Keçmiş deputat Elşad Abdullayevlə daha nələrdən söhbət edib? (VİDEO)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova ilə aralarındakı söhbətin tam videosunu “Azadlıq”a təqdim edib.
Bu videogörüntülərin bir hissəsini Elşad Abdullayev keçən ilin sentyabr-oktyabr aylarında hissə-hissə yaymışdı. Məhz həmin görüntülərdən sonra Gülər Əhmədova deputat mandatından imtina etmiş, barəsində cinayət işi başlanmış və bu ilin fevralında həbs olunmuşdu.
Keçmiş rektorun indi göndərdiyi tam videoda elə söhbətlər var ki, onlar yayılmayıb.
Qeyd edək ki, Gülər Əhmədovanın vəkilləri istintaqın əlindəki sübutların yalnız montaj olunmuş kadrdan ibarət olduğunu bildirir və bu cür dəlillərlə şəxsin həbsinin yolverilməzliyini vurğulayırdılar. Ona görə də Elşad Abdullayev söhbəti montaj olunmamış variantda yaymaq qərarına gəlib.
Məqalə videolardan sonra davam edir
Elşad Abdullayevin təqdim etdiyi videomaterialdan görünür ki, əvvəlcə söhbət rektorla Gülər Əhmədova arasında olur. Sonradan mandat alverində vasitəçi olan Sevinc Babayeva da gəlir.
Sevinc Babayevanın gəlişindən əvvəl Elşad Abdullayev Gülər Əhmədova ilə qardaşının oğurlanması haqda danışır. Bildirir ki, qardaşının tapılması üçün daxili işlər naziri Ramil Usubovun da qəbulunda olub.
Rektor onu da qeyd edir ki, qardaşının qaytarılması üçün ondan böyük məbləğdə pul alınıb: “Dedilər ki, ”kassanın pulunu keçirtmək lazımdır”. Mən də keçirtdim. Amma sonra artırdılar. Axırda da dedilər ki, universiteti verməlisən”.
Elşad Abdullayev deyir ki, qardaşının qaytarılması üçün verdiyi pul notarial qaydada qeydə alınıb. Orada açıq-şəkildə göstərilib ki, bu pul Mahir Abdullayevin geri qaytarılması üçün verilir.
Gülər Əhmədova ondan bu haqda Ramil Usubova məlumat verib-vermədiyini soruşur. Elşad Abdullayev də cavabında bildirir ki, bütün bunlar barədə naziri xəbərdar edib: “Ona dedim ki, sənin adamların mənim başıma bu oyunları açırlar, mənim bu qədər pulumu alıblar”.
Gülər Əhmədova yenə də hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür.
Daha sonra Sevinc Babayeva gəlir və bundan sonra deputat mandatıyla bağlı danışıqlar başlayır. Söhbətin bu hissəsi ayrı-ayrı vaxtlarda yayılıb. Lakin məlumat üçün bir daha qeyd edək ki, Elşad Abdullayev deputat mandatı üçün Sevinc Babayevaya 500 min verdiyini deyir. Gülər Əhmədova isə bildirir ki, hələ ANS-in qarşısındakı görüşləri zamanı o, 1 (bir milyon nəzərdə tutulur) deyib. Elşad Abdullayev etiraz edərək bildirir ki, Sevinc Babayeva ona 500 min deyib və o da bu məbləği verib, artırılmasının əleyhinədir.
Elşad Abdullayev dəfələrlə Ramiz Mehdiyevin adını çəksə də, Gülər Əhmədova məsuliyyəti öz üzərinə götürür.
500 min-1 milyon məsələsində tərəflər arasında mübahisə bir xeyli davam edir və təxminən yarım saatlıq görüşdən sonra Gülər Əhmədova söhbəti yarımçıq dayandıraraq, Elşad Abdullayevin kabinetini tərk edir. Amma Sevinc Babayeva qalır və Elşad Abdullayevlə söhbəti davam etdirir.
“Bir köpəkoğlu axtarıram ki, əmlakımıza 5 milyon versin…”
Bu arada, Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov “minval.az”a müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:
– Fikrət bəy, istintaqın durumu ilə bağlı fikriniz nədir?
– Istintaqla bağlı durumu vəkilin özü şərh edir. O ki qaldı bir sıra saytlara, bununla bağlı da öz iradım var. Amma Gülər Əhmədova həbsdə olduğu müddətdə bu barədə danışmaq istəməzdim. Bununla belə, bir şeyi sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu yaxın həftələrdə Gülər Əhmədovaya təqdim edilmiş ittihamnamənin hər bir sözünə, hər bir cümləsinə cavab verəcəyik. Onu deyə bilərəm ki, Gülər Əhmədova tamamilə qeyri-qanuni həbs olunub. Onun həbsi də qanunsuzdur, heç bir sübut yoxdur. Bütün bu KIV-lərdə dərc edilənlər isə uydurma, cəfəngiyyatdır.
– Hər halda, prokurorluq da ortaya müəyyən sübutlar, dəlillər qoymuşdu. Bunlar olmadan həbs edə bilərdimi?
– Heç bir əsas və sübut olmadan həbs edilib.
– Fikrət bəy, sizin də adınız bu hadisədə hallanmışdı. Sevinc Babayevanın Istanbulda qaldığı evə getməyiniz, həmin binanın mühafizə kamerasında görüntülərinizin olması barədə məlumatlar yer aldı mediada.
– Xanım qız, o, Sevinc Babayevanın oğlunun ağzına gələni dedikləridir.
– Axı istintaq da sizin adınızı hallandırmışdı…
– Xeyr, mənim adımı çəkməyib. Biz Gülər Əhmədova ilə birlikdə Gürcüstana gedəndə bizi Qazax sərhədində saxlamışdılar. Mən də onda ifadə vermişəm, vəssalam. Həmin vaxt bizdən gedişimizin səbəbini soruşublar.
– Deyirsiz ki, Sevinc Babayeva ilə Istanbulda hər hansı görüşünüz olmayıb? Hər halda, oğlu sizin ona pul apardığınızı iddia etmişdi…
– Mən sizə dedim ki, istintaqın məsələləri var və mən o məsələlərə qarışmaq istəmirəm. Ümumiyyətlə, Sevinc Babayeva ilə nə biznesim olub, nə sevgi macəram. Heç bir məqsədli işimiz olmayıb.
– Sevinc Babayevanın…
– Sənə dedik ki, vəssalam. Intervü vermirəm mən, istintaq sirridir. Bir kəlmə bildirirəm ki, istintaq qeyri-qanuni şəkildə Gülər Əhmədovanı həbs edib. Bu barədə yaxın vaxtlarda saytınızda oxuyacaqsınız.
– Oğlunuzun durumu necədir?
– Yaxşıdır, düzəlib. Qolu gipsdədir. Hazırda evdə, məzuniyyətdədir.
– Gülər xanımın saxlanma şəraiti ilə bağlı mətbuatda hər gün yeni məlumatlar dərc edilir. Onun lüks kamerada saxlanması, içəri mebel, soyuducu aparılması və sairlə bağlı açıqlamalar verilir.
– Onu deyən qələt eləyir, başını daşa döyür. 8 kvadrat metrlik ərazidir. Orda iki qadın yatır. Hər 2 kvadrat metrdən bu edir 4 kvadrat metr. 1 kvadrat metr orda tualet, əlüzyuyandır. 1 kvadrat metr də stoldur. Qalır orda 2 kvadrat metr. Yox, 2 kvadrat metrə royal gətirib qoyublar…(istehza ilə) Özünüz nəticə çıxarın da. Iki qadın qalır kamerada. Ikisi də kök qadınlardır. Hərəsinə elə ancaq 1 kvadrat metr yer düşür. Orda nə mebel, nə əlavə şərait?
– Bəs kamera yoldaşının kimliyi barədə məlumatınız var? Deyirlər, həmin qadını Gülər xanıma qulluqçu olaraq gətiriblər…
– Xeyr, o xanım çox abırlı, həyalı, tərbiyəli bir qadındır. Nə qulluqçu? Heç Obamanı da sabah türməyə salsalar, qulluqçusu olmayacaq. Sizi əmin edirəm. Kimsə ağzına gələni danışırsa, bu, o demək deyil ki, siz ona inanmalısınız. Gah dedilər, ağzından dişlərini çıxarıblar, gah dedilər, boğazını əməliyyat ediblər. Kimə lazımdır özünə bu cür düşük reklam qazanmaq? Hər şeyin bir həddi var. Götürüb yazırlar ki, Gülər Əhmədova 5 milyonluq restoranını bağışlayıb bir jurnalistə. Bir köpəkoğlu axtarıram ki, bütün əmlakımızın hamısına 5 milyon versin, papağımızı başımıza qoyub getməsək, bizdən əskik adam yoxdur. Hələ o dedikləri restoran da içində olmaqla.
– Hər halda, medianın gündəmində olan mövzudur, yeni iddialar olur və yazılır.
– Yazırlar yox e, yazdırırlar…
– Kim yazdırır?
– Yazır başqa şeydir, yazdırır başqa şey. Elə Elşadın pulu yazdırır… (Müsahibimiz bu yerdə söhbətin onun üçün bitdiyini deyir və əlavə sual verməyə imkan vermədən sağollaşır).
Gülər Əhmədovada kimlərin videokaseti var?
“Gülər Əhmədova bəyan edib ki, onda heç kəsin videokaseti yoxdur və bu barədə məlumatlar sadəcə insanların fikrini yayındırmaq üçün yayılır”.
Bunu isə Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib. Onun sözlərinə görə, Gülər Əhmədova bir daha onun vasitəsilə heç bir videokasetin olmadığını bəyan edib.
Vəkilÿ”AzNews.az”a açıqlamasında həmçinin təcridxanadakı bəzi məhbusların abunə yazıldığı qəzetlərin Gülər Əhmədovaya verilməsi barədə xəbərlərə də aydınlıq gətirib: “Heç kəsin qəzeti Gülər Əhmədovaya verilmir. Gülər xanım özü qəzetlərə abunə yazılıb, ancaq ona da qəzetlər gecikdirilmiş formada çatdırılır. Həftədə ona 2-3 dəfə qəzet verilir ki, bu zaman da məlumatlar artıq köhnəlmiş olur. Buna görə də Gülər Əhmədova əsas informasiyaları qəzetlərdən yox, məndən alır”.
İnformasiya şöbəsi