Türkiyə mediası Bakı və Göyçaydakı həbslərdən yazdı; Əliyevin Ərdoğanı aldatması barədə mülahizələr var
Ceyhun Osmanlı ilə Fərhad Məmmədovun ölkədən çıxmasına yasaq qoyulduğu xəbəri yayıldı
Bakı və Göyçayda bir qrup nurçunun həbs edilməsinə Türkiyə mətbuatında da geniş yer verilib. Türkiyənin bir sıra portalları Azərbaycanda Gülən camaatına qarşı əməliyyatların başlandığı haqda xəbərlər yayıblar.
“Azərbaycan polisi Ərdoğanı yanlış anlayıb”
Türkiyə mediası məhz baş nazir Ərdoğanın Bakıda prezident Ilham Əliyevlə görüşündən sonra Azərbaycanda “nurçu”ların həbsinə start verildiyinə dair məlumat yayıb. Məlumatda diqqət yetirilən başlıca məqam bu həbslərin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra həyata keçirilməsidir.
“rotahaber.com” saytı yazır ki, Azərbaycanda “nurçu ovu” Ərdoğanın Gülən camaatını ölkədən kənarda da “vurmaq” planına uyğundur. Ərdoğan Gülən camaatı ilə mübarizənin bu mərhələsində onların xaricdəki məktəb və başqa qurumlarını hədəfə alıb. Sayt xatırladır ki, mediada Ərdoğanın 30 mart seçkisindən dərhal sonra səfər etdiyi Azərbaycanda Ilham Əliyevə buradakı nurçularla bağlı siyahı verdiyi və onların həbsini istədiyi haqda məlumat yayılıb.
Bununla belə, sayt Bakı və Göyçayda həbs edilənlərin kimliyi üzərində fokuslaşaraq, “Azərbaycan polisi Ərdoğanı yanlış anlayıb” deyə replika verir. “Gələn xəbərlər Türkiyə baxımından acı mənzərə yaradır. Azərbaycan televiziyaları nurçulara qarşı aparılan əməliyyatları göstərdi. Ancaq əməliyyat aparılan yerlərin heç biri Gülən camaatına aid məskənlər deyildi. Mehmet Fırıncı və Mustafa Sunqur qruplarına aid yerlərdir”, – deyə sayt yazır.
Məsələ burasındadır ki, nurçuların fırıncı və sunqur qolları Gülən camaatı ilə bir yerdə deyil, əksinə ondan məsafə saxlayırlar. Bu cərəyanlar Fətullah Gülənini nurçuluğun ideya müəllifi Səid Nursiyə xəyanət etdiyi qənaətindədirlər.
“rotahaber.com” güman edir ki, Azərbaycan polisi sadəcə nurçuların hamısını eyni bilir və buna görə də ünvanları səhv salıb. Saytın iddiasına görə, əməliyyat zamanı nurçulardan tapıldığı deyilən silahlar isə Türkiyə və Azərbaycan xüsusi xidmət orqanlarının birgə planı ola bilər. Belə ki, Türkiyə hökumətinə Gülən camaatını “terror təşkilatı” olaraq göstərmək üçün belə bir dəlil lazımdır.
Baş naziri kim aldadıb?
“Əgər bu iddialar doğru isə onda Azərbaycan Gülən camaatına qarşı terror örgütü imici üçün də laboratoriya olaraq seçilib. Ancaq Azərbaycan polisi silahları Gülən camaatı yerinə AKP-yə dəstək verən nur camaatına aid evlərə qoyunca yapılan plan çöplüyə atıldığı kimi, AKP-ni də çətin vəziyyətə saldı”, – deyə sayt yazır.
“odatv.com” saytında isə bu mövzuda yer alan yazıda belə bir əlavə məqam yer alır ki, Gülən camaatı yerinə Ərdoğan hökumətinə normal münasibətdə olan fırıncı və sunqur cərəyanına mənsub olanların həbsi iki versiyaya yol açır: ya Ərdoğan üçün Azərbaycandakı nurçuların siyahısı yanlış hazırlanıb və o aldadılıb, ya da Gülən camaatı zərbəni özlərindən yayındırmaq üçün həmin adamları öz üzvləri kimi təqdim ediblər. “Indi ən ciddi sual budur – baş nazirin Azərbaycana apardığı dosyeni kim hazırlayıb, baş naziri kim aldadıb? Yox əgər, həbs edilənlər başqa adamlardısa, o zaman camaat Azərbaycanda öz düşmənlərini içəri atmaq üçün düyməyəmi basdı?”, – deyə sayt qeyd edir.
Ərdoğandan nurçulara sərt mesaj
Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən Fətullah Gülən tərəfdarlarından təmizlənəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Xəbəri çərşənbə günü “Sabah” qəzeti yayıb. Onun sözlərinə görə, həmin tədbirlər dövlətçiliyin müdafiəsi məqsədilə həyata keçirilir.
Baş nazir qeyd edib ki, bunu etmək asan olmayacaq. Çünki dövlət artıq 35 ildir mövcud olan gizli strukturla mübarizə aparır.
Bir müddət əvvəl Ərdoğan bir sıra dövlət orqanlarının Gülən hərəkatının güclü təsiri altında olduğunu bildirmişdi.
“Nurçu əməliyyatları”nda hansı sənədlər ələ keçib?
Fətullah Gülənin lideri olduğu nurçularla bağlı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilənlərin mənzilindən mühüm sənədlər götürülüb. Bu barədə məlumatı vətəninfo.az saytı yayıb. Məlumata görə, bu sənədlərdə Azərbaycanda təriqətin yayılmasına dair müxtəlif sənədlərlə yanaşı, kimin hansı vəzifəni tutması ilə bağlı faktlar da yer alıb. Iddialara görə, ələ keçirilən sənədlərdə millət vəkili Ceyhun Osmanlı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər hazırda müxtəlif vəziflərdə olan nurçularla bağlı ciddi faktlar yer almaqdadır. Redaksiyamıza daxil olan iddialara görə, millət vəkili Ceyhun Osmanlı və SAM rəhbəri Fərhad Məmmədovun ölkədən çıxması qeyri-rəsmi qadağan edilib. Bildirilir ki, hər iki şəxs yaranmış vəziyyətlə bağlı müəyyən şəxslərə çıxsalar da, nəticə əldə olunmayıb.
“Elnur Aslanov ciddi səhvlərə yol verib”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Idarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP Səbayel Rayon Təşkilatının sədri Zahid Qaralov Elnur Aslanovun nurçu olması barədə yayılan məlumatlara münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib ki, əvvəlcə yazılanlara inanmırmış: “Ancaq indi bəzi məqamlar göstərdi ki, Elnur Aslanov işində ciddi səhvlərə yol verib. Ona görə də, vəzifəsi aşağı endirilib nazirliyə şöbə müdiri təyin edildi…Əgər Elnur Aslanovun əməlində cinayət tərkibi olsaydı, o zaman onun barəsində tamam ayrı cür ölçü götürülərdi”.
“Rəbiyyət xanıma və övladlarına həmişə böyük hörmətim olub”
“Hazırda xaricdəyəm. Bir də mən müəllifi bəlli olan yazılara cavab verirəm, anonimlərə yox. Insanları qaralamaq, yeri gəldi-gəlmədi böhtan və yalanla rəngləmək tarixən mövcud olub”. Bu sözləri iş adamı Ilham Rəhimov deputat Rəbiyyət Aslanova ilə nikahı barədə yazılanlara münasibət bildirərkən deyib. O, “Yeni Müsavat”a açıqlamasında daha sonra əlavə edib: “Bu yazılar da o qəbildəndir. Məsələn, Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova haqqında deyilən fikirlər. Rəbiyyət xanım cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var… Belə xırda-xuruş, primitiv proseslərdən iyrənmək lazım deyil, onları səbirlə aradan qaldırmaq lazımdır. Həyat davam edir, biz hamımız bir-birimizi tanıyırıq. Bəzilərinin subyektiv fikirlərinin anonim olaraq ifadə etməsindən asılı olmayaraq onların ünvanı təxminən bilinir. Insan ömrü bir karvan yoludur, o karvan hərəkətdədir. O ki, qaldı dediyiniz yazılar, anidir, onlar karvanın gedişinə mane ola bilməz.
Hazırda kitablarımın başqa dillərə tərcümə edilib çap olunması ilə məşğulam. Bu yaxınlarda üç dildə, Ankarada türk dilində, Londonda ingilis dilində və Bakıda Azərbaycan dilində çap ediləcək və onların təqdimatı keçiriləcək. Bir də Moskva şəhərində Avropada ən böyük hesab olunan ticarət mərkəzinin tikintisini yekunlaşdırırıq, vaxtımın əsas hissəsini bu proyektləri başa çatdırmağa sərf edirəm”.