“ABŞ Azərbaycan iqtidarına hansı münasibət bəslədiyini dəfələrlə göstərib, amma…”
Hikmət Hacızadə: «İsrail gördü ki, Türkiyəsiz regionda hərəkət etmək mümkün deyil»
Türkiyə ətrafında baş verən poseslər Azərbaycan medaiasında diqqətlə izlənməkdədir. PKK ilə əldə olunan razılaşma və münasibətlərdə normalaşma meyilləri Türkiyə qarşısında yeni perspektivlər açır. Çünki ekspertlərin fikrincə, Ankara PKK ilə qarşıdurma tarixi boyu heç zaman problemin həllinə indiki qədər yaxın olmayıb. Politoloq Hikmət Hacızadəyə ilk sualımız elə Türkiyə ilə PKK arasında yaşananlarla bağlı oldu.
– Uzun müddətdir davam edən savaşa son qoyulmaq uğrunda meyilləri yüksək qiymətləndirirəm. Türkiyənin hazırkı hökumətinin səriştəsi də bu məsələlərdə özünü göstərir. Hələlik proseslərin gedişini izləmək lazımdır. Çünki bundan əvvəl də oxşar cəhdlər olub. Amma sonra proseslər heç də istənilən formada davam etməyib. Onu da nəzərə almaq lazımdır ki, PKK-nın arxasında bir sıra xarici qüvvələr dayanır. Məsələ burasındadır ki, sabah yeni əmr gələrsə, PKK yenə partizanlığa başlayacaqmı? Lakin ümumən cərəyan edən prosesləri müsbət qiymətləndirmək lazımdır.
Türkiyə Rusiyanın razılığın alıb
– Elə hazırda tez-tez verilən sual Öcalanın çağırışı ilə silahı yerə qoyan PKK-nın vədinə nə dərəcədə sadiq olacağı ilə bağlıdır. Siz bu barədə nə düşünürsünüz?
– Bu barədə dəqiq bir şey demək olmaz. Amma ola bilsin ki, əldə olunan razılaşma yalnız PKK ilə bağlı deyil. Bəlkə də kompleks razılaşma əldə olunub. Istisna deyil ki, PKK məsələsində Moskvanın da razılığını alıblar. Eyni zamanda PKK-ya yardım edən digər qüvvələrlə də danışılıb. Hər halda gərək danışılaydı.
– Həqiqətən də PKK yalnız Türkiyədəki qolundan ibarət deyil. PKK-nın Iran, Suriya, Iraq və Türkiyə qolları var. Dəfələrlə ayrı-ayrı qolların Türkiyəyə qarşı birləşdiyinin şahidi olmuşuq. Razılaşma bu qolların hamısını əhatə edirmi?
– PKK ilə sülh artıq yetişib. Görünür, PKK-çılar da artıq yorulublar. Axı nə qədər vuruşmaq və silahlı mübarizə aparmaq olar? Türkiyə görür ki, silah gücü ilə problemi həll edə bilmir. Açıq formada nəzərə çarpır ki, PKK-çılar arasında ümumi sülh ovqatı var. Çünki əks təqdirdə PKK-dan ayrı-aryı qruplar ayrılaraq razılaşmaya əməl etməyəcəyini və sona qədər vuruşacağını bəyan edərdi. Ümumi ovqat mövcud olduğundan sülhün əldə edilməsi də qısa zamanda mümkün oldu. Bu baxımdan hadisələrin hazırkı inkişafında dəqiq bir şey söyləmək çətindir. Prosesləri diqqətlə izləyəndən və müəyyən qədər aydınlıq yaranandan sonra mülahizə yürütmək olar.
Türkiyənin rolu artır
– Türkiyə hökuməti PKK ilə əldə olunan razılığa görə bəziləri tərəfdən qınanır. Amma problemin həlli üçün mümkün yollar da bir o qədər çox deyildi?
– Əlbəttə, etiraz edənlər olacaq. Amma cərəyan edən prosesləri təqdir edirəm. Hər bir sülh prosesində belə bir iddialar olur. Bu hadisələrdən kimsə siyasi kapital kimi istifadə edəcək, kiminsə yaxın qohumu öldürüldüyündən qisas almağa çalışacaq. Türkiyədə yüz minlərlə adam var ki, bu terrordan əziyyət çəkib. Onlar, əlbəttə, qisas və məhkəmə istəyirlər. Yəni hərb-sülh prosesində belə radikal mövqelər olur. Amma Ərdoğan problemin həllinə yaxınlaşıb.
– Bu hadisələrin fonunda Türkiyə ilə Israil arasında yaşananları necə dəyərləndirmək olar. Türkiyə uzun müddət münasibətlərində gərginlik olan Israil ilə əlaqələri normalaşdırmaqdadır?..
– Bu proses də təqdirəlayiqdir. Belə bir qərarın qəbul olunması üçün Israilə də ciddi təzyiqlər oldu. ABŞ-ın müdaxiləsi ilə Israil yola gətirildi. Türkiyə ilə barışmaq Israilin hərbi-siyasi məqsədlərinə xidmət edir. Məsələn, Israil Livanla, Iranla vuruşmaq istəyir. Bu zaman Israil qarşısında Türkiyəni görmək istəmir. Türkiyə regionda baş verən proseslərdə əsas ölkədir. Türkiyənin razılığı olmadan Israil bölgədə sərbəst addımlar ata bilməz. Türkiyə bölgədə çox vacib ölkədir.
– Türkiyəyə həm Yaxın Şərq, həm də Cənubi Qafqaz regionunda verilən önəm nəyin görsənişidir və gələcəkdə hansı nəticələr doğura bilər? Türkiyə bu ağır yükün altına girə biləcəkmi?
– Türkiyənin nüfuzu durmadan artır. Türkiyə ağıllı xarici siyasət aparır. Türkiyənin müttəfiqləri NATO və ABŞ-dır. Türkiyə hazırda bir tərfdən islamçılıq barədə danışır, digər tərəfdən Qərbin uğurlarından yararlanır. Belə siyasət, əlbəttə, səriştə tələb edir və bizdə onu görürük. Birdə ki, Türkiyə hazırda üstləndiyi geosiyasi rolu boynuna götürməyə məcburdur. Türkiyə iqtisadiyyatı və əhalisi durmadan artır. Türkiyə öz çəkisinə uyğun da nüfuzunu genişləndirməlidir. Bu, təbətin qanunudur. Genişlənmək, iqtisadiyyatın gücünü artırmaq üçün də birincisi, ətrafda sülh olmalıdır. Bu şərait olmasa, Türkiyə genişlənə bilməz və böhrana düşər. Türkiyə regionda yürütdüyü siyasət baxımından Rusiyadan köklü surətdə fərqlənir. Türkiyə ətrafındakı ölkələrdə sülhün olmasına çalışır. Rusiya isə əksinə, öz ətrafındakı dövlətləri idarə etmək üçün münaqişələrin olmasına üstünlük verir. Türkiyə və Rusiya hər ikisi böyük dövlətlərdir. Rusiya ətrafda qeyri-stabilik yayırsa, Türkiyə prosesləri sülh məcrasına yönəldir.
– Türkiyənin üzərinə qoyulan yeni missiyanı Rusiya necə qarşılayacaq? Rusiya tərəfdən sərt reaksiya gələ bilərmi?
– Əlbəttə, Rusiya Türkiyənin yeni roluna üzdə güləcəksə, altda onunla barışmayacaq. Münasibətlərin gələcək durumu böyük siyasətin axarından asılıdır. Əgər Türkiyəyə verilən rolla bağlı razılaşma ətraflıdırsa, o zaman həmin sazişdə Rusiyanın da imzası var. Çünki Rusiya daim PKK-nı dəstəkləyib. PKK-nı yaradan elə SSRI idi. Ona görə Rusiyanın Türkiyəyə verilən yeni strateji rolla razı salınıb-salınmadığını demək çətindir. Belə bir razılıq yoxdursa, ciddi qarşıdurma gözlənilir. Rusiya hətta PKK-dakı rıçaqlarından istifadə edərək Türkiyəyə yeni problemlər yarada bilər. Hətta bu istiqamətdə PKK-nın bölünməsi istisna deyil.
İranın Qərblə razılaşması yeni imkanlar açacaq
– İranın regionda baş verənlərə reaksiyası necə olacaq?
– Türkiyə Qərbin müttəfiqidir. Iran bunu gözəl bilir. Sadəcə olaraq Türkiyə Iran istiqamətində kəskin addımlar atmırdı. Iranla Türkiyənin münasibətləri regiondakı siyasi proseslərdən asılı olacaq. Iran Qərblə nüvə razılaşmasına getsə, o zaman hər şey yaxşı olacaq. Çünki Irana da PKK kimi terror təşkilatı gərəkli deyil. Yox, Qərblə Iran arasında qarşıdurma böyüməyə başlasa, o zaman ətrafında stabillik yox, yeni münaqişə və gərginlik lazımdır. Bu zaman Iran yenidən PKK partizanlarını şirnikləndirməyə başlayacaq. Hamı Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Hətta belə bəyanatlar da səslənirdi ki, Israil də Türkiyəyə qarşı PKK-dan istifadə edir.
– İsrail tarixi boyu üç dəfə üzr istəyib. Türkiyə qarşısında Israilin belə bir jesti hansı gerçəklikləri ortaya qoydu?
– İsrail gördü ki, Türkiyəsiz regionda hərəkət etmək mümkün deyil. Israil axır ki, gerçəkliklə hesablaşmalı oldu.
– İsrail Türkiyə yaxınlaşmasında Fələstinin taleyi necə olacaq? Çünki Türkiyə son zamanlar Fələstin məsələsində prinsipial mövqe nümayiş etdirirdi. Eyni zamanda bu günlərdə ABŞ prezidenti Barak Obama Fələstinin müstəqilliyinə dəstək verən açıqlama ilə çıxış etdi?
– Türkiyə Fələstin məsələsində çox irəliləyə bilməz. Fələstinin gələcəyi artıq dəqiqləşdirilib. Böyük dövlətlər Fələstinin gələcəyi ilə bağlı meydandadır. Türkiyə də bu prosesə dəstək verir. Obama Israil universitetində çıxış edərək açıq formada bəyan etdi ki, Fələstinə dövlət gərəkdir. ABŞ artıq Fələstinlə bağlı mövqeyini bildirib. ABŞ bəyan etdi ki, sərhədlər 67-ci ildəki plana uyğun müəyyənləşdirilməlidir. Fələstinin gələcəyi Irandan da çox asılıdır. Iran Qərblə hər hansı bir sazişə gəlsə, o zaman Fələstindəki ekstremist qruplara Tehrandan dəstək gəlməyəcək.
– Obama Yaxın Şərqə səfəri zamanı avtoritar ölkələrə xəbərdarlıq edən bəyanatlar səsləndirib. O bildirib ki, avtoritar qurluşlarla münasibətlər qurmaq erası sona çatıb. Münasibətlər xalqlar tərəfindən seçilən quruluşlarla qurulacaq. Bu çıxışdan Azərbaycan hakimiyyətinə hansı pay düşür?
– Bu çıxış ABŞ administrasiyasının və cəmiyyətinin arzularını göstərir. ABŞ hakimiyyəti Azərbaycan iqtidarına hansı münasibəti sərgilədiyini dəfələrlə göstərib. Amma hərdən təəssüf ki, reallıqlar başqa cür olur. Düşünürəm ki, ABŞ Azərbaycanda baş verənlərlə bağlı daha aktiv mövqe nümayiş etdirməlidir. Ona görə prosesləri hələ izləmək gərəkdir. Hazırda Azərbaycanda hakimiyyətin repressiyaları artıb. Bunlara münasibət bildirilməlidir.
– Hakimiyyət son zamanlar həqiqətən də ona olan tənqidlərə dözümsüz yanaşır. Bunu NIDA-çıların həbsi, BMT-də etiraz aksiyası keçirən soydaşımıza qarşı münasibət də göstərir. Bu cür siyasətlə cəmiyyətdəki aktivliin qarşısın almaq mümkün olacaqmı?
– Cəmiyyətdə aktivlik və etiraz artmaqdadır. Amma xeyli suallar da var. Hazırda hakimiyyət daxilində hansı proseslər baş verir? Nəyə görə İlham Əliyev namizədliyini qəti şəkildə ortaya qoymur, nəyi gözləyir? Hazırda bir-birinin ardınca orduda ölümlər baş verir. Nəyə görə buna reaksiya verilmir? Axı bu ölümlər hakimiyyəti də narahat edir. Çünki iqtidar ifşa olunur. Lakin hakimiyyət heç nə edə bilmir. Çünki bu gün bir zabiti tutur, sabah başqa hərbi hissədə oxşar hadisə qeydə alınır. Bütün bunlar qeyri-normal şəraitin göstəricisidir. Əhalidə əsəbilik, nifrət artıb. Ona görə bir-birinin ardınca təşkilatlanmamış etiraz aksiyaları baş verir.
Xəyal