“Seçkilərdə vahid namizədlə iştirak etməliyik və inanıram ki, buna nail olacağıq”
“Keçmişdə olan diskusiyaları təzələməklə yox, təşkilatın üzərinə götürdüyü missiyaları reallaşdırmaq üçün hansı addımları atmalı olduğumuzu düşünməklə məşğul olmalıyıq”
Gündəmin əsas mövzusu demokratik qüvvələrin Milli Şurasının yaranmasıdır. Qurumun yaranmasıyla bağlı xeyli müddət idi danışıqlar gedirdi. Nəhayət, mayın 28-i axşam saatlarında çoxdandır elan olunması gözlənilən Milli Şuranın yaradıldığı bəyan olundu. Mövzu ilə bağlı suallarımızı AXCP sədri Əli Kərimliyə ünvanladıq:
– Əli bəy, Milli Şuranın mayın 28-də Novxanıda Rəsulzadənin abidəsi önündə keçirilən bayram mitinqində elan edilməsi gözlənilirdi, amma bu, olmadı. Dərhal kimlərin və ya nələrinsə Milli Şuranın Novxanıda elan edilməsinə mane olduğu xəbərləri yayıldı. Belə söhbətlər də oldu ki, xarici siyasət kursu ilə bağlı fikir ayrılığı yaranıb və s. Bunlar nə dərəcədə doğrudur?
– Neçə müddətdir intensiv danışıqlar aparırdıq. Məqsədimiz bu idi ki, ölkənin demokratik qüvvələrinin geniş çevrəsini Milli Şurada bir araya gətirək. Danışıqlar asan olmayıb. Əgər danışıqlar asan olsaydı, biz bir neçə günün ərzində bir araya gəlib, Milli Şuranın yaranmasını bəyan edərdik. Amma bu, mümkün deyildi. Lakin bizim də məqsədimiz var idi ki, sona qədər, israr və səbrlə qarşılıqlı kompromislər axtararaq, daha geniş birlikdə Milli Şuranın yaranmasına nail olaq. Əgər Milli Şura mayın 28-i gec saatlara qədər elan oluna bilmirdisə, deməli, bunun səbəbləri var idi. Hamı prinsipial məsələlərdə uzlaşma əldə etməmişdi. Bizi əlbəttə ki, Novxanıda meydanda toplanmış minlərlə fədakar insan haqlı olaraq tələsdirirdilər. Onlar öz tələblərini irəli sürdülər. Yeri gəlmişkən, hesab edirəm ki, bu, ümumi işin sürətlənməsi üçün öz töhfəsini verdi. Demokratik qüvvələrin fəal tərəfdarları öz liderlərinə mesaj verdilər ki, onlar bu birliyin yaranmasını istəyirlər. Bu da hər kəsi bir az da kompromis əhvalına köklədi. Əgər Novxanıda Milli Şura elan olunmadısa, deməli, bunun müəyyən səbəbləri var idi. Biz indiyə qədər daha tez bir müddətə Milli Şuranı elan etsəydik, o hazırda nəzərdə tutulduğu qədər geniş olmayacaqdı. Milli Şura hansısa qüvvələrin iştirakı olmadan elan oluna bilərdi. Amma biz səbrlə, qarşılıqlı kompromislərlə davam etdiyimizə görə bu gün deyə bilərik ki, nəzərdə tutduğumuz çevrə demək olar, tam şəkildə bu prosesdə iştirak edir. İndiyə qədər danışıqların gedişində, müəyyən məsələlərə münasibətdə fikir ayrılığı təbii ki, olub. Olub ki, danışıqlar bu qədər uzanıb. Amma indi artıq Milli Şura ilə bağlı prinsipial razılıqlar əldə olunandan sonra sizcə, biz həmin keçmiş xırdalıqları müzakirə edib, ayırd etməklə məşğul olmalıyıq, yoxsa, gələcəyə baxmalıyıq? Mən hesab edirəm ki, biz keçmişdə olan diskusiyaları təzələmək, kimin hansı məsələdə mövqeyinin necə, niyə elə olduğu kimi suallar verməklə deyil, Milli Şuranın işini necə təşkil etmək, irəli necə baxmaq, təşkilatın üzərinə götürdüyü missiyaları reallaşdırmaq üçün hansı addımları atmalı olduğumuzu düşünməklə məşğul olmalıyıq.
Vahid mövqe, vahid namizəd
– O halda, Milli Şura ilkin olaraq nələri reallaşdırmağı qarşısına məqsəd qoyub və təşkilatın tərkibi nə zaman elan olunacaq?
– Milli Şuranın yaxın günlərdə çap ediləcək bəyanaməsində onun hədəfləri çox konkret formada ifadə olunacaq. Prinsip etibarı ilə artıq bu sənəd prosesin iştirakçıları tərəfindən əsasən razılaşdırılıb. Amma mən çox qısa şəkildə bunu belə ifadə edərdim: Milli Şuranı yaradan demokratik qüvvələr düşünürlər ki, bu birlik məhz avtoritarizmdən demokratiyaya keçid prosesində, yəni ölkədə azad və ədalətli seçkilər vasitəsilə prezident və parlament seçkilərinin keçirilməsinə qədərki dövr üçün aktualdır. Hazırkı mərhələdə əsas məqsəd ölkənin bütün demokratik potensialını vahid mərkəzdə səfərbər edərək, hökuməti demokratik dəyişikliklərə, xüsusən qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsinə sövq etməkdən ibarətdir. Biz çalışacağıq ki, qarşıdan gələn seçkilərdə vahid güc kimi, vahid platforma ilə iştirak edək. Mən tamamilə mümkün və lazımlı hesab edirəm ki, Milli Şura həm də qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etsin. Belədə bütün diqqətimiz ona yönələcək ki, hamımız birlikdə seçkilərdə Milli Şuranın namizədinin qələbəsinə nail olacaq. Milli Şuranın namizədi qalib gələndən sonra biz təqribən iki illik bir dövrdə sürətli demokratik islahatlar həyata keçirməliyik. O cümlədən Konstitusiya islahatı həyata keçirilməli, demokratik şəraitdə yeni prezident və parlament seçkiləri keçirilməlidir. Milli Şuranın əsas hədəfi bundan ibarətdir.
Milli Şuranın tərkibinə gəlincə, siyahı bir neçə günə elan olunacaq. Hazırda son dəqiqləşdirmə işləri gedir. Amma əksər şəxslərlə prinsipial olaraq siyahı artıq razılaşdırılıb. Ümumi şəkildə onu deyə bilərəm ki, Milli Şuraya ölkədə son illərdə siyasi proseslərdə fəal iştirak edən İctimai Palata və bu təşkilata daxil olan AXCP, Müsavat Partiyası, Rüstəm İbrahimbəyovun öncülüyü ilə Ziyalılar Forumu, «EL» Hərəkatı, son illərdə Məşvərət Məclisində fəaliyyət gösətərən daha strukturlaşmış partiyalar – ACP, ALP, KXCP daxildir. Demokratik qüvvələrin Milli Şurasında ölkənin inanclı kəsimi də ciddi şəkildə təmsil olunur. Ölkənin vətəndaş cəmiyyəti, çoxlu sayda QHT rəhbəri və insan hüquqları müdafiəçisi bu prosesdə iştirak edir. Eyni zamanda biz çox şadıq ki, ölkənin gənclər sektorundakı təşkilatlardan, gənc liderlərdən, bloqçulardan bu prosesə ciddi dəstək almışıq. Onlar da prosesdə aktiv şəkildə iştirak edirlər. Azərbaycan cəmiyyətinin çox böyük kəsimi, demokratik qüvvələrin böyük hissəsi Milli Şurada bir araya gəlir. Mən tam məsuliyyətlə deyirəm ki, son iyirmi ildə heç zaman ölkənin demokratik qüvvələri bu qədər geniş tərkibdə, bu qədər çeşidli formada bir təşkilatda birləşməyiblər. Bu baxımdan Milli Şuranın yaranması tarixi bir hadisədir. İnanıram ki, Milli Şura Azərbaycan vətəndaşlarının onun üzərinə qoyduğu missiyanın öhdəsindən gələ biləcək. Eyni zamanda Azərbaycanın demokratiyaya dinc yolla keçidi də Milli Şura tərəfindən reallaşdırılacaq.
Milli Şuraya üzvlük «açıq qapı» prinsipi ilə olacaq
– Milli Şuranın strukturlaşması necə həyata keçiriləcək?
– Təşkilatın strukturlaşmasını prosesdə iştirak edən tərəfdaşlarımızla müzakirə edəcəyik. Heç şübhəsiz ki, bizim məqsədimiz yalnız ölkənin tanınmış adamlarını bir araya gətirib, onların birgə olduğunu bəyan etmək deyil. Məqsədimiz faktiki olaraq gündəlik işlə məşğul olmaqdır. Ona görə də Milli Şuranın strukturları formalaşmalıdır. Biz bu mərhələyə bu günlərdə başlayacağıq. Çünki təssis işlərini başa çatdırmaq lazımdır. Daha sonra təşkilatın idarə olunması ilə bağlı məsələ müzakirə olunacaq.
– Milli Şuraya gələcəkdə qoşulmaq istəyənlərlə bağlı məsələ necə həllini tapacaq?
– Təşkilatçılar hesab edirlər ki, Milli Şuraya qəbul dayandırılmamalıdır. Bizim Milli Şurada görmək istədiyimiz bir neçə nəfər müxtəlif səbəblərdən hazırda təşkilatda iştirak edə bilmədilər. Amma yaxın gələcəkdə belə qərarlarının olacağını və prosesi dəstəklədiklərini bəyan ediblər. Həm bu, həm də prosesə yeni qoşulan, ölkədəki siyasi proseslərə təkan vermək gücü olan şəxslərin, qrupların Milli Şurada təmsil olunmasından ötrü təşkilatın təşəbbüskarları «açıq qapı» siyasəti aparmaq fikrindədirlər. Amma açıq demək lazımdır ki, bu kifayət qədər çətin prosedur olacaq. Mili Şura təssis olunduqdan sonra təşkilat üzvlüyünə qəbul və xaric etmək orada təmsil olunan qüvvələrin böyük bir çoxluğunun iradəsi olacaq. Onun mexanizmi də Milli Şura tərəfindən qəbul olunan əsasnamədə əksini tapacaq. Hələlik əsasnamə ilə bağlı müəyyən ideyalar var. Amma əsasnamə özü yoxdur. Biz əsasnamədə bütün bu suallara cavab verməyə çalışacağıq.
– Milli Şura qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etməyi nəzərdə tuturmu, təşkilatın qarşısına belə bir məqsəd qoyulubmu?
– Açıq demək lazımdır ki, Milli Şuraya qoşulan qüvvələr bu mərhələdə üzərlərinə belə bir öhdəlik götürməyiblər. Çünki bizim siyasi bəyənamədə ifadə olunan fikir bundan ibarətdir ki, Milli Şuraya daxil olan qüvvələr seçkilərdə vahid platforma ilə vahid güc mərkəzi olaraq iştirak etmək niyyətindədir. Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizəd olaraq iştirak edək. Biz dostlarımızla, tərəfdaşlarımızla müzakirə aparmaqda davam edəcəyik, bir-birmizi inandıracağıq. Hər halda mənim əmin olduğum fikir bundan ibarətdir ki, əgər biz prezident seçkilərinə bir neçə ay qalmış ölkənin demokratik qüvvələrini bir araya gətirə biliriksə, bu vahid mərkəzin seçkilərdə vahid namizədlə iştirak etməməsi çox təəccüblü olardı. Düşünürəm ki, biz seçkilərdə vahid namizədlə iştirak etməliyik və inanıram ki, biz buna nail olacağıq.
Xəyal