Məmmədyarov və səfirlərə cavab haqqı tanınmayıb; işə Əliyev qarışacaqmış
Deputat Qüdrət Həsənquliyevin xarici işlər naziri Elmar Məmmədyarovu və Azərbaycanın xarici ölkələrdəki səfirlərini sərt tənqid etməsi qarşı tərəfdə hiddət doğurub. Hakimiyyətdaxili mənbələrdən sızan məlumatlara görə, Elmar Məmmədyarov və xüsusi imtiyazlı bir neçə səfir dərhal deputata cavab vermək istəyib. Lakin Prezident Administrasiyasından bunun qarşısı alınıb. Onların nəzərinə çatdırılıb ki, məsələ səs-küysüz yoluna qoyulmalıdır.
Məlumatlarda bildirilir ki, Elmar Məmmədyarov və ətrafının qəzəblənməsi deputatın onlara yönəlik tənqidlərinin sifariş olması barədə şübhələrə düşmələrilə bağlıdır. Onlar hesab edir ki, Qüdrət Həsənquliyev təmsil olunduğu qruplaşmaya başçılıq edən şəxslərin tapşırığı ilə onları tənqid atəşinə tutub. Halbuki deputat xüsusi olaraq qeyd etmişdi ki, Elmar Məmmədyarovla aralarında şəxsi mənada heç bir problem yoxdur. Qüdrət Həsənquliyev sadəcə öz mövqeyini açıqladığını bəyan etmişdi.
Görünür, onun fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı və hakimiyyətdəki Naxçıvan qruplaşmasını təmsil etməsi Elmar Məmmədyarov və ətrafına şübhələrə düşmək üçün əsas yaradıb. Iddia olunur ki, qarşı tərəf məsələnin üzərinə o qədər israrla düşüb ki, baş verənlər hakimiyyətin zirvəsində müzakirə olunub. Onların diqqətinə çatdırılıb ki, məsələ ciddi şəkildə araşdırılacaq və ölçü götürüləcək. Bildirilir ki, qarşı tərəfi daha çox qəzəbləndirən Qüdrət Həsənquliyevin Elmar Məmmədyarovu erməni həmkarı Nalbandyanla müqayisə etməsi və ikinciyə üstünlük verməsi olub. Elmar Məmmədyarov və ətrafı məsələnin müzakirəsində bunu hakimiyyətin xarici siyasətinə ciddi zərbə kimi dəyərləndirib.
Xatırladaq ki, Qüdrət Həsənquliyev bir neçə gün əvvəl mətbuata açıqlamasında Elmar Məmmədyarovun hökumətin tərkibində ən bacarıqsız nazir adlandırmışdı. “Mən prezident seçkilərində də söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətin tərkibində ən bacarıqsız nazirlərdən biridir. Bu gün də bunu bir daha təkrar edirəm ki, onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil”.
Qüdrət Həsənquliyev daha sonra Elmar Məmmədyarovu erməni həmkarı ilə müqayisə edərək demişdi: “Məsələn, o erməni həmkarı Nalbəndyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır, amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görsənmir. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil.
Sadəcə olaraq söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək olar. Amma bu sahədə hökumətin ən uğursuz nazirlərindən biri kimi o əvəzlənməlidir”.
Deputat səfirlərin böyük bir qisminin də yerində olmadığını vurğulamışdı: “Səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bir çox səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanlarına malik deyillər…”
İnformasiya şöbəsi