O, iyunda Bakıda keçiriləsi tədbirdə iştiraka yox dedi
Rusiyanın prezidenti Vladimir Putin Azərbaycan hakimiyyətini məyus edib. “Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyət Rusiya prezidentinin Azərbaycana səfər etməsinə çalışırmış. Səfər iyun ayında Bakının təşəbbüsü ilə keçirilməsi planlaşdırılan tədbirdə iştirakla bağlı imiş. Lakin Azərbaycan hakimiyyəti Kremldən rədd cavabı alıb.
Məlumatlarda bildirilir ki, Bakı xeyli səy göstərsə də, Rusiya prezidentini razı sala bilməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərində də bu məsələ müzakirə olunub. Lakin nəticə əldə edilməyib. Azərbaycan hakimiyyətinə bildirilib ki, Rusiya sözügedən tədbirin noyabr-dekabr ayında keçirilməsini məqsədəuyğun sayır. Bakı bu cavabdan ciddi narahat olub. Məlumatlarda bildirilir ki, rəsmi Bakı bunu hakimiyyətdə olan siyasi komandanın seçkidən sonra dəyişə biləcəyinə işarə kimi dəyərləndirir.