Əliyevdən ağılasığmaz sərəncam; Dini komitə YAPlaşdırıldı
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Qeyd edək ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin bundan əvvəlki sədri Elşad Isgəndərov idi. O, bu ilin mayında tutduğu vəzifədən azad edilib.
Bəzi məlumatlara görə, Elşad Isgəndərovun işdən çıxarılması onun nurçularla əlaqəli olması ilə bağlıdır. Qeyd edək ki, hətta hökumətin nəzarətində olan media quruluşları keçmiş komitə sədrinin nurçularla əlaqəli olması barədə məlumatlar yayıb.
Elşad Isgəndərovun işdən azad edilməsindən sonra sədrin səlahiyyətlərini birinci müavin Səyyad Aran həyata keçirib.
Səyyad Aran “Media Forum”a bildirib ki, Mübariz Qurbanlı komitənin sədri vəzifəsinə ən layiqli namizəddir: “Bu, çox gözəl təyinatdır. Mübariz Qurbanlı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə ən layiqli namizəddir. Mübariz Qurbanlının dövlətçilikdə böyük xidməti var, Azərbaycan parlamentarizminin tanınmış nümayəndələrindən biridir. Eyni zamanda keçdiyi həyat təcrübəsi, elmi səviyyəsi və digər xüsusiyyətləri onu bu vəzifəyə yüzdə-yüz layiq edir”.
Qeyd edək ki, Səyyad Aran da YAP-ın məşhur simalarındadır. O, partiyanın ideoloji katibi olub. Istanbula konsul təyin olunandan sonra partiya sıralarından çıxıb. Lakin indi də YAP-çı kimi tanınır. Beləliklə, faktiki olaraq Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi YAP-laşdırılır.
Yeri gəlmişkən, bu təyinatla YAP-ın itirdiyi deputatların sayı 4-ə çatdı (Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə görə icra hakimiyyətlərində vəzifə tutan şəxs eyni vaxtda deputat ola bilməz). Bundan əvvəl mandat qalmaqalına görə Gülər Əhmədovanın, baş nazirin müavini təyin olunduğuna görə isə Əli Əhmədovun deputatlıq səlahiyyətlərinə xitam verilib. Başqa bir YAP-çı deputat Hikmət Atayev isə avtomobil qəzasında dünyasını dəyişib.
Mübariz Qurbanlının dini komitəyə sədr təyinatı sosial mediada geniş müzakirəyə səbəb olub. Sosial media fəalları bu təyinatı daha çox tənqidi aspektdən qiymətləndiriblər. Əsasən Mübariz Qurbanlının ateist kimi tanındığı, YAP funksioneri olması, indiyədək politoloq, xüsusən xarici siyasət üzrə ekspert qismində çıxış etməsi qabardılıb və bu məziyyətləri ilə onun dini komitəyə sədr təyin olunmasının ziddiyyət təşkil etdiyi vurğulanıb. Bu təyinatın Qurbanlının cəmiyyətdəki neqativ imicinə uyğun gəlmədiyi də sosial media müzakirələrində ana xəttdir.
İnforamsiya şöbəsi