Cenevrədə dördtərəfli razılaşma imzalandı; Vaşinqton Moskvanı daha sərt sanksiyalarla hədələdi
Ukraynanın şərq vilayətlərində yaranmış böhranlı vəziyyətin həlli üçün aprelin 17-də Cenevrədə keçirilən dördtərəfli danışıqlarda bir sıra razılaşmalar əldə olunub. Danışıqlar Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində aparılıb. Saatlarla davam edən danışıqlar Moskvanın şərqi Ukraynada özünün diversiya dəstələri və silahlandırdığı separatçılar vasitəsilə destablizasiya yaratmaq mövqeyindən geri çəkilməsilə nəticələnib.
Belə ki, tərəflərin imzaladığı razılaşmaya əsasən onlar bütün zorakı, təhdidedici və təxribatçı hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər. Tərəflər ekstrimizmin və rasizmin bütün təzahürlərini, dini dözümsüzlüyü, o cümlədən antisemitizmi qətiyyətlə rədd və mühakimə edirlər.
Tərəflər qəbul edirlər ki, bütün qanunsuz birləşmələr tərkisilah edilməli, onların zəbt etdiyi binalar, küçə və meydanlar, şəhər və qəsəbələr azad olunmalıdır.
Silahı yerə qoyan etirazçılara, hər hansı ciddi cinayətə görə günahkar olanlardan başqa, aministiya tətbiq olunacağına zəmanət verilir.
Tərəflər gərginliyin azaldılmasına nəzarət etmək üçün ATƏT Ukraynaya öz misiyasını göndərməsi və bu missiyanın işinə dəstək verilməsi məsələsində də razılığa gəliblər.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, ölkəsi ATƏT-in missiyasını ukraynalılara və Kiyev hakimiyyətinə təsir göstərmək üçün aparıcı rolu oynamağa çağırır. Lavrov bildirib ki, Rusiya ATƏT-in Ukraynada tərəflər arasında dialoqun təşkili üçün fəaliyyətini dəstəkləyəcək. Rusiya XIN başçısı bildirib ki, Rusiya Ukraynanın ərazisinə qoşun yeritmək niyyətində deyil.
ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, görüş məhsuldar və konstruktiv keçib. Kerri bəyan edib ki, əldə edilmiş razılığa uyğun olaraq, Ukraynadakı Rusiyapərəst fəallar silahı yerə qoyacaqlar. Yox əgər, anlaşmalar gerçəkləşməsə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən başqa yolu qalmayacaq.
***
Ukraynanın özündə isə gərginlik davam edir. Ölkənin daxili işlər naziri Arsen Avakov bildirib ki, ötən gün Mariupoldakı hərbi hissəyə hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Avakovun sözlərinə görə, ölən və yaralananlar arasında ukraynalı əsgərlər yoxdur. Nazir həmçinin qeyd edib ki, hücum edənlərdən 63 nəfər saxlanılıb.
Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında silahlarını separatçılara təhvil verən hərbçilər isə məhkəmə qarşısına çıxarılacaq. Bunu Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib: “Mən sizə məlumat vermək istəyirəm ki, əsgərləri qorxaqlıq nümayiş etdirən və silahlarını təhvil verən 25-ci Dnepropetrovsk əlahiddə hava-desant briqadası ləğv ediləcək. Bu işdə günahı olan hərbçilər isə məhkəmə qarşısında cavab verəcək”. O, artıq Müdafiə Nazirliyinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verildiyini açıqlayıb.
“Dövlətə təhvil veriləcək hər təxribatçıya mükafat ödənəcək”
Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx Iqor Kolomoyski şərq vilayətlərindəki rusiyalı təxribatçılarla və separatçılıqla mübarizədə yeni metod təklif edib. Bu barədə Dnepropetrovsk qubernatorunun müavini Boris Filatov açıqlama verib. Filatov Donetsk və Luqansk vilayətlərində son günlər baş verən hadisələr barədə çox düşündüklərini söyləyib: “Gəldiyimiz yeganə qənaət ondan ibarətdir ki, bu, səfalətin inqilabıdır. Ümidsiz, yorğun və hakimiyyət tərəfindən eşidilməyən insanların qiyamıdır. Insanlarımızı çarəsizlik girdabına salmış Yanukoviç güruhu bu gün xalqdan oğurlanmış pulları paylayaraq onları separatçılığa təhrik edir və bizə dost olmayan qonşu dövlətin tərkibində xoş gələcək vəd edir”. Filatov Donbass sakinlərinə üzünü tutaraq deyib: “Donbassdan olan, yolunu azmış, dolaşığa düşmüş, əclafların boş və şirin vədlərinə aldanmış rusdilli qardaşlarımız! Bizim təklifimiz var. Təhvil veriləcək hər avtomata görə 1000 dollar, hər pulemyota görə 1500 dollar, hər qumbaraatana görə 2000 dollar mükafat ödənəcək. Ümumi vətənimizə qəsd etmiş və bizi qardaş qırğınına sürükləmək istəyən hər muzdlu təxribatçının tutulub təhvil verilməsinin əvəzində 10 min dollar vəd edirik. Ələ keçirilmiş hər inzibati binanın yerli hakimiyyətə və bizim yaratdığımız ”Dnepr” batalyonuna təhvil verilməsinin əvəzində 200 min dollar ödənəcək!”. Filatov təxribatçılarla mübarizə məqsədilə yaradılan “Dnepr” xüsusi batalyonunun ilk dəstələrinin artıq formalaşdırıldığını və hərbi vəzifələrin yerinə yetirilməsinə hazır olduğunu bildirib. Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen Iqor Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyini prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov təmin edib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib.
Moldova Dnestryanı separatçılarına reaksiya verdi
Moldova hökuməti Dnestryanı bölgənin Rusiya Federasiyasına müraciəti ilə bağlı bəyanat verib. Bəyanatda qəyd olunub ki, tanınmamış Dnestryanı respublikasının Ali Sovetinin müraciəti Dnestryanı münaqişənin nizamlanması prosesinə və Moldovanın ərazi bütövlüyünə açıq təhdiddir. Müraciətdə həmçinin vurğulanıb ki, Dnestryanı münaqişənin yeganə həlli yolu siyasi dialoqun davam etdirilməsindən keçir:ÿ”Moldova hökuməti bu dialoqun davam etdirilməsində maraqlıdır. Biz beynəlxalq tərəfdaşlarımızı Dnestryanı münaqişənin nizamlanmasının davamı üçün koordinasiya olunmuş səylər göstərməyə çağırırıq. Həmçinin Rusiyadakı tərəfdaşlarımızı beynəlxalq hüquq normalarına əsaslanaraq dərhal reaksiya verməyə çağırırıq”.
“Qərb Ukraynanı satmayacaq”
Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərb ölkələrinin (ABŞ və Avropa Birliyi) Ukraynanı Rusiyaya satmayacağını və bu ölkənin federallaşmasına imkan verməyəcəyini bəyan edib. R.Sikorski Cenevrə görüşündə Rusiyanın Ukraynanın federallaşması məsələsini qaldıracağını, lakin danışıqların digər iştirakçılarının bununla razılaşmayacağını söyləyib: “Biz super güclərin böyük Avropa dövlətini öz Konstitusiyasını dəyişməyə məcbur etdiyi müstəmləkə stili ilə razılaşa bilmərik. Ukrayna istəyərsə, özü hakimiyyətin mərkəzləşdirilməsini azalda bilər”. Nazir qeyd edib ki, Vladimir Putin Ukraynanın Almaniya və ya Isveçrə modeli üzrə yox, Bosniya modeli üzrə federallaşmasını arzulayır, bu isə Ukraynada idarəolunmaz və islahatların reallaşmasını qeyri-mümkün edən vəziyyət yarada bilər. R.Sikorski Kremlin öz imkanlarını olduğundan daha artıq qiymətləndirdiyini vurğulayıb: “SSRI Qərblə konfrontasiyaya getdi və uduzdu. Bu gün isə Qərblə Şərq arasında disproporsiya daha böyükdür”.
ABŞ-dan yeni sanksiya xəbərdarlığı
“Əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir”. Bunu ABŞ prezidenti Barak Obama CBS telekanalının efirində bəyan edib: “Rusiya Krımı ilhaq etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub. Hazırda isə Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatçılar Ukraynada vəziyyəti gərginləşdirir. Rusiya Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq olunacaq”. Bununla belə, ABŞ prezidenti bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü vurğulayıb: “Rusiya Amerika ilə qarşıdurmada maraqlı deyil, biz də münaqişə tərəfdarı deyilik. Sadəcə biz əlimizdən gələni edirik ki, Ukrayna kimi dövlətlər öz coğrafi qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşasınlar”.
Dövlət Departamenti xəbərdarlıq etdi
Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqindəki Xarkov, Donetsk və Luqansk şəhərlərinə səfər etməməyi tövsiyə edib. Bu barədə Departamentin rəsmi açıqlamasında bildirilir: “Dövlət Departamenti ABŞ vətəndaşlarını, Krım yarımadası və Xarkov, Donetsk, Luqansk vilayətləri daxil olmaqla, Ukraynanın bir sıra regionlarına səfərlərini təxirə salmağı tövsiyə edir”. Səbəb kimi əraziyə Rusiya hərbi qüvvələrinin yeridilməsi göstərilir. Bəyanatda Rusiya hərbçilərinin Ukraynanın şərqində keçirilən etiraz aksiyalarında iştirakı vurğulanır və Krımda bir sıra ABŞ vətəndaşının saxlanılması diqqətə çatdırılır.
Dünən o da məlum olub ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib. Bunu Ukraynaÿbaş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski bəyan edib: “Vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələr üzrə cinayət işi artıq açılıb. Azarov axtarışa verilib”. Onun sözlərinə görə, hazırda keçmiş baş nazirin həbs edilməsi ilə əlaqədar operativ-axtarış tədbirləri keçirilir.
Yanukoviçin keçmiş partiyasından yeni qərar
Ukraynanın Regionlar Partiyası Donetskdə keçirilən növbədənkənar qurultayda ölkədə konstitutsion islahatlar keçirilməsinə səs verib. Səs çoxluğu ilə qəbul edilən qətnamə mərkəz və regionlar arasında səlahiyyətlərin bölünməsini, rus dilinə isə ikinci dövlət dili statusunun verilməsini nəzərdə tutur. Sənəddə, həmçinin, Ukraynanın cənubi-şərqində keçirilən etiraz aksiyalarının iştirakçılarına amnistiya vermək də təklif olunub.
Ukraynadan Rusiya vətəndaşlarına qadağa
Ukrayna tərəfi Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacaq. Bu barədə Rusiyanın “Aeroflot” şirkəti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar. Bundan başqa, eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb. Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər. Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq.