İlham Əliyev Artur Rasizadəni kimlə əvəzləmək istəyirmiş və Ərdoğanın səfəri buna necə mane olub?
Azərbaycan dövlət neft şirkətinin prezidenti (ARDNŞ) Rövnəq Abdullayev baş nazir təyin edilməli imiş. Bu barədə redaksiyamıza hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Ilham Əliyev aprelin 15-də Rövnəq Abdullayevin bu posta təyin olunması barədə sərəncam imzalamalı imiş. Lakin sonradan qərar dəyişib.
Mənbə bildirib ki, qərarın dəyişməsinə səbəb Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycanı səfəri olub. Ərdoğanın səfər çərçivəsində Ilham Əliyevlə görüşündə nurçularla bağlı məsələni müzakirə etdiyi artıq təkzibolunmaz faktdır. Türkiyənin baş naziri özü bu barədə yayılan məlumatları təsdiqləyib. Bəzi iddialara görə, Ərdoğan Ilham Əliyevə nurçu məmurlarla bağlı siyahı da təqdim edib.
Azərbaycanda nurçulara qarşı hərəkətlənmə başlayanda nurçularla əlaqəsi olan məmurlar sırasında Rövnəq Abdullayevin də adı hallanırdı. Məlumatlarda bildirilir ki, Ərdoğanın siyahısında da Rövnəq Abdullayevin adı olub.
Mənbə iddia edir ki, Rövnəq Abdullayevin nurçularla adı hallanması Ilham Əliyevi onunla bağlı qərarını dəyişməyə məcbur edib. Ölkə başçısı Rövnəq Abdullayevin baş nazir təyin olunmasının Türkiyə ilə münasibətlərə mənfi təsir göstərəcəyindən ehtiyatlanıb.
Mənbə bildirib ki, Rövnəq Abdullayevə qarşı fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın saytlarda kampaniya aparılmasının kökündə də əslində bu məsələ dayanıb.
Qeyd edək ki, Azərbaycan hakimiyyətində baş nazir postu uğrunda uzun müddətdir ki, mübarizə gedir. Bu mübarizədə Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, Milli Məclisin spikeri Oqtay Əsədov və Rövnəq Abdullayevin adı hallanır. Lakin Ilham Əliyev bu posta Artur Rasizadə kimi sözəbaxan şəxsin gətirilməsində maraqlıdır. Bu baxımdan ən uyğun namizəd kimi Oqtay Əsədovla Rövnəq Abdullayev göstərilir. Görünür, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun təsiri ilə Ilham Əliyev son anda Rövnəq Abdullayevin üzərində dayanıbmış. Lakin nurçu məsələsinin gündəmə gəlməsi və Ərdoğanın səfəri buna əngəl oldu.
İnformasiya şöbəsi