur ki, Avropa ölkələrinin olimpiya komitələri əvvəlcə Avropa Yay Olimpiya Oyunları keçirilməsi ideyasının əleyhinə çıxıblar. Hətta Almaniya da tədbirin bahalı olmasını əsas gətirərək, etiraz edənlərə qoşulub: “Lakin sonra onlar eşitdilər ki, Azərbaycan Olimpiya Oyunlarının təşkililə bağlı bütün xərcləri, o cümlədən idmançıların səfər və geyim xərclərini də öz üzərinə götürür. Bundan sonra onlar fikirlərini dəyişdilər.
Avropa Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Saymon Kleq Avropanın ilk Olimpiya Oyunlarını tarixi hadisəyə çevirmək istəyir”.
“Azərbaycan sərt avtoritar idarəçiliyin hökm sürdüyü ölkə kimi tanınır. Bu ölkədə insan haqlarının pozulmasına dair məlumatlar tez-tez yayılır. Burada hökumətin siyasi rəqibləri daim çox güclü təzyiq altındadır. Bu ölkədə tənqidçi jurnalistlərin, hətta bir neçə cümləyə görə həbsxanaya salınması artıq heç kimi təəccübləndirmir”, – deyə müəllif vurğulayır.
Avropa Olimpiya Komitəsinin rəhbəri Hikki turnirin keçiriləcəyi ölkədəki vəziyyətlə bağlı suala cavabında deyib ki, onlar üçün başlıca məsələ tədbirin təşkili və keçirilməsidir.
Məqalədə həmçinin Bakı kontrastlar şəhəri kimi təqdim olunur: “Bir tərəfdə müasir dizaynlı mağazalar, dəbdəbəli evlər, otellər, mağazalar, hətta uzaqdan işıq saçan üç qüllə, digər tərəfdə sovet dövründən qalma miskin görkəmli evlər”.
İnformasiya şöbəsi