Rusiya Ukraynaya görə daha 28 milyard dollar itirib
Rusiyanın Ukraynada separatçılara dəstək verən fəaliyyəti maliyyə bazarında ona baha başa gəlir. “Bloomberg” yazır ki, Moskva Banklararası Valyuta Birjasının indeksi Putin Krımla bağlı aktiv fəaliyyətə başlayandan – bu ilin fevralından düşməyə başlayıb. Rusiyanın səhm bazarında itkisi təxminən 28 milyard dollar məbləğində qiymətləndirilir.
“Bloomberg”ə görə, Donteskdə separatçıların nəzarət etdiyi ərazidə Malayziyaya məxsus “Boeing”in vurulmasından sonra Moskvanın bu sahədə itkiləri daha da artacaq. Rusiya obliqasiyalarının defoltdan qorunması üçün çəkilən xərc “Boeing”in vurulduğu 17 iyuldan sonra daha da artıb.
Keçmiş kəşfiyyatçı proqnoz verir
Tanınmış yazıçı, Baş Kəşfiyyat İdarəsinin keçmiş kəşfiyyatçısı, 1978-ci ildə Böyük Britaniyaya qaçan Viktor Suvorov «Qordon» nəşrinə müsahibəsində Rusiyada bir ilə hakimiyyət dəyişikliyinin baş verəcəyini proqnozlaşdırıb. Əslən Ukraynadan olan yazıçı Avropanın sanksiyaları genişləndirəcəyini, lakin Rusiyaya qarşı sərt tədbirlər görməyəcəyini deyib. Onun sözlərinə görə, Ukraynada Malayziya təyyarəsinin vurulmasında birbaşa Kremlin iştirakı var. Putin isə artıq separatçılar üzərində nəzarəti itirib. Bu isə ölkənin parçalanmasına gətirib çıxara bilər.
Suvorov Putinin Rusiyada şovinizm dalğasını qaldırdığını və bunu dayandırmağın mümkünsüz olduğunu deyir. Əgər Kreml geri çəkilmək istəsə, yalançı vətənpərvərlər Putini satqınlığına görə ayaq altına alacaq.
Keçmiş kəşfiyyatçı artıq Putinin çıxış yolunun olmadığını və bir ildən sonra onu rəhbərlik etdiyi rejimin devriləcəyini deyir. 2015-ci ilin iyulun 23-də artıq Putin rejimi olmayacaq.
Separatçılar Ukraynanın daha 2 qırıcısını vurdular
Donetskdə silahlı separatçılar iyulun 23-də Ukrayna Hərbi Hava Qüvvələrinin daha 2 qırıcı təyyarəsini vurub.
“Interfaks”ın yaydığı xəbərə görə, Su-25 qırıcılarına daşınan zenit-raket qurğusundan atəş açılıb. Təyyarələrdən biri yerə düşərək partlayıb, digəri zədələnib və şimal istiqamətində uzaqlaşıb. Yerə düşən təyyarəni pilotu katapultasiya edib, separatçılar onun paraşütünü tapsalar da, özünü tapa bilməyiblər.
Ukrayna Müdafiə Nazirliyinin rəsmisi informasiyanı təsdiqləyib. Bildirilir ki, təyyarənin düşdüyü yerə xüsusi bölmə göndərilib. Ukrayna tərəfi vurulan hər iki təyyarənin düşdüyünü bildirir. Təyyarələrin bir neçə gün qabaq vurulmuş, Malayziya Hava Yollarına məxsus “Boeing-777″nin düşdüyü Snecnoye qəsəbəsi yaxınlığında vurulduğu açıqlanıb.
Şoyqu barəsində cinayət işi açılıb
Ukraynanın Daxili Işlər Nazirliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və biznesmen Konstantin Malofeyev barəsində cinayət işi açıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hər iki şəxs qanunsuz silahlı dəstələrin yaradılmasında ittiham olunur. Istintaq iddia edir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib”.
Rusiya vətəndaşı, sahibkar Konstantin Malofeyev isə bu silahlı formalaşmaların maliyyələşdirilməsində şübhəli bilinir.
“Rusiya hökuməti öz versiyasını yaymaq üçün təzyiq edir”
“The Washington Post” qəzeti yazır ki, ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisinin yaydığı şəkillərdə yer-hava növlü raketi buraxan qurğunun yerdəyişmələri və Rusiyanın Ukraynadakı hərbi fəallığı əks olunub.
ABŞ kəşfiyyatının kosmosdan çəkdiyi şəkillər Rusiyanın Rostov şəhəri yaxlınlığındakı hərbi bazasına aiddir və burda iyun ayından bəri artan fəallığı göstərir: “Iyulun 22-də ABŞ kəşfiyyat rəsmiləri kosmosdan çəkilmiş bu şəkilləri nümayiş etdirəndə bildirdilər ki, bunlar Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasını göstərən dəlillərdir və Moskva təyyarəni vuran yaraqlılara təlim keçib.
Dəlilər və sübutlar haqda kəşfiyyat rəsmiləri bildirirlər ki, sensorlar raketin izlərini müəyyən edib, vurulmuş təyyarənin üzərində qəlpə izləri var. Kəşfiyyat rəsmiləri ilk dəfə olaraq, Rostov yaxınlığındakı hərbi bazanı yaraqlıların əsas təchizat mənbəyi kimi qeyd ediblər”.
Kəşfiyayat rəsmilərinin Rusiyanın təyyarənin vurulmasında əli olması barədə gətirdiyi digər dəlillər sosial mediada gedən videolar, audiolar və yazışmalardır.
ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələri təyyarəni Ukrayna qüvvələrinin vurması ehtimalını rədd ediblər.
Onların sözlərinə görə, təyyarə qəzaya uğrayanda həmin rayonda, raketin vura biləcəyi məsafədə Ukraynanın raket sistemləri olmayıb.
Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən 3 kəşfiyyat rəsmisindən biri, adının çəkilməməsi şərtilə deyib ki, Rusiya hökuməti öz versiyasını mediada yaymaq üçün təzyiq edir və ya özünə yaxın elementlərlə manipulyasiya edir: “Bu, klassik nümunədir – günahkar qurbanını günahlandırır”.
Parlament sədrinə fraksiyaları ləğv etmək səlahiyyəti verildi
Bu arada, Ukrayna prezidenti Pyotr Poroşenkonun imzaladığı yeni qanun parlament sədrinə parlament fraksiyalarını buraxmağa səlahiyyət verir. Poroşenko bu qanunu dünən imzalayıb. Spiker parlamentin birinci iclasında formalaşmış fraksiyalarda olan üzvlərin sayı azaldıqda fraksiyaları ləğv edə bilər.
Kommunist partiyasının fraksiyasının son vaxtlar üzvlərinin sayı azalıb.
Kiyev məhkəməsi isə iyulun 24-də Kommunist partiyasının qadağan olunması məsələsinə baxacaq.