Gözəl təsniflər ustadı
Bugünkü müasir musiqi mədəniyyətimizin inkişafında klassik xanəndələrimizin böyük xidmətləri olub. Təsadüfi deyil ki, Azərbaycan xalqının içərisindən Qafqazda və Yaxın Şərqdə məşhur olan Hacı Hüsü, Məşədi Isi, Səttar, Əbülhəsən xan Iqbal, Keştazlı Həşim, Ala Palaz oğlu Molla Rza, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Həsənçə, Şəkili Ələsgər, Mirzə Məhəmmədhəsən, Malıbəyli Həmid, Zabul Qasım, Segah Islam, Məşədi Məmməd Fərzəliyev, Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski kimi məşhur xanəndələr çıxmışlar.
Onlar muğam musiqisini məharətlə ifa edən böyük bir məktəb yaratmışlar.
Milli muğam sənətinin inkişafında xüsusi yer tutan, musiqi mədəniyyətimizə böyük töhfələr verən sənətkarlarımızdan biri də Məşədi Isi olub. Onun adı məşhur ifaçı kimi zəmanəsinin görkəmli xanəndələri ilə daim yanaşı çəkilib. Məşədi Isi Sadıqcanın və Hacı Hüsünün müasiri olub.
Ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alan Məşədi Isi məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”nin ən fəal üzvülərindən olmuşdur. Məşədi Isi klassik Şərq, xüsusən Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd idi. O öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc xanəndələrinə öyrədər, onlarda sənətə dərin məhəbbət hissi oyadardı. Məşədi Isi muğamatı yüksək dərəcədə mənimsəyən ustad xanəndə kimi tanınmışdı. O, “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Cabbar Qaryağdı oğlu Məşədi Isinin xanəndəlik qabiliyyətinə yüksək qiymət verərək yazmışdı: “Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi Isi ”Mahur” dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanalıqda və qaval çalmaqda birinci sayılırdı”.
Həmin dövrlər xanəndə sənətinə el ədəbiyyatı ilə yanaşı klassik Azərbaycan ədəbiyyatı da ciddi təsir göstərmişdir. Xanəndələrin oxuduqları mahnı və muğamların sözləri qəzəl və qoşmalardan ibarət olurdu. Onlar klassik muğamları tamam-dəstgah oxumaqla Şərqin zəngin mədəniyyətini mühafizə edirdilər. Hacı Hüsü, Məşədi Isi, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Bülbül və Seyid Şuşinski kimi mahir sənətkarlar bir çox muğamların təkmilləşməsinə böyük əmək sərf etmiş və bunların əsasında yeni-yeni təsniflər və mahnılar yaratmışlar.
“Şiri-Xurşid” ordeni
Məşədi Isi Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin və Sədinin əsərlərini ilhamla oxuyardı. Cəlilbəy Bağdadbəyovun yazdığına görə, Azərbaycan şairlərinin şerlərini ilk dəfə məclislərdə oxuyan Məşədi isi olmuşdur.
Məşədi Isi təkcə Qarabağda deyil, Azərbaycanın bir çox şəhərlərində – Gəncədə, Ağdaşda, Şamaxı və Bakıda dəfələrlə toy məclislərinə, şənliklərinə dəvət edilmişdi. O, şamaxılı Mahmud ağanın məclislərində aylarla oxumuş və Iran hakimi Nəsrəddin Şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmışdı.
Şah sarayında Iran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanan Məşədi Isi “Şiri-Xurşid” ordeni ilə təltif olunmuşdu.
Məşədi Isi XIX əsrin 90-cı illərində tarzən Mirzə Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və digər şəhərlərində də xalq şənliklərində iştirak etmişdir. Məşədi Isi böyük muğam ustası olmaqla yanaşı həm də bir təsnifxan kimi klassik Azərbaycan xanəndələri arasında xüsusi yeri olub. Məşədi Isinin “Rast” və “Mahur” təsnifləri çox məşhur olub. Təsniflərdə el ədəbiyyatından nümunələr, Vaqifin, Zakirin bir çox müxəmməs və qoşmalarından istifadə edilib. Məsələn, Qasım bəy Zakirin “Dilbər” rədifli gəraylısından istifadə edərək “Rast” təsnifini bəstələyib:
Bir bağda bülbül olmasa,
Gülün nə miqdarı, dilbər.
Dal gərdənə tökülməsə,
Telin nə miqdarı, dilbər.
Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazırdı: “Bu gəraylını qarabağlı məşhur xanəndə Məşədi Isi Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən eşitmişəm”.
Görkəmli musiqişünas Firudin Şuşinski özünün “Azərbaycan xalq musiqiçiləri” kitabında yazırdı: “Əlbəttə, Məşədi Isinin Hacı Hüsü, Bülbülcan kimi çox zil səsi olmamışdı. Lakin o, muğamatın texnikasına dərindən bələd olduğundan xoş səsi ilə öz dinləyicilərini heyran etmişdir. Məşədi Isi kamil bir sənətkar idi. Onun ustad bir xanəndə olması haqqında müasiri, şuşalı Çıraq Məhəmməd oğlu söyləyirdi:
“Məşədi Isinin səsi çox zil deyildi. Amma bütün muğamları çox ustalıqla oxuyardı. Dünyada Məşədi Isi kimi ”Osmanlı” oxuyan çətin tapılar. Şuşanın “Çöl qala məhəlləsində” Səlimbəyin qardaşı oğlu Rüstəm bəyin toyu idi. Adamları toya dəvətnamə ilə buraxırdılar. Mənim 17-18 yaşım olardı. Dayım dəllək Kərbəlayı Hüseyn Zeynal oğlu toya bir dəllək kimi dəvət olunduğundan məni də özü ilə toya aparmışdı. Səlim bəyin böyük salonu altı arşın Qarabağ xəliləri ilə döşənmişdi. Qaz lampasının işığı adamın gözünü qamaşdırırdı. Hamı milli geyimdə idi.
Toya iki xanəndə dəstəsi – Gülablı aşıqları və qarmonçalan dəvət edilmişdi. Toyun padşahı şair Növrəs Mirzə Ələsgər, fərraşı isə lotu Qulu idi. Xanəndə Məşədi Isi, tarçalan Qulu (Xəstə Qasımın qardaşı) ilə salonun görkəmli yerində əyləşmişdi. Salonun başında isə Hacı Hüsü ilə Sadıqcan oturmuşdu. Ayaq tərəfdən Gülablı aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim, Heydər) əyləşmişdilər. Aşıqlar ilə qabaq-qabağa qarmonçu Isi bəy qarmonu əlində hazır saxlamışdı.
“Toyun padşahı” Növrəs əmr etdi ki, Hacı Hüsü bir dəstgah başlasın. Hacı Hüsü saat yarıma “Şüştər” oxudu. Hacı Hüsü oxuyandan sonra “toyun padşahı” əmr etdi ki, Məşədi Isi dəstgah başlasın. Yadımdadı, tarzən Qulu Məşədi Isiyə dedi:
– Hacı Hüsüdən sonra nə dəstgah başlayacaqsan?
Məşədi Isi:
– Mən dəstgah başlamayacağam. Hacı Hüsü camaatı yatırdıb, mən isə oyadacağam.
Qulu:
– Nə ilə oyadacaqsan? Məşədi Isi:
– “Osmanlı” ilə.
Məşədi Isi qavalı əlində oynadıb ağzını açdı:
Sübhi tezdən oyandım,
Dərdi-qəmə boyandım.
Daş olsaydım əriyərdim,
Torpaq idim, dayandım.
Məşədi Isi oxuyub qurtaranda salonu sürəkli alqış bürüdü. Məclisi şən keçirdiyinə görə, o gecə Məşədi Isiyə qızıl suyuna çəkilmiş gümüş padnosun üzərində məndülədən bir paltarlıq və 500 manat qızıl pul hədiyyə verildi”.
Görkəmli xanəndə Məşədi Isi 1905-ci ildə Ağdamda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir