NATO Ukraynaya görə Şərqi Avropanın hava məkanına nəzarəti gücləndirir
Ukraynanın şərqində dünən də gərgin anlar yaşanıb. Donetskdə 7 nəfər silahlı şəhər şurasının binasını ələ keçirib. Naməlum silahlılar Donetsk Şəhər şurasında olan şəxslərdən binanı tərk etməyi xahiş ediblər. Naməlum silahlıların Qorlovka şəhər şurasının Əhalinin Mülki Müdafiə Idarəsinin yerləşdiyi binaya da hücumu olub. Idarədə bütün qapılar qırılıb, telefonlar yararsız vəziyyətə salınıb. Radikal yönümlü silahlı şəxslər terrorçu-diversiya qrupu şəklində Ukrayna Silahlı Qüvvələrinin Kramatorskda yerləşən hərbi hissələrindən birinə hücum etməyə cəhd ediblər. Hücumun qarşısını almaq məqsədilə havaya xəbərdarlıq atəşi açılıb. Hücumun dəf olunması üçün hərbi hissənin perimetri boyu hərbçilər və ordu texnikası mövqe qurub. Müdafiə Nazirliyinin açıqlamasında insident nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.
Luqanskda Ukrayna BTR-lərinə maneə yaradıldı
Luqansk yaxınlığında Rusiya yönümlü yerli sakinlər Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli texnikanın irəliləməsinə mane olub. 6 BTR və qaubisa (qısalüləli ağır top) ilə qoşqulu yük maşınları Dnepropetrovskdan yola düşüb. Kanalın məlumatına görə, Rayqorodka kəndinin sakinləri minik avtomobilləri ilə yolu bağlayaraq BTR-lərin irəliləməsinə əngəl olub.
Kramatorskdakı aerodrom Ukraynanın nəzarətinə keçdi
“Rusiya yönümlü separatçıların zəbt etdiyi Kramatorskdakı aerodrom dünən Ukrayna hərbçilərinin keçirdiyi antiterror əməliyyat zamanı itkisiz nəzarətə alınıb”. Bu barədə dünən brifinq zamanı Ukrayna DIN rəhbərinin müavini Stanislav Reçinski bəyan edib. Reçinski baş tutmuş əməliyyatı Ukrayna hərbçilərinin ilk inamlı qələbəsi adlandırıb: “Kramatorskdakı aerodrom Daxili Qoşunların ”Omeqa” və Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı antiterror mərkəzlərinin qüvvələri tərəfindən azad olunub. Xüsusi ilə vurğulamaq istərdim ki, bu əməliyyat itkisiz həyata keçirilib”. O qeyd edib ki, əməliyyatın əsas məqsədi hərbçilər və separatçılar arasında itkiyə yol verməmək olub: “Əsir götürülmüş separatçılar var, onların sayı barədə hələlik məlumat yoxdur”. Onun sözlərinə görə, Ukraynanın şərqində ələ keçirilmiş şəhərlər tam azad olunanadək antiterror əməliyyatı davam etdiriləcək.
Yatsenyuk: “Rusiya Ukraynaya terror ixrac edir”
“Rusiya neft-qazla yanaşı Ukraynaya terror ixrac etməyə başlayıb”. Bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib: “Mən belə başa düşürəm ki, artıq Rusiyanın ixrac üçün yeni məhsulu var. Neft və qaz ixracından əlavə Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb. Bu gün dünyada yalnız bir ölkə – Rusiya Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür”. Yatsenyuk onu da qeyd edib ki, Rusiya hakimiyyəti son həftələrdə təxribatçıların Ukrayna əsgərlərinə və vətəndaşlarına qarşı törətdiklərinə normal yanaşır: “Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib: əgər əvvəllər ayaqyolu haqqında danışırdısa, indi qonşu ölkələrdəki terrorçu qruplaşmalarını dəstəkləyir. Rusiyaya mesajımız odur ki, terrorçuları dəstəkləməyi dayandırsın”.
“Rusiya bankı terrorçuluğu maliyyələşdirir”
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya bankını ölkənin şərqində terrorçu qrupları maliyyələşdirməkdə ittiham edib. Xüsusi xidmət orqanının məlumatına görə, iğtişaşlarda iştirak edən Rusiya yönümlü fəalların hər birinin plastik kartına bankın vasitəçiliyi ilə hər gün 200-500 dollar köçürülür. UTX hələlik bankın adını açıqlamır: “Ukraynanın şərq bölgələrində separatçı şüarlar altında fəaliyyət göstərən terrorçuların maliyyələşdirilməsini təşkil edən və hazırda da təmin edən Rusiya banklarından birinin rəhbər şəxsləri barəsində cinayət icraatı başlanıb”. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, 2014-cü ilin mart-aprel ayları ərzində qeyd olunan bankın Kiyevdə yerləşən mərkəzi ofisinin vəzifəli şəxsləri vətəndaşlara qarşı zor tətbiq edən, dövlət əmlakına ziyan vuran və dövlət obyektlərini zəbt edən terrorçu qrupların təşkilatçılarını maliyyələşdiriblər. Faktla bağlı Ukrayna CM-in 285-5-ci maddəsi ilə (terrorçuluğun maliyyələşdirilməsi) cinayət işi başlanıb.
Kiyevə 11 milyardlıq yardım
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Ukrayna iqtisadiyyatına dəstək məqsədilə Kiyevə 11 mlrd. avro həcmində vəsait ayırmaq niyyətindədir. Bu barədə Donetskdə səfərdə olan Bundestaqın deputatı Norbert Şpinrat keçirdiyi mətbuat konfransında bəyan edib. O Ukraynaya mütləq yardım göstəriləcəyini qeyd edib: “Mən bir daha qeyd etmək istərdim ki, həm Almaniya, həm Avropa Birliyi, həm də Beynəlxalq Valyuta Fondu Ukraynaya yardım etmək niyyətindədirlər və bu 11 milyard avro məbləğində olan yardım mütləq göstəriləcək”.
Con Makkeyn: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kifayət deyil”
ABŞ senatoru Con Makkeyn ABŞ və AB tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yetərli olmadığını hesab edir. Bu barədə Respublikaçılar Partiyasının nümayəndəsi Latviyanın paytaxtı Riqada keçirdiyi mətbuat konfransında bildirib: “Indiyədək tətbiq olunan sanksiyalar Putini ancaq təhrik edə bilər. Onun həyata keçirdiyi işğala cavab olaraq bir neçə şəxsə və bir banka qarşı sanksiyalar ÿtətbiq etmək, sözsüz ki, gülüncdür”. O, ABŞ və Avropa Birliyi tərəfindən birlikdə Moskvaya qarşı əlavə sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb.
NATO Baltik və Aralıq dənizlərinə gəmilər göndərir
NATO Baltik dənizinə və Aralıq dənizinin şərqinə hərbi gəmilər göndərmək, habelə Şərqi Avropada hava məkanına nəzarəti gücləndirmək haqda qərar qəbul edib. Bunuÿ NATO baş katibi Anders Foq Rasmussen alyansın Brüsseldəki iclasından sonra curnalistlərə açıqlamasında deyib: “Alyansın hərbi gəmiləri hara lazım gəlsə, ora da göndəriləcək. Bu tədbirlər dərhal həyata keçiriləcək”. Bununla yanaşı Rasmussen qeyd edib ki, NATO hələlik Şərqi Avropa ölkələrində daimi hərbi bazaların yerləşdirilməsi haqda qərar verməyib: “Lakin bu istiqamətdə gələcəkdə iş görüləcək”.
NATO həmçinin Ukraynadakı vəziyyətlə bağlı Avropanın şərqində hava patrulunu gücləndirmək, gəmilərini Baltik dənizinə və Aralıq dənizinin şərqinə yönəltmək qərarına gəlib. Bu barədə də curnalistlərə Anders Foq Rasmussen bildirib: “Havada daha çox təyyarə, suda daha çox gəmi və quruda daha çox hazırlıq olacaq. Belə ki, təyyarələr hava məkanında daha çox patrul reydləri edəcək, müttəfiq gəmiləri Baltik dənizinə, Aralıq dənizinin şərqinə və tələb olunan hər yerə yönəldiləcək”. Onun sözlərinə görə, tədbirlər dərhal görüləcək.
“Rusiya Ukraynada 200 adamı öldürməyi tapşırıb”
“Rusiya Ukraynada 200 adamı öldürməyi tapşırıb”. Belə bəyanatla Ukrayna təhlükəsizlik nazirliyinin əks-kəşfiyyat bölməsinə rəhbərlik edən şəxslərdən biri Vitali Nayda çıxış edib. O bildirib ki, Ukrayna ərazisində fəaliyyət göstərən təxribatçı qrupların qarşısına qoyulmuş başlıca vəzifə vəziyyəti maksimum gərginləşdirməkdir: “Ən pisi isə odur ki, tutduğumuz danışıqlarda bizim küçələrimizdə qan tökülməsi məsələsi açıq şəkildə bildirilir. Əldə edilmiş sənədləşdirilmiş məlumatlar göstərir ki, 100-200 nəfər arası insanın öldürülməsi planlaşdırılıb. Bundan saat yarım sonra Rusiya ordusunun hissələrinin Ukrayna ərazisinə daxil olması qərara alınıb”. Nayda daha sonra qeyd edib ki, Ukraynanın şərqində diversiya ilə Moskva vilayətinin Kubinka şəhərində yerləşən 45-ci əlahiddə kəşfiyyat briqadasıdır.
“Ukraynada rus kəşfiyyatının 20-dən çox zabiti tutulub”
Ukraynanın güc strukturları Rusiyanın Baş Kəşfiyyat Idarəsinin 23 zabitini həbs edib. Bunu Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko Ali Radanın qapalı keçirilən iclasında bəyan edib. Onun sözlərinə görə, casus şəbəkəsi 2-3 il ərzində formalaşıb. Nalivayçenko qeyd edib ki, Təhlükəsizlik Xidmətinə 600-ə yaxın zəng daxil olub.
Rusiya KIV-i Odessanı da “müstəqilləşdirdi”
Ukraynanın Odessa vilayətinin də öz müstəqilliyini elan etdiyi haqda xəbər yayılıb. Lakin xəbər təsdiqini tapmayıb. Vilayətin özünü Odessa Xalq Respublikası elan etdiyini “odessa-antimaydan.com” saytı yazıb. Rusiya KIV isə bunu dərhal tirajlayıb. Hətta Ria-Novosti və RT kimi ciddi informasiya vasitələri də bu dezinformasiyanın tiraclanmasında iştirak ediblər. Odessa anti-maydançılarının liderlərindən biri olan Artyom Davidçenko Interfaks-Ukrayna agentliyinə deyib ki, vilayətin öz müstəqilliyini elan etdiyi haqda məlumat yalandır və təxribat da ola bilər. O, müstəqilliyin yox, Ukrayna tərkibində federasiyanın tərəfdarı olduqlarını bəyan edib.