El xanəndəsi Dabbax Məhəmmədqulu
XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda və Qafqazda şöhrət qazanmış məşhur xanəndələrdən biri də el xanəndəsi Məhəmmədqulu Şuşinski idi. Vaxtilə Şuşada “Torpaq meydanında” yerləşən balaca bir dabbax dükanı vardı. Hər gün buradan 15-16 yaşında ortaboylu, çevik və iti baxışlı bir oğlan əlində açarları oynada-oynada dükanın qapısını açıb zümzümə edə-edə piştaxtanın arxasında axşamdan suya qoyulmuş gönləri aşılayardı.
Gənc dabbax həmişə bir-iki ağız şikəstə deyəndən sonra ən çox sevdiyi “Axşam oldu” təsnifinə keçərdi. Qonşu sənətkarlar və meydana yığışan tacirlər gəncin oxuduğu təsnifin sözlərini aydınca eşidərdilər.
Axşam oldu, şamlar yandı,
Keçən keçdi, olan oldu.
Bu gün burda qalmaq olmaz,
Yaxşı dostdan doymaq olmaz.
Gənc təsnifin axır sözlərini qurtarar-qurtarmaz meydanın hər yanından alqış sədaları qopardı: “Ay can, ay can!..”, “Sağ ol, dabbax balası”.
Bu gənc sonralar məşhur olan xanəndə Məhəmmədqulu Şuşinski (Dabbax Məhəmmədqulu) idi…
Məhəmmədqulu Şuşinski 1874-cü ildə Şuşa şəhərinin “Ayaqyalın qurdlar” (Kiçik qurdlar) məhəlləsində dabbax ailəsində anadan olmuşdur. Bu məhəllədə yaşayanların əksəriyyəti dabbaxlıq sənəti ilə məşğul olardılar. Ona görə də bu kiçik məhəlləyə “Dabbaxlar məhəlləsi” və ya “xanəndələr məhəlləsi” də deyirdilər.
Qarabağın məşhur müğənniləri Əbdülbaqi Bülbülcan, Bülbül, Musa Şuşinski və başqaları bu məhəllədə anadan olmuşlar.
Ata-babası kimi özü də dabbaxlıqla məşğul olduğundan el arasında Məhəmmədqulunu sadəcə “Dabbax Məhəmmədqulu” deyə çağırardılar.
Ibtidai təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məhəmmədqulunu sonra atası Mir Möhsün Nəvvabın məktəbinə qoymuş və o, burada üç il muğamat dərsləri keçmişdir.
Məhəmmədqulu artıq 19 yaşında olarkən Qarabağın musiqi məclislərində və toy şənliklərində xanəndəlik etməyə başlamışdır. Məhəmmədqulunun bir xanəndə kimi püxtələşməsində XIX əsrin məşhur müğənnisi Şahsənəm oğlu Dəli Ismayılın böyük köməyi olmuşdur. Dəli Ismayıl Məhəmmədqulunun zil səsini, çoşqun zəngulələrini nəzərə alıb ona ən əvvəl major ruhlu muğamları, xüsusilə “Hasar”, “Müxalif”, “Kürdü-Şahnaz”, “Heyratı” kimi uzun nəfəs, sürəkli zəngulə tələb edən muğamları öyrətmişdi. Onun çəkdiyi zəhmət hədər getmədi və keçdikcə Məhəmmədqulu öz məlahətli səsi, istedadlı ilə dinləyicilərin rəğbətini qazandı.
Şuşanın ən gözəl səslərindən biri
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır: “Məhəmmədqulu özü zəhmətkeş ailədən çıxdığına görə şəhər yoxsullarının, xüsusilə sənətkarların məclislərində tez-tez çıxış edərdi. Məhəmmədqulu eyni zamanda keçmiş həmsənətləri olan dabbaxları da unutmurdu. O zamanlar Şuşanın küçə və meydançalarında həyat qaynayırdı. Xüsusilə şəhərin ən izdihamlı yerlərindən biri olan ”Qapan dibi”ndə ayrı aləm olardı. Şəhərin Gəncə və Irəvan qapıları adlanan giriş yolundan buraya istiqamət alan dəvə və qatır karvanlarının sayı-hesabı yox idi. Burada tez-tez Iran və rus tacirlərinə, Dərbənd, Tiflis, Aşqabad alverçilərinə, Təbriz qaçaq mal gətirənlərinə, Bakıdan gələn tuluxçulara (neft satanlara) rast gəlmək olardı. Onlar “Qapan dibində” öz mallarını satdıqdan sonra buradan aldıqları məşhur Qarabağ atları, ipək, tut arağı, “axtarma” motal, xəli-gəbə və s. mallar alıb öz ölgələrinin bazarlarında satardılar. Meydanın ətrafında dabbax, əttar, əllaf, başmaqçı dükanları, ayrı yerlərdən gələn tacirlər üçün hər cür şəraiti olan karvansarası belə var idi. Karvansaranın dəyirmi meydançasından “Yuxarı meydan”a qədər keçən dar küçədə adam əlindən tərpənmək belə olmazdı. Günorta vaxtı meydanda məşhur Qaradolaq cinsli qoyunun ətindən Kəblə Məhərrəmin hazırladığı sarıköklü, zəfəranlı pitisinin və çörəkçi Molla oğlunun papiros kağızı qədər nazik lavaşının hər yanı bürüyən ətri. Bir yandan da Noxud Isgəndərin pürrəng çayı, Kəblə Mehdinin hilli-mixəkli paxlavası məclisdə əyləşən səyyahları və tacirləri məst edərdi…”.
Axşamlar “Qapan dibi” daha əyləncəli, daha qələbəlik olardı. Gündüzün gərgin alverindən sonra kef məclisləri qurulardı. Bu məclislərin də yaraşığı sazandalar idi. 20 yaşlı Məhəmmədqulu və digər musiqiçilər yay vaxtları hər axşam buraya yığışan qonaqları çalıb-çağırmaqla əyləndirirdilər.
Gecədən xeyli keçəndə Məhəmmədqulu “Qarabağ şikəstəsi” üstündə bayatılar oxuyardı:
Qarabağda talan var,
Gözü yolda qalan var.
Gedirsən get, tez qayıt,
Gözü yolda qalan var.
Əslim qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn var, nə gedən, Məgər yollar bağlıdır?
Zamanı ötüb gələn gözəl nəğmələr…
Firudin Şuşinski bu barədə belə yazır: “Deyilənə görə, Məhəmmədqulu ”Qarabağ şikəstəsi”ni oxuyanda onun zil və qaltanlı səsi “Qaya başında”, “Cıdır düzü”ndə eşidilərdi. Onu dinləmək üçün ətraf məhəllələrin sakinləri “Qapan dibi”nə toplaşar, gecədən xeyli keçmiş evlərinə dağılışardılar…”.
Gənc Məhəmmədqulu bir xanəndə kimi əvvəlcə doğma vətəni Şuşada, sonra isə bütün Azərbaycanda tezliklə şöhrət qazanmışdı. Onun bir sənətkar kimi püxtələşməsində və şöhrət qazanmasında tarzən və xanəndə Malıbəyli Həmidin də böyük rolu olmuşdur. Onun qayğısı və sənət dostluğu nəticəsində gənc Məhəmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlayır.
F.Şuşinski yazır: “Xanəndə Məhəmmədqulu bütün muğamları istər bəmdə, istərsə də zildə sərbəst, həm də böyük zövq ilə oxumuşdur. Məşhur müğənnimiz Musa Şuşinski (Məhəmmədqulunun bacısı oğlu) xatirələrində yazır: ”Dayım muğamata dərindən bələd olmaqla “Şüştər” ilə “Bayatı-kürdü” xüsusi bir məharətlə oxuyardı. Onun “Hasar-müxalif”də vurduğu çətin zəngulələr istər-istəməz bizim böyük xanəndəmiz Əbdülbaqi Bülbülcanın guşə və xallarını yada salardı”. Yeri gəlmişkən, onu da demək istərdik ki, Tiflis məclislərinin birində
Məhəmmədqulunun səsini eşidən böyük sənətkar Bülbülcan bir neçə il Tiflisdə dəvət olunduğu məclislərə onu da özü ilə aparmışdır. Şübhəsiz ki, Məhəmmədqulunun bütün Qafqaz və Yaxın Şərqdə şan-şöhrət qazanmış Əbdülbaqi kimi böyük bir xanəndə ilə birlikdə çalıb-oxuması onun xanəndəlik sənətində daha da kamilləşməsinə böyük, həlledici təsir göstərmişdir”.
Məhəmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərinin yaraşığı olmuşdur. Hətta bir neçə dəfə Iran məclislərinə də dəvət olunmuşdu. Məhəmmədqulu harda olmuşsa, harda çıxış etmişsə, həmişə Azərbaycan xalq musiqisini təbliğ etmiş, “Qarabağ musiqi məktəbi”nin şan-şöhrətini artırmışdır.
1913-cü ildə Məhəmmədqulu artıq Qafqazda məşhur bir xanəndə kimi şöhrət qazanmışdır. Məhəmmədqulu Şəkili Ələsgər, Keçəçi oqlu Məhəmməd, Islam Abdullayev və Seyid Şuşinski ilə birlikdə “Ekstrafon” aksioner şirkəti tərəfindən Kiyev şəhərinə dəvət olunmuş və “Bayatı-Kürd”, “Zabul-Segah”, “Kürdü-Şahnaz”, “Qatar”, “Hasar”, “Müxalif”, “Qarabağ şikəstəsi”, “Heyratı” muğamlarını və ən çox sevdiyi və məharətlə oxuduğu “Axşam oldu” təsnifini qrammafon valları üçün oxumuşdur.
Görkəmli xanəndə Məhəmmədqulu Şuşinski 1929-cu ilin mart ayında Şuşada 55 yaşında vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir