#AXC25: Xalq doğma təşkilatını qədirbilənliklə alqışlayır
Bu gün Azərbaycanın müstəqillik qazanmasında mühüm rol oynayan, Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan Azərbaycan Xalq Cəbhəsinin yarandığı gündən 25 il ötür. Qısa müddət ərzində hazırkı hakimiyyətin illərdir edə bilmədiklərini həyata keçirən bu təşkilat şərəfli tarixə malikdir. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, zyialıları Azərbaycan tarixinin yazılmasında mühüm rol oynayan AXC-ni bu gün münasibətilə təbrik ediblər. Mövqeyini təqdim etdiyimiz şəxslər müstəqilliymizin əldə olunmasında mühüm rol oynayan AXC-nin hazırda da demokratikləşmə uğrunda savaşı davam etdirdiyini vurğulayıblar:
***
“AXC xalqımızın taleyinə bir günəş kimi doğdu”
Hüquqşünas, siyasi məhbus Qurban Məmmədov:
– Şah Xətai, Ağa Məhəmməd Şah Qacar, Pişəvəri, Səttar Xan, Xiyabani, Məmməd Əmin Rəsulzadə kimi tarixi şəxsiyyətlərimizin Azərbaycanın bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda apardıqları milli-azadlıq hərəkatının XX əsrin ikinci yarısındakı şəriksiz lideri Əbülfəz Elçibəyin (Əliyev Əbülfəz Qədirqulu oğlu) və silahdaşlarının yaratdıqları AXC xalqımızın taleyinə bir günəş kimi doğdu. AXC-nin yaradılması, vətənimizin sovet – şər imperiyasının, qırmızı terroru, insan hüquq və azadlıqlarının pozulmasını rəhbər tutan bolşevik-kommunist rejiminin əsarətindən qurtulması ilə nəticələndi.
Azərbaycanımızın növbəti və inşallah, sonuncu dəfə müstəqilliyinin əldə edilməsinin, 1970-1992-ci illər milli-azadlıq hərəkatımızın tək lideri Əbülfəz Elçibəy, bu hərəkatı təşkilat olaraq yönəldən və qələbəyə çatdıran qurum isə Azərbaycan Xalq Cəphəsidir.
Mənə, ailə üzvlərimə, yaxın qohum və dostlarıma bu hərəkatda iştirak etmək, AXC-nin yönəldilməsində mənə rol vermək kimi tarixi və şərəfli bir tale qismət etdiyi üçün Allahıma şükürlər olsun!
AXC-nin minlərlə üzvü torpaqlarımızın erməni-rus işğallarından müdafiə edilməsində şəhid və ya qazi oldular.
Əbülfəz Elçibəy silahlı çevriliş yolu ilə qanuni hakimiyyətdən salındıqdan sonra, əsasən AXC üzvlərindən təşkil olunmuş 36 “özünü müdafiə batalyonu” buraxıldı və bu da torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Halbu ki, Azərbaycanımızın şir biləkli igid oğulları məhz AXC-nin də iştirakı ilə Xankəndinin 12 km-nə qədər irəliləmiş, böyük uğurlar əldə etmişlər.
Torpaqların azad edilməsindən sonra Əbülfəz Elçibəy – AXC hakimiyyətinin birdəfəlik və daimi möhkəmlənəcəyindən, Azərbaycanın müstəqilliyinin dönməz xarakter alacağından narahat olan bəzi xarici və hakimiyyət hesabına millətin varidatını, dövlətin əmlakını talamaq hərisliyinə mübtəla olmuş əski kommunist – mafiya qrupları hərəkətə keçərək, döyüş cəbhəsindəki xəyanətlər, iqtisadi və hüquqi sabotaj, eləcə də açıq silahlı müdaxilə hesabına AXC – Elçibəy hakimiyyətini devirdilər.
4 iyun 1993-cü ildə silahlı dövlət çevrilişi baş verdi və indi Azərbaycanı talayan qüvvələr, müstəqilliyimizi təhlükəyə salan və xalqımızın dövlət müstəqilliyinin üstünlüklərindən, suverenliyin verdiyi geniş imkanlardan istifadədən məhrum buraxan kommunist – mafiya – cinayətkar qruplar hakimiyyəti mənimsədilər.
Ancaq AXC-nin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası “de-yure” müstəqil olmuş, dünya birliyi tərəfindən rəsmi olaraq tanınmışdır. Allahın köməyi və lütfü ilə bu müstəqilliyin geri dönüşü olmaz, inşallah. Lakin bunun üçün dövlətimizin – real müstəqilliyi, torpaqlarımızda yaşayan bütün millət, xalq və etnik qrupların mənafeyini və milli iradəni təmsil etmək üçün hələ çox mübarizə aparmalı, çox qurbanlar verməyə hazır olmalıyıq.
Mən AXC-nin yaradılmasının 25 illiyi münasibət ilə xalqımızı təbrik edir, AXC-nin başaladığı mübarizənin tam və uğurla başa çatdırılmasında hər birimizə müvəffəqiyyətlər arzulayıram.
O vaxt olduğu kimi, indi də bu mübarizənin öncül, aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinə və AXC veteranlarına eşq olsun!
AXC-nin təşkilat şöbəsinin müdiri və AXC sədrinin təşkilat işləri üzrə müavini olmuş, AXC üzvü kimi fəaliyyətinə görə 1990-1991-ci illərdə həbs edilmiş Məmmədov Qurban Cəlal oğlu.
P.S.
“Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.” (R.Rıza)
***
«Hakimiyyətin repressiyalarından daha da mətinləşən təşkilat»
Müsavat başqanının müavini, siyasi məhbus Tofiq Yaqublu:
– AXC-nin yubileyi təkcə onun hüquqi və mənəvi varisi AXCP-nin üzvlərinin deyil, vətəni sevən, vicdanlı və normal düşünməyi bacaran bütün ölkə vətəndaşlarının bayramıdır. Fəxr edirəm ki, bu milli təşkilat yarandığı gündən onun sıralarına qoşulub vətənimizin istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmışam. AXC böyük Məhəmməd Əmin Rəsulzadə, onun əqidədaşlarının başlatdıqları millət və istiqlal savaşını qaldığı yerdən davam etdirdi. Əbülfəz Elçibəyin rəhbərliyi altında AXC Azərbaycanı yenidən istiqlala qovuşdurdu. Bu gün AXC-nin mənəvi və hüquqi varisi AXCP, çağdaş Azərbaycan tarixinin ən nüfuzlu, əqidəli və dönməz siyasi liderlərindən biri olan, hörmətli Əli Kərimlinin rəhbərliyi altında ölkəmizin demokratikləşməsi uğrunda mübarizənin son mərhələsində qəhrəmancasına çarpışır. Hakimiyyətin bitib-tükənməyən represiyaları, təxribatları, hətta, diversiyaları nəinki bu təşkilatın əzmini sındıra bilmir, əksinə onun daha da mətinləşməsinə səbəb olur.
Əziz cəbhəçilər, sizi bu yubiley bayramınız münasibəti ilə ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək, həbsdə olduğum müddətdə mənə və digər siyasi məhbuslara hər cür dəstəyə görə sonsuz minnətdarlığımı bildirirəm.
Bir məsələni də qeyd etmək istəyirəm. Düşünürəm ki, sağlam məntiqin və ictimai-siyasi zərurətin diqtəsi altında həm Müsavat Partiyası, həm də AXCP özündə güc taparaq, iqtidarın işinə çox yarayan mənasız çəkişmələrə son qoyacaqlar və bu mənfur rejimə qarşı daha effektli mübarizə aparacaqlar. Bir daha sizləri təbrik edir və apardığınız şanlı mübarizədə qələbə arzulayıram.
***
«AXC-nin xidmətləri danılmazdır»
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli:
– Azərbaycan Xalq Cəbhəsinin 25 il öncə yaranması və sonrakı ictimai-siyasi proseslərdə yer alması ölkəmizin ən yeni siyasi tarixi üçün fərəhli və unudulmaz hadisədir. Milli müstəqilliyin bərpası, suverenlik, demokratiya və ərazi bütövlüyünün qorunmasında AXC-nin xidmətləri danılmazdır. Hazırda müstəqillik və suverenliklə bağlı ciddi problemlərimiz olmasa da, tarixi missiyalara zidd olaraq insan hüquqları və azadlıqlarının müdafiəsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması yönündə problemlər qalmaqdadır. Belə bir çətin siyasi şəraitdə AXC ideyalarına sadiq qalan bütün cəbhəçiləri və keçmiş hərəkatçıları təbrik edir, onlara Azadlıq, Ədalət və Hüquqlar uğrunda mübarizədə uğurlar diləyirəm.
***
«Harada əzilənin müdafiəsinə qalxan varsa, öndə cəbhəçiləri görürük»
Professor Elmira Muradəliyeva:
– XX yüzilin sonunda Azərbaycanın ictimai-siyasi tələbilə doğulmuş Azərbaycan Xalq Cəbhəsi artıq əsrin rübünü yaşayır. Bu zaman kəsiyində onun sıralarında bir çoxları siyasi məktəb keçib. Amma cəbhəçi ideallarına xəyanət edənlər də az olmayıb. Bu gün cəbhəçi ideallarını onilliklərlər qanı və mübarizliyi hesabına qoruyub saxlayanların təntənəsi və bayramıdır. Cəmiyyətimizdə harada haqqın, əzilənin müdafiəsinə qalxan varsa, öndə cəbhəçiləri görürük. Milli ideallar naminə komfortluqdan şüurlu şəkildə imtina edən hər bir cəbhəçi vətəndaş cəmiyyətini ayaqda saxlayır, susanları hərəkətə gətirir. Siyasi rejimin Xalq Cəbhəsini dəfələrlə qərargahsız qoymasına baxmayaraq, bu gün də hər bir cəbhəçi yaşadığı ünvandan asılı olmayaraq, böyük bir siyasi ailənin üzvüdür. Biz varıq və olacağıq. Bu haqq yolunda hər birimizə uğurlar.
***
“Amalın xalqın xoşbəxtliyi, azadlığıdır”
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev:
– Çiyinlərində ölkəmizin adının, xalqımızın sorağının, ən əsası isə azəri türklərinin cəbhə ruhunun məsuliyyətini daşıyan AXCP!
25 İLLİK UCALIĞIN MÜBARƏK!
Bu illər ərzində sən nələr gördün, nələrdən adladın, nələr yaşadın!..
Hansı sınaqlardan keçdin, hansı məhrumiyyətlərə dözdün, hansı əziyyətlərə sinə gərdin!?
Döyüldün, söyüldün, təqib olundun, həbs edildin, amma əyilmədin, sınmadın. Sənə xəyanət etdilər, səni satdılar, xaincəsinə arxadan zərbələr vurdular, şərlədilər, üstünə çamur atdılar, ölümlə hədələdilər, qorxmadın, çəkinmədin.
Min bir əzaba qatlaşdın, sinəni rejimin amansız hücumlarına sipər elədin. Şərin, ədalətsizliyin, haqsızlıq və Allahsızlığın üzərinə şax- məğrur yeridin. Əvəzində: sağ qolunla sol qolunu, sol qolunla sağ qolunu kəsdirdilər – diksinmədin, ağlamadın, sızlamadın, başını dik tutub da mərdi-mərdanə dözdün…
Dözdün və irəlilədin, irəlilədin. Dayanmadın, toxtamadın. Zərrə qədər də olsa öz ideallarına, arzularına, məqsəd-məramına şəkk gətirmədin, mücadiləndən üz döndərmədin, bir an da belə müqəddəs saydığın HAQQ YOLUNDAN sapmadın!
HAQQ YOLUN MÜBARƏK, AXCP!
Rejim sən istəyənləri, səni istəyənləri, səninlə olanları pərən-pərən salmağa cəhd göstərdi, onlara olmazın əzablarını verdi, onları zindanlara atdı, əzdi, təhqir elədi, alçaltdı, amma niyyətinə çata bilmədi ki, bilmədi!.. Bilməyəçək də!
Sənin liderinin evinə həyasız-qanunsuz basqınlar yapdılar. Oğlunu, qohum-əqrabalasını şərləyib tutdular, özünü və yaxın silahdaşlarını az qala ev dustağına, girova çevirdilər… Bunlarla da ürəkləri soyumadı -qərargahının qapılarını qıfılladılar, möhürlədilər, millətin gözü qarşısında dağıtdılar, partlatdılar, yandırdılar!.. Yandırıb səni külə döndərdilər!.. Amma həmişə olduğu kimi, sən bu dəfə də birbaşa küldən baş qaldırıb yenidən doğuldun! Eynilə Feniks – Simruq quşu tək! Sən növbəti dəfə küldən alova çevrildin! Sən növbəti dəfə ODLAR QUŞU kimi qanad çaldın! Və bu, danılmaz bir həqiqətdir.
QANADLARIN, HƏQİQƏTİN MÜBARƏK, AXCP!
İqtidar yetkililəri anlamırlar, dərk etmirlər və ya anlayıb, dərk eləmək istəmirlər: hələ tarixdə olmayıb ki, hər hansı bir tiran öz xalqının arzu-istəyini, iradəsi və xöşbəxtliyini əbədi əsarətdə saxlaya bilsin. Bu, qeyri-mümkündür. Bu, qeyri-təbiidir.
Məhz elə bu səbəbdən də, xalqının qeyrətini və məsuliyyətini çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası öz haqq mübarizəsində qalib gələcək. Mütləq qalib gələcək! Buna zərrə qədər də olsa, şübhə yoxdur.
Bəli, sən yaşayacaqsan, qalib gələcəksən! Çünki sənin amalın xalqın xoşbəxtliyi, sənin məramın millətin azadlığıdır!
QALİBİYYƏTİN, AZADLĞIN, XOŞBƏXTLİYİN MÜBARƏK, AXCP!
***
«Azərbaycan Xalq Cəbhəsi tariximmizin, müstəqilliyimizin iftixarıdır»
Milli Şuranın üzvü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli:
– Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın milli kimlik, milli istiqlal tarixində ən ön sıralarda dayanaraq, xalqı təşkil etmiş təşkilat olub. Azərbaycan Xalq Cəbhəsi tariximmizin, müstəqilliyimizin iftixarıdır. Bu gün hansı siyasi partiyada təmsil olunmasından asılı olmayaraq hamı özünü Azərbaycan xalqının cəbhəçisi kimi özünü bu mübarizədə görür. Azərbaycan Xalq Cəbhəsinin 25 illiyi dövlət müstəqillik əldə etsə də, xalqımızın azad olmadığı bir dövrə təsadüf edir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan həqiqi azadlığına, müstəqilliyinə qovuşacaq. O zaman AXC-nin tarixi hadisələrdə rolu da bir daha qeyd olunacaq. Mən bu gün münasibəti ilə meydan hərəkətindən indiyə qədər mübarizədə iştirak etmiş xalqın bütün mübariz övladlarını təbrik edirəm. Bütün repressiyalara, təzyiqlərə baxmayaraq bu mübarizəni davam etdirən insanları təbrik edirəm. Ümid edirəm ki, bu şərəfli tarixi bizdən sonra da gələn cəbhəçilər şərəflə davam etdirəcəklər.
***
“Millətin azadlıq sevgisi və istəyindən irəli gələn hadisə ”
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı:
– AXC-nin yaranması heç də hansısa bir qrup insanın fəaliyyətindən ibarət deyil. AXC yaranmağı millətin o zaman azadlıq sevgisi və istəyindən irəli gələn bir hadisə idi. AXC-ni indiki siyasi istəklərindən və yönümündən asılı olmayaraq zənnimcə hamı dəstəkləməlidi. AXC xalq hərəkatı idi. Sonradan partiyalar yarandı. Xalqın istəkləri partiya yönümündən asılı olmayaraq bir olaraq qalır. Azərbaycanın suverenliyi, müstəqilliyi, onun ərazi bütövlüyünün bərpa olunması. AXC-nin bir daha təbrik edirəm, bir daha millətə başıucalıq arzulayıram.
***
«AXCP repressiya tariximizin avanqardıdır»
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli:
– Azərbaycan xalqı dünya tarixinin ən nəhəng və ən qəddar imperiyalarından biri olan Rus İmperiyasına qarşı ötən yüzildə iki böyük mücadilə salnaməsi yaradıb. Əsrin əvvəllərində çar Rusiyasına qarşı azadlıq mübarizəsi aparan babalarımız bütün müsəlman-şərq tarixinin ilk dünyəvi cumhuriyyəti təsis etməklə dünyaya demokratiya dərsi keçdilər. Sovetlərin 70 il ərzində dayanmadan biçdikləri zəmi 20-ci əsrin sonlarında yenidən boy verdi və Azərbaycanın azadlıq tarixinin növbəti şanlı səhifəsi yazıldı. Yenə də xalqımız dünyanı heyran qoymağı bacardı: öz ərazisindən rus hərbi bazalarını çıxararaq gerçək azadlığına qovuşan ilk Avropa dövləti Azərbaycan oldu. Ən qısa zamanda həyatın müxtəlif sahələrində cəsarətli demokratiya örnəkləri yaradıldı. Elə örnəklər ki, onları həzm etmək nəinki pusquda yatıb qisas anını gözləyən imperiyaya, hətta avroritar sovet qılafından çıxa bilməmiş yerli ictimai düşüncə üçün də çətin olacaqdı… Bu gün İkinci Azadlıq hərəkatının şərəf tarixini yaradan bir birliyin- Azərbaycan Xalq Cəbhəsi Partiyasının 25 illik yubileyidir. Və bu gün heç tərəddüdsüz AXCP nəinki demokratiya və azadlıq tariximizin, həm də repressiya tariximizin avanqardıdır. AXCP ən çox təzyiqlərə məruz qalan, üzvləri ən çox təqib olunan və həbs olunan partiyadır. AXCP-in qərargah problemi ətrafında yaşanan tragikomediya bu partiyaya olan gerçək münasibətin əyani göstəricisidir. Bu gün cəbhəçi sözü az qala işsiz sözünün sinoniminə çevrilib. Ancaq bir gerçək də var ki, bu ölkədə siyasi mənsubiyyətindən asılı olmayaraq kimin haqqı tapdalanırsa, kimin hüquqları pozulursa, dərhal başının üstündə min bir məhrumiyyətlərlə yaşayan, lakin heç bir təmənnası olmayan cəbhəçiləri görür. Ölkədə yüzlərlə təminatlı media quruluşu olsa da, səsinə təmənnasız olaraq bir tək əməkdaşlarına aylarla əməkhaqqı verə bilməyən Azadlıq qəzeti səs verir. Bu gün cəbhəçilərin gerçək iş yeri siyasi məhbusların məhkəmələridir. Mən bütün bunları təkcə eşitdiklərim, gördüklərim deyil, yaşadıqlarım əsasında, özü də böyük minnətdarlıq duyğusu ilə qələmə alıram. Heç vaxt tanımadığım cəbhəçilər ən çətin günlərimin dostuna çevrildilər. AXCP haqqında daha necə xoş sözlər demək olar, ancaq mən yalnız bu partiyanın iki fəalının son dövrlər cəmiyyətə verdiyi əxlaq və mənəviyyat nümunələri ilə kifayətlənəcəyəm: bunlar Pərviz Həşimli və Kəmalə Bənənyarlı nümunələridir. Az qala hər şeyin alınıb-satıldığı bir dövrdə şərəfini, mənliyini, şəxsiyyətini qoruyaraq məhbəs həyatını maddiyyatdan, təminatlı və rahat həyatdan üstün tutmaq cəmiyyətə bir ləyaqət dərsi idi və bu dərsin izsiz ötüşməyəcəyinə əminəm.
Cəbhəçi olmasam da məni heç vaxt özlərindən ayrı bilməyən əziz dostlarım! Sizə, özümə və xalqımıza ən yaxın zamanda həyatınızın ən gözəl illərini sərmayə olaraq yatırdığınız demokratiya ağacının meyvəsindən dadmağı arzulayıram. Ad gününüz mübarək!
***
«AXC-nin fəaliyyəti əvəzedilməzdir»
Tanınmış vəkil Aslan İsmayılov:
– 1989-cu ildə 15 illik Rusiya həyatından sonra Azərbaycana – Bakıya qayıtdım. Azərbaycan Respublikası prokurorluğunda işləsəm də, AXC-yə heç bir aidiyyatım olmasa da keçirdikləri bütün tədbirlərdə iştirak edirdim. Hər iştirak etdiyim tədbirdən evə qürur hissi ilə qayıdırdım. O günlər Azərbaycanda gedən proseslər tək SSRİ-nin deyil bütün dünyanın diqqət mərkəzində idi. Bütün bu proseslərin başında isə Azərbaycanda Milli Azadlıq Hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat – AXC dururdu. İnanmıram ki, nə vaxtsa Azərbaycanda yaranacaq hər hansı bir təşkilat AXC qədər insanların qəlbinə yol tapmış olsun. Bu təşkilata heç bir aidiyyatı olmayan insanlar da daim onların tədbirlərində iştirak edir, səsləndirdiyi şüarları ürəkdən dəstəkləyirdilər. Yarandığı ilk günlərdən SSRİ xüsusi xidmət orqanları var gücü ilə bu təşkilatı məhv etmək istəsələr də buna nail ola bilmədilər. AXC-ni nə qədər parçalasalar, bölsələr də bu təşkilat missiyasını yerinə yetirdi. Müstəqil Azərbaycan Dövlətinin yaranmasına nail oldu. Bu gün tez-tez səslənən bir ədalətsiz fikirə münasibət bilbirməmək olmur. Xüsusilə yeni YAP-çılar tez-tez təkrarlayır: “Özbəkistan, Türkmənistan, Qırğızıstanda milli azadlıq hərəkatı olmadı. Ancaq onlar da müstəqil oldu. Sadəcə Moskva hamıya müstəqillik verdi”. Bu həddindən artıq haqsız, öz millətinin nailiyyətinə hörmətsiz yanaşmadır. O dövrləri yaxşı bilən, hadisələri izləyən, işimlə bağlı bəzi hallar barədə məlumatlı olan birisi kimi qətiyyətlə deyirəm: əgər Azərbaycanda, Pribaltika ölkələrində Milli Azadlıq Hərəkatları olmasaydı SSRİ heç vaxt dağılmaz və tərkibindəki dövlətlər müstəqil olmazdı. Xüsusilə 1990-cı ilin əvvəlləri AXC-nin fəaliyyəti əvəzedilməzdir. Hesab edirəm ki, tarixçilər bu dövrün araşdırılmasına lazımi diqqət yetirməyiblər. SSRİ DTK-sının o günlər Bakını qan çanağına çevirməsinin, Sumqayıt hadisələrindən yüzlərlə, minlərlə dəfə ağır faciənin baş verməsinin qarşısın məhz AXC aldı.
AXC-nin fəaliyyətindəki səhvləri çoxları kimi mən də vaxtaşırı tənqid etmişəm. Ancaq onun heç bir səhvi millətimizin tarixində yer aldığı şanlı səhifələrə kölgə salmamalıdır. Xüsusilə sıravi cəbhəçilər – həyatlarını, gəncliklərini millətimizin yolunda qurban vermiş insanlar ən böyük hörmətə layiqdirlər. Azərbaycan tarixində bəlkə də AXC qədər təqib olunan ikinci bir təşkilat olmayıb və ümid edirəm ki, olmayacaqdır. Buna baxmayaraq məhz AXC-dən başlanğıc almış təşkilatlar bu gün də müstəqil, demokratik Azərbaycan uğrunda fədakarlıqlarını davam etdirirlər.
AXC-nin 25 illik yibileyi ilə bu təşkilatın rəhmətə getmiş yaradıcılarına Allahdan rəhmət diləyir, sağ olanlarına, bu yolu davam etdirənlərə uğurlar diləyirəm. Ümidvaram ki, gələcək nəsillər bu təşkilata layiqli dəyərini verəcəkdir.
***
“Mahnıdan sözləri atmaq olmaz”
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus:
– 25 il – əsrin dörddə biri əhəmiyyətli tarixdir.
Biz AXC-ni yaradanda, proqram, nizamnamə yazanda qırmızı faşizm imperiyasından azad olmaq, müstəqil və demokratik Azərbaycanın qurulması barədə düşünürdük. Bu gün nə demək olar? «Nə qədər az yol keçilib, nə qədər səhvlər edilib». Bəzi səhvlər cinayətdən də dəhşətlidir, onlar barədə danışmaq çətindir, ancaq bunu yadda saxlamaq lazımdır: Heydər Əliyev dəvətlə prezident kreslosuna oturdu…
Çoxmillətli QULAQ-SSRİ dağılandan sonra biz daha sərt qapalı milli həbsxanaya düşdük. Bizim gənclərin bu gün avtoriar rejimlə mübarizədə 25 il əvvəl olduğu qədər cəsarətli olmağı lazımdır.
O zaman 1988-1989-cu illərdə az adam SSRİ-nin dağılacağına inanırdı. Ancaq kütləvi müqavimət var idi və müstəqil, demokratik Azərbaycanın qurulacağına olan inam sarsılmaz idi. Nə qədər gözəl insan azadlıq, müstəqillik uğrunda, erməni aqressiyasına qarşı mübarizədə həyatını qurban verdi. Sonralar nə qədər adam Əliyev rejiminin zindanlarında həyatını itirdi…
AXC hərəkatdan partiyaya çevrildi. İnsanlar Milli Məclisdə oturan və satılmış adamların adlarını yaxşı xatırlayır. Ancaq diktator rejiminə qarşı aparıcı müxalifət partiyası kimi qalmaqda davam edən Xalq Cəbhəsinin qorunması üçün nə qədər güc, cəsarət tələb olunduğunu çox az adam bilir. Onlar ayaqdadır, onları sındıra bilmədilər!
Gözəl Bayramlı, Kəmalə Bənənyarlı, …! Kişilər belə gözəl qadınların cəsarəti qarşısında baş əyir.
Azadlıq uğrunda belə mübarizlər varsa, Vətənimiz azad olacaq!
***
«Cəbhədə keçirdiyim illər ömrümün ən mənalı illəridir»
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli:
– AXC Azərbaycanın çağdaş tarixində ən önəmli rol oynamış bir təşkilatdır. Təşkilat 1988-ci ildən Azərbaycanda geniş vüsət almış milli-azadlıq hərəkatının gedişində yaranıb və proseslərə rəhbərlik missiyasını öz üzərinə götürüb. Təşkilatın əsas hədəfləri Azərbaycanın müstəqilliyinin təmin edilməsi, ölkəmizin demokratikləşməsi və Dağlıq Qarabağda erməni separatçılarının qarşısının alınması olub. Təşkilat birinci hədəfinə çatıb – 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan edib və ölkənin suverenliyi beynəlxalq aləmdə tanınıb. Qarabağ müharibəsində də AXC öndə olub və 5 mindən çox cəbhəçi birinci Qarabağ savaşında şəhid olub. AXC 1995-ci ildən siyasi partiyaya çevrilərək Azrbaycanın demokratikləşməsi üçün öz töhvəsini verib və verməkdədir. 15 il AXC (AXCP) Ali Məclisinin sədri kimi təşkilatın ali rəhbərliyində təmsil olunmuşam və cəbhədə keçirdiyim illəri ömrümün ən mənalı illərindən hesab edirəm. İnanıram ki, cəbhəçi dostlarım bundan sonra da ölkənin demokratikləşməsində fəal iştirak edəcək və demokratik dəyərlərin formalaşmsında aktivlik göstərəcəklər. Yubiley münasibəti ilə cəbhəçi dostlarımı təbrik edir və onlara gələcək fəaliyyətində uğurlar arzulayıram.
***
«Minillikləri arxada qoymuş xalqın Cəbhəsi»
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu:
– Minillikləri arxada qoymuş xalqın 25 yaşlı Cəbhəsi Xalq Cəbhəsinin 25 yaşı tamam oldu. İnsan ömrü baxımından, bu, artıq gəncliyin yetkinliyə keçən fazasıdır. Cəbhə bu illər ərzində romantika dönəmini, iqtidarda olmaq məsuliyyətini, böhranlar, itkilər, məyusluqlar dönəmini, əməli işlər dövrünü və beləcə siyasi amplitudanın bir çox nöqtələrini keçdi. Qarşıda nədir? Yeni formatlar, yenilənmiş yanaşmalar, həllər və bu kimi. Amma əsası odur ki, minillikləri arxada qoymuş xalqın Cəbhəsi olmağa iddialı olan hərəkat, həmfikirləri və məsləkdaşları ilə birgə sükanı möhkəm saxlasın, fırtınalı və təlatümlü siyasi həyat dənizində kursu itirməsin. Cəbhəyə bu yolda böyük uğurlar arzulayırıq. Uca Allahdan bütün xalqımıza layiqli və mənalı həyat diləyirəm!
***
“AXC Azərbaycanın simasıdır”
Milli Azadlıq Hərəkatının fəal üzvü olan, şair Əli Nasir:
– AXC Azərbaycanı müstəqilliyinə çatdıran şəhid verən bir təşkilatdır. AXC Azərbaycanın simasıdır. AXC zəifləyə də bilər, güclənə də. AXC Azərbaycanı son məqsədinə çatdıracaq. O gün olsun AXC-nin 50, 250, 1000 illiyini Azərbaycan xalqı qeyd etsin. AXC yenə də AXC-dir, yenə də AXC olacaq. Azərbaycan xalqının cəbhəsidir. Nə qədər Azərbaycan xalqı var, onun Cəbhəsi də olacaq. Yaşasın Azərbaycan Xalq Cəbhəsi.
***
«Cəbhəçilik millətin sərvətlərinə göz dikmədən, milləti qarşılıqsız sevməyin nümunəsidir»
Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli:
– Azərbaycan xalqının azadlıq eşqindən doğan Azərbaycan Xalq Cəbhəsi müstəqilliyin qazanılmasında mühüm rol oynamış ocaq təşkilat olub. Xalq Cəbhəsi heç bir ayrı-seçkilik etmədən rəngindən, dilindən, dinindən asılı olmayaraq bütün vətəndaşları qucaqlayan böyük, nəhəng bir təşkilat olub. Azərbaycanın müstəqilliyinin davam etməsində hər kəs həm hakimiyyətdə olan və bu ölkənin nemətlərindən yararlananlar, həm də Azərbaycan xalqı Xalq Cəbhəsinə miənnətdar olmalıdır ki, onu imperialist əsarətdən qurtarmaqda həlledici rol oynayıb. O zaman bir tələbə kimi Azərbaycan Xalq Cəbhəsinin sırasında olmağımdan qürur duyuram. Başda Əbülfəz Elçibəy olmaqla bu hərəkətdə rolu, əziyyəti olmuş və haqqa qovuşmuş bütün şəhidlərimizə tanrıdan rəhmət diləyirəm. Onların ruhu qarşısında biz hamımız borcluyuq. Cəbhəçi olmaq bir çox məsələni göz önünə gətirir. Cəbhəçilik artıq dürüstlüklə, əyilməzliklə eyni mənayə gətirilən bir ifadədir. Cəbhəçilik millətin sərvətlərinə göz dikmədən, milləti, vətəni qarşılıqsız sevməyin nümunəsidir. Xalq Cəbhəsi Azərbaycan xalqının taleyinin müəyyənləşməsində mühüm rol oynayıb. Bu proses bundan sonra da davam edəcək. Azərbaycan xalqının tam xoşbəxtliyə qovuşana qədər, Azərbaycanın sərhədləri bir bayraq altında birləşənə qədər bu ənənə davam edəcəkdir. Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyidir. Bu münasibətlə mən bütün cəbhəçiləri təbrik edirəm. Onlara uğurlar, cansağlığı arzulayıram. Mübarizəmiz qələbə ilə başa çatacaq.
***
«Xalq Cəbhəsi bu gün Azərbaycanın aparıcı təşkilatlarından biri sayılır»
Milli Şuranın üzvü, “Ağrıdağ” cəmiyyətinin sədri olan Nurəddin Mustafayev:
– Azərbaycan Xalq Cəbhəsinin ölkəmizin müstəqillik qazanmasında rolu çox böyükdür. Azərbaycan Xalq Cəbhəsi üzərinə çox böyük missiya götürmüşdü. Həmin missiyanın həyata keçirilməsində böyük çətinliklər olub. Amma Azərbaycan Xalq Cəbhəsinin qeyrətli oğul və qızları bütün bu çətinliklərə sinə gələrək təşkilatı qoruyub bü günümüzə qədər çatdırıblar. Azərbaycan Xalq Cəbhəsi bu gün Azərbaycanın aparıcı təşkilatlarından biri sayılır.
***
«Mübarizə Azərbaycanın azadlıq əldə etməsinə qədər davam edəcək»
Milli Şuranın üzvü, «Nardaran Ağasaqqallar Şurası»nın sədri Natiq Kərimov:
– Azərbaycanın istiqlal qazanmasında ən önəmli rollardan birini Xalq Cəbhəsi oynayıb. Xalq Cəbhəsi xalqın mübarizəsinin davamı olaraq yaranmışdı. Xalq Cəbhəsi əsl xalq təşkilatı idi. Azərbaycanın hazırkı durumu ürəkaçan olmasa da, hazırda dövlətimizin öz bayrağı və gerbi var. Buna görə də biz Xalq Cəbhəsinə borcluyuq. Xalq Cəbhəsi vaxtı ilə üzərinə götürdüyü vəzifəni tam yerinə yetirməyib. Əminəm ki, xalqımız hazırkı passivlikdən qurtararaq öz taleyinə sahib çıxacaq. Xalq Cəbhəsi Azərbaycanın tarixinin ayrılmaz parçasıdır. Xalq Cəbhəsi bu gün mübarizə aparır və bu mübarizə Azərbaycanın azadlıq əldə etməsinə qədər davam edəcək.
***
«Xoşbəxtəm ki, Xalq Hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşam»
Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadə:
– Azərbaycan Xalq Cəbhəsi bir tarixi fenomendir. Azərbaycan Xalq Cəbhəsinin yaranması və keçdiyi mübarizə yolu tarixdə görünməmiş hadisədir. Azərbaycan Xalq Cəbhəsi vicdan, düzgünlük hərəkatının təzahürüdür. Çox xoşbəxtəm ki, vaxtı ilə Xalq Hərəkatında iştirak etmişəm və Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşam.
***
«Müstəqilliklə adı yanaşı çəkilən təşkilat»
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:
– Azərbaycan müstəqilliyi ilə, Azərbaycan Xalq Cəhbəsinin adı yanaşı çəkilib. Bunlar bir-birin tamamlayan terminlərdir. Ölkədə demokratiyanın inkişafı,qanunun aliliyinin təmin olunması üçün yüzlərlə qurban vermiş, daima təqib və həbslərlə üzləşmiş Azərbaycan Xalq Cəhbəsi Partiyasının yubileyi münasibətilə onun bütün üzvlərinə, tərəfdaşlarına ,təsisçilərinə, və bu partiyanın yaranmasında zəhməti olan bütün insanlara öz səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
***
«Azadlıq uğrunda mübarizədə uğurlar»
Şair Rüstəm Behrudi:
– Azərbaycan xalqının azadlıq mübarizəsinin tərcümeyi-halına çevrilmiş Azərbaycan Xalq Cəbhəsinin yubeliyini təbrik eləyir, azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni alqışlayıram. Azadlıq mübarizəsinin ilk qığılcımları dövründə yazdığım şeiri də onlara ünvanlayıram.
YOLÇULUQ
Mən sevda yolçusuyam,
dəlilik var başımda,
Ona görə sözlərim
kədərlidir, qəm dadır.
Gözləməkdən yoruldum,
son səbri var daşın da,
Duydum daha dözmərəm,
dözüm məni aldadır.
Mən sevda yolçusuyam –
sənətim yolçuluqdur,
Kəsə bilməz yolumu
tale qarla, yağışla.
Dünya dolu adamdır –
yol durub, yolçu yoxdur,
Gejiksəm də gəlirəm,
ey yol, məni bağışla!
Daha qulam büsbütün
içimdəki sevdama,
mən sevda yolçusuyam,
mənimki məndən keçib.
Mən sənin olmamışam,
Vətən, heç vaxt, sən demə,
Sənə dəyən zərbələr
adlayıb məndən keçib.
Zaman, məkan bir qırıq,
daha gəlməz eynimə,
Əfsanədir, nağıldır
bu yoldan özgə hər şey!
Sevdamı zireh kimi
geyinmişəm əynimə,
Ölümsüzəm bu qəmlə,
yolum üstə duran, hey…
Qoy işləsin bu yaram
gündən-günə lap dərin,
Mən bir sıra nəfəri –
Ölmək var! – Dönmək nədir?!
Bil, sonunju dənizə
varıb gedən ərlərin
Qəbrində qərar tutmaz,
ölməz ruhu məndədir.
Tanrı baxır, yol verməz,
sevda əkim, qəm yeyim,
Mənim zamanım gəlir…
Bax – tarix səksəkədə!
Mən səni gedəjəyəm,
ey yol! – Mənim taleyim!! –
Zalım dostlar arxamja
gəlsə də, gəlməsə də!
Saraltsa da yarpaqtək
dərd-qəm mənim sözümü,
misralarım ağlayıb,
hönkürsə də ağıtək;
Zaman mənim kül örtmüş
ojaqdakı közümü,
Min il belə keçsə də…
Söndürə bilməyəjək.
1987.
***
“Müstəqillik üçün sonsuz böyük iş ”
Tanınmış ziyalı Rafiq Əliyev:
– Azərbaycanın müstəqilliyi üçün Xalq Hərəkatının son dərəcə müstəsna xidməti olub. Hesab edirəm ki, 80-ci illərin sonunda yaranmış Azərbaycan Xalq Hərəkatı ölkənin müstəqilliyi sonsuz böyük iş gördü. Əfsuslar olsun ki, o hərəkat sonradan parçalandı. Ancaq mən həmişə yazılarımda deyirəm ki, güc ancaq millətin birliyindədir.
***
“Qarşıya qoyulan missiya yerinə yetirməlidir”
Tanınmış vəkil Namizəd Səfərov:
– Mən özüm AXC-nin yaradıcılarından biriyəm. Mənim rəhbərliyim altında o vaxtkı 26 Bakı Komissarlığı rayonu, indiki Səbayel rayonun AXC yaranıb. Mənə çox doğma bir təşkilatdır. AXC Azərbaycan tarixinin mühüm dövründə meydana gəlib və Allah tərəfindən qarşısına – yeni Azərbaycan yaratmaq məqsədi qoyulub. 1992-ci ildə biz bu tarixi yaratdıq. Hakimiyyət formalaşdırdıq. Çox təəssüf ki, o dövrün obyektiv, subyektiv səbəbləri iqtidarın uzun dövr yaşamasına imkan vermədi. Hesab edirəm ki, təşkilat 5-10 il hakimiyyətdə qalsaydı, Azərbaycan tamamilə başqa bir istiqamətdə gedərdi. Azərbaycanın Xalq Cəbhəsi qarşısında qoyduğu missiyanı yerinə yetirməlidir. İnanıram ki, tezliklə bu missiyanın öhdəsindən gələcək. Bir daha Azərbaycan Xalq Cəbhəsinin bütün üzvlərini, fəallarını, bu 25 illik yubiley münasibətilə təbrik edirəm, onlara sağlamlıq arzu edirəm. Hesab edirəm ki, onlar qarşısında duran missiyanı şərəflə yerinə yetirəcək.
***
“Azadlıq mübarizəmizin rəhbəri”
Tanınmış jurnalist, professor Qulu Məhərrəmli:
Hər xalqın tarixində, adətən kəskin keçid dövrlərində meydana çıxan və mürəkkəb prosesləri vahid məcraya yönəldə bilən partiya, kütləvi təşkilat və ya hərəkatlar olur.
XX əsrin sonlarında ölkəmizdə geniş vüsət almış xalq hərəkatının önündə dayanan, xalqın siyasi düşüncəsini, arzu və istəklərini ifadə edən, sonralar isə millətin istiqlal mübarizəsinə rəhbərlik edən belə bir kütləvi təşkilat, məhz Azərbaycan Xalq Cəbhəsi idi. Mürəkkəb siyasi şəraitdə demokratik düşüncəli ziyalıları, fikir adamlarını, gəncləri öz sıralarında birləşdirən AXC xalqımızın azadlıq mübarizəsinə inamla rəhbərlik edərək, Azərbaycanın öz müstəqilliyini bərpa etməsində misilsiz rol oynadı.
Erməni separatizminin gücləndiyi 90-cı illərin əvvəllərində kommunist rejiminin Moskvadan göstərişlər gözlədiyi bir vaxtda AXC xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qaldıra bildi, Milli ordunun sıralarında döyüşə atılanların ilk cərgəsində bu hərəkatın üzvləri az deyildi.
Sonrakı illərdə cəmiyyətin siyasi sisteminin təşkilində, onun idarə edilməsində, müxalifət cəbhəsinin qurulmasında da nüfuzlu siyasi qüvvə kimi AXC öndə olub.
Şərəfli mübarizə yolu keşmiş AXC-ni yubileyi münasibətilə təbrik edir, onun qurucularını, Vətən uğrunda canını qurban vermiş şəhidlərini ehtiramla yad edir, bu gün mübarizə əzmində olan üzvlərini, o cümlədən başqa ölkələrdə mühacirət ömrü yaşayan veteranlarını ürəkdən təbrik edirəm.
***
“Azərbaycanın real müstəqilliyinə imza atmağı arzu edirəm”
Tanınmış vəkil Fuad Ağayev:
– Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə yaransa da, hələ bir neçə il ondan öncə yaranmış Çənlibel, Oğuz və bir sıra digər təşkilatların məqsədlərini ümumiləşdirmiş vahid niyyətə çevirən qurum oldu. AXC-nin fəaliyyətində müsbət məqamlar yetərincə idi. Arzum budur ki, Azərbaycan Xalq Cəbhəsini təmsil edən siyasi təşkilatlar ümdə məqsədlərini həyata keçirməyə özlərində qüvvə tapsınlar. Ümumi birliyə, Azərbaycanın real müstəqilliyinə imza atsınlar.
***
“Hamımızın bir amalı var idi – Azərbaycan müstəqil olmalıdır!”
ReAL Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli:
– AXC-nin yaranmasının 25 illiyi siyasi tariximiz, müstəqillik tariximiz üçün mühim hadisədir. AXC yaranan vaxt birinci kursda oxuyurdum, o zamanlar tələbə ikən necə həyacanla, necə ümidlə bu prosesləri izlədiyimi, iştirak etdiyimi xatırlayıram. Hamımızın bir amalı var idi – Azərbaycan müstəqil olmalıdır! AXC bu missiyanın yerinə yetirilməsində başlıca rol oynadı – ölkəmiz müstəqil oldu! İndiki vəzifəmiz isə ondan ibarət olmalıdır ki, Azərbaycan sivil, demokratik Avropa ailəsinin bir parçası olan dövlət olsun, işğal altındakı torpaqlarımız qayıtsın. Çalışmalıyıq ki, 1989-cu ildə AXC-nin qurulması xalqımızda necə ümid, həyacan yaratmışdısa, müasir siyasi partiyalar, hərəkatlar, sivil toplum da o zamankı həyacanı, ümidi yarada bilsin. Dəyişikliklərin yolu məhz ümid və güvənin yaranmasından keçir. AXC-nin yaranması münasibəti ilə bütün xalqımızı təbrik edirəm!
***
“Milli oyanışdan doğulan təşkilat”
Fikrət Cəfərli:
XX əsrin əvvəlində müsavatçılıq ideologiyası ətrafında birləşib özünün şərqdə ilk demokratik, müstəqil dövlətini quran xalqımız əsrin sonunda70 illik sovet işğalından sonra düz 25 il əvvəl Xalq Cəbhəsi ətrafında birləşdi və müstəqil dövlətimizin qurulması uğrunda mübarizəyə başladı. Azad millət, müstəqil dövlət ideyası ətrafında birləşən xalqımız təşkilatlanaraq, Xalq Cəbhəsi adı altında SSRİ-nin imperalist qüvvələrinə qarşı sarsılmaz milli birlik və iradə ilə 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini bərpa edə bildi.
Milli oyanış nəticəsində doğulan Xalq Cəbhəsinin bazasında qurulmuş XALQ CƏBHƏSİ PARTİYASI cəsarətli mübarizə əzimilə onun şərəfli tarixini təşkilat olaraq üzərinə götürüb və AXC-nin varisi kimi demokratik dövlət quruculuğunda mübarizəsini davam etdirməkdədir. 25 illik mübarizə tarixində AXCP milli maraqları və xalq rifahını həmişə qrup marağından öndə tutan bir təşkilat olub. 25 illik yübleyinin dövlət səviyyəsində qeyd olunmasına haqq edən təşkilat, təəssüflər olsun ki, bu gün hakimiyyətin basqıları nəticəsində qərargahsız qalıb. İnanıram ki, CƏBHƏÇİLƏR bütün problemləri cəsarətləri və qətiyyətli liderləri ilə aşacaqlar. Növbəti tarixləri dövlət səviyyəsində öz təşkilatçılıqları ilə qeyd edəcəklər.
25 yaşın mübarək, AXCP!
Xəyal, Ramin