«Morninqstarın açıqlamaları Dövlət Departamentinin mövqeyini əks etdirir»
«Elə risklər var ki, Avropa Birliyi ilə əməkdaşlıqda xalqın gələcəyi üçün ona getmək lazımdır»
Vəfa Qulazadə: «Qərb Rusiyaya postsovet məkanında yenidən möhkəmlənməyə imkan verməyəcək»
Ukrayna uzun müddətdir gözlənilən prezident seçkilərini arxada qoydu. Ölkənin ciddi böhran içində olmasına baxmayaraq Ukrayna daha bir ilkə imza ataraq demokratik prinsiplərə xəyanət etmədi. Keçirilən seçkilər demokratik normaları pozmadı. Bu baxımdan ekspertlər hesab edir ki, Ukraynanın siyasi elitasındakı bu dəyişiklik ölkənin dirçəlməsi istiqamətində ilk addım olacaq. Müsahibimiz politoloq Vəfa Quluzadəyə ilk sualımız da elə bununla bağlı oldu. Prezident seçkisindən sonra Ukraynada hadisələr hansı istiqamətlərdə cərəyan edə bilər.
– Bundan sonrakı proseslərdə Ukraynanın müstəqilliyi tam təyin olunacaqdı. Əminəm ki, Ukraynanın yeni prezidenti ölkədəki vəziyyəti normallaşdırmağa nail olacaqlar. Çünki ölkədəki vəziyyət iki faktora görə anormal olub. Yanukoviçin korrupsiyalaşmış hakimiyyətinin nəticəsi olaraq xalq ayağa qalxdı. Ukraynalılar Maydana ABŞ-ın puluna görə toplaşmamışdı. Onlar Yanukoviç hakimiyyətinə etiraz edirdi. Ona görə yeni hakimiyyət korrupsiyanı cilovlamaq üçün çox ciddi addımlar atmalıdır. Yeni Konstitusiya, yeni qanunvericilik istiqamətində qərarlar qəbul olunmalıdır. Yeni hakimiyyət gərək xalqın arzularını həyata keçirməyə nail olsun. Qərb Ukraynanı dəstəkləyir, maliyyə yardımı edir. Ölkədə aparılan islahatlar qısa müddətdə Ukraynanı Avropalaşdıracaqdır. Polşa, Bolqarıstan vaxtilə bu yolu keçib. Amma artıq bu dövlətlər Avropanın bir parçasıdır. Rusiya faktoruna gəlincə isə Qərbin, NATO-nun dəstəyi olmasaydı Ukrayna hələ də Rusiyanın bir müstəmləkəsi kimi qalacaqdı. Çünki Rusiya faktiki olaraq Ukraynanın nə ərazi bütövlüyünü, nə də müstəqiliyini tanıyır. Putin özü dəfələrlə Ukraynanın dövlət olmadığını bəyan edib. Amma Rusiya hazırda Qərblə əlaqələri bərpa etməyə çalışır. Çünki Putinə Çinə istiqamət tutmaq o qədər də sərf etmir. Ona görə Rusiya təcili surətdə Avropa və Amerika ilə əlaqələrini bərpa etməyə çalışır. Putin artıq bu istiqamətdə addımlar atmaqdadır.
“Azərbaycan bankları Krımda fəaliyyət göstərmək istəyir”
– Putin bu ərəfədə maraqlı bir açıqlama verdi ki, Rusiya Ukraynanın yeni hökuməti ilə əməkdaşlıq etməyə hazırdır. Amma Putinin bu açıqlaması onun Ukraynaya qarşı etdiklərinin fonunda bir qədər qəribə görünür. Putini bu məsələdə nə dərəcədə səmimi saymaq olar?
– Düşünürəm ki, bu məsələdə Putin tamamilə səmimidir. Putinin daha bir etirafı da var. O bəyan edib ki, Rusiya Ukraynaya görə təcrid olunmaq niyyətində deyil. Putinin qoşunu Ukrayna sərhəddində dayanıb. O istəsə, Ukraynaya qoşun yeridə bilər. Putin əslində Ukraynadakı prezident seçkilərini tamamilə poza bilərdi. Amma o bunu etmədi. Bütün bunların fonunda Putin etiraf edir ki, proseslərin bu cür inkişafı onların xeyrinə deyil. Hətta Qərbin tətbiq etdiyi yüngül sanksiyalar da Rusiyaya ciddi zərbə vurdu. Qısa müddət ərzində Rusiyadan külli miqdarda pul getdi və proses davam etməkdədir. Ona görə Putin bu vəziyyəti gözəl anlayır. Iki yolu var: ya Putin Ukrayna ilə müharibə vəziyyətinə girərək, ölkəni çöküşə doğru aparsın, ya da Rusiya ona qarşı açıq aqressiya nümayiş etdirməyən Ukrayna iqtidarı ilə əməkdaşlıq etsin. Hazırkı dönəmdə Poroşenko Ukrayna üçün gərəkli namizəddir. Bu şəxsin Rusiyada da biznesi var. O, bu biznesini quranda Rusiyanın bütün strukturları ilə işləyib. Eyni zamanda Ukraynanın yeni hakimiyyəti Rusiya ilə əlaqələri pozmaq niyyətində deyil. Rusiyanın da Ukraynada maraqları var. Ona görə düşünürəm ki, Rusiya indiki şəraitdə yalnız Krımla kifayətlənəcək. Çünki Krımın özü Rusiya üçün böyük problemə çevrilib. Başqa dövlətlər Krımla əlaqələr quran zaman ABŞ və Avropanın sanksiyaları ilə üzləşə bilərlər. Belə bir məlumat yayılıb ki, Azərbaycanın bankları Krımda bir sıra layihələrə imza atmaq istəyirlər. Əgər bu həqiqətdirsə, biz bunu etməməliyik. Krım işğal olunmuş ərazidir. Ukrayna Krımı işğal olunmuş ərazisi sayır. Azərbaycan Qarabağa səfər edənlərə sərt reaksiya verdiyi kimi, Ukrayna da eyni münasibəti Krımla bağlı göstərəcək. Bütün bu məqamları nəzərə almaq lazımdır.
– Ukrayna hökuməti Rusiyanın atdığı addımlarda böyük səbr nümayiş etdirərək proseslərə bəzi hallarda sərt qınanan sükutla yanaşdı. Mayın 25-dəki prezident seçkilərindən sonra Ukraynanın bu istiqamətdəki siyasətində bir dəyişiklik gözləməyə dəyərmi?
– Siyasət təmkinli olmağı tələb edir. Xüsusilə Ukrayna kimi dövlətlərlə bağlı yürüdülən siyasət. Ukrayna kiçik dövlət deyil. Hesab edirəm ki, Ukrayna daxili məsələlərini sərt addımlar atmadan həll etməlidir. Çünki başqa addımlar Ukraynanın xeyrinə deyil. Ukrayna çox arzu edər ki, Donbaskdakı ruslar Ukrayna ilə bərabər Avropaya inteqrasiya etsin. Əslində Ukraynanın rusdilli əhalisini Rusiya təbliğatı aldadıb. O siyasət yürüdülür ki, guya Ukraynada hakimiyyətə faşistlər gəlib. Amma bu yalandır. Ukraynada hakimiyyəti ələ keçirən xalqın nümayəndələridir və onlar xalqa yaxşı həyat qurmaq üçün kömək edəcəklər. Yanukoviçdən sonra hakimiyyətə gələn qüvvələr kiçik bir səhvə yol verdilər. Amma hazırkı hakimiyyət onu düzəltdi. Söhbət Ukraynada rus dilinin də dövlət dili statusu almasından gedir. Ölkəni birləşdirmək üçün belə addımlara getmək lazımdır. Ukrayna təmkinli siyasət apararaq həm ölkəni inkişaf etdirəcək, həm də problemləri həll edəcək. Bir də axı Ukrayna hakimiyyəti öz fəaliyyəti ilə düşmən qüvvələrə imkan yaratmamalıdır. Rusiyada müxtəlif dairələr var. Həmin dairələr Ukraynanı irqçilikdə ittiham etməyə çalışır.
“Rusiya səfirliyi mənə görə redaksiyalara zəng edir”
– Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Poroşenkonun müşaviri olacağı bildirilir. Belə bir təyinat baş tutarsa, onu necə dəyərləndirmək olar?
– Düşünmürəm ki, bu baş versin. Digər tərəfdən, Ukrayna rəhbərliyinin buna ehtiyacı yoxdur. Çünki Saakaşvilinin öz ölkəsində apardığı islahatlar Gürcüstan üçün yarayır. Ukraynalılar da Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi, Avropa Parlamenti ilə sıx əməkdaşlıq edir. Saakaşvilinin Rusiya ilə ələaqələrin nəzərə alsaq, onun bu posta təyinatı məsləhət deyil. Bu, Rusiyada olan qüvvələrə bəhanə verəcək ki, Ukraynanı antirus siyasətində ittiham etsin. Mən Rusiyanın siyasətini tənqid edirəm. Amma mən heç bir təşkilata qoşulmaq istəmirəm. Çünki belə bir addım atsam, bu, Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Mənim mətbuatda gedən müsahibələrimə Rusiya səfirliyi sərt reaksiya verir. Hətta bəzi redaksiyalara bununla bağlı zənglər də olur. Saakaşvili Ukraynılalara dostursa, o, yeni hakimiyyətə istədiyi məsləhəti verə bilər. Amma onu vəzifəyə təyin etmə real deyil.
– Iyunun 27-də Brüsseldə Avropa Birliyi ilə əməkdaşlıq istiqamətində növbəti addımlar atılacaq. Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə əməkdaşlıqlarını bir qədər də dərinləşdirəcəklər. Hadisələrin bu cür inkişafına Rusiya necə reaksiya verəcək?
– Hesab edirəm ki, Rusiyanın burada emosional reaksiyadan başqa reaksiyası olmayacaq. Çünki Rusiyanın Krımda burnu qanadı. Baş verənlər göstərdi ki, Rusiya sanksiyalara olduqca həssasdır və bu yolla Rusiyaya böyük zərbələr endirmək olar. Ona görə Rusiya heç bir reaksiya göstərməyəcək. Şübhəsiz, politoloqlar, siyasilər, mətbuat bunu pisləyəcək. Amma dövlət səviyyəsində Avropa Birliyinin bu addımına heç bir reaksiya verilməyəcək. Çünki Moldova, Gürcüstan və Ukrayna müstəqil dövlətlərdir və kiminlə əməkdaşlıq etmələrini özləri müəyyən edirlər. Rusiyanın gücü çatsaydı, vaxtilə Tiflisi işğal edərdi. Amma NATO-nun Qara dənizə hərbi qüvvələrini göndərməsi Putinin planlarını pozdu. Bundan başqa, NATO Avropanın digər ölkələrində qoşunlarının sayını artırır. Bu onu göstərir ki, Qərb Rusiyanın yenidən keçmiş sovet respublikalarını öz təsiri altına almağa imkan verməyəcək.
“Risklərə getmək lazımdır”
– Iyunun 27-də Brüsseldə keçiriləcək görüş ərəfəsində Azərbaycana da bir sıra çağırışlar edilir. Avropa Birliyi Azərbaycana yenidən çağırışlar edərək əməkdaşlıqda növbəti mərhələyə keçməyi təklif edir. Azərbaycan bu istiqamətdə hansı addımları ata bilər?
– Bu qərarı dəyərləndirmək üçün bütün məlumatları bildikdən sonra demək olar. Azərbaycanın durumu Ukrayna, Moldova və Gürcüstandan tam fərqlənir. Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Qarabağla yanaşı yeddi rayonumuz Rusiyanın əlindədir. Bu, Rusiyanın əlində güclü faktordur. Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Qarabağ məsələsinin həllinə bu qədər əngəllər törədir. Ciddi düşünülməlidir. Analiz olunmalıdır ki, Azərbaycan digər ölkələr kimi iyunun 27-də Avropa Birliyinə qoşulsa, bunun bədəli nə olacaqdır. Elə risk var ki, xalqın gələcəyi üçün ona getmək lazımdır. Amma elə də risk var ki, orada gözləmək taktikasını da götürmək olar. Mən Qərbyönlü şəxsəm, eyni zamanda reallığı da analiz etməyin tərəfdarıyam. Qarabağ probleminin həllində mən dəfələrlə şahidi olmaşum ki, Rusiya problemin həllinə imkan verməyib.
– Vəfa müəllim, amma elə Azərbaycan tarixində də şahidi olmuşuq ki, qətiyyətli mövqe qarşısında Rusiya heç bir addım atmır. Məsələn, bu hallara misal olaraq BTC-nin reallaşmasını, rus qoşunlarının Azərbaycandan çıxarılmasını, ölkəmizin GUAM-a qoşulmasını göstərmək olar. Bu addımlar qarşısında Rusiya heç nə edə bilmədi. Bu baxımdan Avropa Birliyi ilə əməkdaşlıqda qətiyyətli addım atılarsa, Rusiyanı reaksiyasız buraxmaq olarmı?
– Düşünürəm ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda bir qədər qətiyyətli mövqe nümayiş etdirə bilərdi. Amma bu mənim şəxsi rəyimdir. Avropa Birliyi, ABŞ və Türkiyə ilə bu istiqamətdə lazımi məsləhətləşmə aparıla bilərdi. BTC Amerikanın layihəsi idi. Bunu Rusiya gözəl bilirdi. Azərbaycan neft müqaviləsinə imza atanda xarici şirkətlər Azərbaycana gəlməyə başladı. Rusiya buna reaksiya verə bilmədi. Çünki gözəl bilirdi ki, bu, ABŞ-ın layihəsidir. Rusiya 94-cü ildə Qərbə sərt reaksiya verə bilməzdi. Baş verənlər düzgün qiymətləndirilməlidir.
“ABŞ səfirinin bəyanatları təsadüfi deyil”
– ABŞ səfiri Morninqstarın müsahibəsini hakimiyyət təpki ilə qarşıladı. Amma nədənsə müsahibədəki mühüm məqamlar unuduldu. Morninqstar açıq mətnlə bəyan etmişdi ki, ABŞ Azərbaycanın suverenliyinin qarantıdır. Onu xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl Azərbaycan hakimiyyəti bəyan edirdi ki, Azərbaycanı Şimal və Cənubdan “sendviç kimi əzirlər”…
– Səfirin müsahibəsində çox məqam var. Orada yalnız Azərbaycanın suverenliyinə qarantla bağlı mesajlar yer almayıb. Çünki səfir eyni zamanda vurğulamışdı ki, Azərbaycanda da Ukraynadakı Maydan hərəkatı ola bilər. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin sərt reaksiyasına məhz bu fikir səbəb olub. Diplomatik protokol baxımdan ABŞ səfiri burada səlahiyyətlərini aşıb. Lakin bunu bilərəkdən, səhv etməyərək edib. O, bu barədə Dövlət Departamentindən göstəriş aldığına görə edib. Mən inanmıram ki, ABŞ səfiri özbaşına bu cür açıqlamalar verə bilər. Bu, ABŞ-ın mövqeyidir. Bunu da nəzərə almaq lazımdır. Azərbaycan ABŞ-la əlaqələri kəsmək fikrində deyil. Azərbaycan hakimiyyəti ABŞ-la hər bir əməkdaşlığa hazırdır, amma iqtidar daxili məsələlərə müdaxiləni istəmir.
Xəyal