“Xalq Cəbhəsi bu illər ərzində bir an belə geri durmayıb və haqq-ədalət, azadlıq uğrunda mübarizənin nümunələrini yaratmaqdadır”
Azərbaycanın hazırda mühacir həyatı yaşayan tanınmış polkovniki İsa Sadıqov AXCP sıralarına qoşulmaq üçün müraciət edib. Surəti “Azadlıq” qəzetinə göndərdilən müraciətdə deyilir:
“20 ildən artıqdır ki, Azərbaycan bir sülalənin istismarındadır. Əliyevlər sülaləsinin. Bu sülalə bu illər ərzində ölkənin bütün sərvətlərinə əl qoymaqla kifayətlənməyib, insanlarımızı da tam köləyə çevirməyə, yaratdığı dərəbəyliyə etiraz edəcək bir kimsəni salamat buraxmamağa sanki, and içib.
Bu illər ərzində Azərbaycan böyük bir tarixi dövr qədər geriyə atılıb, mədəni dünyaya inteqrasiya əvəzinə cəngəllik qanunları ilə idarə edilən ölkələrin siyahısında liderlər arasında yer alıb. Azərbaycan oğru hakimiyyət idarəçiliyi altında əzab çəkən ölkələr arasında ilk sıralardadır.
Avtoritar rejim Azərbaycan vətəndaşlarına qarşı əsl savaş elan edib. Ölkə əhalisi zillət içində yaşamağa məcbur edilib, nəinki xalq hakimiyyət üzərində nəzarət imkanlarını itirib, əksinə, totalitar rejim ölkənin hər bir vətəndaşını sərt nəzarət altında saxlayır və addımbaşı inzibati terrorla hədələyir. Bir çox hallarda isə bu inzibati terror öz işini görür : günahsız insanlar həbsə atılır, əmlakından məhrum edilir, oğurlanır, öldürülür. Bu dəhşətlərə baxmayaraq, Azərbaycanın şərəfini və ləyaqətini canı qədər sevən on minlərlə insan istibdada qarşı mübarizə aparmaqda, Azərbaycanın gələcəyini azad və xoşbəxt insanların cəmiyyəti olaraq təsəvvür etməkdədir.
Ölkənin siyasi müxalifəti, azad iradəli ictimai sektor nümayəndələri diktaturanın daha artıq fəsadlar törətməsi önündə sinələrini sipər edərək duruş gətirməkdədirlər. Bu mübarizənin ön sıralarında yer alanlardan biri isə, təbii ki, Əli Kərimlinin liderlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Xalq Cəbhəsi bütün bu illər ərzində öz prinsipal mübarizəsindən bir an belə geri durmamış, Azərbaycan insanına haqq və ədalət, azadlıq uğrunda mübarizənin nümunələrini vermişdir və bu nümunələri bu günlərdə də yaratmaqdadır. Hesab edirəm ki, mühacirətdə olsam da, öz imkanlarımı Azərbaycanda demokratiya və azadlıq uğrunda ardıcıl mübarizə aparan cəbhəçilərin imkanları ilə birləşdirməyim ən doğru qərar olardı. Buna görə də, tərəddüd etmədən Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olmaq barədə qərar verirəm. Cəbhəçi dostlardan xahiş edirəm ki, məni partiyanın sıravi üzvü olaraq özləri ilə yanaşı görsünlər və Əliyevin istibdad rejiminə qarşı onlarla bir yerdə mübarizə aparmaqdan qürur duyuram.
Sayğılarımla, İsa Sadıqov”.