“Ora-bura çox yazırsan, dinc otur”; Sabiq naziri evinin yaxınlığından götürüblər
Martın 19-u axşam saatlarında saxlanılan və hara aparıldığı bəlli olmayan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. Qazıyev sərbəst buraxılandan sonra “Azadlıq” qəzetinin əməkdaşı onunla danışa bilib.
Rəhim Qazıyev deyib ki, evindən çıxaraq “Azadlıq” radiosuna verilişə qatılmaq üçün gedərkən İnşaat və Memarlıq Universitetinin yaxınlığında bir neçə nəfər qarşısını kəsib, zorla bir maşına oturdaraq aparıblar. Yalnız mənzil başına çatanda bilib ki, onu DİN-in Mütəşəkkil Cinatəkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) gətiriblər.
Dediyinə görə, idarədə Qazıyevə son vaxtlar mətbuatdakı çıxşıları ilə bağlı xəbərdarlıq ediblər. “Ora–bura çox məktub yazırsan, dinc otur”, deyib hədə-qorxu gələndən sonra Qazıyevi kameralardan birində daha 2 saat saxlayıb, sonda sərbəst buraxıblar.
Güman olunur ki, R.Qazıyev bugünlərdə “Azadlıq” qəzetində dərc etdirdiyi, ölkə başçısı İlham Əliyevə yazdığı sərt məzmunlu açıq məktuba görə bu şəkildə xəbərdar olunub.
***
Saat 22.30 radələrində qardaşı Rahab Qazıyev “Azadlıq”ın əməkdaşına bildirib ki, Rəhim Qazıyevin yerini öyrənmək üçün 28-ci polis bölməsinə müraciət edib. Lakin bölmədən onlarda heç bir məlumat olmadığını deyibər. Bölmədə Rahab Qazıyevə məsləhət biliblər ki, qardaşının axtarılması üçün rəsmi ərizə yazsın, onlar da axtarışa başlasınlar.
***
Rəhim Qazıyevin ailəsindən qəzetimizə verilən məlumata görə sabiq müdafiə nazirinin harada saxlandığı barədə onlarda heç bir məlumat yoxdur. Ailə üzvlərinin R.Qazıyevin saxlandığı yer barədə DİN-dən məlumat öyrənmək cəhdləri heç bir nəticə verməyib. Onların 102 xidmətinə müraciəti də nəticəsiz qalıb. Ailə üzvlərinə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət etmək məsləhət bilinib.
***
Rəhim Qaziyevin qardaşı Rahab Qazıyev “Azadlıq” radiosuna deyib ki, qardaşını polis Bakıda axşam saatlarında saxlayib. Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: “Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17:20 radələrində evindən “Azadlıq” radosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq”.
DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayib.
Rəhim Qaziyev “Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonagı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib.
***
Mötəbər mənbədən Moderator.az saytına daxil olan məlumata görə, sabiq müdafiə naziri Rəhim Qazıyev həbs edilib. Keçmiş nazirin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.