Leyla Yunus tədbirdə plakat qaldırdı; vitse-spiker Brayzaya hücum elədi; ermənilər təxribata cəhd göstərdi
Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarı işinə başlayıb. APA-nın məlumatına görə, üçgünlük seminarın iştirakçılarını Milli Məclisin sədri Oqtay Əsədov və NATO PA-da Azərbaycan nümayəndə heyəinin rəhbəri Ziyafət Əsgərov salamlayıblar. NATO PA-nın prezidenti Hyu Beyli öz çıxışına başlarkən deyib ki, “Sülh naminə tərəfdaşlıq” proqramı ölkələrindən biri – Gürcüstan çərşənbə axşamı NATO üzvlüyünə hazır olduğunu bəyan edəcək.
Sonra Beyli gündəliyi açıqlayıb. Gündəliyə 9 sessiya daxildir: Krım böhranı və onun Cənubi Qafqaza təsiri, Azərbaycanın Iran da daxil olmaqla, qonşuları ilə münasibəti, Iraqda vəziyyət (Mosulda Türkiyə konsulluğunun zəbt edilməsi də daxildir).
NATO PA seminarı formatında ilk dəfə olaraq NATO PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyanın rəhbərliyi ilə erməni nümayəndələr tədbirdə iştirak ediblər. Nümayəndə heyətinə həmçinin Irs Partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan və Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan daxildir. Ötən gün rəsmi Bakı Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verib.
Ermənilər tədbiri pozmaq istədi
Lakin bu gün Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü erməni deputatların Bakıya gəlişinə etiraz olaraq aksiya keçirib. Musavat.com-un məlumatına görə, aksiya erməni deputatların da qaldığı “Four Seasons” otelinin qarşısında keçirilib.
Polis əməkdaşları aksiyaya sərt müdaxilə etməyiblər. Aksiya iştirakçıları otelin qarşısından uzaqlaşdırılıb, əllərindəki plakatlar isə müsadirə edilib.
Ermənistan nümayəndə heyəti NATO-nun tədbirini pozmağa cəhd edib. Iclasda əvvəlcə LINKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut çıxış edərək, son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulayıb.
O, müsbət dəyişikliklərdən danışaraq qeyd edib ki, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.
D.Sammutun çıxışını 28-ə yaxın ölkənin nümayəndələri tərəfindən alqışlarla qarşılandığı halda, Ermənistan nümayəndə heyəti tərəfindən protest edilib. Adlarının yazıldığı lövhələri qaldıran Ermənistan nümayəndə heyəti proqramdan və növbədən kənar ayağa qalxaraq iclasın gedişatını pozmağa cəhd ediblər. Seminarı aparan Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov onlara söz verib.
Ermənistan nümayəndə heyəti adından danışan Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan əvvəlcə D.Sammutun çıxışına etiraz etdiyini bildirsə də, bunu əsaslandırmayıb və dərhal Azərbaycan Milli Məclisinin sədri O.Əsədovun çıxışındakı Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın düşmüş bir milyondan çox azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı tələbini “aqressiya” adlandırıb. O, israrla tələb edib ki, buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq tək Ermənistan və Azərbaycan yox, qondarma “Dağlıq Qarabağ Respublikası” da göstərilsin.
Seminar ilk fasiləyə çıxmazdan qabaq Ziyafət Əsgərov söz istəyərək çıxış edib: “Burada Ermənistan nümayəndə heyəti BMT-nin Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsinin mətnindən danışdı. Cənab Poqosyan, o qətnamə, bax, bu dəqiqə mənim əlimdədir. Burada yazılıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub və dərhal işğal olunmuş torpaqları boşaltmalıdır. Bundan başqa, sizin prezident Serc Sarkisyan AŞ PA-nın iclasında açıq-aşkar bəyan etdi ki, Ermənistan Azərbaycanın torpaqlarını tutub və nəzarət edir. Bu, sizin prezidentin rəsmi etirafıdır. Indi siz prezidentinizdən qabağa gedirsiniz? Eyni zamanda hazırda Azərbaycanın Naxçıvan bölgəsi Ermənistanın işğalı nəticəsində blokadadır. Amma siz Ermənistanın blokadasından danışırsınız. Bir az vicdanla yanaşaq, kim kimi blokadaya salıb?”
Z.Əsgərovun çıxışı zamanı Erməni nümayəndə heyəti yerindən səs-küy salaraq çıxışı kəsməyə cəhd göstərib.
Metyu Brayzanın çıxışı qalmaqal yaratdı
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Metyu Brayzanın çıxışı da qalmaqala səbəb olub.
APA-nın məlumatına görə, M.Brayza deyib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli məqsədilə uzun illərdir göstərdiyi səylərə baxmayaraq, problem hələ də qalır: “Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır”.
M.Brayza çıxışında münaqişənin səbəbini göstərməyərək ümumi şəkildə tərəfləri dil tapmağa çağırıb.
Ermənistan nümayəndə heyəti M. Brayzanın çıxışını alqışlayaraq proqramdan kənar söz almaq istəsə də, tədbiri aparan NATO PA prezidenti Hu Beyli onları reqlamentə riayət etməyə çağırıb. Sonra Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyana söz verilib. O, mövzudan kənara çıxaraq Azərbaycan tərəfindən snayperləri təmas xəttindən geri çəkməyi tələb edib. Söz alan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev M.Brayza və erməni tərəfinin çıxışlarına sərt münasibət bildirib: “Mən əvvəldən də Metyu Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşınız türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!”
Ziyafət Əsgərov ABŞ-ı topa tutdu
Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Z.Əsgərov çıxışında Metyu Brayzaya və erməni qonaqlara suallar ünvanlayıb: “Cənab Brayza, əvvəlcə deyin görək, Qarabağ sözünün nə demək olduğunu bilirsiniz? Bilmirsiniz, qoyun, mən deyim. Qarabağ sözü sırf Azərbaycan sözü olaraq ”qara bağ” sözlərinin birləşməsindən ibarətdir. Yəni, qəti olaraq erməni sözü deyil. Bu, orta əsrlərdə də, xanlıqlar dövründə də, hətta SSRI dövründə də belə olub. Cənab Brayza və erməni həmkarlar, haranı açsanız orada deyiləcək ki, Qarabağ təmiz Azərbaycan torpağıdır. Cənab Poqosyan və hörmətli sədarət! BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinin I maddəsində göstərilir: “BMT Təhlükəsizlik Şurası erməni qoşunları tərəfindən Kəlbəcər və ona bitişik rayonların işğalını pisləyir və dərhal azad olunmasını tələb edir”. Növbəti maddədə isə deyilir: “Ağdam və ona bitişik rayonların işğalı pislənilir və Ermənistan qoşunlarının oradan dərhal çıxması tələb edilir”. 874-cü qətnamə: “BMT Zəngilan və ona bitişik rayonların Ermənistan qoşunları tərəfindən işğalını pisləyir və dərhal azad olunmasını tələb edir”. Digər rayonlar üzrə də eyni sənədlər eyni sözü deyir. Daha sizə nə lazımdır?”
Z.Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt tənqid edib: “ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. Iraq və digər bu kimi bölgələrə də eyni münasibət oldu. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün Iraq xalqı necə əzab çəkir, siz də bilirsiniz, mən də bilirəm, amma beynəlxalq ictimaiyyət bundan xəcalət çəkmir. Hətta Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz. Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir, vicdan niyə susur bilmirəm. Amma 20 ildir BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir? Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiya qəbul edirsiniz. Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiniz? Axı bizim də ərazilərimiz işğal edilib… Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA toplantısında çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiniz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiniz? Bu ikili standartlara son qoyun! Ayıb olsun!”
Leyla Yunus NATO-nun tədbirində aksiya keçirdi
Tədbirdə iştirak edən Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus fasilə zamanı xarici qonaqlara müraciət edərək ölkədə insan haqları və demokratiya sahəsində vəziyyətdən danışıb, həmçinin onları bu hakimiyyətə etiraz etməyə çağırıb. “Azadlıq”a açıqlama verən Leyla Yunus çıxışı zamanı vicdan məhbuslarının şəkilləri olan plakatlar qaldırdıqlarını da deyib:
“Sessiya başlamazdan əvvəl bütün iştirakçılara Repressiyalara Qarşı Müqavimət Mərkəzinin müraciətini payladım. Artıq birinci iclasda mənim bu müraciətim barədə danışırdılar. Kofe fasiləsi başlayanda vicdan məhbuslarının, NIDA-çıların şəkilləri əks olunan iki böyük plakat götürdüm və çıxışa başladım. Mən çıxış etməyə başlayanda bizim mərkəzin üzvləri bu plakatları qaldırdılar. Dedim ki, Sülh və Demokratiya Institutunun direktoruyam, sovet vaxtından işləyirəm. Dedim siz burada toplaşmısınız ki, təhlükəsizlik və əməkdaşlıq barədə danışasınız. Sizin danışdıqlarınız nəzərə alınmayacaq. Çünki Azərbaycanda kriminal avtoritar rejimdir. Bizdə siyasi repressiyaların 130 qurbanı var. 40 vicdan məhbusu, 90 siyasi məhbus var. 15 dəqiqədən çox danışdım, mənə heç kim mane olmadı. Ətrafımda avropalı deputatlar dayanmışdı, onlar şəkil çəkirdi. Sonra vicdan məhbuslarının adlarını çəkdim və onların nəyə görə həbs olunması barədə ətraflı danışdım. Onlara dedim ki, sizə ayıb olmalıdır. Metyu Brayza çıxış etməli idi. Ancaq o da bu rejimi dəstəkləyir. Metyu Brayza üzünü o biri tərəfə çevirmişdi. Dedim niyə mənə baxmırsınız. Ona yaxınlaşdım, əlindən tutub özümə qarşı çevirdim və dedim ki, sizə ayıb olmalıdır. Siz səfir olanda da bu rejimi dəstəkləyirdiniz, indi də dəstəkləyirsiniz. Bu rejimin sonu yoxdur. Dedim burda bütöv bir sessiya Qarabağ münaqişəsinin həllinə həsr edilib. Münaqişənin hansı həllindən danışa bilərsiniz. Hamınız ”xalq diplomatiyası” barədə danışırsınız. Bizim institut 2005-ci ildən Ermənistandakı həmkarları ilə xalq diplomatiyası layihəsi ilə işləyir. Rauf Mirqədirov və onun casusluqda ittiham olunması barədə danışdım. Ermənistan nümayəndələrinə dedim ki, sizi belə gözəl casus münasibətilə təbrik edirəm. O beynəlxalq mükafat alıb. Danışığımı bitirəndə dedim ki, hamınızıa nuş olsun, kofe için, siz məni gözəl anlayırsınız ki, bu hakimiyyəti dəstəkləmək cinayətdir”.
“Bu gün Azərbaycan da Ermənistanın yolu ilə gedir”
L.Yunusun siyasi məhbuslarla bağlı aksiyasına elə tədbirin gedişində reaksiya verilib.
M. Brayza deyib ki, “hakimiyyətin güclü təzyiqlərinə baxmayaraq, ölkədə əvvəlki kimi güclü vətəndaş cəmiyyəti var. Azərbaycan vətəndaş cəmiyyətinin ən parlaq simalarından olan Leyla Yunusun buradakı çıxışı da buna sübutdur”.
Bir sıra Avropa ölkələrinin, o cümlədən Fransa, Ingiltərə, Almaniyanın elmi strukturlarının təmsilçiləri Leyla Yunusun keçirdiyi aksiyaya böyük diqqət göstəriblər. Xüsusən, Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyətlə maraqlanıblar. Leyla Yunus fasilə zamanı onlara ölkədə insan hüquqları sahəsindəki problemlər, o cümlədən repressiyalar barədə ətraflı məlumat verib.
Qeyd etmək lazımdır ki, seminarda deputatların (Ziyafət Əsgərov, Siyavuş Novruzov və digər YAP-çı deputatlar) say üstünlüyünə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələr zamanı Leyla Yunus onları çaşqın vəziyyətə salmağı bacarıb. Tədbirdə bu mövzuda əsasən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Ermənistanın Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan və Avrasiya Atlantik Şurasının elmi əməkdaşı Sabina Freyzer çıxış edib. Onlardan sonra tədbirin iştirakçısı olan həm azərbaycanlı, həm də erməni deputatlar mövzu ətrafında fikirlərini bölüşüblər.
Daha sonra Leyla Yunusa söz verilib. O, Araz Əzimova suallar ünvanlayıb: “Bizim ölkədə ermənilər əleyhinə təbliğat pik həddə çatıb, Azərbaycan öz hakimiyyətinin yürütdüyü siyasət nəticəsində Ermənistanın yolu ilə getməyə başlayıb. 1965-ci ildə Moskva ermənilərə rəsmi şəkildə ”soyqırım” hadisəsini qeyd etməyə şərait yaratdı. Bundan sonra türklər əleyhinə təbliğat dalğasında iki nəsil yetişdi, o adamlar üçün türklər, o cümlədən azərbaycanlılar düşməndir. Ermənistanda və erməni cəmiyyətində türklər əleyhinə bu cür təbliğat o qədər gücləndi ki, son nəticədə Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxartdı. Bu gün Azərbaycan da Ermənistanın yolu ilə gedir. Yasamal Rayon Polis Idarəsinin rəisi, polkovnik Ismayıl Əsədov aprelin 29-da tabeliyində olan polis əməkdaşlarının özbaşınalının qarşısının alınması üçün ona müraciət edərkən mənə hamının gözü qarşısında cavab verir ki, “sən azərbaycanlı deyilsən, ermənisən, erməni qadınına qarşı istənilən zorakılıq yolveriləndir, polis onu döyə, işgəncə verə bilər”. Bunu onlarla jurnalistin qarşısında Daxili Işlər Nazirliyinin polkovniki bəyan etdi və həmin kadrlar internetdə də var. Bütün bunlardan sonra münaqişənin sülh yolu ilə həllinə necə ümid etmək olar?”
Lakin Araz Əzimov bu suala cavab vermək istəməyib.
Belə olan halda, Leyla Yunus Sabina Freyzerə də sualını ünvanlayıb: “Siz öz çıxışınızda jurnalist Rauf Mirqədirovun adını çəkdiniz. O, ”ermənilərə casusluq etmək” ittihamı ilə həbs olunub. Halbuki, o, Ermənistanın “Region” Araşdırmalar Mərkəzilə birgə layihəmizdə iştirak edirdi. Bu layihə 2005-ci ildən Britaniya Xarici Işlər Nazirliyinin dəstəyilə həyata keçirilir. Bu layihə çərçivəsində biz 2012-ci ildə erməni həmkarımla birlikdə unikal bir sayt yaratdıq. Bu sayt azərbaycanlılar və ermənilərin birgə yeganə saytı olmaqla, eyni zamanda, düşmənçiliyin aradan qalxması, qarşılıqlı anlaşma, münaqişənin sülh yolu ilə həllinə dair dialoq üçün meydandır. Rauf Mirqədirov da bu layihənin aktiv iştirakçılarından biri idi, internet-konfranslarda çıxış edirdi, həmçinin Ermənistanda keçirilən beynəlxalq tədbirlərə gedirdi. Bu gün isə onu Ermənistanın xeyrinə casusluqda ittiham edirlər. Mənə və layihənin digər iştirakçılarına güclü təzyiqlər var. Bütün bunlara baxmayaraq, mən bu layihə üzrə erməni həmkarım Laura Baqdasaryanla birlikdə hələ aprelin 25-də “Biz uşaqlarımız üçün sülh naminə birlikdəyik!” başlıqlı bəyanatla çıxış etdim. Buna baxmayaraq, Rauf Mirqədirov hələ də həbsdədir, mən və silahdaşlarım isə güclü təzyiq altındayıq. Bütün bunlardan sonra “xalq diplomatiyası”nın inkişafı üçün imkanların olduğuna inanırsınızmı? Hakimiyyət açıq-aşkar “xalq diplomatiyası”nı da öz nəzarətinə götürüb, onun imkanlarını kəskin şəkildə məhdudlaşdırmaq, bunu öz siyasətinin təbliğatı üçün alətə çevirmək istəyir”.
Leyla Yunusun sualına cavab olaraq, Sabina Freyzer deyib ki, həqiqətən Azərbaycanda vətəndaş cəmiyyəti dəhşətli vəziyyətdədir: “Sözsüz ki, bu da ”xalq diplomatiyası”nın inkişafına, ümumiyyətlə, Azərbaycan və erməni xalqları arasında bütün əlaqələrə mənfi təsir göstərəcək”..
***
Leyla Yunusun tədbir iştirakşılarına yazılı müraciətini də təqdim edirik:
Repressiyalara Qarşı Müqavimət Mərkəzinin müraciəti
ABŞ və Aİ diqqət mərkəzində olan Ukrayna hadisələri Əliyev avtoritar rejiminin AR ərazisində müstəqil KİV-lərin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarınının tamamilə məhv edilməsinə şərait yaratdı.
12 İyun tarixinə azərbaycanda 130 siyasi repressiya qurbanı vardır ki, onlardan 40 nəfəri «vicdan məhbusu», 90 nəfəri isə siyasi məhbusdur.
Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi «Vicdan məhbus»ları siyahısına aşağıdakılar daxildir:
-11 Jurnalist və blogger, həmçinin «Xural»qəzetinin redaktoru Əvəz Zeynallı, Milli azlıqların dilində tərtib edilmiş yeganə «Talışi- Səda» qəzetinin redaktoru Hilal Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Herd Bitserius premiyası laureatı Rauf Mirqədirov, jurnalist Tofiq Yaqublu (onun qızı da hazırda məhkumdur) bloggerlər Rəşad Ramazanlı, Əbdül Əbilov və digəriləri
– 4 hüquq müdafiəçisi, həmçinin 9 Oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı saxtalaşdırmaya dair ciddi sübutlar aşkarlamış(videohesabatlar da daxil olmaqla)Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi(SMDT) QHT-nin rəhbərlərindən olan Anar Məmmədli və Bəşir Süleymanlı
-Əksəriyyətinin təhsilini ABŞ, Aİ ölkələrindən birində almış olduğu 11 gənc fəal, həmçinin NİDA vətəndaş hərəkatının 8 üzvü. Onlar həbs və istintaq dövrü işgəncələrə və qeyri-insani davranışa məruz qalmışlar.
-2 müxalif düşərgənin 2 lideri: REAL hərəkatının lideri- İlqar Məmmədov və «Müsavat» partiyası başqanının müşaviri Yadigar Sadıqlı
-12 dindar, həmçinin məhşur ilahiyyatçı Taleh Bağırzadə
Repressiyalarla mübarizə mərkəzi tələb edir :
-Əliyev avtoritar rejiminin bütün siyasi repressiyalara məruz qalmış qurbanlarının dərhal azad edilməsini;
– Cinayət işlərinin saxtalaşdırılmasında və işgəncə proseslərində iştirak edən prokurorluq, DİN, MTN əməkdaşalrının cinayət məsuliyyətinə cəlb edilməsini;
– «Rütbəli cinayətkarların» açıq məhkəmə proseslərinin təşkil edilməsini;
– Siyasi motivli işlərdə saxtalaşdırmaya göz yuman hakimlərin və gələcəkdə hakim olacaq şəxslərin hakimlik korpusundan qovulmasını və gələcəkdə hakim rütbəsinə yiyəlnməsinin qarşısının alınması;
RMM Azərbaycan qanunvericiliyi və Beynəlxalq hüquq normalarını pozan hakimlər haqqında kifayət qədər məlumat bazasına malikdir.
Fizzə