«Hafka»nın «Lans»a görə vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi aksiyaya səbəb oldu
«Hanı 10 milyon, hanı Hafiz Məmmədov?!»
Azərbaycanlı iş adamı, “Hafka” kimi tanınan Hafiz Məmmədov növbəti “Fransa inqilabı”na səbəb olub. Fransanın Lans şəhərində bu şəhərin adını daşıyan futbol klubunun yüksək liqaya buraxılmamasına etiraz olaraq nümayiş keçirilib.
“Virtualaz.org”un Fransa mediasına istinadən yaydığı məlumata görə, iyulun 19-u, yerli vaxtla saat 11-də Lans şəhərinin Bolleart-Delelis küçəsinə toplaşan 1000-ə yaxın “Lans” azarkeşi Peşəkar Klublara Nəzarət Komissiyasının klubu yüksək liqaya buraxmamaq qərarına etiraz edib. Aksiya “Lans”ın himninin oxunması ilə başlayıb. Nümayişçilər klubun prezidenti Cerve Martelin istefasını, “Lans”ın əsas səhmdarı olan Hafiz Məmmədovun isə bu biabırçılğa cavab vermək üçün ortaya çıxmasını tələb ediblər.
Nümayişçilər əllərində “Cerve, biz həqiqət istəyirik!”, “Cerve, ya 1-ci liqa, ya istefa!”, “Bəs hanı 10 milyon?” və nəhayət “Hanı o Hafiz Məmmədov?” şüarları yazılmış plakatlar tutublar.
Çıxışlardan sonra “Lans” azarkeşləri şəhər meriyasının qarşısına yürüş ediblər, aksiya iştirakçılarından bir qrupu merlə görüşmək üçün binaya daxil olub. Aksiyanı çoxsaylı KIV-lər izləyiblər. Fransa telekanalları “Lans” tərəfdarlarının etiraz aksiyasından geniş reportajlar verib.
Xəbər verildiyi kimi, Peşəkar Klublara Nəzarət Komissiyası “Lans”ın bu mövsüm üçün tərtib edilmiş büdcəsinin peşəkar liqanın maliyyə reqlamentinə uyğun olmadığı səbəbindən klubu yüksək liqaya buraxmayıb. Fransa Futbol Federasiyası bu qərarı qüvvədə saxlayıb. “Lans”ın yüksək liqaya buraxılmamasının səbəbi kimi, klubun əsas səhmdarı olan Hafiz Məmmədovun vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi göstərilib. Hafiz Məmmədov bu ilin may ayında Fransada “Lans”ın yüksək liqada oynaması üçün klubun büdcəsinə 17 milyon avro vəsait köçürəcəyinə dair sənəd imzalayıb.
Peşəkar Klublara Nəzarət Komissiyası bu vəsaitin ən azı 10 milyon avrosunun iyunun 27-nədək “Lans”ın bank hesabına köçürülməsi şərtini qoyub. Lakin pullar bu vaxta qədər köçürülməyib. “Hafka” ona məxsus “Bank of Azerbaijan”ın adından 10 milyon avronun köçürüləcəyinə dair təminat sənədi göndərsə də, bu sənəd ciddi qəbul edilməyib. “Hafka”nın “Lans”a vəd etdiyi pulları verə bilməməsinin səbəbinin onun Azərbaycandakı biznesində yaranmış maliyyə böhranı ilə bağlı olduğu təxmin edilir.
Xəbər verildiyi kimi DNCG “Lans”ın bu mövsüm üçün tərtib edilmiş büdcəsinin peşəkar liqanın maliyyə reqlamentinə uyğun olmadığı üçün klubu yüksək liqaya buraxmayıb. Fransa Futbol Federasiyası bu qərarı qüvvədə saxlayıb. “Lans”ın yüksək liqaya buraxılmamasının səbəbi kimi klubun əsas səhmdarı olan Hafiz Məmmədovun vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi göstərilib. H.Məmmədov bu ilin may ayında Fransada “Lans”ın yüksək liqada oynaması üçün klubun büdcəsinə 17 milyon avro vəsait verəcəyinə dair sənəd imzalayıb. (Virtualaz.org).