“Azərbaycanda PKK-nın fəaliyyəti ilə bağlı suallar ayrıca müzakirə mövzusudur”
“Türkiyədə seçki saxtalaşdırılmır, söhbət yalnız səslərin səhv sayılmasından gedə bilər”
Turqut Ər: “Azərbaycanı başqa dövlətlərə satmaq istəyənlərə səslənirəm, Türkiyə buna heç zaman imkan verməyəcək”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Seçkidən sonra Ərdoğanın ilk xarici səfərini məhz Azərbaycana etməsi də diqqətdən yayınmır. Ekspertlər bu səfərin məhz “Azərbaycana Rusiyadan növbəti təhdidlər ola bilər” kimi müzakirələrin getdiyi bir zamana təsadüf etməsini təsadüfi saymırlar. Bundan başqa, bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də Azərbaycanda səfərdə olub. Gündəmdə olan bu və başqa mövzularla bağlı sualları türk diplomatı, “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ərə ünvanladıq.
– Azərbaycanda iqtidarda kimin olmasından asılı olmayaraq, bu siyasət yürüdülür. Önəmli olan Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Azərbaycan türk dünyasının bir parçasıdır. Azərbaycan vətəndaşı ilə Türkiyənin vətəndaşı arasında fərq qoyulmamalıdır. Hazırda Azərbaycan bir sıra qonşularının təzyiqi və təhdidi altındadır. Hazırda şimaldan Rusiya, cənubdan isə Iran Azərbaycanı təhdid edir. Türkiyədə də siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ankara Azərbaycanla bağlı yürüdülən dövlət siyasətinə diqqət yetirməlidir. Türkiyə hazırda Azərbaycanın problemlərinin nədən ibarət olduğunu gözəl görür və anlayır. Problem də Azərbaycanın Rusiyadan, Irandan, Ermənistandan təhdid almasıdır. Ona görə Türkiyənin Azərbaycana belə bir qayğı nümayiş etdirməsi normal qarşılanmalıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təhlükə altına düşməməlidir. Ona görə də Ərdoğanın səfərinə də bu kontekstdən baxmağın tərəfdarıyam. Maraqlıdır ki, mənim müşahidələrim göstərir ki, hazırda həssas olan bir məqamda Azərbaycanın daxilində Rusiya meyilli qüvvələr baş qaldırıblar. Bu qüvvələri mən Azərbaycana xəyanət etməyə hazır olan güclər kimi dəyərləndirirəm. Məqsəd köhnə idarəçilik rejimini yenidən gündəmə gətirərək, Azərbaycanı Rusiyanın təsiri altına salmaqdır. Bu cür təhlükəli məqamlar gündəmdə olduğu bir zamanda Türkiyə sakit qala bilməz. Düzdür, Türkiyə ilə Azərbaycan arasında bir sıra problemlər mövcuddur. Amma bunlar həlli mümkün olan, qardaş məsələləridir. Türk vətəndaşlarının Azərbaycanda üzləşdiyi problemlər, neft və qaz satışı ilə bağlı layihələr də Türkiyə baş nazirinin səfəri zamanı müzakirə edilə bilər.
“Türkiyə hər zaman Azərbaycana dəstəkdir”
– Bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl də Azərbaycanda səfərdə olub. Azərbaycanın yerləşdiyi regionda ciddi hadisələrin baş verdiyi bir zamanda bu səfəri necə dəyərləndirmək olar? Vaxtilə qonşularının təzyiqlərinə məruz qalan Azərbaycan “türk şahinlərinin” Bakı səmasındakı çıxışlarından sonra gərgin situasiyadan çıxa bildi. Bu baxımdan Baş Qərargah rəisinin, baş nazirin bu səfərləri sözügedən səpkidən qiymətləndirilə bilərmi?
– Türkiyə Krımda, Cənubi Osetiyada və Abxaziyada baş verənlərin yenidən Azərbaycanda təkrarlanmaması üçün hər zaman rəsmi Bakının yanında olacaq. Azərbaycan Türkiyəyə siyasi baxımdan da, əsgəri baxımdan da etibar edə bilər. Dolayısı ilə türk rəsmilərinin Azərbaycana səfərlərinin intensivləşməsi Azərbaycana bir dayaqdır. Azərbaycan xalqı baş verənləri Türkiyənin diqqəti kimi anlamalıdır. Azərbaycanı Rusiyaya və ya başqa dövlətlərə satmaq istəyənlərə müraciət edirəm, Türkiyə buna heç zaman imkan verməyəcək. Bundan sonra Azərbaycanı hər hansı dövlətin əsarəti altına salmağa heç kimin gücü çatmayacaq. Azərbaycana qarşı Türkiyənin bu diqqəti yalnız indi yürüdülən siyasət deyil. Azərbaycan müstəqillik qazanandan bu günə qədər çeşidli istiqamətlərdə Türkiyə Azərbaycanın tərəfində olub. Əksinə, Azərbaycana qarşı göstərilən diqqət hər ötən il daha da artmaqdadır. Türkiyə ordusunun generalları hər ay üç-dörd dəfə hansı ölkəyə səfər edir, onun təhlükəsizlik problemləri ilə maraqlanırlar. Bu sıraya Türkiyədən olan siyasətçiləri, nazirləri, elm adamlarını da daxil etmək olar. Türkiyə Azərbaycana güvənir. Azərbaycan da Türkiyəyə güvənməlidir. Bu münasibətlərin qarşılıqlı olması üçün iki ölkəni də idarə edənlərin əllərində olan bütün imkanları bir-birlərinin köməyinə istifadə etməsi, başqa niyyətli olmaması lazımdır.
“Nurçu”lara qarşı tədbirin görülməsi istənilə bilərmi?”
– Ərdoğanın Bakıya ötən səfəri zamanı mətbuatda belə məlumat yayılmışdı ki, Türkiyənin baş naziri Azərbaycan tərəfindən ölkədə PKK-ya qarşı ciddi mübarizə aparmasını istəyib. Türkiyədə Gülən tərəfdarlarına qarşı atılan son addımlar nəzərə alınarsa, Ərdoğanın bu dəfə Azərbaycan hakimiyyətindən “Nurçu”lara qarşı bir sıra tədbirlər görməyi xahiş edəcəyi ehtimal olunur. Çünki “Nurçu”ların güclü olduğu ölkələrdən biri də Azərbaycan sayılır. Bu məlumat nə dərəcədə doğru ola bilər?
– Düşünmürəm ki, Ərdoğanın Bakıya səfəri zamanı bu mövzu müzakirə predmeti ola bilər. Hesab etmirəm ki, Ərdoğan Azərbaycan hakimiyyətindən belə bir istəkdə bulunacaq. Əgər Azərbaycanda belə bir problem varsa, o, ölkənin daxili işidir. PKK ilə bağlı suallar isə ayrıca müzakirə mövzusudur.
– Ərdoğan seçkiöncəsi çıxışlarında bəyan etmişdi ki, seçkidən sonra Gülən tərəfdarları ilə hüquqi dildə danışacaq və “Nurçu”lara qarşı bir sıra əməliyyatların həyata keçirilməsi mümkündür. Seçki bitdikdən sonra deyilən bu bəyanatlar istiqamətində hansı addımlar atıla bilər və bu Türkiyənin gələcəyinə nə vəd edir?
– Baş nazir bu bəyanatları seçki plaforması ilə bağlı çıxışları zamanı ictimailəşdirib. Hələlik ortada elə bir iddia yoxdur. Bu istiqamətdə isə hansı addımların atılacağı bilinmir. Ona görə bu barədə konkret nəsə söyləmək üçün bir qədər gözləmək lazımdır.
– Dini Komitənin keçmiş sədri Rafiq Əliyev bir müddət əvvəl müsahibəsində vurğulamışdı ki, Azərbaycanda “Nurçu”lar dövlət idarəetmə aparatında, hüquq mühafizə orqanlarında, Prezident Administrasiyasında təmsil olunublar…
– Əslində “Nurçu”ların Azərbaycanın hakimiyyət strukturlarında deyildiyi qədər geniş təmsil olunması barədə dolğun, dürüst məlumat yoxdur. Amma mənim bildiyim qədər, İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi daha böyükdür. Lakin bu kimi dövlətlərin təsirlərini Azərbaycanda heç kim gündəmə gətirmir. Bunun müqabilində isə bu gün Azərbaycan mətbuatının gündəmində bir “Nurçu” mövzusu var. Mətbuatda gedən məlumatlarda da vurğulanır ki, Azərbaycanın idarəçiliyində də “Nurçu”lar iştirak edirlər. Bu, Azərbaycan iqtidarının öz problemidir. Hakimiyyət özü müəyyənləşdirməlidir “Nurçu”lar ona təhlükə törədir, yoxsa yox.
“Qüsurlar Türkiyənin yeni seçki sisteminə keçməsiylə bağlıdır”
– Türkiyədə keçirilən son bələdiyyə seçkilərinin nəticələri ilə bağlı müxtəlif müzakirələr getməkdədir. Əsas mübahisə mövzusu səslərin düzgün hesablanmamasıyla bağlıdır. Əslində Türkiyədəki seçkilərdə nə baş verib? Bu yanlışlıqların səbəbi nədir? Seçkidəki yanlışlıq nəticələrə təsir etmək gücündədirmi?
– Türkiyədə son seçkilərdə 53 milyon insan səs verdi. Türkiyə böyük bir ölkədir. Türkiyədə əhalinin bir hissəsinin yaşadığı ucqar dağ kəndləri var. Digər tərəfdən, Türkiyə son bələdiyyə seçkilərini yeni səsvermə sistemi ilə keçirib. Ilk dəfədir ki, bələdiyyə seçkilərində ölkənin bütün ucqar kəndləri iştirak edir. Düşünürəm ki, Türkiyə yeni sistemə elə son bələdiyyə seçkilərindəcə alışdı. Ola bilsin ki, seçkilərdə müəyyən qüsurlara yol verildi. Amma bu xətalar sırf səsvermə sisteminin yeni olması ilə bağlıdır. Türkiyədə seçkilər məhkəmə sisteminin nəzarəti altındadır. Yəni Türkiyədə demokratik prinsipləri həyata keçirən strukturlar kifayət qədər azaddırlar. Insan faktorunun olduğu yerdə qüsurlar da olur. Bu kimi faktlara dünyanın hər yerində rast gəlinir. Amma Türkiyədəki seçkilər və onun nəticələri Azərbaycandan köklü surətdə fərqlənir. Türkiyə demokratik ənənələri rəhbər tutduğu 1950-ci ildən bu günə qədər səsvermə sisteminə böyük önəm verib. Seçkilərdə xalqın iradəsi hər şeydən üstün tutulub. Türkiyədəki demokratik seçki ənənəsi hakimiyyətlərdən asılı olmayaraq illərdir davam edir. Ona görə bu gün müzakirə olunan xırda qüsurlar ümumilikdə seçkinin nəticələrinə radikal şəkildə təsir edəcək dərəcədə deyil.
“Türkiyədə ilk dəfə prezidenti xalq seçəcək”
– Belə düşünülürdü ki, Türkiyədə bir müddət əvvəl başlayan rüşvət qalmaqalı AKP-yə seçkidə uğur qazanmağa imkan verməyəcək. Amma seçkilərin nəticələri tam başqa reallığı ortaya qoydu. AKP seçki sınağından uğurla çıxdı. Amma belə fikir var ki, bələdiyyə seçkilərində səslər ayrı-ayrı fərdlərə verilib. Siyasi liderlərin gücünü avqustda keçiriləcək prezident seçkiləri göstərəcək. Ərdoğan eyni uğuru avqustda keçiriləcək prezident seçkilərində təkrarlaya biləcəkmi?
– Türkiyədə bu dəfə keçirilən bələdiyyə sekiləri əvvəlkilərdən fərqləndi. Bu seçkilər sıradan bir bələdiyyə seçkiləri olmadı və bir qədər irəli getdi. Avqustda keçiriləcək prezident seçkiləri ilə bağlı isə hələlik geniş müzakirələr başlamayıb. Siyasi çevrələrdə bu barədə danışmağa hələ yeni başlayıblar. Bir müddət sonra bu istiqamətdə hansı dəyişikliklərin baş verəcəyi məlum olacaq. Əlbəttə, ən önəmlisi prezidentliyə namizədlərin adlarıdır. Çünki Türkiyə tarixində ilk dəfədir ki, dövlət başçısını parlament deyil, xalq seçəcək. Bu seçkidə də türk xalqı kimə səs verəcəksə, o şəxs də qalib elan olunacaq və bütün dünya da bu nəticələri qəbul etməlidir.
“Putinin siyasəti öz əleyhinə işləyəcək”
– Azərbaycanın yerləşdiyi regionda ciddi proseslər baş verməkdədir. Keçmiş sovet ölkələri seçim qarşısındadırlar. Bir tərəfdən Avropa Birliyi, digər tərəfdən Rusiya var. Azərbaycanın maraqları baxımından hansı seçimin edilməsi doğru olar?
– Azərbaycan uzun illər əsarət altında qaldıqdan sonra müstəqilliyə qovuşub. Bundan sonra Azərbaycan xalqı millətin gələcəyi ilə bağlı hər hansı məkrli planın həyata keçməsinə icazə verməz. Azərbaycanı Ukrayna kimi parçalamaq, bu dövlətin vəziyyətinə salmaq barədə heç kim düşünməsin. Əslində Putin rejiminin yürütdüyü siyasət onun əleyhinə işləyən amildir. Çünki Rusiyanın Krımı Ukraynadan ayırması Kremlin başına oxşar olayları gətirə bilər. Bu siyasət nəticəsində Rusiya parçalanacaq. Bir müddət sonra Şimali Qafqazda bir sıra xalqların da referendum keçirərək, müstəqilliklərini elan etməsinə təcüblənməmək lazımdır. Ona görə qarşımızdakı zaman kəsiyində Rusiya öz taleyi ilə məşğul olmalıdır. Rusiyanın Azərbaycana qaşı iddialarda bulunması mümkün deyildir. Azərbaycan hələ müstəqillik qazanan zaman Avropaya inteqrasiyanı əsas siyasəti kimi qəbul edib və bu istiqamətdə mühüm addımlar atıb.
– Bir müddət əvvəl Ərdoğan ABŞ-dan Fətullah Gülənlə bağlı tədbir görməyi və onu Türkiyəyə təhfil verməyi istəmişdi. Ağ evdən gələn cavab Ərdoğan üçün qaneedici olmadı. Bu olay Türkiyə ilə ABŞ arasında münasibətlərin pozulmasına səbəb ola bilərmi?
– İnanmıram ki, bu hadisə Türkiyə ilə müttəfiqi olan ABŞ arasındakı münasibətlərə təsir etsin.
Xəyal Şahinoğlu