Ukraynada vurulan “Boeing”ə görə Rusiya ilə haqq-hesab çəkirlər
Britaniya, Fransa və Almaniya liderləri telefonla Rusiya məsələsini müzakirə ediblər. Onlar razılığa gəliblər ki, əgər Vladimir Putin Rusiyameylli separatçıların müfəttişləri Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə buraxmasına nail olmasa, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edilsin.
Fransa prezidenti Fransua Ollandın ofisinin dünən bu telefon söhbəti barədə yaydığı məlumatda bildirilir ki, onlar Angela Merkel və Devid Kemeronla birlikdə Putin qarşısında belə bir tələb qoymaq barədə razılığa gəliblər: “Rusiya dərhal gərəkli tədbirlər görməsə, Avropa Birliyi iyulun 22-də Xarici Işlər Şurasında nəticələr çıxaracaq”.
Ukraynaya BMT sülhməramlıları göndərilə bilər
Almaniyada həmçinin Ukraynaya BMT sülhməramlılarının göndərilməsinin mümkünlüyü məsələsi müzakirə olunur. Kansler Merkelin partiyasından olan siyasətçilər Rusiyanın növbəti sanksiyalardan qaça bilməyəcəyinə də əmindilər. Almaniyalı siyasilər beynəlxalq ictimaiyyətin nəzarəti altında atəşkəs elan edilməsini vacib hesab edir.
ABŞ-ın BMT-dəki səfiri Rusiyanı ittiham etdi
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Ukraynada baş verən təyyarə qəzası ilə bağlı çıxış edib.
“Boinq-777″ avialaynerinin qəzasından dərin təəssüf hissi keçirdiyini deyən xanım Pauer hadisənin necə baş verdiyi tam aydınlaşmayana qədər sakitləşməyəcəklərini bildirib. Səfir beynəlxalq araşdırmanın başlanmasının vacibliyini vurğulayaraq qeyd edib ki, BMT üzvü olan heç bir dövlət cinayətkarları gizlətməməlidir.
Səfir əllərində bəzi sübutlar olduğunu bildirərək, təyyarənin Ukraynanın şərqində separatçılar tərəfindən vurulduğunu deyib.
Samanta Pauer Rusiyameylli separatçıların buna qədər də Ukrayna səmasında təyyarələri vurduğunu xatırladıb.
Səfirin sözlərinə görə, əgər təyyarə Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən vurulubsa, onların himayəçiləri cinayətlərin sübutlarını gizlətməyə çalışacaq. Məhz bu səbəbdən araşdırmanın açıq keçirilməsi vacibdir.
Səfir digər beynəlxalq təşkilatların və ölənlərin vətəndaşı olduğu ölkələrin fəaliyyətinə şərait yaratmaq üçün ATƏT-in xüsusi müşahidə missiyasının da prosesə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Pauer ölkəsinin də bu cinayətin açılamasında yardımçı olacağını deyib. O, hələ bir neçə ay əvvəl beynəlxalq təşkilatların Rusiya ilə bağlı xəbərdarlıq etdiyini yada salıb: “BMT Təhlükəsizlik Şurasının üzvləri və beynəlxalq ictimaiyyət nümayəndələri artıq bir neçə aydır xəbərdarlıq edirdilər ki, Rusiya başladığı işi dayandırmasa, bədbəxt hadisə qaçılmazdır. Son hadisə isə bir daha sübut etdi ki, Rusiya hakimyyətinin dəstəklədiyi separatçılar Ukraynada stabiliyi pozmaqda davam edir”.
Britaniya və Hollandiya Rusiyaya qarşı sərt mövqe tələb edir
Böyük Britaniya və Hollandiya Avropa Birliyindən Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir. Hər iki ölkənin baş naziri Ukraynada baş verən təyyarə qəzası fonunda Rusiyaya qarşı mövqeyin sərtləşdirilməsini tələb edir. Onların fikrincə, rəsmi Moskva Ukraynadakı separatçılara lazımi təzyiq göstərmir.
Böyük Britaniyanın baş naziri Devid Kemeronun hollandiyalı həmkarı Mark Ryutte ilə şənbə günü baş tutan telefon danışığının əsas müzakirə predmeti məhz Avropa Birliyi-Rusiya münasibətləri olub. Bundan əvvəl isə Britaniyanın xarici işlər naziri Filipp Hamond Malayziya təyyarəsini məhz Rusiyameylli separatçıların vurduğuna dair təkzibolunmaz faktlara malik olduqlarını bəyan etmişdi.
“Özümüzü elə aparırıq ki, sanki Rusiya bizə çox lazımdır”
Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Moskva Ukrayna üzərində vurulmuş təyyarə ilə bağlı yanaşmasını dəyişməsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunmalıdır. “The Sunday Times” qəzetində dərc olunmuş məqalədə Kemeron Avropanı “öz prinsiplərini güzəştə getməməyə” çağırıb.
Kemeron etiraf edir ki, Avropa ölkələrinin çoxu Rusiya ilə qarşıdurmaya getmək istəməz: “Hərdən özümüzü elə aparırıq ki, sanki Rusiya bizə daha çox lazımdır, nəinki biz ona”.
Kemeronun sözlərinə görə, Rusiya istintaqa gərəkən informasiyanı verməli, yaraqlılara dəstəyi dayandırmalıdır.
Separatçılar 400 nəfəri əsir saxlayır
Ukraynanın şərqində separatçılar 400-dək əsir saxlayır. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təmsilçisi Andrey Lisenko deyib.
Onun sözlərinə görə, Nigeriya vətəndaşı da girovluqdadır. Ancaq xarici vətəndaşın buraxılması üçün hələlik heç bir tələb irəli sürülməyib.
Şuranın məlumatına görə, münaqişə vaxtı separatçılar 842 nəfəri əsir götürüb, onlardan 446-sı azad olunub.
Putinin Kiyevə getməsi xəbəri yayıldı
Bu arada, Rusiya prezidenti Putinin ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşmək məqsədilə Kiyevə getdiyi barədə məlumat yayılıb. Xəbəri Rusiyanın “Dojd” telekanalının sahibi Aleksandr Vinokur “Twitter” səhifəsində yayıb. Onun sözlərinə görə, Putin Poroşenkoya zəng edib və Donbassda münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Kiyevə gedib.
Ukrayna ordusu Donetsk aeroportunu ələ keçirir
Yayılan başqa bir məlumata görə, iyulun 20-nə keçən gecə Ukrayna hərbçiləri Donetsk aeroportuna nəzarəti ələ alıb. Məlumatı Ukraynanın müdafiə naziri Valeriy Heletey yayıb. Onun sözlərinə görə, ərazidə ordunun yeni blokpostları qoyulub. Silahlı separatçılar blokpostlara yaxınlaşmır, hərbçilərin mövqelərini Donetsk yaxınlığından minomyot atəşinə tutur.
Sərhəd rayonlarındakı hərbçilər iki dəfə minomyot atəşinə tutulub. Atəşin Rusiya ərazisindən açıldığı bildirilir.
İtaliyada “mail.ru”ya giriş qadağan edilib
Roma məhkəməsinin qərarına əsasən, Italiya ərazisində Rusiyanın “mail.ru” internet-servisinə giriş qadağan edilib. Italiya mətbuatının məlumatına görə, məhkəmə “Eyemoon Pictures” studiyasının şikayətinə əsasən belə bir qərar çıxarıb. Çünki “mail.ru” bu studiyaya məxsus filmlərdən icazəsiz istifadə edib. “Mail.ru” ilə birgə daha 23 sayta Italiyada giriş qadağan olunub.
Rusiyanın digər iri internet-servisi olan “V Kontakte” sosial şəbəkəsi də ötən ildən plaqiatlıqda günahlandırılaraq, Italiyada qadağan edilib.
Ukrayna ordusu daha bir şəhəri geri aldı
Ukrayna ordusu Luqansk vilayətində yerləşən Rubejnoye şəhərini ələ keçirib. Bu haqda Ukrayna ordusunun bu şəhərdə hərbi texnikasını görənlər məlumat yayıb. Şəhər sakinlərinin youtube-də yaydıqları videoda Ukrayna ordusuna məxsus iki hərbi eşalon şəhərin küçələri ilə hərəkət edir.
Bu informasiyanı Severodonetsk şəhərinin “SBS” nəşri də təsdiq edib. Şahidlərin sözlərinə görə rusiyameylli döyüşçülər bu ərazidə onlara müqavimət göstərməyiblər. Ancaq bu şəhərdən çıxan ərazilərdə rusiyameyllilərin blokpost qurduqları məlum olub. Deyilənə görə, onlar Borovaya çayının üzərindən keçən körpünü artıq minalayıblar.
Şəhər əhalisinə isə Severodonetskdən çıxmağa icazə vermirlər. “SBS” xəbər verir ki, rusiyameyllilər radio ilə əhalini evlərindən bayıra çıxmamağa çağırır.