“Bu hakimiyyət milli təhlükəyə çevrilib” (VİDEO)

  • PDF

Font Ölçüsü

axc-ali-meclis-16martAXCP sədri partiyanın Ali Məclisində hakimiyyətə ağır suallar ünvanladı

"Hakimiyyəti bütün beynəlxaql dayaqlarını itirib. Gündüz bir dövlətin, axşam başqa dvlətin onu devirməsindən danışır"

AXCP Ali Məclisi ötən gün növbəti sessiyasını keçirdi. Sessiyanın gündəliyinə təşkilati məsələ və ölkədəki son ictimai-siyasi vəziyyətin müzakirəsi daxil edilmişdi.
Təşkilati məsələyə baxılandan - Culfa rayonundan Ali Məclisə seçilmiş üzvün səlahiyyətləri təsdiqlənəndən sonra mövcud ictimai-siyasi vəziyyətlə bağlı AXCP sədri Əli Kərimlinin məruzəsi dinlənildi. AXCP sədri ölkədə və regionda baş verən siyasi prosesləri dəyərləndirdi, hazırkı şəraitdə partiya üzvlərinin qarşısında dayanan əsas vəzifələri səsləndirdi:

Hökumət yoldan çıxıb

... Ölkədə uzun illərdən bəri toplanmış problemlər gündən-günə daha da kəskinləşir. Hamımız görürük ki, uzun illərdir bütün məşğuliyyəti Azərbaycanın sərvətini talamaq olan, Azərbaycana obyekt kimi baxan, dövlət büdcəsini, təbii sərvətlərini ata malı kimi mənimsəyən, ölkənin coğrafiyasını quberniyalar şərti adı altında oliqarxlar arasında bölüşdürən hakimiyyət xalqın real problemləri ilə məşğul olmadığına görə elə vəziyyət yaranıb ki, bəzi sahələrdə qarşısıalınmaz proseslər gedir. Azərbaycan hökuməti bəzi məqamlarda, hətta istəyəndə də vaxtında başlatdığı neqativ prtoseslərin qarşısında dura bilmir. Demək olar ki, avtomatik olaraq çıxarılmış yol ilə bu hökumətin maşını tam sürətlə irəliləyir. Bu çıxarılmış yol soyğunçuluq, korrupsiya yoludur. Xalqı əzmək, xalqla hesablaşmamaq yoldur. Amma əvvəlki illərdən fərqli olaraq indi Azərbaycan xalqı bu vəziyətlə barışmır. Hər ay, hər gün vəziyyətlə barışmayan insanların sayı artır.

Hökumətin yalançı yalvarışları bu dəfə keçməyəcək

Biz gördük ki, İsmayıllıda məmurların və onların övladlarının azğın, qudurğan həyat tərzinə insanlarımız necə etiraz elədilər. Gördük ki İsmayıllıda insanların etirazı bu qədər sərt yatırılsa da Azərbaycanın bölgələrində etirazlar davam edir. İmişlidə, Zaqatalada, Balakəndə, Siyəzəndə, Qubada - bir çox yerlərdə etirazlar oldu. İnsanlar öz dözülməz həyat şərtlərinə etiraz edirlər. Artıq uzun müddət insanları səssiz saxlamış qorxu geri çəkilməkdədir. Belə bir proses gedir ölkədə.
Azərbaycan hakimiyyəti isə başını itirib. Yenidən Azərbaycan xalqını müxtəlif vədlərlə ələ alıb sakitləşdirmək istəyir. Siz bu hakimiyyəti yaxşı tanıyırsız. Özlərini pis hiss edən, xalqdan qorxan kimi onun ayağına gəlirlər. Xalqa vədlər verirlər. 2011-ci ilin aprel mitinqi ərəfəsindəki vəziyyəti xatırlayın. O zaman möhkəm qorxuya düşmüşdülər. Nə qədər populist vədlər verirdilər. Bakı şəhərindəki 400 minə qədər qeydiyyatsız evin qısa bir zamanda qeydə alınacağını bildirmişdilər. Nə oldu? Mitinqlər biraz aşağı xətlə gedən kimi, yenidən unutdular.
Bu dəfə də anoloji bir proses başlanıb. Xalq etiraz etməyə başlayan kimi İsmayıllı ilə də bağlı vədlər verildi, bir neçə başqa rayonlarda da icra başçıları çıxarıldı. Eyni zamanda Siyəzəndə inanlar qalxıb əmək haqqını tələb etdilər, yalvara- yalvara çıxdılar xalqın qarşısına və müddət istədilər ki, pulu ödəyəcəyik. İmişlidə də xalqın qarşısına yalvara yalvara çıxdılar. Başqa rayonlarda nazir müavini səviyyəsində yalvardılar. Dünənə qədər xalqı saymayanlar indi xalqın ayağına gəlirlər, vaxt istəyirlər, xalqın istəklərini həyata keçirəcəklərini vəd edirlər. Amma həyata keçirə bilmirlər. Çünki mexanizm imkan vermir.
Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin təkmilləşdirdiyi bu idarəetmə sistemi xalqa xidməti istisna edir. Bu sistem xalqa zülm, xalqın var dövlətini talan etmək sistemidir. Ona görə də bu sistemlə xalqa xidmət etmək imkansızdı. Yalnız vaxt udmaq, yalançı vədlər vermək olar. Hər dəfə bu proses təkrarlandıqca Azərbaycan xalqı daha məlumatlı olur, bu hökuməti daha yaxşı tanıyır və ona görə də hər dəfə Azərbaycan xalqını aldatmaq daha da çətin olacaq.

Ordudakı ölümlərin səbəbləri nədir?

Ordudakı vəziyyət hər bir azərbaycanlının problemidir. Biz ya özümüz, ya övladlarımız, yaxınlarımız orduda olmuşuq, ya da olacağıq. Yalnız İlham Əliyevin prezidentliyi müddətində 700-dən artıq balalarımız müharibə şəraiti olmadan, düşmən gülləsinə hədəf olmadan, şəhid olmadan daxildəki namərdlərin səhlənkarlığının, cinayətinin, özündənrazılğının, intizamsızlığının, bəzi hallarda da açıq cinayətkarlığının qurbanı olublar. Ötən il 97 nəfərdən söhbət gedirdi, indi iki ayda 14 nəfərdən söhət gedir. Hər həftə ordudan bizi narahat edən məlumatlar alırıq. Mən o fikirdə deyiləm ki, Azərbaycan hökuməti, nə qədər neqativ olsa da, istəyir ki, orduda bu qədər əsgər ölsün. Bəs niyə orduda bu hallar baş verir? Çünki, bütün ölkəni gəlirə, qazanc yerinə çevirdikləri kimi, ordunu da böyük bir obyektə çeiviriblər. Ona görə də orduda nizam-intizam yaratmaqla məşğul olası adamlar oliqarxa çevriliblər. Necə ki, bütövlükdə hökuməti qohumluq əlaqələri üzərində qurublar - bu da bunların guya hakimiyyətdə sabitliyi saxlamaq üçün düşündükləri mexanizmdir - eləcə də orduda öz qohumlarını yüksək komandir vəzifələrinə təyin ediblər və o adamlardan məsuliyyət tələb edə bilmirlər. Kimdən məsuliyyət tələb eləsinlər? Ordakı məsuliyyət daşımalı olan adamların hər biri ya İlham Əliyevin şəxsən özü ilə, ya da ətrafındakı oliqarxlarla yaxın qohumdur. Onlara qarşı qanun tətbiq oluna bilməz. Onlar qanundan kənar, qanunun fövqündə olan adamlardı. Buna görə də bizim 18-19 yaşında övladlarımız orduda tələf olsa da, Azərbaycan hökuməti bu cinayətlərin qarşısını almaqda gücsüzdür.

Əsgər ölümünə son tələb edən insanlara divan tutduranlar...

Siz gördünüz, axırıncı aksiya zamanı heç bir ehtiyac olmadan nümayişçilərə qarşı bütün xüsusi vasitələrdən istifadə etdilər. Kim idi o nümayişi edənlər? İlk növbədə əllərində övladlarının portretləri olan şəhid və əsgər valideynləri, gənclər. Nə tələb edirdilər onlar? Əsgər ölümlərinə son qoyulmasını. Orda saxlanılan nümayişçilərdən biri - onu sürüyə-sürüyə aparırdılar - açıq şəkildə polislərə müraciət etdi ki, niyə mənə qarşı bu zorakılığı tətbiq edirsiz. Axı, mən demədim ki, əsgərimiz ölsün. Mən dedim ki, əsgərimiz ölməsin. Sən də bir əsgərsən. Niyə bizə bu qədər aqressiya göstərirsiz? Bu müraciət mənim çox xoşuma gəldi. Əslində normal bir dövlət, normal hakimiyyət olsaydı ictimaiyyyətdən gələn dəstəyi böyük bir siyasi gücə çevirib ordudakı intizamsızlıqla, anarxiyayla mübarizəyə sövq edərdi. Orduda qanunçuluğu yaratmaq üçün bu potensialdan istifadə edərdi. Əsgər valideunlərini səfərbər edərdi, onların üzünə bütün hərbi hissələrin qapılarını açardı və deyirdi ki, gəlin ordudakı vəziyyətə siz özünüz nəzarət edin. Xalqa xidmət etmək məqsədi olmayan bir hakimiyyət olduğuna görə əsgər ölümünə son tələb edən insanlara divan tuturlar. Hansı ehtiyac var idi, o nümayişçilərə qarşı qış aylarında su şırnağından istifadə etməyə? Hansı ehtiyac var idi, onlara qarşı rezin güllələrdən istifadə etməyə. Hansı ehtiyac var idi Bakının mərkəzinə qadağan olunmuş, düşmənə qarşı müharibə vaxtı istifadə olunmalı silahı gətirib nümayiş etdirməyə. Axı dünyanın heç yerində Azərbaycandakı qədər sivil mübarizə aparan insanlar yoxdu. Yəqin ki, televiziyalarda görürsüz, Avropanın heç bir ölkəsində aksiyalar Azərbaycanda olduğu qədər sivil və dinc keçirilimir. Həmin o xüsusi vasitələr Avropada da var. Onlar yalnız o zaman istifadə olunur ki, nümayişçilər müəyyən mənada zora əl atırlar, polisin yalın əllə onların qarşısını kəsməsi mümkün olmur.
Azərbaycan vətəndaşı tam sivil formada mübarizə aparır. Azərbaycan xalqı nə qədər ədalətsizliyə tuş gəlirsə-gəlsin, təmkinini itimir, bütün dünyaya nümayiş etdirir öz mədəniyyətini. Amma qarşımızda, bizimlə nə mədəniyyəti, nə səviyyəsiz, nə də insanlığı müqayisə olunacaq bir dəstə var.

Əli Kərimlidən hakimiyyətdəkilərə sərt suallar

Gənclərə qarşı repressiyaların yeni dalğası başlayıb. Hamınız bilirsiniz, bu aksiyalardan əvvəl “Nida” Vətəndaş Hərəkatının 3 üzvünü həbs etdilər, onları məcbur etdilər ki, özlərinə və dostlarına qarşı ifadə versinlər. Aksiya zamanı gənclərə divan tutdular. 5 nəfər inzibati qaydada həbs olundu. Onların dördü Xalq Cəbhəsini təmsil edir. Həmin proses nəticəsində keçmiş vicdan məhbuslarımız özlərini çox ləyaqətli şəkildə göstəriblər. Vicdan məhbuslarımızdan da ikisi sutkalıq həbs cəzası alıb. Hazırda gənclərimiz həbsdədir. İlkin bəy, Türkel bəy, Elvin bəy həbsdədir. Tural Həsənzadə “Əsgər ölümlərinə son” aksiyasına görə həbs olunub. Aksiyada Xalq Cəbhəsinin Gənclər Komitəsinin iki üzvü xəsarət alıb. Renad Nəcəfov əməliyyat olundu. Hansı insanlığa sığır bu? Bir gəncə başında dəmir dəbilqə olan polis əməkdaşı başı ilə zərbə vurur. Hansı insanlıqdı bu? Hardan almısınız bu tərbiyəni? Kimdən öyrəndiniz bu qədər anti-insani davranışları? Bizim digər gənc fəalımız, Gənclər Komitəsinin üzvü, blogger Elşən Kərimovun qabırğasının sındığı məlum olub. Bu prosesdə iştirak edən bütün gənclərə, bütün fəallara imkanımız daxilində arxa olacağıq. Onların mübarizəsi haqq işidir. Biz təşkilat olaraq bu prosesdə birbaşa məqsədli şəkildə iştirak etmirik. İstəmirik ki, hökümət ora təmiz məqsədlə, sosial tələblərlə, əsgər ölümlərinə son tələbilə çıxan insanları şantaj eləsin. Biz o bəhanəni verməmək üçün birmənalı şəkildə təşkilatçı olaraq iştirak etmirik. Amma axı, bizim təşkilatımız vətənpərvər insanların təşkilatıdı. Bizim təşkilatımız o insanları bir araya gətirib ki, yalnız öz problemlərinə sahiblənmir. Millətin bütün problemi, qonşunun, ətrafda gördüyümüz hər kəsin problemi bizim problemimizdir. Biz biganə qalan insanlar deyilik. O səbəbdən xüsusi bir qərar olmadan cəbhəçilər hər zaman haqsızlığa son verilməsi tələbi ilə keçirilən aksiyaların iştirakçılarıdırlar. Bu duyarlılığınıza, fədakarlığınıza görə, əsl vətəndaşlıq nümunəsi yaratdığınıza görə hər birinizə təşəkkür edirəm.

İlham Əliyev hamını peşman edib

Azərbaycan hakimiyyəti bütün yollara əl atır ki, günü gündən artan bu etirazçıların qarşısını alsın. Aksiyadan sonra “Nida” Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov həbs olunub. İstisna deyil ki, həbslər və təzyiqlər bundan sonra da davam etsin. Çünki xalqdan dəstək ala bilməyən bu insanların tək çarəsi xalqın qəlbində qorxunu bərpa etməkdir. Amma bunu edə bilməyəcəklər. Ona görə edə bilməyəcəklər ki, zaman dəyişib. 20 il bu sülalə hakimiyyəti məhz qorxunun, repressiyanın hesabına davam edib. İndi düşünürlər ki, bu silah bundan sonra da işləyəcək. Dövrün, şərtlərin dəyişdiyini anlaya bilmirlər. Bu başqa şərtlər özünü ilk növbədə onda göstərir ki, 2003-cü ildə böyük dövlətlər birləşib bu sülalə hakimiyyətinin davam etməsinə razılıq vermişdilər, Azərbaycan xalqının istəyinə qarşı çıxmışdılarsa, indi hamısı peşmandır. İlham Əliyev elə bir siyasət həyata keçirib ki, hamını peşman edib. Bu gün Azərbaycan hakimiyyəti bütün beynəlxaql dayaqlarını itirib. Gündüz bir dövlətin, axşam başqa dvlətin onu devirməsindən danışır. Belədə bunlara demək lazımdır ki, dörd bir yanını özünə bu cür düşmən edibsənsə, Qarabağı necə azad edəcəksən? Sən özün milli təhlükə mənbəyinə çevirilmisən ki... Bunu ona görə demirəm ki, düşünəsiniz ki, hansısa dövlət bir qərar qəbul edəcək hakimiyyətlə bağlı. Özümüzün görməli olduğumuz işi qətiyyən, başqalarının çiyninə qoymayacağıq. Bu ölkəni biz özümüz, mübarizə ilə, günbəgün, addım-addım xilasa yaxınlaşdırmalıyıq. Amma onu vurğulamaq istəyirəm ki, əvvəllər bu hökumətə güc, qüvvət verənlər indi artıq o gücü, qüvvəti verə bilmir.

Partiya sədrinin məruzəsindən sonra gündəlikdəki məsələlərlə bağlı məclis üzvlərinin və sessiyaya dəvət edilən AXCP şöbə sədrlərinin fikirləri dinlənildi. Partiya funksionerləri Nurəddin Məmmədli, Asəf Quliyev, Rahim Hacıyev, Fuad Qəhrəmanlı təşkilatın güclənməsi, yerli şöbələrin inkaşafı üçün konkret təkliflər verdilər.

Partiyanın əyalət təmsilçiləri Sadıq Umudlu (İsdmayıllı), Sövdəgər Mursaqulov (Ağstafa),  Şəkər İsgəndərli (Yevlax), Şahverdi Mikayılov (Göyçay), Fizuli Qəhrəmanov (Beyləqan), Bilal Məmmədov (Şəmkir ) yerlərdəki vəziyyətlə bağlı məlumatlandırıcı çıxışlar etdilər.

***
Yekunda Əli Kərimli partiyanın aksiyada fərqlənən gənclərinə və xanımlarına təşəkkürünü çatdırdı. Bütün şöbələrdə gənclərin partiya rəhbərliyində irəli çəkilməsi və internetdə fəallıq üçün tövsiyələrini verdi.

Natiq Güləhmədoğlu










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub

Son Yenilənmə Bazar, 17 Mart 2013 12:52