Agentlər üçün vacib xatırlama: heç nə gizli qalmır…
“KQB” arxivlərinin açılması mövzusuna bir az da başqa yandan baxaq…
Ötən yazılarımızdan üzə çıxan o oldu ki, bizim arxivlərin (xüsusən sovet dövründə casusluq edənlərin şəbəkəsinin) açılması istiqamətində ən gərgin müzakirələr Cəbhə hakimiyyəti zamanında olub. Lakin müzakirələr səmərə verməyib. O zaman bu prosesin qarşısında duran adamlar olub. Amma ümumi yekdil rəy bundan ibarət olub ki, yavaş-yavaş da olsa, qanunverici baza yaradıb, arxivləri açsınlar.
Heydər Əliyevin arxivlərlə bağlı mövqeyi
Lakin hakimiyyətin devrilməsi bu söhbətləri tamam-kamal bağladı. Belə də olması təbii idi, çünki artıq dövlətin başçısı uzun illər “KQB”də çalışmış Heydər Əliyev idi. Əliyevinsə “KQB” arxivləri ilə bağlı mövqeyi qısa və konkret idi: “Olan olub da, keçmiş keçmişdə qalıb. Təzədən bunu açıqlamağın bir əhəmiyyəti yoxdur”. Ancaq Əliyevlərin əhəmiyyətsiz hesab etdiyi məsələni bir çox ölkələr ciddiyə alıb, əhəmiyyətli sayıb.
Dövlət Təhlükəsizlik Komitəsinin arxivini açanlar
SSRI-nin nəzarətində olan dövlətlər – Almaniya, Çexiya, Polşa, Litva, Latviya və Estoniya müstəqillik qazanandan sonra xüsusi xidmət orqanlarının arxivlərini açdılar və bu qurumla əməkdaşlıq edənÿ agentlərin hər hansı dövlət vəzifəsi tutmasını qadağan etdilər. Gürcüstanda isə məxfi agentlərin adları açıqlanmasa da,ÿ”KQB” arxivində toplanan məlumatlar ictimaiyyətə açıq elan edildi. Adıçəkilən dövlətlərdə arxivlər açılsa da, heç biri vətəndaş müharibəsi kimi təhlükə ilə qarşılaşmadı. Bizdə isə arxivlərin açılmasına qarşı çıxanlar “vətəndaş müharibəsi təhlükəsini” bəhanə gətirirdilər.
Hər yeddi nəfərdən biri agent olub?
Bir müddət əvvəl “Azadlıq” radiosunda maraqlı bir material yayılmışdı. “Ştazi”nın bazasında yaradılan muzeyin bələdçisi deyirdi: “Arxivlər açılandan sonra məlum oldu ki, Şərqi Almaniyada ən yaxşı halda, hər 7 nəfərdən biri hökumətin casusu imiş”.
Bələdçinin sözlərinə görə, qonşular, dostlar, hətta ər-arvadlar da bir-birindən casusluq edirmiş: “Ştazi” hər yerdə idi, onların dinləmə qurğuları kitabın içindən, qalstukların astarından, hətta ağac koğuşlarından çıxırdı”.
“Ştazi” Şərqi Almaniyada – Almaniya Demokratik Respublikasında Dövlət Təhlükəsizliyi Nazirliyi idi. 1989-cu ildə Berlin divarları yıxılandan, Almaniya birləşəndən sonra bu vaxta qədər Sovet Ittifaqının təsir dairəsində olan Şərqi Almaniyada “Ştazi”nin arxivlərini də ictimaiyyətin üzünə açdılar, casusların adlarını açıqladılar. Vaxtilə almanların canına xof salan “Ştazi” indi muzeydir. Arxivlər də, vaxtilə istifadə olunan dinləmə qurğuları da adi eksponat…
Beriyanın bacarmadığı işi kim bacaracaq?
Azərbaycandakı reallığı nəzərə alsaq, bizi yuxarıda adını çəkdiyimiz dövlətlərin təcrübəsi gözləmir. Üstəlik, keçən yazılarımızda da qeyd etdik ki, bizim arxivlərə dövrün siyasi konyunkturaları çərçivəsində vaxtaşırı müdaxilələr olub. Belə bir hal vətəndaşlarda məyusluq yaradır ki, deməli, xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən agentlərin həyata keçirdiyi xalqa zidd əməllər heç vaxt ifşa olunmayacaq.
Lakin yaxın keçmişin təcrübəsi bu məsələdə optimist olmağa böyük əsaslar verir.ÿMəsələn, tədqiqatçı Adıgözəl Məmmədovun yeni kitabı “Bağırov və Beriya. Məxfi protokollar”ı oxuyanda aydın olur ki, L.Beriya Müsavat hökumətinin əks-kəşfiyyatında işləməsilə bağlı özü haqda olan sənədlərdən çox narahat imiş. Çox məhdud dairənin iştirakı ilə o, Mircəfər Bağırovun Azərbaycana rəhbər olmasından istifadə edərək, Azərbaycan “NKVD”sindən özü barədə sənədləri çırpışdırır. Lakin Beriya kimi xəfiyyə əjdahası da tarixi yox edə bilmir. Onun vəzifədən getməsindən az sonra bu işin üstü açılır, sənədlər və arxivin qaranlıq səhifəsi aydınlaşır.
Üstəlik nəzərə alınmalıdır ki, DTK ilə yanaşı, bir neçə paralel qurumlar da agentura işi görüb və onların hamısını intizamlı qaydada “təmizləmək” olmur. Ən peşəkar cinayətkarlar belə, iz buraxır. Bu isə onu sübut edir ki, heç kim və heç nə unudulmur.
Natiq Güləhmədoğlu