Ceyhun Osmanlının atasının bağ evində nurçuların toplaşdığı xəbəri yayıldı
Elnur Aslanovun isə MTN-də dindirildiyi iddia edildi
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirilib.
“Bizimyol.info”nun məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, dindirilmə zamanı Elnur Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb.
Mənbənin məlumatlarına görə, bundan sonra Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumata görə, Elnur Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.
Bunlardan biri də Gəncə Şəhər Icra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 – 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, Istanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında “IT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər Institutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. Mənbə, analoji araşdırmaların digər gənc kadırları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb.
MTN yayılan məlumatlara münasibət bildirib. Qurumun ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında deyib ki, yayılan məlumat həqiqətəuyğun deyil:
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
DİN-in Göyçayda “nurçu əməliyyatı”
Daxili Işlər Nazirliyi (DIN) isə məlumat yayıb ki, “nurçu” şəbəkənin üzvləri olan Göyçay rayon sakinləri Şahin Həsənov, Ilham Həmidov və Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Zəkiriyyə Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, Ismayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Zəkiriyyə Məmmədovun evinə baxış zamanı 545 ədəd “nurçu” təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur” kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.
Aprelin 14-də Ilham Həmidovun evinə baxış zamanı 20 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur” kitabları aşkar edilərək götürülüb.
Onların izahatları alındıqdan sonra buraxılıblar.
Nurçular Ceyhun Osmanlının atasının bağ evinə toplaşır?
Göyçayla bağlı başqa maraqlı xəbər də var. Hüquq müdafiəçisi Taleh Xasməmmədov facebook səhifəsində yazıb ki, nurçular deputat Ceyhun Osmanlının atası Yunis Osmanlıya məxsus Ağdaş rayonunun Kükəl kəndindəki bağ evinin fotolarını paylaşaraq yazıb: “Şəkillərdə görünən bağ evi və 60 ha torpaq sahəsi millət vəkili Ceyhun Osmanlının atası Göyçay rayon Icra Hakimiyyətinin başçısının müavini Yunus Osmanlıya məxsusdur. Ağdaş rayonun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdikləri bildirilir”.
Ceyhun Osmanlı nurçularla əlaqədə adı ən çox hallanan şəxslərdən biridir. Onun atası Yunis Osmanlı da sıravi şəxs deyil. O, Göyçayın icra başçısının müavini vəzifəsində çalışır. Yunis Osmanlı Taleh Xasməmmədovun yaydığı xəbərə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evi doğrudan da onlara məxsusdur: “Bəli bu ev mənim adımadır. Bunu yazan və şəkilləri çəkəni tanıyırıq, xəstə adamdır”. Yunis Osmanlı nurçuların ona məxsus bağ evində dərsxana kimi istifadə etmələrinə dair xəbərə isə belə aydınlıq gətirib: “Əşi nə nurçu? O nə deməkdir? Mən hələ də bu söhbəti və bu nurçu məsələsini başa düşə bilmirəm”.