Cəmil Həsənli tarix yaratdı; "Xalqımız haqqına qovuşana qədər bu meydanda varıq!"
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli dünən Bakıda sonuncu təşviqat mitinqini keçirdi. Metronun “Inşaatçılar” stansiyasının yaxınlığında, “Məhsul” Idman Sağlamlıq Kompleksinin stadionunda keçirilən mitinq ötən dəfəkilərdən fərqli təşkil olunmuşdu. Budəfəki mitinqdə partiya bayraqlarından imtina edilmişdi. Aksiyanı Cəmil Həsənlinin plakatları və Azərbaycanın dövlət bayrağı bəzəyirdi.
Mitinq saat 16.00-a təyin edilsə də, artıq yarım saat əvvəldən xeyli insan meydana toplaşmışdı. Budəfəki aksiyanın aparıcısı “NIDA” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Aygün Pəncəliyeva idi.
Mitinq saat 16.00-da dövlət himninin səsləndirilməsilə başlandı. Bəlli oldu ki, budəfəki mitinqdə müxalifət liderləri – AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər və digərləri iştirak etsə də, final mitinqi olduğu üçün yalnız Cəmil Həsənli çıxış edəcək.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin çıxışını təqdim edirik:
Korrupsioner hakimiyyət vətən torpağını azad edə bilməz
Sevgili millət, uca xalq! Şərəfli həyat yaşamış, bu ölkənin inkişafında, dirçəlişində böyük əməyi olan pensiyaçı vətəndaşlarımız! Ölkəmizin bu gününü və sabahını xilas etməli olan gənclik! 1918-ci ildə Cümhuriyyət bəxş etmiş, dünyaya demokratiya nümunəsi gətirmiş şərəfli babaların layiqli övladları! Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş və qanlarını tökmüş qazilərmiz! Ey müqəddəs şəhid ruhları, sizə müraciət edirəm!
Bu gün seçki ərəfəsində bizim sonuncu mitinqimizdir. Amma mübarizəmiz davam edəcək. Azərbaycan xalqını öz haqqına qovuşdurana qədər bu meydanda varıq, sizlərlə birlikdəyik! Bu millətin azadlığını təmin edənə qədər varıq!
Son 10 ildə – hərbi əməliyyatlar getmədiyi bir vaxtda 800 nəfərə yaxın şəhid vermiş əsgər anaları! Vətən uğrunda ölümə getməyə hazır olan gənclik!
Qurtulmaq uğrunda mübarizəmiz bu meydandan başladı – bura keçmiş “Qələbə” meydanının yeridir. “Qələbə”də başladıq, qələbəyə doğru gedəcəyik!
Əziz vətəndaşlarımız, qiymətli övladlarımız, dəyərli mətbuat nümayəndələri! Mən ilk sözümü Qarabağdan başlamaq istəyirəm. Bu ölkənin işğal altında olan torpaqlarını azad etmək üçün daha neçə il lazımdır? 20 il ərzində bu korrupsioner, bu oğru hökumət vətən torpağının 10 metrini azad etməyə nail olmadı. Bunların nə qədər istedadı, bacarığı varsa, hamısını korrupsiya və rüşvətə həsr ediblər. Korrupsioner hakimiyyət vətən torpağını azad edə bilməz. Onu biz azad edəcəyik! Sizlərin gücü ilə azad edəcəyik!
Bunlar utanıb-qızarmadan dilə gətirirlər ki, “ötən hər gün bizim xeyrimizə işləyir”. 20 ildir biz bu söhbətləri eşidirik. 20 ildir bunlar millətə nağıl danışırlar ki, kimsə pencəyini çiyninə atacaq və Xankəndiyə gedəcək, Şuşa qalasının açarını ona xonçada təqdim edəcəklər. Nə oldu bu nağılların sonu? Hanı verdiyiniz vədlər? Bəli, hər ötən gün sizin xeyrinizə işləyir, amma Qarabağın azad edilməsinə yox. Bu məmləkətin sərvətlərini talan etməyinizin xeyrinə işləyir. Bu məmləkətin neft pullarını oğrulamaq üçün sizin xeyrinizə işləyir. Əlbəttə, hakimiyyətdə qaldığınız hər gün sizi milyonlara qovuşdurur. Siz vətən haqqında düşünmək, vətəni azad etmək haqqını itirmisiniz. Bunları biz edəcəyik! Vətənin həqiqi oğulları edəcək! Vətənin namusunu çəkən insanlar edəcəklər!
Mən təəssüf hissi ilə demək istəyirəm ki, bunlar simalarını o qədər itiriblər ki, hətta Azərbaycanın işğal olunmuş ərazilərini, düşmən tərəfindən zəbt olunmuş torpaqlarını, vətənimizin dilbər guşəsi olan Qarabağı da alver predmetinə çeviriblər. Bunlar dünyaya istər açıq, istərsə də gizli formada mesaj verirlər ki, görürsünüzmü, biz torpaqlarımızı azad etmirik. Bunlar ölkənin maddi sərvətlərini işğal altında olan torpaqların azad edilməsinə deyil, özlərinin hakimiyyətdə qalmasına sərf etdilər. Ar olsun bunlara!
Hakimiyyət xalqın müqavimətilə qarşılaşıb
Dəyərli dostlar, məramımız və məqsədimiz layiqli həyat, demokratik cəmiyyət qurmaqdır. Layiqli həyata gedən yol vətəndaşın öz ölkəsində layiqli həyat haqqına sahib olmasıdır. Bir milyon 250 mindən artıq pensiyaçı vətəndaşlarımızın ləyaqətli həyat haqqından söhbət gedir. Dövlət müəssisələrində məmur həyatı keçirən milyonlarla vətəndaşımızın normal həyat haqqının təmin edilməsindən söhbət gedir. 300 mindən artıq müəllim ordusunun layiqli həyat tərzinin təmin olunmasından söhbət gedir. Bu ölkənin həkiminin, mədəniyyət işçisinin, məmurunun, bir sözlə, vətəndaşının haqqı təmin olunmadan layiqli həyat yaşamaq mümkün deyil. Onu bu məmləkətə biz gətirəcəyik! Vətəndaşın layiqli həyat tərzini təmin etməklə, ölkənin gəlirlərini vətəndaşın rifahına sərf etməklə biz gətirəcəyik!
Millətimiz qəddini düzəldəcək, iradəsini ortalığa qoyacaq, imzasını dünya millətlərinin imzası içində şərəf və ləqayətlə çəkəcək. Deyəcək ki, biz varıq. Bəli, biz varıq. Bunlar öz oğurluqlarına müqavimət göstərən, ölkənin dəyərli övladlarını, vətəndaşlıq mövqeyində duran siyasi qüvvələrini əlllərində olan dövlətin resursları ilə gözdən salmağa, qaralamağa, çirkab atmağa milyonlarla vəsait xərcləyiblər. Amma əvəzində xalqın müqavimətilə qarşılaşıblar. Budur, o xalq sizsiniz, meydanlardasınız, öz haqqınızı tələb edirsiniz. Eşq olsun sizlərə!
İmkan vermərik ki, kimsə bu ölkədə diktatura qurmaq fikrinə düşsün
Biz Milli Şuranın qərarı ilə, Milli Şuranın rəhbəri, çox dəyərli ziyalımız, Azərbaycan millətinin siması və mənəvi dəyəri hesab edilən Rüstəm İbrahimbəyovun təklifi ilə bu yoldayıq. Millətimizin iradəsilə mübarizənin önündəyik, millətimizin iradəsilə bu mübarizəni qalibiyyətə doğru aparacağıq. Milli Şura ideyasının müəllifi Rüstəm Ibrahimbəyova eşq olsun!
Dəyərli dostlar, biz böyük islahatlar proqramı ilə sabaha gedirik. Bu islahatlar proqramı siyasi, iqtisadi, mədəni, mənəvi, bir sözlə, həyatımızın bütün sahələrini əhatə edir. 20 ildir ki, millətimiz azad, demokratik seçki üzünə həsrətdir. Biz bu millətin öz hakimiyyətini formalaşdırmaq haqqını özünə qaytaracağıq. Hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyət haqqı xalqa məxsusdur. Son 10 ildə bunların qəbul etdiyi qanunlara, qanunlara edilən əlavə və düzəlişlərə baxın. Böyük təəssüf hissi ilə demək istəyirəm ki, Azərbaycan Milli Məclisi qanunlar üzərində təmir əməliyyatı aparan bir orqana çevrilib. Bir vaxtlar dünyanın gözünə kül üfürməkdən ötrü qəbul olunmuş qanunlardan bütün demokratik maddələr bir-bir çıxarılıb. Indi biz avtoritar qanunçuluğun bərpa edildiyi bir məmləkətdə yaşayırıq. Bunu 10 il ərzində ölkəmizdə avtoritarizmin bərqərar edilməsi uğrunda aparılan qeyri-qanuni yol da təsdiq etdi. Avtoritarizmin qarşısında biz varıq. Avtoritarizmin yolunu biz bağlayacağıq. Biz imkan vermərik ki, kimsə bu ölkədə diktatura qurmaq fikrinə düşsün. Eşq olsun, demokratik dəyərlərə sadiq vətəndaşlarımıza!
Neftlə zəngin ölkədə vətəndaşlar iş, çörək tapa bilmir
Dəyərli dostlar, bizim ölkəmizin böyük kadr potensialı var. Bizim ölkəmizin dəyərli mütəxəssisləri var. Bizim ölkəmizin ürəyi vətəndaşlıq mövqeyi ilə çırpınan ziyalıları var. Bunlar bu ölkədə kadrların dövlət idarəçiliyinə yolunu bağlayıblar. Biz o yolu açacağıq. Vətənimizi tərk edib cəlayi-vətən olmuş onminlərlə, yüzminlərlə vətəndaşlarımızı öz yurduna dəvət edəcəyik. Dövlət idarələrində, ölkənin idarə edilməsində bu mütəxəssislər öz istədikləri kimi iştirak edib, vətənə xidmət borcunu yerinə yetirəcəklər.
Baxın, 2 milyon vətəndaşımız iş, çörək, dolanışıq dalınca Rusiyada, təxminən 400-500 min vətəndaşımız Ukraynada, 200-300 min vətəndaşımız eyni qaydada Türkiyədə və Avropadadır. Niyə neft zənginliklərilə boğulan bu ölkədə vətəndaşlar iş, çörək, dolanışıq tapa bilmirlər?! Çünki neft gəlirləri xalqa məxsus deyil. Mən 10 il parlamentdə təmsil olundum. Hər il neft haqqında qanunun qəbul edilməsi təklifilə çıxış etdim. Yaxına buraxmadılar. Bunlar biyan kötüyü haqqında qanun qəbul ediblər, amma neft haqqında qanunu yaxına buraxmırlar. Bu gün Azərbaycan neftinin hüquqi bazası yoxdur.
Dəyərli dostlar, sayğılı vətəndaşlar, neft haqqında qanun ona görə yoxdur ki, hakim ailə neft gəlirlərini istədiyi kimi mənimsəsin, bu gəlirləri istədiyi kimi offşor şirkətlərdə yerləşdirsin. Bu gün Azərbaycan neftindən uzaq düşmüş yalnız bir zümrə var, o da Azərbaycan vətəndaşıdır, Azərbaycan pensiyaçısıdır. Biz bu millətin sərvətlərinin bu millətə yetişməsinin hüquqi bazasını hazırlayacağıq və bunu praktiki cəhətdən həyata keçirəcəyik. Millətin həyat tərzi nə qədər yüksək olarsa, başı da o qədər uca olar. Sizi əmin edirəm ki, səsinizlə bu ölkənin idarəçiliyini qəbul edib, bu gəlirlərdə gözü olmayacaq adam mən olacağam!
Azərbaycan polisini məcbur edildiyi təhqiramiz hallardan qurtaracağıq!
Dəyərli dostlar, ölkəmizin mədəniyyətini qaldırmalıyıq. Biz dünyaya böyük dahilər vermiş bir millətin nümayəndələriyik. Biz dünyaya böyük mədəniyyət nümayəndələri vermiş bir millətik. Baxın, mədəniyyətimiz nə gündədir. 5-10 nəfər yaltağı öz ətrafına toplamaqla mədəniyyəti inkişaf etdirmək mümkün deyil. Mədəniyyət xalqın içindən qidalanmalıdır. Mədəniyyət bütün təbəqələri əhatə etməlidir. Biz ölkənin mədəniyyət ocaqlarını qaldıracağıq. Biz ölkənin mədəniyyət xadimlərinin əsl qiymətini verəcəyik. Onlara vətənə namusla xidmət haqqı verəcəyik. Yaşasın vətənin başını uca edən mədəniyyət xadimləri!
Dəyərli dostlar, tez-tez bizə idman sahəsində “çaldıqları” qələbələri göstərirlər. O qələbələrin böyük bir hissəsinin bu xalqa dəxli yoxdur. Koreyadan 5-10 nəfər qız uşağı gətirib Azərbaycan bayrağı altında yarışlara çıxarmaq Azərbaycan idmanı deyil. Bunlar Azərbaycan idmanını rüşvətə, korrupsiyaya bulaşdırdılar. Ötən olimpiadada Azərbaycan idmançılarını yarışdan qovdular, boks üzrə məşqçini yarışdan qovdular. Azərbaycan idmanını beynəlxalq aləmdə gözdən salan korrupsioner və oğrulara ar olsun!
Dəyərli dostlar, bunlar nazirliklərdə, idarə və müəssisələrdə bizə qarşı təbliğat aparırlar ki, ay haray, ayıq olun bunlar gəlib sizi qovacaqlar. 5-10 nəfərdən başqa heç kimi qovmaq niyyətimiz yoxdur. Onlar bu millətin övladlarıdır. Biz bilirik ki, bu təbliğatı bunlar bütün dövlət sistemində nəzarətdə olan idarə və müəssisələrdə aparırlar. Bunlar məmurun da ləyaqətini tapdalayırlar. Onları müxtəlif əyri yollara düçar edirlər. Ancaq biz bilirik ki, vətəndaşlarımız öz ailələrini dolandırmaq məcburiyyəti qarşısında qalaraq, bəzən bu şeylərə gedirlər. Biz məmur qardaşlarımızın ləyaqətli həyat haqqını təmin edəcəyik.
Dəyərli dostlar, burada iştirak edən və etməyən, polisdə xidmət edən vətəndaşlarımız, həmin təbliğatı bunlar sizlərin aranızda da aparırlar. Bunların əlaltısı olan bir neçə yüksək rütbəli polis işçilərindən başqa, biz polisdə işləyən qardaş və bacılarımızın vəziyyətini çox yaxşı başa düşürük. Onların da içlərindən qara qanlar axır. Onları qanunsuzluğa məcbur edirlər. Öz vətəndaşları ilə qarşıdurmaya sövq edirlər. Vətəndaşların evinə silah atmağa, üzünə durmağa, cibinə narkotik atmağa məcbur edirlər.
Biz Azərbaycan polisini məcbur edilmiş bu təhqiramiz hallardan qurtaracağıq, inanın ki, siz çiyninizdəki rütbəni iftixar hissi ilə daşıyacaqsınız!
Azərbaycan prezidenti mandat alverilə məşğuldur
Sevgili millət, bu gün ölkəmizdə müəllim günüdür. 300 mindən yuxarı müəllimlərimiz şagirdlərin siniflərinə girir. Fürsətdən istifadə edib, özünü Azərbaycan təhsilinə həsr etmiş, gənc nəslin təlim-tərbiyəsi ilə şərəflə və vicdanla məşğul olan müəllimlərimizi bu gün münasibətilə təbrik edirəm. Dəfələrlə demişəm, məktəbin mərkəzi siması müəllimdir. Ən yaxşı qanunla, ən yaxşı binalarla təhsili xilas etmək mümkün deyil. Təhsilin xilas olmasının yolu müəllimin ləyaqətli həyatından keçir, müəllimə verilən hər manatın sinifdə şagirdin biliyinə çevrilmə mexanizminə nəzarətdən keçir. Biz buna nail olmalıyıq.
Əziz müəllimlər, vətənimizin təhsil işçiləri, bu gün siz Azərbaycanın seçki məntəqələrində ən geniş təmsil olunan dairələrdənsiniz. Bu hakimiyyətin cinayətlərinə şərik olmayın, hakimiyyət dövlətin idarə edilməsini mənimsəmək üçün sizlərdən istifadə etmək istəyir. Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, hakimiyyətin mənimsənilməsi xalqa qarşı törədilmiş ən böyük cinayətdir. Əziz müəllimlər, ən böyük cinayətin törədilməsindən uzaqda qalın. Siz bu hakimiyyətə Gülər Əhmədovadan yaxın və qiymətli deyilsiniz. Sabah seçki cinayətləri araşdırılanda heç kəs sizin arxanızda dayanmayacaq, necə ki, Gülər Əhmədovanın arxasında dayanmadılar. Açılan faktlar göstərdi ki, mandat alverilə dövlət şəbəkəsi hamısı, o cümlədən Azərbaycan prezidenti də məşğul olmuşdur.
Ey müxtəlif səbəblər ucbatından əmək qabiliyyətini, Qarabağ döyüşlərində əzalarını itirmiş vətəndaşlarımız, bu vətəndə yaxşı nə varsa hamısı sizə məxsus olmalıdır. Bu vətənin gənci görməlidir ki, vətən uğrunda döyüşmüş şəxslər bu millətin ən şərəfli övladlarıdır. Bu şərəfli adı biz sizə qaytarmalıyıq. Bu sizin haqqınızdır.
Dəyərli dostlar, özünüz gördünüz ki, yalnız 2013-cü ilin yanvarından başlayaraq, ölkəmizdə nələr baş verdi. Quba hadisələri, Ismayıllı hadisələri, “Binə” və “Sədərək”də baş verən hadisələr, gənclərin 10 mart əsgər ölmülərinə qarşı olan etirazları və onun davamı olaraq, Milli Şuranın seçki silsiləsindən olan mitinqlər – bütün bunlar millətimizin diriliyinin əyani təqdimatıdır, var olsun milləti diri edənlər, var olsun millətin diriliyini yaşadan sizin kimi şanlı vətəndaşlar!
Kimsə hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır
Dəyərli dostlar, biz burada Quba hadisələrinin, Ismayıllı hadisələrinin, “Binə” və “Sədərək” hadisələrinin, gənclərin mitinqlərinin, müxtəlif qanunsuz yolla həbsə məruz qalmış bütün vədəndaşlarımızın azadlığını tələb edirik.
Biz dəyərli dostumuz, Azərbaycanın demokratikləşməsi yolunda mücadilə edən Ilqar Məmmədovun, Azərbaycanın hüquq sisteminin demokratikləşməsində böyük xidmətləri olan Qurban Məmmədovun, mətbuat nümayəndəsi Hilal Məmmədovun, Azərbaycan Azadlıq Hərəkatında rolu olan Nemət Pənahlının, Azərbaycan Xalq Cəbhəsindən, Müsavat Partiyasından, “NIDA” Gənclər təşkilatından mənim dostlarım, tələbələrim olan, saxta ittihamlarla həbs edilmiş gənclərimizin və vətəndaşlarımızın azad olunması uğrunda iradəmizi ortaya qoymalıyıq. Onlar azad olunmalıdır və olunacaqlar!
Dəyərli dostlar, mən təəssüf edirəm ki, bu hakimiyyət ölkənin dinini də korrupsiyaya bulaşdırmaq istəyir. Vətəndaşlarımızın Allah sevgisi böyükdür, təmizdir, safdır. Biz bu məmləkətdə imanlı insanlarla böyük Yaradan arasına heç kəsin girməsinə imkan verməyəcəyik.
Mən bu tribunadan mükəmməl din təhsili görmüş, Azərbaycan ilahiyyatçılığının yeni nümayəndəsi olan Tale Bağırzadəni salamlayıram.
Xeyli vaxtdır vətəndaşlarımız öz azadlığı uğrunda mübarizə aparır. Biz müstəqil olanda sevindik. Elə bildik ki, müstəqil olmaqla yanaşı, həm də azad olacağıq. Amma Əliyevlər rejimi göstərdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Millətimiz azadlıq uğrunda böyük bir mübarizəyə başlayıb. Biz buna nail olacağıq.
Bu yaxınlarda Islam Partiyasının nümayəndələrindən biri mətbuata açıqlama verdi ki, guya, indiki hakimiyyət qeyri-qanuni şəkildə hicabı qadağan edib, amma Milli Şuranın Qərb ölkələri qarşısında öhdəliyi var ki, onlar hakimiyyətə gələndən sonra qanuni yolla hicabı qadağan edəcəklər. Sizin qarşınızda bəyan edirəm, Azərbaycan xalqından başqa heç kəsin qarşısında öhdəliyimiz yoxdur. Sizin qarşınızda demək istəyirəm ki, necə geyinmək, necə yaşamaq vətəndaşın öz haqqıdır. Əgər kimsə hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır. Insan azad olmalıdır!
Şərəfli yaşamaq haqqını millətimizə bəxş edəcəyik!
Dəyərli dostlar, islahat paketimizin böyük bir hissəsi Azərbaycan hüquq sistemini çağdaş dəyərlərə uyğunlaşdırmaqdır. Təəssüf ki, dediyimiz hüquq sistemində nə hüquq var, nə sistem var. Keçirilən məhkəmə islahatından Azərbaycan məhkəmə sisteminin yeganə qazancı hakimlərin geyindiyi ləbbadələrdir. Biz məhkəmə hakimiyyətinə xalqın inamını bərpa edəcəyik. Bir daha bu ölkədə məhkəmə cəza alətinə deyil, ədalət mühakiməsinə çevriləcək.
Bu hakimiyyətin, bu hakimlərin əməllərini görəndə yenə böyük Tofiq Fikrətin sözləri yadıma düşür:
Hər rəng ilə haqsızlığı gördüm, bumu qanun?!
Ən qəmli səfalətlərə dözdüm, bumu dövlət?!
Dövlətsə də, qanunsa da artıq yetər olsun,
Artıq yetər olsun, bu dəni zülmi cəhalət!
Millət yoludur, haqq yoludur, tutduğumuz yol
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa var ol!
Dəyərli dostlar, biz millətimizi bu zəlalətdən qurtarmalıyıq. Biz xalqımızı bu səfalətdən qurtarmalıyıq. Biz Azərbaycanda yaşayan bütün xalqları bu alçaldıcı həyatdan qurtarmalıyıq. Vətənin qurtuluşu sizlərdən keçir.
Sahibsiz olan məmləkətin batması haqdır,
Biz sahib olarsaq, bu vətən batmayacaqdır!
Yenə deyirəm Milli Şuranın qərarı, millətin iradəsilə bu mübarizədə varıq, bu mübarizənin önündəyik, vətənimizi bu oğrulardan və korrupsionerlərdən qurtaracağıq. Şərəfli yaşamaq haqqını millətimizə bəxş edəcəyik!
Yaşasın Azərbaycan xalqı! Yaşasın millətimiz! Yaşasın Azərbaycan gəncliyi! Yaşasın böyük vətənimiz Azərbaycan demokratiyası! Biz demokratik düşüncənin daşıyıcılarıyıq. Biz bu vətənə demokratiya gətirəcəyik!
Bu bizim seçki mübarizəmizin sonuncu mitinq mərhələsi idi, amma sonuncu mitinq deyil. Bizim mübarizəmiz davam edəcək. Millətin ən böyük təməl haqqı toplaşmaq haqqıdır. Bu haqqı millətə verəcəyik. Eşq olsun sizlərə! Eşq olsun vətənin igid övladlarına! Eşq olsun Azərbaycan xalqına!
Bəyim Həsənli