Avropa Birliyi Rusiyaya qarşı ağır sanksiyalar qəbul etdi
Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını “qara siyahıya” salıb. Rusiyaya qarşı daha bir genişləndirilmiş sanksiyalar paketi qəbul olunub. Eyni zamanda, Böyük Britaniyanın baş naziri Devid Kemeron silah satışına qadağa qoymağa çağırıb. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Kemeron bildirib ki, Malayziya təyyarəsinin vurulmasına cavab olaraq növbəti ağır sanksiyalar Putinin dostlarına və oliqarxlara da şamil olunacaq.
Baş nazir qeyd edib ki, Avropa Birliyinin Rusiyaya belə münasibəti təkcə təyyarənin Rusiyapərəst qüvvələr tərəfindən vurulması ilə bağlı deyil. Bu həm də Moskvanın separatçıları dəstəkləməsilə əlaqədardır: “Əgər Moskva Ukraynaya münasibətini dəyişməsə, Avropa və Qərb Rusiyaya yanaşmanı əhəmiyyətli dərəcədə dəyişəcək”.
Avropanın sanksiyalarının hədəfləri ABŞ-ın da “qara siyahısına” düşüb. Onların əksəriyyəti Putinlə birgə güc strukturlarında işləyən dostları və Sankt-Peterburqdan olan oliqarxlardır. Bunlar – Putinin yaxın dostları və milyarderlər Gennadi Timçenko, Sergey İvanov, Arkadi və Boris Rotenberq qardaşları, İqor Seçin, Yuri Kovalçuk, Vladimir Yakunindir.
Ukraynada səfərbərlik elan olundu
Iyulun 22-də Ukrayna parlamenti prezident Pyotr Poroşenkonun ölkədə qismən səfərbərlik edilməsi barədə fərmanını təsdiqləyib. 232 deputatın təsdiqlədiyi fərman bütün Ukrayna üzrə ehtiyat qüvvələrin 45 gün ərzində orduya çağırılmasını nəzərdə tutur. Orduya 45 yaşadək zabit və serjantlar, 40 yaşadək sıravilər və 60 yaşadək ali zabitlər çağırılır.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək, özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
Iyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.
Putin Təhlükəsizlik Şurasının iclasında…
“Hazırda Rusiyanın ərazi bütövlüyünə və suverenliyinə hərbi təhlükə yoxdur” – bunu isə dünən Rusiya Təhlükəsizlik Şurasının iclasında Vladimir Putin deyib. Onun fikrincə, dünyada yaranan strateji balans Rusiyaya olan hərbi təhlükə ehtimalını heçə endirir.
Buna baxmayaraq, V.Putin xəbərdar edir ki, Moskva NATO-nun Avropanın şərqinə doğru genişlənməsinə “adekvat” cavab verəcək.
Ukraynanın şərqindəki MH17 təyyarəsinin vurulmasına gəlincə, Putin bildirib ki, Moskva faciənin səbəblərini araşdırmağa şərait yaradılması üçün silahlı separatçılara olan təsirindən istifadə edəcək.
Britaniya Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı
Ukraynadakı vəziyyətlə əlaqədar Britaniya Rusiya ilə hərbi əməkdaşlığı dondurub. Ukrayna mətbuatının məlumatına görə, Britaniya hökumətinin ofisindən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya silah tədarükünə dair bütün lisenziyalar, silah və ikili təyinatlı məhsulların ixracı dayandırılıb.
“Britaniya Rusiya ilə iqtisadi əməkdaşlığa yenidən baxır. Gələcək diplomatik addımlar Avropa Birliyi və ”Böyük -7″-lərlə razılaşdırılaraq, qəbul ediləcək. Britaniya hökuməti şirkətlərə xatırladır ki, Rusiya ilə iş birliyi risklidir”- deyə Britaniya hökuməti qeyd edib.
“Hamı Ukraynanın birliyini və Avropada sülh istəyir”
Britaniyanın “Guardian” qəzeti Putinin sırf psixoloji xüsusiyyətlərinə toxunaraq yazır ki, Putin təzyiqləri xoşlamır.
Qəzet hesab edir ki, təzyiq olmasa, bu, onu yaraqlılara dəstəkdən əl çəkməyə sövq edə bilər. “Guardian” hesab edir ki, ümumiyyətlə, Putinə simasını xilas edə bilməsi üçün imkan vermək lazımdır: “Putinin beynində nə fikir var, bunu bilmək çox çətindir, ancaq Malayziya təyyrəsinin qəzası ilə bağlı onun video-müraciəti çox şey deyirdi. Onun gözlərinin çuxura düşməsini heç bir qrim gizlədə bilməzdi.
Belə vəziyyəti yaratdığına görə dünya liderlərinin danlağından başqa, onu Ukraynadakı rusiyapərəst quldurların bacarıqsızlığı da çətin duruma salıb”.
Qəzet hesab edir ki, Qərb Putinə təzyiq etməlidir, bu öz yerində. Ancaq bu təzyiq düzgün olmalıdır.
Məqalə müəllifi yazır ki, o, 3 il Kreml rəsmilərilə yaxın əlaqədə işləyib. Fikir verib ki, kənardan Putinə tənqid olanda, o daha pis reaksiya verir.
Bu baxımdan, qəzet Britaniyanın baş naziri Devid Kemeronun yanaşmasını düzgün sayır. Kemeron həm gələcək sanskiyalardan danışır, həm də bildirir ki, Ukraynada rus dilli azlığın hüquqları qorunmalıdır: “Putin hazırda simasını qorumağın yolunu axtarır. Bunu nəzərə almaq lazımdır. Putin ola bilsin ki, hələ 10 il prezident olacaq. Soyuq müharibə heç kimə lazım deyil. Hamı Ukraynanın birliyini və Avropada sülh istəyir”.
“Moscow Times” qəzeti isə yazır ki, Ukraynada düşmənçiliyə son qoymaq, həm Rusiyanın ictimai fikrini qane etmək, həm də Putinin simasını saxlamaq – bunların hamısı eyni vaxtda mümkün olmaycaq: “Hazırda iki variant var – ya Ukraynadakı yaraqlılara dəstəkdən əl çəkmək, ya da Qərblə qarşıdurmaya getmək. Bu variantların hər ikisi Kreml üçün fəlakətlidir”.
Qəzet ekspertlərə istinadən yazır ki, bu vəziyyətdən çıxmaq üçün Putin tamamilə gözlənilməz manevr etməlidir. O, vaxtilə pis vəziyyətlərdən çıxa bilib, ancaq vəziyyət heç vaxt belə ağır olmayıb.
Qərb təyyarəni separatçıların vurduğuna əmindir
Qərb ölkələri Malayziya Hava Yolları şirkətinə aid “Boeing 777″ təyyarəsinin rusiyameylli qiyamçılar tərəfindən raketlə vurulduğuna əmindir.
Britaniyanın baş naziri Devid Kameron ölkə parlamentindəki çıxışında deyib ki, təyyarə qiyamçılar tərəfindən “Buk” kimi tanınan raket qurğusu ilə vurulub.
Təhlilçilər qeyd edirlər ki, ixtiyarında dəqiq məlumat olmadan baş nazir bu cür qəti bəyanatla çıxış etməzdi.
Hərçənd, Rusiya Ukraynanın şərqindəki qiyamçılara silah ötürmədiyində israr edir.
Şərhçilər diqqəti belə bir incə fərqə çəkirlər ki, Rusiya əvvəllər olduğu kimi, təyyarənin qiyamçılar tərəfindən vurulmadığını yox, məhz onlara Moskva tərəfindən silah verilmədiyini bəyan edir.
Bu fərq Rusiya hərbçilərinin təqdim etdiyi əks-arqumentlərdə də var. Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi bildirib ki, Malayziya təyyarəsi vurularkən onun yaxınlığında Ukrayna hərbi-hava qüvvələrinə məxsus Su-25 qırıcısı da uçub və Kiyev bu faktı gizlətməkdə davam edir.
“Təyyarənin vurulduğu məkanda Ukrayna hərbçilərinə məxsus raket qurğuları da olub, lakin onlar iyulun 17-də yoxa çıxıb”, – deyə general-leytenant Andrey Kartopolov mətbuat konfransında bildirib.
İttihamsız əks-arqument
Kartopolov Ukraynaya aid olduğu iddia edilən Su-25 qırıcısının trayektoriyasını əks etdirən peyk fotolarını təqdim edib.
O, ABŞ peyklərinin də bu informasiyaya malik olduğunu bildirib və məlumatların istintaqa təqdim olunmasına çağırıb.
General-leytenant vurğulayıb ki, iyulun 14-nə aid peyk fotoşəkillərində Ukrayna ordusuna məxsus “Buk” raketləri Luqansk həndəvərində qeydə alınıb, lakin iyulun 17-də onlar artıq görünmür.
Bütün bunlarla yanaşı, Rusiya Müdafiə Nazirliyinin generalı təyyarənin Ukrayna tərəfindən vurulduğuna dair heç bir iddia səsləndirməyib.
Rusiya hərbçilərinin son açıqlamalarına Qərb böyük şübhə ilə yanaşır. Qərb rəsmiləri xatırladır ki, 1983-cü ildə Koreya Hava Yollarına məxsus KAL007 sərnişin təyyarəsini vuranda da Moskva hər şeyi danmaqla məşğul idi.
Hollandiya vurulmuş təyyarə ilə bağlı cinayət işi qaldırıb
Hollandiya prokurorluğu Ukrayna üzərində vurulmuş sərnişin təyyarəsi ilə bağlı hərbi cinayətə dair təhqiqat elan edib.
Prokurorlardan birinin artıq hadisə yerində olduğu xəbər verilir.
Hollandiya prokurorluğunun əsaslandığı Hərbi Cinayətlərə dair beynəlxalq Qanun təyyarənin vurulmasına cavabdeh olan konkret şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir.
Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi bəşəriyyət tarixində ən böyük hərbi cinayətlərə aid işlərə baxması ilə tanınır.
Bu arada, Ukrayna prezidenti Pyotr Poroşenko MH17 təyyarəsinin vurulmasını 11 sentyabr və 1998-ci ildə Şotlandiyanın Lokerbi kəndi üzərində qəzaya uğramış Pan Am 103 təyyarəsinin partlayışı ilə müqayisə edib: “Bu, bütün dünya təhlükəsizliyi üçün qlobal hədədir. Bu, sadəcə olaraq Ukrayna ərazisində baş verən münaqişə deyil”.
Qara qutunu Britaniya araşdıracaq
Malayziya təyyarəsinin qara qutularındakı göstəricilərin təhlili ilə bağlı Hollandiyanın müraciəti ilə Britaniya razılaşıb. Bunu Britaniyanın baş naziri Devid Kemeron deyib.
Ukraynada qəzaya uğrayan MH17 təyyarəsinin yer-hava növlü Rusiya raketi ilə vurulduğunu, bu raketin yaraqlılar olan ərazidən atıldığını deyən Qərb rəsmilərinin iddilarına qara qutulardakı informasiya aydınlıq gətirə bilər.
Kemeron deyib ki, qara qutular Farnboroda yerləşən Britaniyanın Hava Qəzaları Araşdırılması Bölməsində öyrəniləcək.
Bu bölmə təyyarə qəzalarını araşdırır.
Donetsk üzərinə hücum
Bu arada, qiyamçıların istehkamı olan Donetsk şəhərində hökumət qoşunları ilə qiyamçılar arasında toqquşmalar baş verib.
Şahidlər bildirirlər ki, şəhər hava limanı və dəmir yolu stansiyası yaxınlığında zorakılıqlar qeydə alınıb.
Bəzi təhlilçilər bildirirlər ki, Ukrayna hökuməti Donetsk üzərinə əsas həmləni çoxdan hazırlasa da, onu indi – Moskvanın güclü beynəlxalq təzyiqlə üzləşdiyi vaxtda başlayıb.
Təhlilçilər həmçinin vurğulayırlar ki, Rusiya prezidenti Vladimir Putin hazırda Moskva mühafizəkarlarının da təzyiqi altındadır və MH17 təyyarəsi ilə bağlı insident onun üçün ciddi problemlər yarada bilər.