Agentura arxivi: ifşanın lehinə və əleyhinə olanlar II YAZI
Bundan əvvəlki məqaləmizdə (əvvəlki məqalə bu yazının sonunda) orada qalmışdıq ki, AXC zamanı (oktyabr, 1992) parlament “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (MTN) arxivləri haqqında” məsələni müzakirəyə çıxarıb. Biz indi o həyəcanlı günlərdə parlamentə arxiv qəzetləri hesabına səfər edəcəyik. Parlamentin o gərgin iclaslarına qatılmamışdan əvvəl bu məlumatı da öyrənməkdə fayda var.
AXC-nin agentlərlə bağlı vədi və qərarı
“KQB” arxivlərinin açılması barədə tələb elə hakimiyyətdə olan AXC-nin təşəbbüs və təkidi olub. 1992-ci ilin sentyabrında hələ Elçibəyin prezidentliyinin “yüz günü” tamam olmamış AXC Icraiyyə Komitəsi DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsi) açılması barədə qərar qəbul edir və bu qərar təklif formasında Milli Məclisə çatdırılır.
Bu qərar təsadüfi ortaya çıxmamışdı, əksinə, AXC-nin mahiyyətindən irəli gəlirdi. Çünki bu barədə AXC sədri Əbülfəz Elçibəyin vədi vardı. Vəkil və o zamanlar AXC hakimiyyətinə tənqidi qeydlərilə seçilən Adil Ismayılovun “Müxalifət” qəzetinin 2 fevral 1993-cü il tarixli sayında yazdıqlarına şübhə etməsək, Əbülfəz Elçibəydən başqa heç bir namizəd arxivlərin açılması barədə fikir və təklifləri dəstəkləməyib.
“Stukaç” kimdi?
Beləliklə, artıq 1992-ci ilin Milli Məclisindəyik. MTN-ni burada iki yüksək səviyyəli məmur – nazir Fəxrəddin Təhməzov və onun birinci müavini Sülhəddin Əkbər (o zaman Əkbərov) təmsil edir. Onların mövqeyi birmənalı və güzəştsizdir: agentlər barədə arxiv toxunulmaz saxlanılmalıdır. “Niyə?” sualına onların cavabını dinləyək.
Danışır, nazir Fəxrəddin Təhməzov:
“Agentlər sizin, mənim kimi adamlardı. Agentlərin arxivini açmaq olmaz, çünki bizim agentlərdən biri açılsa, onda MTN məhv edilməli, təzəsi yaradılmalıdır, onda xarici agentlər də bizə işləməkdən imtina edəcəklər. Təzə agentura yaratmaq üçünsə, bir-iki yox, uzun illər lazımdır.
Arxivlər açılsa, bura Tacikistandan (o zaman Tacikistanda şiddətli vətəndaş müharibəsi gedirdi – N.G.) da pis günə düşəcək. Sizin “stukaç” dediyiniz bizim üçün agentdir və onun kimə işlədiyinin fərqi yoxdur. Operativ şəraiti mən bilirəm. Bircə nəfər agenti aşkarlamaq belə dəhşətlə nəticələnə bilər”.
Sülhəddin Əkbər: “…arxiv açılsa, istefa verəcəm”
Milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər də parlamentdə “şef”indən fərqli mövqe göstərmir. O bildirir ki, nəinki agentura arxivlərini açmaq lazım deyil, ümumiyyətlə, bu məsələnin müzakirəsi dayandırılmalıdır: “Çünki DTK arxivlərinin açılması haqda söz-söhbət işimizi, demək olar ki, pozub. Agentlərin 90 faizi narahatdır və işləmir. Onlar müzakirənin hansı sonucla qurtaracağını gözləyirlər”.
Sülhəddin Əkbər onu da deyib ki, agentura şəbəkəsini açmamışdan əvvəl MTN-nin ləğv edilməsi lazımdır. Bu idarəni yenidən qurmaq üçün 4-5 il vaxt tələb olunacaq. Ölkənin həmin vəziyyətində isə o, bunu yolverilməz sayıb.
Sülhəddin Əkbər daha sonra Milli Məclis agentura şəbəkəsinin açılması ilə bağlı müsbət qərar verərsə, prezidentdən qanuna veto qoymağı xahiş edəcəyini, veto olmayacağı halda isə istefa verəcəyini bəyan edib.
Bunlar arxivin açılmasına qarşıdır…
Məmurların mövqeyini müdafiə edən deputatlar kimi, qəzet qeydlərində YAP-dan millət vəkili olmuş general Timoşenko, Hacıkərimov (bu şəxs 20 il DTK-da çalışıb) və Bağırovun adı keçir. Onlar DTK-da işləmiş kadrların vətənpərvərliyindən, DTK-nın vaxtilə verdiyi iqtisadi səmərənin böyüklüyündən danışıb, xəbərdarlıq ediblər ki, agentura arxivləri açılarsa, həm nazirliyin, həm də minlərlə adamın taleyi acınacaqlı olacaq.
Bunlar isə “açılsın” deyir
Millət vəkilləri M.Məmmədov, S.Rüstəmxanlı, A.Hacıyev, F.Cəlilov, I.Nadirov, E.Məmmədov, T.Əliyev, Ə.Rəhimov, K.Rəhimov və başqaları (ona görə “başqaları” yazırıq ki, əlimizin altında olan qəzetlərdə bu adlar yazılıb. Lakin göstərilib ki, bu mövqedə olan başqa deputatlar da olub) təklif ediblər ki, agenturaya aid bütün sənədlər olmasa da, 1988-ci ildən üzü bəri Milli Azadlıq Hərəkatına soxularaq, imperiyaya xidmət edənləri ifşa etmək üçün heç olmasa, müəyyən sənədlər açılsın.
O zaman parlament sədri Isa Qəmbərin isə belə bir replikası qəzetlərə düşüb: “Açsaq da peşman olacağıq, açmasaq da…!”
***
Indi isə deputatlarla nazir arasındakı sual-cavablara keçirik.
Deputatlar:
– Ali Sovetdə danışıqlara qulaq asmaq üçün xüsusi otaqlar varmı?
Nazir:
– Ali Sovetdə belə otaqlar yoxdur. Yoxlatdırmışıq, sədrin də otağı təmizdir.
– Agentlər kimlərdir?
– Mən ancaq öz agentlərimi tanıyıram.
– Onlara maaş verirsinizmi?
– Xeyr, onlar xalq təsərrüfatının müxtəlif sahələrində işləyirlər. Bizdən maaş almırlar.
– Agentlərdən indi rəhbər vəzifə tutanlar varmı?
– Mənimlə işləyən agentlərdən yox.
– Indiki rəhbərlikdə olan və hakimiyyətə gəlməyə hazırlaşan adamların keçmiş DTK ilə əməkdaşlıq etməsi faktlarını açmaq olmazmı? Bilərik, kim kimdir?
– Sizi inandırıram ki, bir nəfər agentin adı mətbuata çıxsa, onda Azərbaycana nə Milli Təhlükəsizlik Nazirliyi, nə də Daxili Işlər Nazirliyi lazımdır. Indi xarici ölkələrin, o cümlədən Ermənistanın kəşfiyyatına qarşı işləyən agentlərimiz bizimlə əməkdaşlıqdan imtina edəcəklər. Çünki sabah onların da adlarının açıqlanmayacağına təminat qalmayacaq. Bir agentin adını, hətta prezidentə belə, deməyə ixtiyarım yoxdur. Agentura arxivinə tək bir nəfər – 10-cu şöbənin rəisi girə bilər. Heç mən də girə bilmərəm.
– Bu nazirlik milli təhlükəsizliyimizi qoruyursa, vaxtilə və indi xalq əleyhinə işləyən satqınların adını niyə çəkmək istəmirsiniz?
– Agent satqın deyil, bəy. Vaxtilə Meydanda işləyən agentlər indi Ermənistan kəşfiyyatına qarşı işləyir, onların adını necə açaq? Respublikanın indiki vəziyyətində bunu etmək olmaz.
Böyük və əsaslı şübhə
MTN sədri sualları cavablandararkən deputat Etibar Məmmədov agentura arxivinin etibarlılığını şübhə altına alır. Bir sıra deputatlar məxfi agentura sənədlərinin mediaya ayaq açması, o cümlədən Nemət Pənahovun öz qəzetində DTK-nın Meydan hərəkatına qarşı apardığı istintaq materiallarını necə yaymasıyla maraqlanır. Bəlli olur ki, KQB-nin arxivi heç də adından tökülən əzəmət qədər etibarlı, güvənli deyilmiş. Nazir maraqlı etirafda bulunur. Bu barədə “Azadlıq”ın növbəti saylarında danışacağıq…
(Ardı var)
Natiq Güləhmədoğlu
***
16/04/2014
“KQB” agentlərini həyəcanlandıran günlər…
Azərbaycanda «KQB» arxivlərinin açılmasının qarşısını nələr alıb?
Bugünlərdə “Azərbaycan” Nəşriyyatında hakimiyyətyönlü qəzetlərin birinin baş redaktoru dəyişdi. Həmin hadisədən az sonra keçmiş baş redaktorun otağı süng oldu, onun iş otağındakı müxtəlif materiallar lazımsız əşya kimi dəhlizə səpələndi. Yolum ordan ötəndə ayrıca bir qəzet dəstəsi diqqətimi çəkdi.
Bunlar 1992-ci ilin oktyabrında çıxan ən müxtəlif qəzet nümunələri idi. Onların arasında hökumət qəzeti də vardı, müxalif də…
21-22 oktyabrı əhatə edən qəzetlərdə bu gün də geniş kütlələrin diqqətini çəkən mövzu işıqlandırılmışdı. Həmin tarixdə Milli Məclis “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (MTN) arxivləri haqqında” məsələni müzakirə edib. Iclasın əsas qayəsi də mübhəm “KQB agentləri”nin işfa edilib-edilməməsi haqda olub.
Mən səliqə ilə yığılmış bu qəzet dəstələrini nəzərdən keçirib, yadıma salmağa çalışdım; bu keçmiş baş redaktorun “KQB agentləri” ilə bağlı hansısa araşdırması, məqaləsi olubmu? Xatırlaya bilmədim və barmağımı dişlədim. Olmaya, bu yoldaş da…
Bu keçmiş baş redaktorun harasa bağlı olub-olmaması bu gün qətiyyən heç kimə maraqlı deyil. Üstəlik, biz qara şübhəmizlə kimisə ittiham altına da qoya bilmərik. Sadəcə, indi vəfa onu tələb edir ki, tariximizin maraqlı bir səhifəsinə ötəri də olsa, göz atmağa vəsilə olduğu üçün həmin o yoldaşa təşəkkür edək.
“KQB” arxivlərinin açılması istiqamətində kövrək addım
Bu gün “KQB agenturasına” tarixin gözü ilə baxacağıq. Hərçənd, bu, çox ötəri baxışdır, qiymətli faktlar olmasına rəğmən.
Beləliklə, zaman o zamandır ki, AXC hakimiyyətdədir. Və Milli Məclis də son dərəcə qalmaqallı bir məsələni – “KQB” arxivlərinin müqəddəratını həll etmək istəyir. Sözümüzün sonunu əvvəldə yazaq ki, bu müzakirə müsbət nəticələnməyib. Yəni, Milli Məclis arxivlərin açılması ilə bağlı qərar qəbul etməyib. Lakin üzü o istiqamətdə müsbət qərarlar olub.
Tamerlan Qarayevin (spikerin o vaxtkı müavini) 3 maddədən ibarət qərar layihəsinin yalnız bir maddəsi qəbul olunur ki, həmin maddədə göstərilənlər də məsləhət xarakterli olur; əvvəlcə arxiv, agent, arxivlərin açılma anlayışları öyrənilməli və bəri başdan həll olunmalıdır ki, hansı sənədlər yoxlanılacaq.
Azadlıq və azadlıqsızlıq
Burda bir neçə kəlmə ilə azadlığın dəyəri və önəmini vurğulamalıyıq. AXC hakimiyyəti zamanı dövlət hakimiyyətində neqativlər danılmazdır. Bunu o zaman rəhbərlikdə təmsil olunanlar elə vəzifədə ikən də dilə gətiriblər. Məsələn, həmin dövrdə çıxan qəzetlərdə dərc olunmuş, o zaman dövlət katibi postunu tutan Əli Kərimlinin öz hakimiyyətinə yönəlik müsahibəsilə elə “Azadlıq”ın oxucuları bu yaxınlarda tanış olublar.
Bütün deyilən və deyilməyən tənqidlərə baxmayaraq, AXC hakimiyyətində söz və mətbuat azadlığı indiki ilə müqayisə olunmayacaq dərəcədə müsbət cəhətdən fərqlənib. Azadlıq idealına sadiqlik isə hakimiyyət üçün çətin problemlər yaratsa da, cəmiyyətin demokratikləşməsi, şəffaflıq, eləcə də yaradıcı imkanların genişlənməsi baxımından əhəmiyyətli rol oynayıb.
Diqqət edin, elə bu gün danışdığımız mövzu ilə bağlı o zaman Ali Sovetin (Milli Məclisin) rəsmi orqanı “Azərbaycan” qəzeti yazırdı ki, MTN heç kimin gedib-qayıtmayacağı cəhənnəm kimi müdhiş və mübhəm təsəvvürlər oyadan bir obyekt olaraq qalır (“Azərbaycan” qəzeti, 22 oktyabr 1992-ci il).
“KQB” arxivlərinin açılması istiqamətində cəhdlər göstərilməsi, bu yöndə qızğın ictimai müzakirələrin başlanması da azadlığın bəhrəsi olub. Şübhə etmək çətindir ki, AXC hakimiyyəti dayanıqlılığını qoruya bilsəydi, bu problem əsaslı şəkildə çoxdan həll olub bitmişdi.
Vəziyyətin nə qədər fərqli olduğunu təsəvvür etmək üçün bu günə baxaq. Uzun illər ötüb, Azərbaycan hər halda, dövlət rəsmilərinin dediyinə inansaq, xeyli güclənib, təhlükəsizlik problemi guya, həll olunub, amma bir dəfə də olsun, biz Əliyevlər dövründə “KQB”nin təhlili, arxivlərin açılması, “KQB” agentləri ilə bağlı aydınlaşdırma işinin aparıldığını görmürük. Hazırkı üsul-idarə davam edəcəyi təqdirdə, o günü görəcəyimizə təminat yoxdur.
Heydər Əliyev “KQB”ni necə ləğv edir?
Oxuyacağınız tarixi materialları ümumiləşdirsəniz, görəcəksiniz ki, o zamankı hakimiyyət “KQB” arxivlərini açmağa təhlükəsizlik baxımından qorxub. Onlar ifşa olunacaq agentlərin ölkədə çaxnaşma salacağından ehtiyatlanıblar. Bu, əlbəttə, gücsüzlüyün etirafı idi. Çünki Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi, 15 dekabr 1991-ci il tarixdə bu “KQB”nin fəaliyyətinin Naxçıvan Muxtar Respublikası ərazisində dayandırılması barədə qərar qəbul etməyi bacarmışdı. Uzun müddət – 20 sentyabr 1992-ci ilədək Naxçıvan “KQB”siz idarə olunub. Heydər Əliyev rəsmi xəfiyyələr, xəfiyyə qurumları olmadan Naxçıvanı idarə edib. 20 sentyabr 1992-ci ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki bazası əsasında Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Əlbəttə ki, bu qurum millilikdən daha çox fərdi idi, yəni, birbaşa Əliyevin özünə xidmət edən xəfiyyə sistemi.
Bütün bunları yazmaqda onu vurğulamaq istəyirəm ki, Heydər Əliyevin özü üçün qurduğu işi bütün Azərbaycan üçün daha layiqli formada etmək olardı. Amma nə edəsən, tarixə redaktə etmək olmur.
Nemət Pənahlının “sirr boğçası”
Yenidən 1992-ci ilin 21 oktyabrına dönürük. Bu həm də o tarixdir ki, Meydan Hərəkatının qəhrəmanlarından olan Nemət Pənahlı özünün “Meydan” adlı qəzetində məxfi istintaq materiallarını yayımlayırdı. Bu materiallar “KQB” və prokurorluğa aid idi – Meydan Hərəkatından sonra ifadə verən, dindirilən insanların ifadələri yazılırdı. Biz onların nə qədər doğru, nə qədər yalan olduğunu, ən azı, indi deyə bilməyəcəyik. Lakin materiallar onu deməyə əsas verir ki, Nemət Pənahlının tirajladığı sənədlər ajiotaja, narahatlığa səbəb olubmuş…
Natiq Güləhmədoğlu