Keçmiş şöbə müdirinin və komandasının həbsi məsələsi də gündəmə gətirildi
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun nəzarətində olan saytlar əlindən alınıb. “Azadlıq”a daxil olan məlumata görə, gun.az, 1news.az və bakupost.az saytları birləşdirilərək Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sərəncamına verilib. Elnur Aslanovun nəzarətində olan mugam.az və bir neçə ingilisdilli sayt isə fəaliyyətini dayandırıb. Məlumatda həmçinin bildirilir ki, Əli Həsənovun nəzarətinə verilən saytlarda işçilərin bir qismi ixtisara salınıb, bir qisminin maaşları isə azaldılıb.
Elnur Aslanov hakimiyyət daxilində başlanan “nurçu savaşı”nda məğlub olmuş tərəfdir. Adı nurçularla əlaqədə hallanan keçmiş şöbə müdirinin məhz bu səbəbdən Prezident Administrasiyasından Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aşağı vəzifəyə sürgün edildiyi bildirilir.
Elnur Aslanov özü haqqında səsləndirilən iddialara heç bir cavab vermir. Hətta ANS keçmiş şöbə müdirindən israrla barəsində səsləndirilən ittihamlara cavab almaq istəsə də, o, “hər şey yaxşı olacaq” deməklə kifayətlənib. Bəzi mülahizələrə görə, Elnur Aslanov bununla komandasını sakitləşdirməyə çalışır.
Əks cəbhə isə hücumları davam etdirir. Xüsusilə Əli Həsənovun nəzarətində olan qəzetlər nurçularla əlaqəli olan şəxslərin o cümlədən, Elnur Aslanovun, deputat Ceyhun Osmanlının həbsi məsələsini gündəmə gətirir. Bu məsələ tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra aktuallaşıb. Qeyd edək ki, Rauf Mirqədirov casusluqda ittiham olunur. Ona qarşı ittihamlar qondarma olsa da, Həsənovun nəzarətində olan media qurumları hesab edir ki, eyni ittihamı Ceyhun Osmanlı və Elnur Aslanova qarşı da irəli sürmək mümkündür. Bu qəzetlər adıçəkilən şəxslərin xarici kəşfiyyatla əlaqəli olmaları barədə dərc edilən materiallara istinad edərək belə yazır.
Lakin hələ ki Elnur Aslanov və komandasının üzvləri azadlıqdadır.